Toğrul Nərimanbəyovun xatirəsi Parisdə yad edildi
Bizi izləyin

Tabloid.az

Toğrul Nərimanbəyovun xatirəsi Parisdə yad edildi

Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, XX və XXI əsrlərin parlaq sənətkarları sırasında xüsusi yeri olan SSRİ və Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun xatirəsi Fransanın paytaxtı Parisdə yad edilib.

Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, XX və XXI əsrlərin parlaq sənətkarları sırasında xüsusi yeri olan SSRİ və Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun xatirəsi Fransanın paytaxtı Parisdə yad edilib.

Nazirlik tərəfindən təşkil olunan mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, T.Nərimanbəyovun ailə üzvləri, fırça ustasının sənətinin pərəstişkarları iştirak ediblər.

Anma mərasimindən əvvəl rəssamın Parisin Passi məzarlığındakı qəbri önünə Azərbaycan hökuməti adından əklil qoyulub. Sonra Azərbaycan Mədəniyyət Mərkəzində anma mərasimi keçirilib.

Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Elmar Məmmədov mərasimdə çıxış edərək rəssamın ömür yolundan, ailə şəcərəsindən söz açıb, sənətkarın ulu babalarının əslən Azərbaycanın Şuşa şəhərindən olduqlarını, yaşadıqları dövrlərin məşhur şəxsiyyətləri kimi tanındıqlarını bildirib. T.Nərimanbəyovun atasının Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə bir qrup azərbaycanlı gənclə birlikdə Avropaya, o cümlədən Fransaya təhsil almağa göndərildiyini və burada fransız xanımla evləndiyini, sonralar bu ailənin başçılarının repressiyaya məruz qaldığını deyib.

Hələ uşaq ikən rəssamlığa böyük həvəs göstərən T.Nərimanbəyov bu sənətin sirlərinə tezliklə bələd olaraq özünü istedadlı rəssam kimi tanıdıb. Rəssamın "Muğam", "İçərişəhər", "Narlar", "Xəzər üzərində şəfəq" və digər əsərləri ona böyük şöhrət gətirib, rəsmləri Fransa, Rusiya, ABŞ, Çin, İtaliya, Rumıniya, Belçika, Lüksemburq, Almaniya, Hindistan, Yaponiya və digər ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilib.

Mədəniyyət və turizm nazirinin müavini S.Məmmədəliyeva çıxışında T.Nərimanbəyovun Azərbaycanın tanınmış ziyalı ailəsində dünyaya gəldiyini, Vətəninə vurğunluğunun əsərlərində əksini tapdığını diqqətə çatdırıb.

Rəssamın yaradıcılığının əsasını mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı təşkil etdiyini də diqqətə çatdıran nazir müavini T.Nərimanbəyovun SSRİ-nin və Azərbaycanın xalq rəssamı adına layiq görüldüyünü, dövlət mükafatları laureatı olduğunu, 2000-ci ildə ulu öndər Heydər Əliyevin, 2010-cu ildə isə Prezident İlham Əliyevin sərəncamları ilə "İstiqlal" və "Şərəf" ordenləri ilə təltif edildiyini, Prezidentin fərdi təqaüdçüsü olduğunu xatırladıb.

Qeyd olunub ki, rəssamın portret, məişət və natürmort janrlarında çəkdiyi lövhələrin müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri kimi dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində nümayiş etdirilərək müəllifinə şöhrət gətirib.

Nazir müavini görkəmli sənətkarın işıqlı xatirəsinin onu sevənlərin qəlblərində əbədi yaşayacağını vurğulayıb.

Fransanın Azərbaycandakı ilk səfiri Jan Perren isə rəssamla bağlı xatirələrini bölüşüb, T.Nərimanbəyovun əsərlərinin nəinki doğma vətəni Azərbaycanda, habelə anasının vətəni Fransada müəllifinə böyük şöhrət qazandırdığını qeyd edib.

Rəssamın qızı Əsmər Nərimanbəyova isə atası ilə bağlı xatirələrini danışıb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Mərasimdə Fransa ictimaiyyətinin nümayəndələri, tanınmış rəssamlar və digər sənət adamları, rəssamın yaxın qohumları, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diasporumuzun təmsilçiləri və tələbələrimiz iştirak ediblər.

Qeyd edək ki, 1930-cu ildə Bakı şəhərində anadan olan T.Nərimanbəyov ötən il iyunun 2-də Fransada dünyasını dəyişib və Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm