• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Azər-İlmə”nin 20 illik yubileyi qeyd edildi - FOTOLAR

“Azər-İlmə”nin 20 illik yubileyi qeyd edildi - FOTOLAR

Bu gün “Azər-İlmə” şirkətinin 20 illik yubileyi və “Azərbaycan xalçaları” jurnalının 10-cu nömrəsinin çapdan çıxması münasibətilə təntənəli mərasim keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinin nümayəndələri iştirak ediblər.

Tədbiri Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan Mili Elmlər Akademiyasının müxbir üzvi Nizami Cəfərov açaraq əsrlər boyu mədəniyyətimizi, milliliyimizi layiqincə təmsil edən xalçalardan, “Azər-İlmə”nin yaranma tarixindən söz açıb.

Bildirilib ki, Azərbaycan xalçası əsrlər boyu dünya miqyasında ulu keçmişimizi, təkrarsız mədəniyyətimizi, milliliyimizi layiqincə təmsil edib. Zaman-zaman zəifləyən, ayrı-ayrı dövrlərin tələblərinə müvafiq olaraq, demək olar ki, tam tənəzzülə uğramış xalçaçılıq işi Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusilə 1993-cü ildən etibarən yenidən dirçəlməyə başlayıb. Bu dövrdə respublikada iş adamlarının uğurlu fəaliyyətini təmin etmək məqsədilə özəl sektorun inkişafına dair proqramlar qəbul edilib, çoxsaylı mühüm fərmanlar imzalanıb.

“Azər-İlmə” də məhz bu zəmində formalaşmış, təşəkkül tapmış müəssisələrdəndir. Şirkətin rəhbəri professor Vidadi Muradov 1976-cı ildən indiyədək qazandığı zəngin təcrübə əsasında Azərbaycanda analoqu olmayan, tam fərqli fəaliyyət istiqaməti götürmüş yeni bir şirkət yaratmağa nail olub.

Vurğulanıb ki, “Azər-İlmə”nin araşdırmaları xalçaçılıq sənətinin öyrənilməsi, tədqiqi istiqamətində elmdə yaranmış bu boşluğu aradan qaldırıb. Aparılan tədqiqatların, kompleks axtarışların nəticəsi kimi 2008-ci ildə rus, ingilis dillərində “Azərbaycan xalçaları”, 2010-cu ildə rus, ingilis dillərində “Azərbaycan xalçaları Qarabağ qrupu”, 2011-ci ildə rus, ingilis, alman, fransız, ərəb dillərində “Azərbaycan xalçaları İrəvan qrupu”, “Azərbaycan xalçaları Qarabağ qrupu”, “Azərbaycan xalçaları Təbriz qrupu”, “Azərbaycan xalçaları Şirvan qrupu”, 2012-ci ildə “Azərbaycan xalçaları Naxçıvan qrupu”, “Azərbaycan xalçaları Quba qrupu”, “Azərbaycan xalçaları Bakı qrupu”, “Azərbaycan xalçaları Gəncə qrupu”, “Azərbaycan xalçaları Qazax-Borçalı qrupu”, 2013-cü ildə “Azərbaycan xalçaçılıq sənəti”, alman, italyan, türk, ingilis, rus dil, ivrit, fransız dillərində “Azərbaycan xalçaları. Təbriz qrupu” kitabları işıq üzü görmüş, dünya muzeylərinə və kitabxanalarına göndərilib.

Qeyd edilib ki, “Azər-İlmə”nin ekspedisiya qruplarının respublikamızın müxtəlif xalçaçılıq bölgələri üzrə axtarışları da diqqətəlayiqdir. Məsələn, Azərbaycan, rus və ingilis dillərində ayrı-ayrılıqda Nyu-Yorkda, İstanbulda Və Moskvada işıq üzü görmüş “Naxçıvan xalçaçıları” kataloq-kitabı da bu tarixi türk yurdunun qədim xalçaçılıq ənənələrindən, bu el sənətini yaşadan, yaradan və gələcək nəsillərə ərməğan edən toxucular, dünya muzeylərində və kolleksiyalarda mühafizə olunan, indiyədək Azərbaycan ictimaiyyəti üçün naməlum olan Naxçıvan xalça və xalça məmulatları haqqında məlumat verilib. Bu, çox uğurlu bir ənənənin başlanğıcı olub.

Nizami Cəfərov diqqətə çatdırıb ki, 2011-ci ildən Azərbaycan, rus, ingilis dillərində nəşr olunan və bu gün 10-cu nömrəsinin təqdimatına toplaşdığımız “Azərbaycan xalçaları” jurnalı tez bir zamanda maraqlı yazıları, ekspedisiya materialları, rəngarəng rubrikaları, fotoşəkilləri və s. ilə həm respublikamızda, həm də onun hüdudlarından kənarda geniş oxucu kütləsi qazanıb, elmi ictimaiyyətin diqqətini cəlb edib. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin reyestri”nə daxil edilib.

“Azər-İlmə” yerli və dünya telekanallarında xalçaçılığa dair elmi-kütləvi verilişlərdə uzun illərin gərgin axtarışlarından, topladığı zəngin təcrübədən qaynaqlanan müntəzəm və maraqlı çıxışlar edir. Bədii-estetik həll baxımından orijinal üsluba malik “Azərbaycan xalçaları bütün məktəbləri ilə” adlı telefilmlərin istehsalı ideyası da “Azər-İlmə” tərəfindən reallaşdırılmaqdadır. Artıq “Azərbaycan xalçaları İrəvan qrupu”, “Azərbaycan xalçaları Qarabağ qrupu” və “Azərbaycan xalçaları Naxçıvan qrupu”, “Azərbaycan xalçaları Qazax-Borçalı qrupu” telefilmləri tamaşaçıların ixtiyarına verilib.

“Azər-İlmə”nin Azərbaycan xalçasının keşiyində sayıqlıqla durduğunu söyləyən alim, şirkətə öz sayıqlığını heç vaxt itirməməyi arzulayıb.

Tədbirdə çıxış edən “Azər-İlmə”də şirkətinin rəhbəri, professor Vidadi Muradov rəhbərlik etdiyi qurumun qazandığı uğurlardan, həyata keçirdiyi layihələrdən söz açıb.

Vurğulanıb ki, 1994-cü ildə yaranan, Azərbaycanın həyatında həm mədəni, həm də iqtisadi bir hadisə olan “Azər-İlmə” 20 il ərzində şərəfli yol qət edib, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda bir çox uğurlar qazanıb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həm paytaxtda, həm də bölgələrdə ayrı-ayrı xalq sənəti sahələrinin inkişafına diqqət və qayğısı öz bəhrəsini verməkdədir. Azərbaycan mədəniyyətinin, o cümlədən xalçaçılığın inkişafı və onun nailiyyətlərinin dünya miqyasında təbliği sahəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolu əvəzsizdir.

V.Muradov deyib: “Azərbaycan xalçalarının unudulmaqda olan çeşnilərini bərpa etmək, milli xalçalarımızın bədii ənənələrini yaşatmaq və gələcək nəsillərə çatdırmaq, Azərbaycan xalçasının beynəlxalq miqyasda ticarətini təşkil etməklə layiqli şəkildə təbliğinə nail olmaq məqsədimiz, məramımızdır. 20 il ərzində bu məqsədə doğru addım-addım, ilmə-ilmə yaxınlaşan “Azər-İlmə” tarixən qədim toxuculuq mərkəzləri Abşeronda, Qarabağda, Qazaxda, Qubada, Gəncədə, Lerikdə, Şirvanda, Şəkidə emalatxanalar yaratmış, əsrlər boyu formalaşmış milli ənənələri ən yüksək səviyyədə yaşadaraq böyük nüfuz qazanıb”.

Şirkətin rəhbəri bildirib ki, hazırda “Azər-İlmə”nin peşəkar xalçaçı-rəssamlardan, ustad toxuculardan, bərpaçı və boyaqçılardan, həmçinin hazırlıqlı müəllimlərdən, respublikamızın müxtəlif bölgələrində fəaliyyətini şirkətimiz ilə əməkdaşlıq zəminində quran toxuculardan ibarət 700 nəfərlik kollektivi məhsuldar yaradıcılıq axtarışlarını davam etdirməkdədir.

Xalçaçılıq tədqiq olunaraq inkişaf etdirilən sənətdir. “Azər-İlmə”nin “Azərbaycan xalçaları bütün qrupları ilə” adlı fundamental layihəsi çərçivəsində reallaşdırdığı tədqiqatlar zamanı Azərbaycanın ayrı-ayrı bölgələrində əsrlər boyu təşəkkül tapmış xalçaçılıq ənənələri, çeşnilər, üslublar, rəng və kolorit xüsusiyyətləri, ustad xalçaçılar, onların davamçıları haqqında dəyərli məlumatlar əldə edilib.

Professor Vidadi Muradov diqqətə çatdırıb ki, burada toxuduğumuz xalçalar 1997-ci ildə Amerika Birləşmiş Ştatlarının Atlanta, 1999-cu ildə Almaniyanın Hannover, 2003-cü ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərlərində uğurla sərgilənib, ABŞ, Almaniya, Fransa, Türkiyə, Rusiya, Avstraliya, Yaponiya, İsveçrə, İtaliya, Norveç, Cənubi Afrika Respublikası və digər ölkələrdəki muzeylərdə, şəxsi kolleksiyalarda Azərbaycanın bir növ səfiri, təmsilçisi olublar.

Qeyd edilib ki, Bakı, Qazax-Borçalı, İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Quba, Təbriz, Şirvan xalça qruplarının çeşniləri əsasında yundan və ipəkdən, yüksək sıxlıqlı, orijinal tərtibatlı, şux koloritli xalçalar istehsal edən “Azər-İlmə” “Uğur”, Caspian Energy İnternational Award, “Kraliça Viktoriya adına eksklüziv” mükafatı, “Avropa keyfiyyət mükafatı”, İlin brendi mükafatlarına layiq görülüb.

Azərbaycan mədəniyyətini respublikamızdan kənarda da təbliğ etdiklərini söyləyən natiq vurğulayıb ki, dünyanın 70-ə yaxın ölkəsi ilə qurulmuş qarşılıqlı əməkdaşlıq münasibətləri dediklərimizə əyani sübutdur. Bu günlərdə Moskva şəhərində “Azərbaycan xalçaları. İlmələrin əfsanəsi” qalereyasının açılışı da Rusiyada Azərbaycan mədəniyyətinin təbliğinə öz töhfələrini verməklə yanaşı, həm də iki ölkə arasında əlaqələrin daha da yaxşılaşmasına və möhkəmlənməsinə yardım göstərəcək.

"Xalqın, dövlətin etimadını doğrultmaq, milli, mənəvi, əxlaqi prinsiplərə sadiqlik – “Azər-İlmə”nin amalı və fəaliyyət prinsipidir" deyən Vidadi Muradov xüsusilə vurğulayıb ki, 20 yaşlı şirkət bundan sonra da bu prinsiplər əsasında yaşayacaq və yaradacaq, doğma Azərbaycanımızın inkişafına xidmət göstərəcək.

Tədbirdə Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədov, İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxış edərək əlamətdar hadisələr münasibətilə “Azər-İlmə” şirkətinin kollektivini və “Azərbaycan xalçaları” jurnalının əməkdaşlarını təbrik etmiş onlara yeni-yeni uğurlar arzulayıblar.

Vurğulanıb ki, Heydər Əliyev Fondunun prezidenti‚ xoşməramlı səfir Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan xalçası UNESCO-nun Qeyri maddi-mədəni irs siyahısına daxil edilib. Azərbaycanda xalçaçılığın inkişaf tarixi və bu gününə dair fundamental nəşrlər hazırlanmış və dünyada geniş yayılıb. Bu böyük qayğı və diqqətin nəticəsidir ki‚ bu gün biz Azərbaycan xalçaçılığı tarixində daha bir unudulmaz hadisəni qeyd edirik.

“Azər-İlmə”yə müxtəlif qurumlar tərəfindən diplom və qiymətli hədiyyələr təqdim edilib. Sonda tədbir iştirakçılarına “Azərbaycan xalçaları” jurnalının 10-cu yubiley nömrəsi təqdim olunub.

Vasif Həsənli

FOTO Xəyal

Xəbər lenti

DAHA ÇOX XƏBƏR