• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xumar Qədimova: "Hər gecə onunla yatıram"

Xumar Qədimova: "Hər gecə onunla yatıram"

- Xumar xanım, gözləriniz sizi incitmir ki?

- Niyə? Gözlərimə nə olub ki?

- Gözləriniz məni yandırır.

- Ay, ay, ay... Gözlərim mənim şansımdı. (gülür)

- Nədənsə, hamının tanıdığı Xumarla üz-üzə oturduğum Xumar arasında böyük fərq hiss elədim.

- Hə, düzdür, əslində, efirdə olduğum kimi görünmürəm. Mənə deyirlər ki, çox enerjilisən, auran gözəldir. Hətta istəyirəm ki, kaş hamı məni həyatda görəydi. (gülür)

- Tərifdən, yəqin ki, xoşunuz gəlir.

- Səmimiyyətdən uzaq tərif məni darıxdırır və üzür. Səmimi olmayan adamı hiss eləyirəm, onda ləzzət almıram. Amma səmimi olanda çox xoşum gəlir.

- Maraqlıdır, səmimi tənqiddən də xoşunuz gəlir?

- Vallah, nə bilim. Düzdür, arxamca danışanlar çox olub, amma üzümə deyən yoxdur. Həm də, ola bilər ki, sənin üçün səmimi tənqid sayılan bir şey mənə qeyri-səmimi təsir bağışlasın.

- Sizin üçün səmimiyyət nədir ki?

- Səmimiyyət rahatlıqdır. Səmimiyyətim çox köməyimə gəlib. Məsələn, adam var ki, heç danışmasa da, hiss eləyirsən ki, səmimidir.

- Adətən, insanlar səmimiyyətin cəzasını çəkirlər.

- Axı mən bir az ağıllı xanımam... (gülür)

- Bir az...

- Hə, çox dəliyəm, ona görə bir az ağıllıyam. Bi şey də deyim, mən hər adamla oturub-durmuram, səmimi söhbət etmirəm.

- Demək olar ki, oturub-durmağa adam yoxdur?

- Demək olar. Yəni ətrafım çox azdır.

- Xumar xanım, bilirsiniz ki, qara qızları unutmaq necə çətin olur...

- Elə qara oğlanları da... (gülür)

- Siz də qarasınız...

- Təbii ki, məni də unuda bilməyən var, hətta dünyasını dəyişən də.

- Necə oldu ki, sizə görə dünyasını dəyişdi?

- Nə bilim, həsrətdən ola bilər.

- Görəsən, sizin həyatınızda nə çatmır?

- Vallah, heç özüm də bilmirəm.

- Sizcə, bu, normaldır?

- Məncə, normal adamlar da özləri nə istədiklərini bilmirlər. Yəni bu cür hallar hamıda ola bilər.

- Bəs niyə adamlara nöqsan tuturlar ki, sən özün də nə istədiyini bilmirsən?

- Bəzən adam nə istədiyini həm bilir, həm də bilmir.

- Maraqlıdır, nə istədiyinizi bilməyəndə balansı qorumaq necə mümkün olur?

- Sadəcə, dözürəm.

- Yəqin, xoşbəxtsiniz...

- Xoşbəxt olan insan normal insan deyil. İnsan anlarla xoşbəxt olur.

- Axırıncı dəfə nə vaxt xoşbəxt olmusunuz?

- Bir neçə saat bundan qabaq bir az xoşbəxt oldum.

- Bu “yarım pay” xoşbəxtliklər sizi hara aparır?

- “Yarım pay” xoşbəxtliklər məni bütövə aparır. Həm də məni xoşbəxt eləyən şeylər başqası üçün çox adi ola bilər.

- Məsələn...

- Arzuladığım münasibətdən xoşbəxt ola bilərəm.

- Sizi təəccübləndirmək belə asandır ki?

- Əksinə, asan deyil.

- Dediniz ki, axırıncı dəfə iki saat əvvəl xoşbəxt olmuşam.

- Mən “təəccüblənmək” demədim ki... Xoşbəxt olmaq dedim. Təəccüblənmək başqa şeydir. Ola bilər ki, mənə çox qiymətli bir əşya təqdim eləyələr, mən xoşbəxt olmayım, sadəcə, təəccüblənim.

- Deyəsən, qiymətli əşylarla sizi çox sınağa çəkiblər.

- Açıq danışaq?

- Məncə, ay işığında açıq danışmaq lazımdır.

- Mənə elə qiymətli əşya veriblər, amma qəbul eləməmişəm.

- Niyə?

- Çünki ondan öncə daha vacib tələblərim var.

- Xumar Qədimova olmağınız sizi narahat eləmir ki?

- Nə mənada soruşursan?

- Yəni bu qədər tanınırsınız...

- Hə, anladım. Mən əvvəllər popluyar deyildim, amma üzdəydim.

- Necə yəni?

- Tutaq ki, bir məclisə girirdim, hamı deyirdi ki, Xumar gəldi. Bilmirəm nədəndir, həmişə gözdə olmuşam. Bu mənada qadınlığım, görünüşüm həmişə mənə mane olub.

- Yəqin, diqqət mərkəzində olmağınız sizi həm də sevindirir.

- Düzdür, həm sevinmişəm ki, diqqət mərkəzindəyəm, həm də əsəbləşmişəm ki, paxıllığımı çəkirlər.

- Yəqin, həmişə ərköyün olmusunuz, şıltaq olmusunuz... Adətən, bu cür xanımlar diqqət mərkəzində olurlar.

- Əksinə, çox sakit olmuşam.

- Yəqin, siz istisnasınız...

- Məndə bir xüsusiyyət də var ki, ətrafı tez ələ ala bilirəm. Tutaq ki, bir məclisdir, orda nə eləyirəm, heç özüm də bilmirəm, amma görürəm ki, hamı yaxşı mənada mənə tabedir. Heç buna çalışmıram da, amma baxıram ki, idarə eləyirəm.

- Bəs sizi idarə eləyən olub?

- Valideynlərimdən başqa heç kim məni idarə etməyib. Dad onların əlindən. Onlar məni çox idarə eləyiblər, özü də necə!

- Belə şeylər sənət adamına çox mane olur.

- Düzdür. Əslində, valideynlərimin idarəçiliyi məni çox geri salıb, yəni çox itirmişəm. Onlara çox güzəşt elədim və çox şeydən keçməli oldum.

- Hələ çox şeydən keçmişiniz, Xumar Qədimovasınız, maraqlıdır, keçməsəydiniz, kim olardınız?

- Ay, nə gözəl dedin, Kəramət. Doğrudan, hərdən öz-özümə fikirləşirəm ki, mən bu qədər məhdudiyyətlərlə gəlib Xumar olmuşam, gör, başqa cür olsaydım, nələr əldə eləyərdim.

- Məsələn, Xumar Qədimovaya nə olmaz?

- “Olmaz”lar mənim qarşıma qoyduğum qanunlar deyil. Bu, mənim içimdəki “olmaz”lardır.

- Xumar xanım, nə olmaz?

- Məsələn, xəyanət olmaz, olmaz, olmaz...

- Xəyanət nədir ki?

- Yəni eyni vaxtda iki nəfəri əldə saxlamaq olmaz. Birini sevə-sevə başqasına baxa da bilmərəm, heç gözümlə də xəyanət eləmərəm.

- Sizcə, birini əlindən yerə qoyub, o birisini götürmək olar?

- Bəli, olar.

- “Olar” deyirsinizsə, deməli, həyatınızda bu cür şeylər olmamış da deyil.

- Mən indiyə qədər bir neçə dəfə sevmişəm. Hətta yaxınlarda bacım bir dostuna mənim bir sirrimi açdı. Həm güldüm, həm də xoşlamadım ki, o adamın mənə böyük hörməti var, o məni başa düşməyə bilər.

- O sirr nə idi ki?

- Bacım o adama dedi ki, Xumar xanım bir yerə səfərə getdiyi anda, yəni maşına oturduğu anda sevdiyi başqaydı, qayıdanda artıq başqasını sevirdi.

- Xumar xanım, necə olur ki, sevgi dediyiniz şey bu qədər asanlıqla bitir?

- Nə bilim, vallah, belə danışmağıma baxma. Mən sevgini yaman pis keçirirəm. Halım pis olur.

- Ağır xəstəlik kimi...

- Hə, bir xəstəlik var, onu demək istəmirəm, estetik cəhətdən bir az yaxşı səslənməz. Mən sevgini elə keçirirəm.

- Belə çıxır ki, siz hər ay sevə bilərsiniz...

- Əslində, bu xəstəlik deyil, haldır. Amma yaxşıdır ki, bir sevgini bitirəndə başqasını da o cür sevə bilirəm. Və o bitirdiyim adam ki var, elə bil ki, heç vaxt həyatımda olmayıb. Yəni yadıma da düşmür, o adam var, yoxdur, əhəmiyyət kəsb eləmir. Bəzən ayrılanda deyirlər ki, bədbəxt olsun. Məndə əksinədir, lap xoşbəxt olsun, özü bilər, ondan mənə nə ki...

- Xumar xanım, oxuduğunuz mahnıların sözləri sizi düşündürür, yoxsa ancaq səsinizin qeyri-adiliyinə arxayınsınız?

- Əlbəttə, düşündürür. Sözlər mənim üçün birincidir, gözəl söz olmasa, mahnı da oxumaram.

- Nədənsə, mahnılarınızda “içim” sözünü çox işlədirsiniz...

- İçimiz olmasa, biz boş qutuyuq.

- Görəsən, içiniz nə boydadır?

- Hərdən bapbalaca, hərdən də dünya boyda.

- Maraqlıdır, içiniz nə vaxt balacalaşır?

- Etiraz olanda.

- Bəs nə vaxt böyüyür?

- Sevəndə, xoşbəxt olanda.

- Axırıncı dəfə nə vaxt ağlamısınız?

- Dünən gecə ağlamışam.

- Bu qədər nikbin, xoşbəxt bir xanım niyə ağlasın ki?

- Nə bilim, görünür, dünən gecə hal o halıydı.

- Xumar xanım, bir şeir yadıma düşdü.

Qara qız, mən səni şeir bilirəm,

Dəniz saçlarında üzməyim gəlir.

Öpmək istəyirəm baxışlarından,

Sonra həsrətinə dözməyim gəlir.

- Bəh-bəh, nə gözəl şeirdir. Amma ANS-də dediyin şeirdən heç xoşum gəlmədi.

- Deyəsən, içkiylə aranız yaxşıdır.

- Hə, yaxşıdır, aradabir olur.

- Toylarda da?

- Qətiyyən! Mən toylarda heç yemək yemirəm.

- Toy məclislərində, adətən, qalmaqal olur. Bəs bu qədər zərif bir xanım onları necə yola verə bilir?

- Sağ olsunlar, içkili adamlar da mənə ayıq yanaşırlar.

- Qohum-əqrəba arasında Xumar Qədimova olmağınızdan narazılar yoxdur ki?

- Məncə, əksinə, razıdırlar.

- Yəqin, sizinlə fəxr də edirlər...

- Əlbəttə, fəxr edirlər.

- Heç nəyinizdən narazı deyillər?

- Mənim onlara qarşı hədsiz diqqətimdən, sevgimdən narazıdırlar.

- Yəni...

- Yəni deyirlər ki, bu qədər yorulmağına ehtiyac yoxdur.

- Xumar xanım, əsl qadını necə görmək istəyirsiniz?

- Vicdan bütün gözəl xüsusiyyətlərin başlanğıcıdır. Əsl qadını vicdanlı görmək istəyirəm. Vicdan varsa, sadiq olacaqsan, ləyaqətli olacaqsan, səmimi olacaqsan, nə bilim, hər şey olacaqsan.

- Namus, qeyrət qaldı...

- Əlbəttə, qadın namuslu olmalı, qeyrətli olmalı, kişisi üçün əsl xanım olmalı, onun dostu olmalıdır.

- Sonra...

- Əsl qadın saxta olmamalı...

- Sonra...

- Ərinin ayağını yumaq belə qadın üçün qəbahət olmamalı...

- Sonra...

- Əsl qadın sevişməsini bilməli...

- Hətta...

- Hətta kişisinin qulluqçusu olmalı...

- Yəni qadın dediyin, böyle olmalı...

- Ay Allah, o nədi, o nə şeirdi... O şeiri əzbər bilirəm.

kadin dediyin iyi sevisecek arkadas.

aklini basindan alacak ama aklini sadece bununla yormayacak.

göğüsünde atan kalbinin yerine koyacaksın.

aşksız yatmayacak yatağa ve sen bunu bileceksin.

en seksi leydi olmayı da bilecek,

hanım sultan olup sözünü geçirmeyi de.

kadın dediyin ayıp nedir bilecek.

kadin dediyin güzel olacak zeki olacak zeki..

paranın güzelliyini bilecek ama ne paranın ezikliyini ne de paranın kudurmuşluğunu yaşayacak.

namussuzluğunu, ahlaksızlığını ancak seni başdan çıkarırken kullanacak.

En önemlisi kendini sevecek arkadaş,

kendini sevmeyen kadından sana ne hayır gelir.

Bir bakarsın ki yıllar sonra bu kadınla ne yatağa sığabiliyorsun,

ne toprağa…

seni sadece sen olduğun için,

sensin diye sevecek.

Hem sevgilin, hem arkadaşın, hem annen, hem çocuğun olacak.

Öyle bir kadın işte…

Nerede oyle kadın yoktur deme…

Sende adam olacaksın,

seçmesini bileceksin!

- Maraqlıdır, əsl qadına aid olan bu keyfiyyətlər sizdə var?

- Əbəs yerə şeir məni cəlb eləməyib ki...

- Bəs sizdə nə yoxdur?

- Zərrə qədər də güzəşt eləmək yoxdur. Bunun ziyanını çəksəm də, mən beləyəm: güzəşt olmaz! Hansı ki, əslində, qadın güzəşt etməyi bacarmalıdır.

- Adınızla xarakteriniz arasında bir vəhdət hiss eləyirəm: Xumar və xumarlanmaq.

- Hə, bu bir az da hal əhli olmağımla bağlıdır.

- Demək olar ki, Xumar uçur?

- Düzdür, Xumar göylərdə uçur.

- Xumar xanım, düşün aşağı...

- Hə, ay Xumar, düş göylərdən aşağı, həyatdan xəbərdar ol.

- Deyəsən, həyatı “dünya beşgünlükdür” fəlsəfəsi ilə yaşayırsınız...

- Yox, sadəcə, elə görünürəm.

- Xumar xanım, gecələr yuxunuz gəlməyəndə ən çox hansı musiqilərə qulaq asırsınız?

- Ən çox dünya musiqisinə, son zamanlar Ümmügülsümə qulaq asıram.

- Heç olub ki, gecələr yerinizin içində öz mahnılarınıza qulaq asmısınız?

- O qədər... Bir də görürsən, beynimə düşür ki, Xumarı dinləmək istəyirəm.

- Bəlkə, qulaq asmaqdansa, elə yerinizin içində oxuyasınız...

- Yerimin içində oxumaq yox, amma yatmazdan öncə daha çox Demiz Rususu dinləyirəm. Onu çox sevirəm. Hər gecə onunla yatıram. Necə gözəldir.

- Xumar xanım, necə oldu ki, sənətə gəldiniz?

- Nə bilim, gəldim də... Əslində, sənətə gəlməyimin səbəbi bəstələdiyim nəğmələrdi. Bəstələrim olmasaydı, müğənni olası deyildim.

- Yəni taksiylə gəldiniz, şəxsi avtomobilinizlə, təyyarəylə, avtobusla, yoxsa piyada...

- Qatarla gəldim. Özü də, zəncirləri qırıb gəldim.

- Bəs ilk uğurunuz necə oldu?

- Nüsrət Kəsəmənlinin sözlərinə bəstələdiyim “İsa bulağı” mahnımı 1998-ci ildə oxudum. Məncə, uğurum burdan başladı.

- Amma...

- Ən böyük uğurum mənim fərqliliyimdir.

- Doğrudan da, səsiniz çox qeyri-adidir.

- Ay sağ ol. Bu qeyri-adilik olmasaydı, mən də o biri oxuyanlardan olacaqdım.

- O biri oxuyanlar deyərkən...

- Yəni oxuyanlar o qədərdir ki... Düzü, belə uğur istəmirəm. Sıradan bir uğur qazanmaq, sıradan bir müğənni olmaq mənə lazım deyil. Hansı arzuyla gəldimsə, ona da çatdım.

- Ən xoşunuza gələn və ən yaxşı xatırladığınız tərif nədir?

- Ay Allah, necə yadımdan çıxdı. Elə bir tərif varıydı.

- Bilirəm, sizin kimi adamlara çox tərif deyirlər. Düzdür, eləsi olur, yaddan çıxır. Amma eləsi də olur ki, heç vaxt yaddan çıxmır.

- Düzdür, tərif deyən çox olur. Amma o tərifdən dəli olmuşdum, özü də çox səmimi sözlər idi. Əslində, tərif də deyildi, məndə olan bir şey yazmışdı. Bağlanmışdım. Heyif ki, yadımdan çıxıb.

- Yəqin, sevgi məktubları da yazmısınız...

- Universitet illərində yazmışam, nə gözəldir kağızda sevgi məktubu yazmaq, o məktub bu məktubdan gözəldir.

- Söhbət oxuduğunuz “Məktub” mahnısından gedir?

- Yox, “sms” yazmağı deyirəm. Kağızda yazılan məktub daha istidir, elə bil orda nəfəs var, toxunmaq var.

- Bu məktubum yolda itsə, yaxşıdır.

- Hə, hərdən adam əsəbləşir, məktubu göndərir, sonra peşman olur, öz-özünə deyir ki, kaş bu məktubum yolda itəydi.

- Xumar xanım, Allah eləməsin, gecə yatıb, səhər dursanız ki, səsiniz batıb...

- Ola bilər.

- Onda neyləyərsiniz?

- İçim o qədər doludur ki, onu hayqırmağa, bağırmağa ehtiyacım var. Bu imkan olmayanda təbii ki, mənə çox çətin olacaq, çox pis olaram, amma həmin dəqiqə ölmərəm, yəqin, yavaş-yavaş ölərəm.

- Niyə elə düşünürsünüz ki, yavaş-yavaş ölərsiniz?

- Çünki xalqım məni, doğrudan da, sevirsə və sevgisində səmimidirsə, məncə, oxuduqlarım məni qəfil ölməyə qoymaz.

- Uşaq olanda kimsə əsəbləşib sizə deyib ki, səsiniz batsın?

- Həə, təbii ki, olub. Ən çox anam deyib.

- Amma heç atanızdan danışmırsınız...

- Atam tamamilə başqa bir adamıydı.

- Maraqlıdır, sənətdən getsəniz, yolunuz hayana olar?

- Nə bilim, vallah.

- Məncə, gözəl xanımlar haqsız olanda daha da gözəl olurlar.

- Ola bilər, qarşıdakının fikrinə görə mən haqsızam, amma...

- Sizcə, xəyanətkar qadınlar niyə çox sevilir?

- Deyərdim ki, əlçatmaz qadınlar daha çox sevilir, nəinki xəyanətkar. Xəyanətkar qadını sevsən də, nə vaxtsa bezəcəksən. Amma əlçatmaz qadından heç vaxt bezməyəcəksən.

- Məncə, əlçatmaz qadın yoxdur.

- O qadın sevimlidir ki, çatırsan, amma yenə də çatmırsan.

- Bəs siz hansı qadınlardansınız?

- Məncə, bu sualın cavabı Yan Yucelin şeirindədir.

- Ən böyük maddi arzunuz nədir?

- Elə arzum yoxdur.

- Bəs mənəvi arzunuz nədir?

- Düzü, bu barədə heç fikirləşməmişəm.

- Söhbət Qarabağın geri qayıtmasından getmir. Şəxsi arzunuzu deyirəm.

- Bəlkə də, ən böyük mənəvi arzum ayrılmamaq, ayrı düşməməkdir.

- Maraqlıdır, sevmədiyiniz bir adamla neçə dəqiqə yaşaya bilərsiniz?

- Heç bir dəqiqə də yaşaya bilmərəm. Mümkün deyil.

- Bir sevgidən yeni sevgiyə keçəndə müəyyən sakitlik dövrü olur.

- Hə, olur.

- Maraqlıdır, sizin kimi həssas bir xanımda o dövr nə qədər çəkir?

- Çox az çəkir. Çünki əhatəm doludur.

- Ümumiyyətlə, sizin üçün qarşı tərəfin hissləri nə qədər vacibdir?

- Əlbəttə, çox vacibdir. Birtərəfli sevgiylə bir yerdə yaşamaq mümkün deyil.

- Xumar xanım, bəzən qadının düşünülmüş səliqəsizliyi onu daha çox maraqlı göstərir, daha cazibədar olur.

- Sən bunu niyə dedin ki?

- Eyni şeyi sizdə də hiss edirəm.

- Çox düz deyirsən.

- Belə şeylər hər qadında alınmır.

- Sən bunu nədən bildin?

- Xumar xanım, olar, saçınızı dağıdım?

- Ay, ay, ay...

- Məncə, əsas xarici gözəllikdir, daxili gözəllik boş şeydir.

- Doğrudan deyirsən? Nə qəribə oğlansan. Sənlə razı deyiləm. Daxili gözəllik insanı çox gözəlləşdirir. İnsanlar tanıyıram, çox gözəldir, amma ağzını açan kimi adam uzaqlaşmaq üçün bəhanə axtarır.

- Heç üzünüzə telefon “atboy” verən olub?

- Hə, olub. Amma elə şirin olub ki...

- Qayıdıb, təzədən zəng eləmisiniz?

- Yox, qətiyyən!

- Heç zəngini gözlədiyiniz adam var?

- Var.

- Yəqin, bilinməyən nömrədən zəng eləyib susanlar da olur.

- O qədər...

- Zəng eləyib, mahnı da qoyurlar?

- O qədər...

- Öz mahnılarınız da olur?

- O qədər...

- Sizi narahat eləyən yerdə neçə dəqiqə otura bilərsiniz?

- Heç saniyə də otura bilmərəm.

- Xumar xanım, çox gözəlsiniz. Məncə, belə bir gözəllikdə bu qədər ağıl olmamalıdır. Ağlınız gözəlliyinizi korlaya bilər.

- Qadın dediyin gözəl olacaq, arkadaş. Zəki olacaq, zəki... Mən kişi olsam, heç vaxt ağılsız qadına aşiq ola bilmərəm.

1937.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR