"Afrikanın vəhşi təbiəti" adlı fərdi sərgi olacaq
Bizi izləyin

Tabloid.az

"Afrikanın vəhşi təbiəti" adlı fərdi sərgi olacaq

Mayın 7-də Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf Adrian Sternin "Afrikanın vəhşi təbiəti" adlı fərdi sərgisi açılacaq.

Mayın 7-də Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf Adrian Sternin "Afrikanın vəhşi təbiəti" adlı fərdi sərgisi açılacaq.

Mərkəzdən Publika.az-a verilən məlumata görə, sərgi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə keçiriləcək Qafqaz Biomüxtəlifliyi Sammiti çərçivəsində təşkil olunacaq.

Sərginin məqsədi vəhşi təbiətin zənginliklərinə və onun qorunmasının vacibliyinə diqqət çəkməkdir. Heydər Əliyev Mərkəzindəki sərgidə müəllifin 35 əsəri təqdim ediləcək.

A.Sternin Afrikanın flora və faunasının müxtəlifliyini əks etdirən foto şəkilləri son on il ərzində Cənubi Afrika Respublikası, Zimbabve, Zambiya, Tanzaniya və Uqandaya səfərləri zamanı çəkib.

Qeyd edək ki, A.Stern heyvanlar aləminə maraq və həvəsi ilə əlaqədar dünyanın əksər ölkələrini gəzmiş fotoqraf və rejissordur. O, yaradıcılıq məqsədilə Braziliya və Uqandanın tropik meşələrinə, Nepal dağlarına və s. səyahət edib. A.Stern Ümümdünya Vəhşi Təbiət Fondunun Cənubi Afrikadakı nümayəndəliyinin fotoqrafı olaraq vəhşi təbiətin qorunması, təsviri materiallardan istifadə edərək brakonyerlik və digər aktual məsələlər barədə müzakirələrin aparılması və tədbirlər görülməsini stimullaşdırmaq üçün aktiv fəaliyyət göstərir.

2013-cü ildə A.Stern Nepal pələngləri və Uqandanın dağ qorillaları üçün təhlükələrdən bəhs edən qısametrajlı film çəkib. O, həmin il, həmçinin "Cənubi Afrikanın 21 ikonu" layihəsini reallaşdırmağa başlayıb. Burada Nelson Mandela, Nadin Qordimer və Desmond Tutu kimi məşhur simaların portret və müsahibələri yer alıb. Layihə N.Mandelanın portretinin rekord sayda satışı ilə yadda qalıb və satışdan əldə olunan pul vəsaiti xeyriyyə fonduna təqdim edilib.

A.Stern 2011-ci ildə Böyük Britaniyanın nüfuzlu siyasi xadimi Lord Filip Qouldun həyatının son iki həftəsini həm fotolarda, həm də "Mən öləndə: ölüm zonasından dərslər" qısametrajlı filmində əbədiləşdirib. Həmin fotolar Londonun Milli Portret Qalereyasının daimi ekspozisiyasında nümayiş olunur.

Hazırda Adrian Stern Qafqaz bəbiri və onun Azərbaycanda mövcudluğu haqqında sənədli film üzərində işləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm