Heydər Əliyev Fondunun dəstəyi ilə beynəlxalq sərgi keçiriləcək
Bizi izləyin

Tabloid.az

Heydər Əliyev Fondunun dəstəyi ilə beynəlxalq sərgi keçiriləcək

Mayın 30-da "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ənənəvi "Qala festivalı" və "Tullantıdan sənətə" beynəlxalq sərgisinin açılış mərasimi keçiriləcək.

Mayın 30-da "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ənənəvi "Qala festivalı" və "Tullantıdan sənətə" beynəlxalq sərgisinin açılış mərasimi keçiriləcək.

Həmin gün Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində keçiriləcək festivala respublika üzrə orta ümumtəhsil və internat məktəblərindən, uşaq evlərindən, qaçqın və məcburi köçkün ailələrindən 3000-dək uşaq iştirak edəcək.

Heydər Əliyev Fondunun dəstəyi ilə 2010-cu ildən keçirilən festival xalqımızın zəngin tarixi keçmişini və ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədi daşıyır.

Festival çərçivəsində açıq səma altında istedadlı uşaqların əl işləri nümayiş etdiriləcək, rəqs ansambllarının çıxışı olacaq, müxtəlif interaktiv oyunlar təşkil ediləcək.

1 iyun-Uşaqların Beynəlxalq Müdafiə Günü ərəfəsində keçiriləcək festivala Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistan, Bosniya və Herseqovina, Rusiya Federasiyası və digər ölkələrdən də uşaqlar dəvət edilib.

Qala qəsəbəsində mayın 30-da, həmçinin daha bir layihənin- III beynəlxalq "Tullantıdan sənətə" sərgisinin açılış mərasimi olacaq.

Heydər Əliyev Fondunun təşəbbüsü, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığı, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və "QGallery" incəsənət qalereyasının dəstəyi ilə keçiriləcək sərgidə məişət tullantılarından hazırlanan müxtəlif sənət nümunələri nümayiş etdiriləcək. Sərgidə Azərbaycanla yanaşı, ABŞ, Avstraliya, Böyük Britaniya, Niderland, İspaniya, Türkiyə, Çexiya, Kuba, Kolumbiya və Yaponiyadan olan sənətkarların da əl işləri təqdim olunacaq.

Sərginin əsas məqsədi insanlara ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, planetin ekoloji sağlamlığına qayğı ilə yanaşmanı təbliğ etmək, insanları israfçılıqdan yayındırmaq və onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.

Layihədə iştirak edən sənətkarlar istifadəyə yararsız hesab olunan kağız, avtomobil hissələri, şüşə, dəmir qırıqları və digər tullantılara ikinci həyat veriblər. Bununla da "lazımsız əşyalar toplusu"dan hətta incəsənət əsərləri də düzəltməyin mümkün olduğunu bir daha nümayiş etdiriblər.

Artıq 3-cü dəfə keçirilən bu beynəlxalq tədbirin Qala qəsəbəsində təşkili isə təsadüfi deyil. Belə ki, 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC Qala qəsəbəsində tullantıların idarə olunması sisteminin müasir standartlara uyğun qurulması üzrə "Təmiz Qala" pilot layihəsini həyata keçirir. Layihənin məqsədi Qala qəsəbəsində tullantıların çeşidlənmiş şəkildə toplanması, daşınması və təkrar emalını müasir şəkildə təşkil etməkdir. Buna uyğun olaraq, tullantıların vaxtlı-vaxtında toplanması və daşınması ilə yanaşı, onların əhali tərəfindən üzvi və qeyri-üzvi tullantılar üzrə çeşidlənməsi üçün Qala qəsəbəsində müxtəlif konteynerlər quraşdırılıb.

İyunun 3-dək davam edəcək sərgini izləmək istəyən hər bir kəsin iştirakını təmin etmək məqsədi ilə İçərişəhərin Qoşa Qala qapılarının önündən gündə iki dəfə (saat 12: 00 və 15: 00-da) pulsuz avtobus turları təşkil olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm