Tabloid.az
Leyla və Arzu Əliyevalar sərginin açılışında - FOTOLAR
Mayın 6-da Heydər Əliyev Mərkəzində tanınmış fransız
rəssam və heykəltəraş Lorens Cenkellin fərdi sərgisinin açılış
mərasimi keçirilib.
Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva, Arzu Əliyeva, görkəmli ictimai xadimlər, tanınmış
mədəniyyət və incəsənət xadimləri, həmçinin diplomatik korpusun
nümayəndələri iştirak ediblər.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış
edib: "Hörmətli Leyla xanım, Arzu xanım, hörmətli qonaqlar! Bu gün
Heydər Əliyev Mərkəzində növbəti iki layihənin təqdimatını
keçirməyi nəzərdə tuturuq. Artıq uzun illərdir dostluq
münasibətlərində olduğumuz, Azərbaycan incəsənətinin xaricdə təbliğ
edilməsində səfirə çevrilmiş tanınmış heykəltəraş Lorens Cenkellin
fərdi sərgisinin açılış mərasimidir".
A.Ələkbərov qeyd edib ki, sərgidə unikallığı ilə fərqlənən və
müxtəlif ölkələrin bayraqlarını özündə təcəssüm etdirən
kompozisiyalarla tanış olmaq mümkündür: "Bu sərginin təşkil
olunmasında tədbirin kuratoru cənab Bernard Brunoya təşəkkürümü
bildirirəm. Bu sərginin təşkil olunmasında əziyyət çəkən xanım
heykəltəraşımıza və onun komandasına dərin təşəkkürümü bildirirəm.
Bu sərgi bir neçə ay şəhərimizin qonaqları üçün cəlbedici və
maraqlı olacaq".
Onun sözlərinə görə, eyni zamanda, bu gün artıq ənənəyə çevrilmiş
və Heydər Əliyev Fondunun və "İçərişəhər" Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin birgə layihəsi olan "Qız qalası" festivalının
təqdimat mərasimidir. Artıq festivalda 26 ölkədən 28 rəssam təmsil
olunub: "Bir neçə gün ərzində xüsusi təqdimatlar keçiriləcək və hər
birinizi mayın 9-da festivalın bağlanış mərasiminə dəvət
edirəm".
Fransız rəssam və heykəltəraş Lorens Cenkell çıxışında ilk növbədə
Anar Ələkbərova gözəl təqdimata görə təşəkkür edib və gözəl Bakı
şəhərində olmasından çox sevindiyini bildirib: "Ölkənizin gözəl
qonaqpərvərliyinə görə minnətdaram. Bu mənim Azərbaycana ikinci
səfərimdir və əminəm ki, bu ölkəyə səfərlərim çox olacaq. Bu ölkə
incəsənət baxımından çox maraqlıdır. Fərdi sərgi çərçivəsində mənim
bir sıra kompozisiyalarımla tanış olacaqsınız. Qürur duyuram ki,
mənim sərgim Toni Kreqqin sərgisi ilə yanbayan təşkil olunub".
Heykəltəraşın sözlərinə görə, əsərlərinin konfet şəklində olması
birbaşa onunla bağlıdır ki, bu hamıya aiddir, hamı bundan istifadə
edr və özlüyündə müsbət enerji daşıyır: "Ümid edirəm ki, hər kəs bu
əsərlərə nəzər salanda bu müsbət enerjini alacaq. Fikrimcə,
seçdiyim bu mövzu çox məşhurdur və sadəliyi ilə seçilir. Eyni
zamanda, konfet keçmişlə gələcəyi birləşdirən məhsuldur, çünki
konfet əsrlər boyu istifadə edilib, xoş xatirələr, təəssüratlar
yaradır. Ümid edirəm ki, sərgi xoşunuza gələcək. Bu, təkcə sərginin
maraqlı mövzusu ilə deyil, sərginin keçirildiyi binanın
möhtəşəmliyi ilə bağlı olacaq. Burada bir sıra məşhur incəsənət
xadimlərinin sərgisi də var. Ola bilsin, fərqli mövzu ilə növbəti
dəfə Azərbaycana gəlim".
Sonra qonaqlar Heydər Əliyev Mərkəzinin həyətində quraşdırılmış
kompozisiyalarla tanış olublar.
Sərgidə müxtəlif ölkələrin bayraqlarının, o cümlədən Azərbaycan
bayrağının qeyri-adi formada - konfet şəklində heykəlləri nümayiş
etdirilir. Heykəllərin hər biri 2 metr hündürlüyündədir. Bundan
başqa, sərgilənən əsərlər arasında Azərbaycan bayrağının 5 metr
hündürlüyündə ayrıca heykəli də var.
Müəllifin Bakıda açılan ilk fərdi sərgisində ümumilikdə 27 əsər
təqdim edilib. Ziyarətçilər Azərbaycan, Almaniya, ABŞ, Argentina,
Böyük Britaniya, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya,
Türkiyə, İsveçrə, Fransa, Macarıstan, Kanada, Səudiyyə Ərəbistanı,
Koreya, Hindistan, İtaliya, Yaponiya, Ukrayna, Polşa, Niderland,
Estoniya, Latviya, Cənubi Afrika Respublikası, Çin və Avropa
İttifaqının bayraqlarını fərqli formada görə bilərlər.
Qeyd edək ki, müxtəlif ölkələrin bayraqlarının heykəllərinin
sərgisi ilk dəfə 2011-ci ildə Kannda "Böyük iyirmilik" ölkələrinin
(G20) sammitində təşkil olunub. Həmin tarixdə L.Cenkell zirvə
toplantısı üçün "Böyük iyirmiliy"ə üzv və 5 qonaq ölkənin
bayrağının heykəllərini hazırlamışdı.
L.Cenkell 1965-ci ildə anadan olub. Hazırda Fransanın Alp-Maritim
bölgəsindəki Valloris şəhərciyində yaşayır və fəaliyyət göstərir.
Sənətin sirlərinə müstəqil şəkildə yiyələnən müəllifin müxtəlif
vasitələrlə eksperimentləri, yaradıcılıq axtarışları uğurla
nəticələnib. Pleksiqlasdan istifadə etməklə "bükmə" texnikasına
yiyələnmə L.Cenkellə hazırda dünyada məşhur olan konfet formasında
heykəlləri yaratmağa imkan verib. Əsasən, pleksiqlasla işləyən
heykəltəraşın alüminium, bürünc, mərmər və digər materiallardan da
əsərləri var.
Rəssam-heykəltəraşın dünyanın 25-dən çox ölkəsində nümayiş olunan
əsərləri bir sıra qalereya və şəxsi kolleksiyalarda saxlanılır.
L.Cenkellin əsərləri Paris, Monako, Nyu-York, Honq-Konq, London,
Seul, Dubay, Bratislava və digər şəhərlərdə sərgilənib.
Heydər Əliyev Mərkəzində təşkil olunan sərgi oktyabrın 31-dək davam
edəcək.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO