• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Lətifə milli ritmlərlə səhnəni coşdurdu - FOTO

Lətifə milli ritmlərlə səhnəni coşdurdu  - FOTO

Vokal ifaçısı, Azərbaycan Dövlət Filarmoniyasının solisti, müğənni Lətifə Soyuöz uzun müddətdir üzərində çalışdığı “6/8” layihəsinə təqdimat keçirib.

Publika.az-ın məlumatına görə, Filarmoniya, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Lətifə Soyuözün birgə hazırladığı layihə böyük maraqla qarşılanıb.

Səhnədə 6/8 ritmində üç mahnı səsləndirən Lətifə qonaqları təəccübləndirib. İfaçını sazda Elmir bəy, zurna və tütəkdə Hikmət bəy, gitarada isə Hafiz Baxış müşayiət edib.

Müğənni layihəyə daxil olan “Arzu qızım”, “Həştərxana gedən gəmi” və “Atabarı” mahnılarından sonra hər kəsdə maraq doğuracaq addım atıb. 28 May Respublika Gününə həsr edilən mərasimdə L.Soyuöz musiqisi Kamala, sözləri Baba Vəziroğluna aid olan “Sən elə bir zirvəsən ki...” bəstəsini səsləndirib. Gecəyə qonaq qismində qatılan tanınmışlar hər çıxışı alqışlarla qarşılanan sənətçi haqqında fikir bildirib. Şair Baba Vəziroğlu Lətifənin çıxışı ilə bağlı bunları deyib:

“Mərasimin bu dərəcə maraqlı olacağını təsəvvür etmirdim. Lətifə unikal sənətçidir. Milli ritmlərlə belə bir mahnıları təqdim etməyi böyük iş idi. Onun növbəti çıxışı Heydər Əliyev Sarayında olacaq”.

Xalq artisti Faiq Ağayev müğənninin maraqlı layihəyə imza atdığını bildirib. Müğənni Rəhim Rəhimli də L.Soyuözə təriflər yağdırıb:

“Düşünürdüm ki, adi, az adamın toplaşacağı bir tədbir keçəcək. İnanmazım ki, bu qədər insan Lətifə üçün buraya yığışar. Çünki belə tədbirlər sənət aləmində çox az olur. Lətifə yaradıcı insanlarla çalışır. Bu, onun uğurudur. Layihədə əməyi keçənlərdən biri də Yaşar Baxışdır”.

Həyəcanlı olduğunu deyən L.Soyuöz təəssüratlarını bölüşüb:“Çox həyəcanlı idim, məsuliyyətim böyük idi. Dövlət Filarmoniyasının öz ağırlığı var. Bu məndəki məsuliyyət hissini daha da çoxaldırdı. Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının rəqqasları səhnədə mənə güc verirdi. 6/8 ritminə daxil olan üç mahnı - “Həştərxana gedən gəmi”, “Arzu qızım”, “Atabarı” təqdim etdim. Tədbiri 28 may Respublika gününə həsr etdiyimiz üçün “Sən elə bir zirvəsən ki...” mahnısını səsləndirdim. Bu bəstəni böyük sənətkarlardan sonra oxumaq mənim üçün böyük məsuliyyət idi. Amma auditoriyadakı alqışlardan sonra rahat oldum ki, alındı. Mən oxuyanda zaldakı insanlar da mənlə bərabər oxudular. Bu layihə mütləq şəkildə xaricə çıxmalıdır. Bu həm bizim, həm də əcnəbilərin başa düşəcəyi bir format idi. Mahnıda milli və rok üslubu sintez olunub”.

Tədbirə qatılan qonaqlar sırasında müğənni Elçin Cəfərov da yer alıb. Gecənin aparıcısı Azər Süleymanlı olub. Sənətçinin geyimləri isə modelyer Renat Ramazanova məxsus idi. Layihinin baletmeysteri Cəmilə Bayramova, rəqsin məşqçisi və rejissoru Ceyhun Qubadov, direktoru Elçin Abbasov, musiqi direktoru Yaşar Baxış olub.

Zəminə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR