İlhamiyyə Rza: "Çoban quzu otaranda gözəldir, "Space"də veriliş aparanda yox"
Bizi izləyin

Tabloid.az

İlhamiyyə Rza: "Çoban quzu otaranda gözəldir, "Space"də veriliş aparanda yox"

Tanınmış telejurnalist İlhamiyyə Rza ilə müsahibəni təqdim edirik:

- İlhamiyyə xanım, içinizdəki qadın da göründüyü kimi güclü və özündən əmindir, yoxsa bu, sadəcə, yaratdığınız obrazdır?

- Çox şadam ki, belə bir obrazdayam. Ancaq bu obrazı bilərəkdən yaratmamışam. Təəssüflə etiraf edirəm ki, mən, ümumiyyətlə, pis aktrisayam. Əgər belə görünürəmsə, demək, müəyyən qədər həqiqətə uyğundur. Bir də ki, bütün hallarda, siz bu suala səmimi cavab gözləməyin. Əksini düşünsəydim belə, etiraf etməyəcəkdim.

- Tanıdığımız qədər, hər mühit, hər məclis sizlik deyil, hər adam sizin həmsöhbətiniz ola bilməz. Bəs hansı mühitdə rahat olursunuz, kimlərdir sizin adamlarınız?

- Ünsiyyətə çox dəyər verirəm. Ən çox zövq aldığım şey ağıllı və səmimi insanla ünsiyyətdir. Daim ətrafımda olan insanlar məhz belələridir. Bu sarıdan çox xoşbəxtəm. Bundan başqa, insanların güvənli və dürüst olmaları da mənim üçün vacibdir. Amma belə olmağı heç kimdən tələb etmirəm. Birdən elə bilərsiniz ki, testlər keçirib, sonra insanları dostuğuma qəbul edirəm, elə deyil. Sadəcə, çalışıram özüm elə olum. Bu, ilk növbədə, özümə olan tələbimdir, nəinki başqalarına. Amma əminəm ki, özün belə olunca, ətrafına da məhz bu dəyərlərə sahib olanlar toplaşır.

- Cəmiyyətimizdə hələ də “Azad qadın” anlayışı doğru-dürüst başa qavranılmır. Sizcə, azadlıq Azərbaycan qadını üçün deyil, yoxsa buna şərait yoxdur?

- Azadlığı cinsə görə bölmək istəməsəm də, aydın məsələdir ki, bizdə kişilərdə azadlıq daha çoxdur. Ümumiyyətlə, böyük mənada yanaşsaq, əsl azadlıq insanın daxilində olur. Bunu hiss edən kəs xoşbəxtdir. Çünki şəxsən mənim üçün azadlıq çox nisbi anlayışdır. Azadlıq çoxaldıqca insanın nə qədər azad olmadığını daha çox müşahidə edirəm. Amma nə qədər paradoksal olsa belə, dörd divar arasında, zindanda da ruhən azad olmağın mümkün olduğunu görürük. Bir sözlə, azadlıq şəraitlə, maddiyyatla bağlı deyil. Bu, bir ruh halıdır. Deyəsən, çox idealst yanaşdım, amma hazırda belə düşünürəm.

- Sizin azadlığınızın sərhəddi varmı?

- Əlbəttə var. Bu, mənim dəyərlərimdir- etik normalar, əxlaq və tərbiyədən qaynaqlanan “olmaz”lardır. Özü də mahiyyətini dərk edərək qəbul etdiyim “olmaz”lar. Heyvandan fərqlənməliyik, ya yox?..

- Evlilik, ailə, övlad nələri arxa plana salır?

- Təbii ki, asudə vaxtın azalır və bəlkə də, ümumiyyətlə, olmur. Məsuliyyət hissi artır, öhdəliklərini daha yaxşı anlayırsan, həyat məqsədlərin, hədəflərin dəqiqləşir və bundan irəli gələn planlar qurmağa başlayırsan. Amma kaş bu dediklərim özümdə də olaydı... Əslində, həyatını bəlli planlarla yaşayan insanlara nə qədər həsəd aparsam da, deyim ki, belələrini çox da bəyənmirəm. İnsan bu şəkildə robotlaşa bilər. Amma bəlkə də, bu yanaşmam “əli ətə çatmayan pişik yanaşmasıdır”.

- Oğlunuza lazımınca sevgi, qayğı göstərdiyiniz hiss olunur. Bəs sizcə, küçələrdə, metro vaqonlarında belə təpə-qapaz olunan uşaqların axırı necə olacaq?

- Mən oğluma yetərincə vaxt, sevgi, diqqət göstərdiyimi düşünmürəm. Əksini düşünürəm və bu mənə əzab verir. Səbəbsə odur ki, ona nə qədər sevgi versəm belə, bu, verə biləcəyimdən az görünür mənə. Bu baxımdan bütün valideynlər - söhbət keyfiyyətli valideynlərdən gedir- əbədi olaraq vicdan əzabına məhkumdur. O ki qaldı, keyfiyyətsizlərə, həmin neqativ halları yaradan elə keyfiyyətsiz valideynlərdir. Dövlət belələrindən uşaqları almalıdır. Özü də daha yaxşı qayğı göstərəcəyinə əmin olana kimi. Bu sahədə görüləcək işlər çoxdur. Deyim ki, bu istiqamətdə ciddi proqramlar qəbul olunub. Məsələn, alternativ qayğı və deinstitutlaşma haqqında proqram. Sadəcə, ciddi addımlar hələ müşahidə olunmur, proses çox ləng gedir.

yy

- Azərbaycan qadınını bu qədər aqressiv edən nədir, onu niyə xoşbəxt edə bilmirlər?

- Bəlkə, bunu kişilərdən soruşasınız? Qadın öz təbiətinə yad olan işlərlə məşğul olanda, çiyinlərinə bacardığından artıq yük götürəndə, bir sözlə, kişiləşəndə, bunun səbəbkarına qarşı aqressiv olmasın, bəs nə etsin? Mən, əlbəttə ki, daş daşımaqdan danışmıram. Fiziki ağırlıq mənəvi yükün yanında nədir ki? Qadın hər zaman arxasında güclü bir insanın dayandığına əmin olmalıdır. Lətifəsi bizdən uzaq, deyirlər, arxalı köpək qurd basar.

- Adətən, qadınların xəyal etdiyi kişi obrazı evlənəndə tamam fərqli obrazla əvəzlənir. Sizdə necə oldu?

-Yox, elə deyil, sadəcə, münasibətlər başqa müstəviyə keçir. Əsas məsələ də yeni statusda olarkən belə, əski şarmı, yüksəkliyi, səviyyəni qoruyub saxlamaqdır. “Mimino” kinosunda var ey, “Vsyo! Umer! Kino konchilsa!” Bax, belə olmasın. Ümumiyyətlə, mən ailə qurmağa hazırlaşan gənc xanımlara məsləhət verə bilmərəm. Çünki mənim həyat təcrübəm bir qədər unikaldır. Həmid bir obrazın çərçivəsinə sığmır. Odur ki, bizim örnəyimiz heç yaramır.

- Həmid bəy sizi qısqanır, yoxsa onun üçün daha vacib şeylər var?

- Mən desəm ki, qısqanır, Həmidi aşağılamış olaram. Çünki qısqanclıq yoldaşına əminsizlikdən deyil, insanın özünün özünə əminsizliyindən qaynaqlanan bir hissdir. Şəxsən mən qısqansam belə, özümü alçaltmayım deyə, bunu hiss etdirməməyə çalışaram.

- Azərbaycan dilində ən yaxşı yazan və danışan jurnalistlərdənsiniz. Həmid Herisçinin də kitablarının redaktorusunuz. Ancaq Həmid bəyin yazı dilinə irad tutanlar da var. O, sizə əsərlərinə əl gəzdirməyə icazə vermir?

- Ən mükəmməl müəllifin belə redaktəyə ehtiyacı var. Mən “AZTv”-də Sabah Yaradıcılıq Emalatxanasında işlədiyim zaman çox məşhur müəlliflərin əsərlərinin redaktoru olmuşam. Adlarını demirəm ki, özümü onlarla reklam etmiş olmayım. Amma elə tamaşaların titrlərinə baxsanız, yetər. Yəni kimisə redaktə etmək o demək deyil ki, sən onu müəllim yoxlama dəftərini yoxlayırmış kimi əlində qırmızı qələmlə yoxlayırsan və sən nəyisə ondan daha artıq bilirsən, bacarırsan. Qətiyyən elə deyil. Sadəcə, yaradıcılıq prosesində olan insan, ideyanın necə çatdırılmağından daha çox, ideyanın, fikrin, ümumiyyətlə, çatdırılmasına daha çox önəm verir. Bütün hallarda kənar bir gözlə, həm də oxucu gözüylə əsərə baxılması vacibdir. Bu, mütləq sənin ədəbi zövqünə inandığın, redaktə işinə bələd olan bir insan olmalıdır.

yy

- Sevinc Telmanqızı bir dəfə etiraz etmişdi ki, bir də mənə “Zamin Hacıya deyərsən ki...” deməyin. Bəs sizi Həmid Herisçi mövzusunda çox yormurlar ki?

-Doğrusu, elə şey olmayıb. Kimsə mənə desin ki, Həmidə deyərsən-filan. Həmid də, mən də kifayət qədər ünsiyyətə açıq və əlçatan insanlarıq. Amma belə bir şey olsa, mən buna normal yanaşaram.

- Deyirlər, Həmid bəyi sosial şəbəkələrdə çox müdafiə edirsiniz. Səmimi danışaq, həyat yoldaşınız olmasaydı, bir yazar olaraq yenə onun müdafiəsinə qalxardınız?

- Əlbəttə. Doğruluğuna inandığım istənilən mövqeni müdafiə etmişəm. Etməmişəmsə, deməli, əminliyim olmayıb. Həmidi məndən yaxşı tanıyan olmaz. Odur ki, əminliyim varsa, lazım bildiyim yerdə müdafiə edirəm. Müdafiə etmək deyəndə ki, hər kəs öz fikrini dediyi kimi, mən də deyirəm və burda qeyri-adi bir şey görmürəm.

- “Space”də “Gecə kanalı” verilişini əvvəllər tək aparırdınız, sonra isə Həmid bəylə. Tamaşaçılarda belə bir fikir yaranmışdı ki, o, sizə danışmağa imkan vermir.

- Nə zaman ikilikdə veriliş aparan görsəniz, bilin ki, cəmiyyət, auditoriya iki yerə parçalanacaq. Birisi sənin, digəri isə o biri aparıcının tərəfdaşına çevriləcək. Bu aparıcılar eyni mövzuda danışsalar da, ər-arvad olsalar da, onları əks cəbhədən hesab edəcəklər. Tamaşaçı bizi rəqib gözündə görüb öz seçdiyinə azarkeşlik edəcək. Əslində, sırf tamaşaçı kimi baxa bilərəmsə, deyim ki, bizim birgə apardığımız verilişlərdən narazı qalırdım. Çünki Həmid orda özünü daha çox aparıcı kimi deyil, qonaq kimi, verilişə dəvət almış ekspertlərdən biri kimi aparırdı. Verilişi idarə etmək tək mənim boynuma düşürdü. Bəzən hiss edirdim ki, öz simamı belə dəyişirəm. Məsələn, Həmid nədəsə çox kəskin mövqe sərgiləyəndə balans yaratmaq üçün öz təbiətimin əksinə gedərək, çox yumşaq mövqedən çıxış etməli olurdum. Bilirsiniz ki, bu, müəllif layihəsi idi və burda bizim rolumuz sadəcə, moderatorluq deyildi.

Həmid o zaman “Gecə kanalı”nı tək aparmağa başladı ki, mən analıq məzuniyyətinə çıxdım. Onda mən onu televizyonçu kimi yenidən kəşf etdim. Veriliş saat yarım ərzində canlı yayımlanırdı. Bu, heç də asan bir iş deyil. Həmid bunun öhdəsindən mükəmməl gəlirdi. Yadımdadır, xəstəxanadan verilişə baxırdım və çox həyəcan keçirirdim. Sanki “pult”da əyləşmişəm, yaxud elə studiyadayam və verilişin taleyi məndən asılıdır. Düşünürəm ki, “Gecə kanalı” yaşasaydı, biz Həmidlə ayrı-ayrı aparıcılıq edəcəkdik. Beləliklə də, veriliş artıq yeni bir mərhələdə yeni çalarlar qazanaraq davam edəcəkdi. Lakin qismət olmadı.

- Qazaxda doğulub-böyümüsünüz. Deyirlər, qazaxlılar ədəbiyyatda yaman yerlibazlıq edirlər. Siz bu “qazaxşina” söhbəti ilə razısınızmı?

-Sevinc, suallarınıza baxıram, sanki qazaxlı ilə ailə həyatı qurmağa hazırlaşan bir gənc qız kəşfiyyata çıxıb, bir partizan tutub, indi də sorğu sual edir (gülür). Mən Qazaxda doğulmuşam. Artıq tələbəlik dövründə evlənib Bakıda məskunlaşmış valideynlərim 2 -ci övladlarını məhz Qazaxda dünyaya gətirməyi qərar veriblər, qohum-əqrəba əhatəsində. Bu mənada, orda böyümüşəm deyə bilmərəm. Amma harda böyüməyimdən və doğulmağımdan asılı olmayaraq, mən özümü sözün geniş mənasında qazaxlı hesab edirəm. Qazaxlıların yerlibazlığına gəlincə isə, onu deyim ki, bu, ədəbi mövzudan, şişirdilmiş ədəbi obrazdan başqa bir şey deyil. Bu obraz şirindir, maraqlıdır, ləzzətlidir, amma təhlükəli deyil. Burda zərif bir hədd var. Bir növ şovinizm və millətçilik arasında olan sədd kimi. Bizim yerlibazlığımız başqa yerlərin özəlliyini və gözəlliyini görməyimizə, sevməyimizə mane olmur. Biz başqalarını inkar etməklə özümüzü təsdiq etmirik. Hər halda, mən beləyəm və bu günədək gördüyüm bütün qazaxlıları da belə görmüşəm. “Adam haralı olar?” ifadəsi isə yerli folklordan başqa bir şey deyil. Məsələn, mən hələ görməmişəm ki, bir idarədə, strukturda rəhbər qazaxlı olduğu üçün bütün idarəedici heyət qazaxlı olsun. Amma başqa yerlərdən olan insanlarda dəfələrlə buna bənzər hallar olub. Əlbəttə ki, indi bunu oxuyan dərhal bir misal gətirə bilər ki, yox filan yerdə biri vardı, ətrafında ancaq öz yerlilərinə iş verərdi. Ola bilər, istisna etmirəm. Amma aşıq gördüyünü çağırar, mən də aşıq kimi bir şeyəm.

- Kimləri oxuyursunuz, kimləri dinləyirsiniz?

- Hazırda heç kimi oxumuram, vaxtım yoxdur. Amma vaxtım olan kimi, bir zamanlar oxuduğum müəllifləri bir daha, yenidən oxumaq istəyirəm. Ümumiyyətlə, bu, çox maraqlı prosesdir. Uşaq və gənclik dövründə oxuduğun əsəri oxuyursan və bir daha qiymətləndirirsən, beynində hər şeyi yenidən yerbəyer edirsən, baxış bucağının, zövqunün necə dəyişdiyini yoxlayırsan. Bir sözlə, kitabı yox, özünü oxuyursan.

- “Space”də Mikayıl Əjdəroğlunun “Sevimli şou”su tənqid edilir ki, orada “palatka toyu” qurublar. Ancaq həm də verilişin başlamasını dörd gözlə gözləyirlər. Nədir Azərbaycan tamaşasını “palatka” səviyyəsinə endirən?

- Mikayıl kimdir, “Space” indi nədir? Bilmirəm. Amma əvvəllər “palatka” toyları əla olurdu. Hər şey öz yerində, öz təbiətində gözəldir. Çoban dağ qoynunda, dərədə quzuları otarıb tütək çalanda gözəldir, mənalıdır, hətta bir az romantikdir. Məsələn, gəlib “Space”də veriliş aparanda yox.

yy

- “Palatka” demişkən, toya getməyi sevirsiniz? Ümumiyyətlə, toylarda qurulan bu boyda dəm-dəsgah kimə lazımdır? Məsələn, siz gələcəkdə oğlunuzun toyunu necə edərdiniz?

- Toya getməyi sevirəm, amma yaxın adamın toyuna dostlarımla getməyi. Sevirəm ki, çoxlu sevinim, rəqs edim, şənlənim və mütləq ünsiyyətdə olum. Bu sadaladıqlarım üçün imkan, şərait nəzərə alınırsa, bax belə toyları sevirəm. Qalanlarını isə, sadəcə, “iqnor” edirəm.

Oğlumun toyuna isə qarışmaq istəməzdim. Özü necə istəsə, elə də toy eləsin. Bizim iştirakımız isə ancaq kömək etməkdən ibarət olsun. Bilirsiniz, toy insanın sevincli, özəl bir günüdür. Ona necə xoşdursa, elə də qeyd etməlidir. Zənnimcə, burda vahid standart formatdan imtina etmək lazımdır. Allah hamıya xoş günlər, toy qismət eləsin. Necə qeyd etməksə, ikinci dərəcəli məsələdir.

1937.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm