• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

"Məcnun" həyata baxışımı dəyişib – BRİFİNQ

"Məcnun" həyata baxışımı dəyişib – BRİFİNQ

Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov "Brifinq"in qonağıdır. Xeyli müddətdir mətbuatda görünməyən M.İbrahimov "Gündəlik Teleqraf" qəzetinin əməkdaşlarının suallarına cavab verdi. Gənclərə həmişə qayğı ilə yanaşdığını deyən M.İbrahimov qapısının öyrənmək istəyən bütün şəxslərə açıq olduğunu söylədi.

Nərmin Muradova: Muğamı öyrənmək üçün, adətən, yanınıza neçə yaşında gəlirlər?
Tələbəm var ki, mənimlə yaşıddır. Başqa sahənin adamıdır, amma muğama həvəsi o qədər böyükdür ki, sadəcə özü üçün öyrənmək istəyir. Görünür, uşaq vaxtı həvəsi olub, amma hansısa səbəblərdən imkanı olmayıb. Müraciət edir, deyirəm, buyur gəl. Estrada müğənniləri də gəlir. Bəziləri bunun düzgün olmadığını deyir. Mən isə deyirəm ki, niyə düz deyil? Ən azından bu şəxslər savadlı müğənni olacaq. O, sabah xanəndə olmayacaq ki.

N.Muradova: Estrada müğənnilərindən kimlər gəlib yanınıza?
Lamiyə Novruzova tələbəmdir. Rahidə Baxışova mənim sinfimi bitirib. Son vaxtlar Aytac Vidadi qızı gəlir. Kim gəlirsə, sevə-sevə öyrədirəm.

Aygün İlqarqızı: Yanınıza başqa sahələrdə çalışanlar da gəlir?
Bəli.

Nərgiz Ehlamqızı: Bu gün (dünən - red.) "Son zəng"dir. "Son zəng"lə bağlı hansı xatirə yadınızda qalıb?
Əlbəttə, bu gün mənə əzizdir. Mən də o prosesi keçmişəm, bu hissi yaşamışam. Bir az forma dəyişib. Mən Ağdamda oxumuşam, kənddə böyümüşəm. Bizdə bir az fərqli idi, "son zəng"ə xüsusi hazırlaşırdıq. "Vinetka"m indi də durur. Hərdən baxıram, sinif yoldaşlarımdan dünyasını dəyişənlər də var. Bəziləri Bakıdadır, bəziləri rayondadır. Qarabağın işğalı ilə bağlı hərə bir tərəfə getdi. Amma uşaqların bir çoxu ilə görüşürəm. Ona görə ki, əsgər yoldaşı, sinif yoldaşı insana əzizdir.

"Şöhrət" ordenimi yaxama vurub heç vaxt qürrələnmirəm

N.Muradova: Məktəbdə dəcəl olmusunuz?
Yox, çox sakit uşaq olmuşam. Məqsədim olub. Ağlım kəsəndən bilmişəm ki, mən kim olacam.

N.Ehlamqızı: Xanəndə olacağınızı bilirdiniz?
Bilirdim. Çünki məni mühit yetişdirib. 5-6 yaşımda evimizdə korifeylərin valları vardı. Qarabağda hər iki nəfərdən birinin yaxşı səsi var. Uşaq vaxtı elə bilirdim ki, hamı oxuyur. Kəndimizin yanında Xan qızı Natəvanın saldırdığı Soltanbud meşəsi var. O meşədə uşaqlarla quzu otarırdıq. Hər ağacın başında bir uşaq oxuyurdu. Bizdə mühit bu cür olub. Bir də baxdım ki, artıq bu sənətin içindəyəm. Bir var, valideyn uşağı musiqi məktəbinə qoyur ki, uşaq musiqiçi olsun, amma məndə belə olmayıb. 2-3-cü sinifdə oxuyanda məktəb tədbirlərində oxuyurdum. Görürdüm ki, artıq səsimi başqa səslərdən seçirlər. Rayonda olanda muğamların 90 faizini bilirdim.

N.Muradova: Musiqi məktəbinə getmədən?
Bəli, lentlərdən. Xan əminin "Rast"ını, Yaqub Məmmədovun, Arif Babayevin, Şövkət Ələkbərovanın, Seyid Şuşinskinin, Zülfi Adıgözəlovun muğamlarını dinləyirdim. Uşaq vaxtı muğamların adını bilmirdim, Bakıya gəlib təhsil aldıqdan sonra öyrəndim. Qarabağda tədbirlərə, toylara gedirdim, tanınırdım. Amma fikirləşirdim ki, bu, nə qədər olar? Axı mən təhsil almalı və bunun üçün də Bakıya getməliyəm.

N.Muradova: Oranın toyları necə olurdu?
Toylar 3 gün keçirilirdi. Təsəvvür edin ki, 3 günlük toy, öz də padşahla. Kənddə sayılıb-seçilən adamı padşah qoyurdular ki, şuluqluq olmasın. Bir dənə də fərraş olurdu, Bakıda sərpayı deyirlər. 3 gün ərzində səhər tezdən gecə 12.00-a kimi toy davam edirdi. Növbə ilə onlar nəzarət edirdilər. Yemək masaları ayrı olurdu. Heç vaxt yeməklə musiqi bir yerdə olmayıb. İnsanlar bəy tərifini xüsusi gözləyirdi. Hamı xalat gətirirdi. 1 ay əvvəldən hazırlaşırdıq ki, filankəsin toyu olacaq. Zaman dəyişdikcə günlərin sayı 2, sonra 1 oldu. İndi isə toylar 6-7 saatlıq olur. Biz Avropadan lazımsız çox şey götürdük. Nə qədər gəncsən, deyirsən, bu yaxşıdır, daha da müasirlik istəyirsən. Amma müəyyən vaxt keçdikdən sonra insan o adət-ənənə üçün darıxır.

Rövşən Danyeri: Deyirsiniz ki, uşaq vaxtı vallara qulaq asırdınız. Səsi ən çox Sizə yaxın olan kim idi?
Evimizdə nə vardısa, ona qulaq asırdıq. Mənim atam da muğam həvəskarı idi. Bizim kəndimizdə mədəniyyət sarayı var, indi də durur. Əbülfət Əliyevi, Şövkət Ələkbərovanı, Sara Qədimovanı, Arif Babayevi, Yaqub Məmmədovu oradakı konsertlərdə görmüşəm. Onların hamısı fərqli, amma gözəl səslərdir. Özümə yaxın hiss etdiyim Arif Babayevin səsidir. "Məcnun" roluna olan həvəsim onun ifasından yaranıb. Zeynəb Xanlarova ilə Arif Babayevin "Leyli Məcnun" operasına dövlət televiziyamızda baxanda özümü xəyalən səhnədə hiss edirdim. Deyirdim ki, kaş mən də Arif Babayev kimi səhnədə "Məcnun"u ifa edərdim.

"Məcnun"u 125 dəfə ifa etmişəm

N.Muradova: Və səhnədə oldunuz...
İnsanın niyyəti haradırsa, mənzili də oradır. Mən tələbələrimə də həmişə deyirəm ki, insan kim olmaq istəyirsə, olur. Təbii ki, boş iddiadan söhbət getmir. Bunun üçün məqsəd, ağıl, əzmkarlıq, möhkəm iradə, zəhmət lazımdır. İnsan dözümlüdürsə, istənilən məqsədə çatır. Bu, artıq təsdiq olunub.

A.İlqarqızı: Orta məktəbdən qaçıb futbola getdiyiniz vaxtlar olubmu?
O qədər...

A.İlqarqızı: Ən çox hansı mövqedə oynayırdınız?
Kəndimizdə iki komanda vardı, "Yuxarı məhəllə" və "Aşağı məhəllə". O vaxt futbola maraq həddindən artıq çox idi, kənddə kollektivçilik olurdu.

A.İlqarqızı: Qapıçı olmusunuz? Hücumda, yoxsa müdafiədə yaxşı idiniz?
Qapıçı da olmuşam. Amma daha çox hücumda oynamağı xoşlamışam. Müdafiəni heç xoşlamırdım. Həyatda da heç vaxt gözləmə mövqeyində deyiləm, hər zaman məqsədimə doğru hərəkətdə olmuşam. Adam var, deyir, bu məqsədə çatdım, dayandım, qurtardı hər şey. Məndən bir dəfə soruşdular ki, bütün titulları almısınız, bəs, indi nə üçün çalışırsız? Dedim axı, mən titul üçün çalışmamışam. Titulu alanda hər dəfə, təbii ki, sevinirəm. Kim desə ki. sevinmirəm, bu, qeyri-səmimi olar. Titulu alıram, 1 ay sonra, inanın, yadımdan çıxır ki, mənim hansı titulum var. Çünki onunla yaşamıram. Heç bir tədbirdə ordenimi yaxama taxmamışam. "Şöhrət" ordenim var, evdədir, onu yaxama vurub heç vaxt qürrələnmirəm. Çalışıram ki, yaxşı sənətkar olum. İnsanın titulu da, ordeni də ola bilər, amma xalqın içində onun hörməti, şəxsiyyəti, mədəniyyəti yoxdursa, övladları sabah ona görə utanacaq. Hər kəs tanına bilər, kim olursan ol, efirə 10 dəfə çıx, səni hamı tanıyacaq. Şəxsiyyətin, savadın, əxlaqın yoxdursa, o, keçicidir. Titulu olan da var, fəxri adları olan da, amma xalqın ona münasibəti birmənalı deyil. Heç öz qohum-əqrəbasının münasibəti xoş deyil. Çünki yaşadığı həyat tərzi düzgün deyil.

N.Muradova: Səsinizi necə qoruyursunuz?
Vallah, qorumaq çətindir. Müəyyən qədər çalışıram. Peşəkar ifaçı səsini qorumağa məcburdur. Deyək ki, adın tamaşa repertuara salınıb və sən operanı 1 həftədən sonra oxumalısan. Tamaşaçı üçün fərqi yoxdur, sən soyuq su içmisən, xəstələnmisən, yaxud yorğunsan. O, tamaşaya səndən zövq almağa gəlir. Sən formada olmalı və yaxşı oxumalısan. Məsələn, tamaşa repertuara salınandan tamaşa bitənədək bütün həyat tərzim ona görə qurulur. Yatmağım, durmağım, hər şey. Birincisi, sənətimə, ikincisi, tamaşaçıya hörmət edirəm. Sovet vaxtı deyil ki, gətirib əsgərləri, tələbələri zala doldursunlar, boş görünməsin. Bu gün tamaşaçının xoşu gəlməsə, çıxıb gedir. Mən 125 dəfə "Məcnun"u ifa etmişəm. Başqa tamaşaları yox, onu özüm üçün qeyd edirəm. Tamaşaçı gəlməsə, sən kimin üçün oxumalısan? Bu gün az oxuyuram ki, tələbələrim də oxusun. İki ay oxumuram, görürəm teatra çoxlu zəng edirlər ki, Mənsum İbrahimov hardadır, niyə oxumur?

N.Ehlamqızı: Deyəsən, həvəslə ifa etdiyiniz ancaq "Məcnun"dur...
- Operaların hamısı gözəldir, amma "Leyli Məcnun" zirvədir. Ondan o tərəfi yoxdur, heç olmayacaq da. Mövzusu, yəni əbədi məhəbbət həmişə aktualdır.

N.Muradova: "Məcnun"u ilk dəfə oynayanda neçə yaşınız var idi?
- İlk dəfə bu rolu 1993-cü ildə oynamışam.

Bu gün də mənə qarşı qısqanclıq var

N.Muradova: Sizə qarşı qısqanclıqlar var idi?
- Təbii. Harada qısqanclıq yoxdur ki? Bizim sahəmiz olan incəsənət, muğam sahəsində bu gün də o qısqanclıq var. Meydandasansa, sənə həmişə rəqib var. Mən ilk dəfə "Məcnun"u oxuyanda o vaxt Polad Bülbüloğlu mədəniyyət və turizm naziri idi. İlk dəfə səhnəyə Gülyaz (Gülyaz Məmmədova - N.E.) xanımla bir yerdə çıxmışdıq. Səs-küylü tamaşa oldu. Arif Hüseynovun böyük yazısı getmişdi. Azad Mirzəcanzadə, bilirsiniz ki, opera sevən idi, tamaşadan iki gün sonra bir rəy yazmışdı. Qeyd eləmişdi ki, Mənsumu Sarabskiyə bənzətdim. Sevincimin həddi-hüdudu yox idi ki, gör akademik mənim haqqımda nə deyib. Onunla görüşəndə Azad müəllim mənə qayıtdı ki, birinci tamaşandır, çatışmayan cəhətlər var, lakin onlar getdikcə düzələcək. Amma bütün bunlarla birlikdə səni "Məcnun" kimi qəbul etdim. Əslində, o tamaşanın lentini gizlədirəm ki, heç kim görməsin.

A.İlqarqızı: Niyə?
- Birinci tamaşam idi, hər şeyi əzbərləyib oxumuşam. Bilirsiniz, yaşantı söhbəti var. Sənət belə şeydir ki, zamanla ifaçıda hissetmə, dərketmə başlayır.

N.Ehlamqızı: Niyə səhnədə gənc "Məcnun"lara nisbətən yaşlı "Məcnun"lara üstünlük verilir?
- Niyə? Səbuhi İbayev və İlkin Əhmədov kimi gənc “Məcnun”larımız da var. Ümumiyyətlə, opera tamam başqa şeydir. Görək 18 yaşında insan sevgisini, yaşadığı hissi insanlara göstərə bilər? Ona hazırdırmı? Xeyr, o, içində yaşadır. Kino başqa şeydir. Kadrlarla çəkilir, amma operada sənin hərəkətin olur. Dünyada, baxın, opera müğənniləri 30 yaşdan sonra oxumağa başlayırlar. Mən gənc "Məcnun"a bir söz demirəm, olsun. Gəlin, görək cavan insan o rolu oynaya biləcəkmi? Opera müğənnisi illərlə yetişir. Birinci lentimi niyə gizlədirəm? Baxıram ki, coğrafiya, gediş-gəliş, oxumaq hamısı yerindədir, amma yaşantım yoxdur.

Bəxtiyar Məmmədli: Belə çıxır ki, "Məcnun" rolunda oynadıqca, Siz ilahi eşqi dərk eləmisiniz...
- Həqiqətən, "Məcnun"u oynayandan sonra həyata baxışım dəyişib. Uzun illər sonra belə fikrim yaranıb: Yaradanının yaratdığı nə varsa, mən onun Məcnunuyam. Təbiətə, Vətənimə, ailəmə, tələbələrimə, övladlarıma o cür yanaşıram. Onda insan üçün yaşamaq çox rahat olur. Birinci məhəbbət yaradanımızadır. Bilirsiniz də, Füzulinin yazdığı əsərdə Məcnunun "yar" deyib xitab elədiyi Allahdır. Tamaşadan hər çıxanda Allaha bir addım da yaxınlaşıram. O hissi bir də Kəbədə yaşamışam. Orada mədəniyyət günlərinə getmişdik. Hər zaman şəkillərdə görmüşdük, birdən-birə Kəbənin qarşısında dayanmışdım. Sözlə ifadə edilməsi mümkün olmayan qəribə hiss idi. Allah məni hara gətirib çıxarmışdı... Sanki Allahın qarşısında dayanıb onunla söhbət edirsən.

"Leyli Məcnun"un ilk lentini gizlədirəm ki, heç kim görməsin

N.Muradova: Necə oldu Opera və Balet teatrına gəldiniz?
- Asəf Zeynallı adına musiqi məktəbində oxuyanda Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi ilə bağlı respublika müsabiqəsi keçirilirdi. Şövkət Ələkbərova münsif heyətinin üzvü idi. O vaxt mən Vahid Abdullayevin tələbəsi idim və bu müsabiqədə birinci yerə çıxdım. Şövkət xanımla tanışlığım başladı, məni sinfinə dəvət etdi. Bu, təbii ki, mənim üçün şərəf idi. Firuzə İbadova, Aygün Bayramova, Aybəniz Haşimovaya dərs deyirdi. Bir gün mənə dedi ki, sən operada oxumaq istəyirsən? Təsəvvür edin ki, uşaqlıq arzum idi, dedim, Şövkət xanım orada oxuya bilərəm? Söylədi ki, sənin səsin, görkəmin "Məcnun" roluna uyğundur. O vaxt Opera və Balet teatrının direktoru Azər Rzayev idi. Ona danışdı ki, bir tələbəmiz var, sizin üçün yaxşı olardı. Vaxt təyin etdilər, Şövkət xanım özü mənimlə oraya getdi. Bədii Şurada bütün böyük sənətkarlar yığışıblar, mənim də ayaqlarım əsir. O zaman təcrübə qrupu vardı, məni də işə götürdülər, 80 rubl da maaşım idi. Mən operada 6 il ancaq Zeyd rolu oynamışam. Gözləmişəm, amma hazırlaşmışam.

N.Muradova: "Məcnun" rolunu kim təklif elədi?
- Sonra teatrın rəhbərliyi dəyişdi. Hazırda Opera və Balet teatrının direktoru Arif Məlikov dedi ki, gənclərə meydan verməliyik, yoxlayaq, baxaq, imkan varsa, niyə oxumasın? Hətta qısqananlar da oldu, amma dedi ki, "yox" Mənsum oxumalıdır. Heç xüsusi tanışlığım da yox idi, gəlib bir dəfə məni dinləmişdi, onun təşəbbüsü ilə oxudum. Sonra belə oldu ki, tamaşaların 90 faizini mən oxudum. İndi teatrda baş rejissor var, Hafiz Quliyev, o zaman rejissor köməkçisi idi. Onunla həmyaş idik, hər zaman məşq edirdim. İçimdə deyirdim ki, burada ən yaxşı "Məcnun" olacağam. Bu, elə-belə boş iddia deyildi.

B.Məmmədli: Siz Qarabağ məktəbinin nümayəndəsisiniz. Şirvan və Bakı məktəbinin nümayəndələri Sizi necə qəbul edir?
- Mən o deyimin əleyhinəyəm. Nə mənada? Bir dənə məktəb - Azərbaycan klassik muğam məktəbi var.

Tamaşadan hər çıxanda Allaha bir addım da yaxınlaşıram

B.Məmmədli: Amma fərqlər var...
- Ağaxan Abdullayev Bakı məktəbindən, Alim Qasımov, Zabit Nəbizadə, Mələkxanım Əyyubova Şirvandandır, Qarabağ da aydın məsələdir, böyük sənətkarlar çoxdur. Hamımız müəllimik, Milli Konservatoriyada tələbələrə "Rast"ı bəyəm hamımız fərqli keçirik? Xeyr. Cabbarın, Seyidin qoyduğu muğam, Üzeyir bəyin yaratdığı proqramla keçirik. Sadəcə ifada ləhcə, nəfəs fərqi var. Amma məktəbimiz eyni məktəbdir. Vaxtilə məktəbimiz olmayan vaxt məclislər olub. Bunlar ondan qaynaqlanır. Şamaxıda, Şirvanda, Şuşada, Bakıda məclislər olub. Amma sonra Azərbaycan klassik muğam məktəbi yaranıb. Hər birimiz o məktəbin davamçılarıyıq.

R.Danyeri: Bəs məktəblər arasındakı intriqalar nə ilə bağlıdır?
- Şəxsi yaşantımda belə şey görməmişəm. Onu deyənlər cılız insanlardır. Biz bir millətik. Cılız hissli insanlar bəzən deyirlər ki, hansı kənddənsən? Həmin söhbətdir. Mənim tələbəm Xətai Hacıyev Şamaxıdandır, ortaya mən çıxarmışam. Ona daha çox can yandırmışam. Çünki gözəl ifaçıdır. Muğam müsabiqəsində 2-ci yerin qalibi oldu. Fərqi nədir ki, Azərbaycanlıdır da. Astaradan Bakıya uşaq gətirmişəm. Elsevər Muradov 3-cü muğam müsabiqəsində qaliblərin biri oldu. Mən Astaranın fəxri vətəndaşıyam. Astaraya göstərdiyim xidmətə görə icra başçısı mənə sənəd təqdim etdi. Biz məhəllələrə, kəndlərə o qədər bölürük ki, sonra özümüz deyirik ki, niyə beləyik? Qarabağ kimi problemimiz var. Bizim bölünməyə haqqımız yoxdur.

Yevlaxın körpüsünü keçən kimi səsim açılır

A.İlqarqızı: Tələbəniz müsabiqədə iştirak edərkən həyəcanınızı necə büruzə verirsiniz?
- Əslində ifaçılıq sənəti idman kimidir. Tələbələrim çoxlu müsabiqədə iştirak edir. Tələbəm Təyyar Bayramov birinci beynəlxalq muğam müsabiqəsində qran-pri mükafatı alanda çox həyəcan keçirdim. Təsəvvür edin ki, bütün ölkələrdən gəliblər, güclü ifaçılar da çox idi. Bizim də 5-6 ifaçımız çıxış edirdi. Sonuncu ümidimiz Təyyara idi. Milli Konservatoriyanın direktoru Siyavuş Kərimi dedi ki, Təyyar ümidimiz sənədir. Axırıncı Təyyar, çıxış edirdi. Yaxınlaşdım, gördüm ki, donub qalıb. Çətindir də, gəncdir. Dedi ki, müəllim, mən oxuya bilməyəcəm, nəfəsim gəlmir. Dedim ki, ya ölməlisən, ya oxumalısan. Silkələdim, dedim ki, nə danışırsan, Azərbaycanın adı gedir burda, batırsa, qoy səsin batsın. Dedim ki, Azərbaycanın bayrağı var üstümüzdə. Özünə gəldi, dedi, hə, müəllim, oxuyacağam. Zalda təkcə mən yox, nə qədər azərbaycanlı vardı, hamı həyəcan keçirdi. Ab-hava Təyyarı tutmuşdu, ən güvəndiyim tələbəm idi, gecə 3:00-da da oyat, "Şahnaz"ı oxusun. Hər zaman stabil oxuyan insandır. O oxuyub qurtarana qədər çox həyəcan yaşadım. Orada elə bir ifa oldu ki, bütün zal ayağa qalxdı. Xarici münsiflər heç müzakirə etmədən bal verdi. Bəlkə də, ilk dəfə "Məcnun"u oynayanda, fəxri ad alanda heç bu qədər həyəcan keçirməmişdim. Bir az sonra cənab prezident ona "əməkdar artist" adı verdi. Təyyar Konservatoriyada dərs deyir, operanın baş rollarını ifa edir, "Şah İsmayıl"ın ən gözəl ifaçısıdır.

B.Məmmədli: "Çırpınırdı Qara dəniz" mahnısı bu yaxınlarda Türkiyə mətbuatında erməni mahnısı kimi təqdim edildi. Bu mübahisələr nədən yaranır? Üzeyir Hacıbəyov musiqisinə qarşı erməni qısqanclığı haradan meydana çıxır?
- Üzeyir bəyə qarşı həmişə basqı olub. Həm özümüzünkülər, həm də kənardan. Üzeyir Hacıbəyovun həyatı çox təhlükədə olub. Bir neçə il adı pantürkist kimi "qara siyahı"da olub. Üzeyir Hacıbəyov 1908-ci ildə "Leyli və Məcnun"da, Avropa musiqisi ilə muğamımızı sintez edib. "Çırpınırdı Qara dəniz" mahnısı yüzdə yüz onun əsəridir. Türkiyədə jurnalistlərin, yazıçıların hamısı türk deyil. Hamısı türk soyadı ilə gedir, seçə bilmirsən ki, ermənidir, kürddür. yoxsa lazdır? Çox vaxt yazanlar erməni jurnalistləridir. Türkiyə ilə Azərbaycan arasında soyuqluq yaratmağa çalışırlar. Hrant Dink öldürüləndə türk niyə çıxıb qışqırsın ki, "hamımız erməniyik?". Azərbaycanda böyük adamlara qarşı hər zaman basqı olub. Nizamiyə sahib çıxırlar ki, bizimdir. Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin başına oyun açıblar. Amma bu gün hamının bəhrələndiyi o insanlardır.

"Məcnun"u oynayandan sonra həyata baxışım dəyişib

N.Ehlamqızı: Siyasətlə nə dərəcədə maraqlanırsınız?
- Ölkəmin milli maraqları, Qarabağla bağlı danışıqlarla maraqlanıram. Amma siyasi işlər mənlik deyil. Çünki hər adamın öz sahəsi var. Mən öz sahəmdə musiqiçi siyasəti yeridirəm. Xarici ölkələr üçün qrupumun adını "Qarabağ muğam qrupu" yazdırıram. Afişada Azərbaycan, "Qarabağ şikəstəsi" sözləri gedir. Musiqiçi kimi üzərimə düşən vəzifəni belə yerinə yetirirəm.

A.İlqarqızı: Hansı idman növlərinə marağınız var?
- Futbola marağım var. "Qarabağ" komandasına azarkeşlik edirəm. Beynəlxalq arenada bu adın daha çox səslənməsini istəyirəm. Çünki bizə bu gün qələbə lazımdır. Ümumiyyətlə, idmançılar bayrağımızı ucaldanda çox sevinirəm. Ölkəmi layiqincə təmsil edən bütün idmançılar mənə əzizdir.

A.İlqarqızı: Boks aqressiv oyundur, onu izləyirsiniz?
- Yox. O cür oyunlara baxa bilmirəm. İnsanın insanı əzməyini qəbul edə bilmirəm. Xarakterdir də, özümdən asılı deyil. Qəza ilə bağlı xəbər verirlər, ona baxa bilmirəm.

"Səni axtarıram" verilişinə özüm getmirəm

N.Muradova: "Səni axtarıram" verilişinə baxırsınız?
- Demək olar ki, yox. Hətta o verilişə çox dəvət olunuram, gedə bilmirəm, çünki mənə pis təsir edir.

B.Məmmədli: Oğlunuzun səsi varmı?
- Səsi var, musiqiyə meyl edir, amma istəmirəm. Onun qeyri-adi istedadını hiss eləmirəm. Dərslərini əla oxuyur, olimpiadalarda yer tutur. İdmanla məşğuldur, rəqsə də gedir. Bir gənc nəyi edə bilirsə, etsin. Amma həyata hazır olsun. Özü zəhmət çəkib həyatını qazansın. Ona şərait yarada bilərəm, amma əlindən tutub o işləri görə bilmərəm.

Təyyara dedim ki, ya ölməlisən, ya da oxumalısan

N.Ehlamqızı: Alim Qasımovla Fərqanə Qasımovanın dueti çox gözəl alınır. Qızınız, yaxud oğlunuzla elə bir sintezi istərdiniz?
- Alim Qasımov bizim böyük sənətkarımızdır, bütün dünyada ölkəmizi tanıtdıran qardaşımızdır. Qızı da çox gözəl sənətkardır. İndi bu, var, amma öz övladımda bunu görümürəm.

N.Ehlamqızı: Bəs qızlarınız hansı sahəyə meyllidir?
- Qızlarım elm sahəsini seçiblər. Bakı Dövlət Universitetini qırmızı diplomla bitiriblər. Sonda rəhbərlik bilib ki, onlar mənim övladlarımdır. Bir müəllimdən nə isə xahiş etməmişəm. Bu, təbii ki, onların analarının xidmətidir. Həyat yoldaşım əməkdar müəllimədir, mən də müəlliməm. Bir övladım diplomatdır.

İçimdə deyirdim ki, ən yaxşı "Məcnun" olacağam

N.Muradova: Həyat yoldaşınızla necə tanış olmusunuz? Bayaq dediniz ki, rayonda toylar 3 gün keçirdi, Sizin də toyunuz o cür olub?
- Biz eyni kənddənik, həyat yoldaşım məndən 2 sinif aşağıda oxuyub. Bir yerdə böyümüşük. O vaxt telefon da yox idi. Qarabağda xüsusi görüşmə, hissləri açıq-aydın ifadə etmə yox idi. Kənd övladının yaşadığı hissi yaşamışıq. Mən "Məcnun"un bir ifaçısı kimi deyirəm, o hiss yaşanır, onu qışqırmaq olmaz. Bir-birinin baxışından belə başa düşürsən. Məhəbbətin 101 mərhələsi var. Biz o qədər onu şoulaşdırmışıq ki, artıq söz çəkiləndə insanlar qıcıqlanır. "Leyli Məcnun"lar bu gün də var, sabah da olacaq.

R.Danyeri: Zeyd olarkən qarşınıza qoyduğunuz Məcnuna çata bildiniz?
- Məncə, alındı. Deyə bilmərəm ki, lap əladır, amma alındı. Hər tamaşada özümü təkmilləşdirməyə çalışıram. Heç vaxt ifamdan razı qalmıram. Dinləyici kimi özümə qulaq asmıram. Bir dəfə lent yazılanda baxıram görüm necə çıxdı. Adam var ki, özünü dinləyib feyziyab olur, amma məndə belə deyil. Özümə tənqidi nöqteyi-nəzərdən yanaşıram.

B.Məmmədli: Klassiklərdən fərqli olaraq, müasir dövrdəki şairlərin qəzəllərinə müraciət edirsiniz?
- Düzü, müasir dövrdə yazılan qəzəllərin çoxu keyfiyyətsizdir. Təəssüf ki, bu gün hamı kütləvi surətdə yazır. İşdən çıxan məmurlar da, başqa sahənin adamları da oturub yazır.

N.Ehlamqızı: İşdən çıxan məmur dediniz, maraqlıdır Tağı Əhmədovun şeirlərini oxumusunuz?
- Sizə bir şey deyim, Tağı müəllim fərqli insandır. Şəxsən tanıyıram, ürəyi kövrək, muğam sevəndir, bütün tədbirlərimizdə, nəinki mənim, hətta tələbələrimizin tədbirlərində iştirak edir. Onun "Azərbaycan" haqqında yazdığı şeirinə mahnı ifa etmişəm.

B.Məmmədli: Sultanbud meşəsininin yanındakı bayraq meydanından üzü dağlara tərəf baxanda nə fikirləşirsiniz?
- Uşaqlığım təpələrdə keçib. İnsan uşaq vaxtı şəhərə gəlmək istəyir. Təpədə oturub yola baxıb deyərdim ki, kaş bu yolla şəhərə gedərdim. İndi əksinədir. Ağdama, Bərdəyə gedəndə, səsdir də, yorulur bəzən. Yevlaxın körpüsünü keçən kimi səsim açılır. Bəlkə də, psixoloji məqamdır. Bilirsiniz nəyə görə? O torpaqda böyümüşəm. Hesab edirəm ki, Qarabağa gedən kimi səsim açılacaq. Açılır da, bu, həqiqətdir. O torpağın bir zərrəsiyəm.

Nərgiz Ehlamqızı

Foto: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR