• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycan rəsm sənətində yeniliyə imza atıldı - FOTOLAR

Azərbaycan rəsm sənətində yeniliyə imza atıldı - FOTOLAR

Bu gün Bakı Rəsm Qalereyasında gənc rəssam Tünzalə Məmmədzadənin fərdi şərgisini keçirilib. İki gün davam edəcək “Zamanın izləri” adlı sərgi “28 May Respublika Günü”nə həsr edilib.

Yaradıcılığının əsasını ipək üzərində akrillə işlənən rəsmlər təşkil edən T. Məmmədzadə bu cür əsərlərin dünyada yox dərəcəsində olduğunu dilə gətirib. “Uzun zamandır ki, bu sərgiyə hazırlaşıram. 10 ildir rəssamlıqla məşğul olmağıma baxmayaraq çox həyəcanlıyam. 30 əsərimin nümayiş olunduğu bu sərgidə fərqli üslub ortaya qoymuşam. İpək üzərində təsviri sənətdir. Bu əsərlər rəssamlar tərəfindən təsviri sənətlə dekorativ tətbiqi sənətin sintezi kimi qiymətləndirilir. Əsərlərimdə təsəvvüf üstünlük təşkil etsə də rəssam təxəyyülü də yer almaqdadır”. Orijinal əsərlərin müəllifi kimi rəssam, sərgilərini Azərbaycandan kənarda da təşkil etmək üçün səy göstərdiyini dilə gətirib.

Sərgini giriş sözləri ilə açan məşhur rəssam Eldəniz Babayev rəssamın əsərlərinin qeyri-adiliyini və onun təsəvvüf janrına üstünlük verməsini yüksək qiymətləndirib. O bildirib ki, bu cür əsərlərin məhz ölkəmizdə yaradılması bizim üçün ayrıca qürur verir.

Daha sonra rəssama ilk sərgisində dəstək olan Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyevə söz verilib. Z.Əliyev, rəssamın təşəbbüsünü gələcək uğurlara atılan ilk addım olduğunu dilə gətirib. “Tünzalənin əsərləri Azərbaycan rəssamlığında ipək üzərində rəsmin ilkin nümunələridir. Mən deyərdim ki, onun ilk fərdi sərgisindəki bu əsərlər milli rəssamlığa böyük töhvədir. Bu hələ yolun başlanğıcıdır”.

“Bakıda keçirilən sərgilərin əksəriyyətində rəngkarlıq nümunələrini görürük. Ancaq Tünzalənin əsərləri fərqlənməyi bacarır. Onun əsərləri nə botik üslubu, nə də qrafikadır. Onların qarışığı yeni bir stildir”. Bu fikirləri isə Azərbaycan Rəssamlar Akademiyasının kafedra müdiri, rəssam Nazim Yunus səsləndirib. O bildirib ki, bu cür əsərləri yaratmaq üçün rəssamın daxili aləminin zəngin olması lazımdır.

Sərgidə həmçinin Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan da iştirak edib. O çıxışında Azərbaycanın Cümhuriyyət gününü və rəssamın ilk uğurunu təbrik edib. Bildirib ki, rəssamın hər biri əsəri ona tamaşa edən üçün ayrılıqda bir mesaj verir. “Əsərlərinizdə öz əksini tapan cizgilər ona tamaşa edənə Mövlananı xatırladır. Mən ümid edirəm ki, əsərlərinizin nəinki Azərbaycanda, Türkiyədə və eləcədə dünyada nümayişini təşkil edəcəksiniz. Bu cür sərgilərin Türkiyədə də keçirilməsi məni çox xoşbəxt edər”.

Çıxışların sonunda sərgi iştirakçıları rəssamın əsərləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, Tünzalə Məmmədzadə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının doktorantura pilləsində təhsil alır. Rəssam həmçinin 5 ildir Rəssamlar İttifaqında Gənc Rəssamlar Birliyinin üzvüdür. /Simsar.az/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR