Leyla Əliyevanın Xocalı ilə bağlı gördüyü işlər kitabda
Bizi izləyin

Tabloid.az

Leyla Əliyevanın Xocalı ilə bağlı gördüyü işlər kitabda

Ermənilər tərəfindən uydurulmuş “Dağlıq Qarabağ problemi”, o cümlədən XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini ümummilli liderimiz Heydə

Ermənilər tərəfindən uydurulmuş “Dağlıq Qarabağ problemi”, o cümlədən XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini ümummilli liderimiz Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır.

Yazıçı-publisist, Əməkdar Jurnalist Vasif Səmədov və tanınmış alim Rövşən Vəlizadənin bu yaxınlarda çapdan çıxmış “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyinin III cildi Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində son illərdə görülmüş məqsədyönlü işlərlə bağlı müəlliflərin gərgin araşdırmaları, yorulmadan apardıqları tədqiqatlar nəticəsində ərsəyə gələn dəyərli mənbədir.

“CBS Polyqrafic production” nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış III cild hazırlanarkən də əvvəlki cildlərdə olduğu kimi, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin birgə yaratdıqları istintaq qrupunun materiallarından və AzərTAc-ın fotoarxivindəki fotoşəkillərdən istifadə edilmişdir.

Kitabda beynəlxalq terrorun bir qolu olan erməni terrorçularının müxtəlif tarixi dövrlərdə Azərbaycan torpaqlarında, xüsusilə ötən əsrin son illərində Ermənistan və onun havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törətdikləri kütləvi qırğınlardan, vəhşiliklərdən, soyqırımından bəhs edilir.

Nəşrdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində beş il ərzində beynəlxalq aləmdə həyata keçirilmiş təqdirəlayiq tədbirlərdən söhbət açılır. Bəri başdan qeyd etmək lazımdır ki, zəngin fakt və sənədlərin, sübutların əksini tapdığı bu kitab dünyada terrora və zülmə, işgəncəyə və amansız qətliamlara qarşı mübarizədə tarixi həqiqətlərin önəmli toplusu kimi diqqət mərkəzində olacağı şübhəsizdir.

Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilmiş bu kitab “Xocalıya ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının 5 illiyi münasibətilə nəşr olunub.

Faciənin mənəvi, siyasi və hüquqi müstəvidə tanınmasına yönəlmiş bu kampaniya dünyanın 70-dən çox ölkəsində uğurla həyata keçirilməkdədir.
Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində qiymətli kəlamlarının da yer aldığı bu kitab mövzu ilə bağlı çoxsaylı materialları əhatə edir. Xocalı faciəsi ilə bağlı bütün hadisələri mütəmadi izləyən müəlliflər nəşrin üçüncü cildinə Azərbaycan Prezidenti İlham Əliyevin “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 13 fevral tarixli Sərəncamını da daxil etmişlər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın isə kitabda yer aldığı “Biz, sağ qalanlar, bu faciə haqqında həqiqəti bütün dünyaya çatdırmalı, baş vermiş hadisəyə beynəlxalq siyasi və hüquqi qiymət verilməsinə nail olmalıyıq” kimi mübariz ruhlu fikirləri hər bir azərbaycanlını Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında fəal olmağa səsləyir.

Kitabın redaktorları fəlsəfə elmləri doktoru, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, professor Rahid Ulusel və Bakı Dövlət Universitetinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının doktorantı Leyla Məmmədovadır.
“Alim mövqeyi” rubrikasında fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin “İnsanlıq meyarı ilə” yazısında cari ildə nəşrin I və II cildlərinin geniş ictimaiyyətin, dövlət nümayəndələrinin iştirakı ilə təqdimatının keçirildiyini xatırlayaraq aktual mövzu və problematikası ilə diqqəti cəlb edən bu kitablar haqqında Azərbaycan və xarici kütləvi informasiya vasitələrində sanballı məqalə və resenziyaların çap edildiyini, dolğun rəylərin səsləndiyini diqqətə çatdırmışdır.

Vurğulanmışdır ki, sonuncu cildin özünəməxsusluğu “Xocalıya ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının beş illik fəaliyyətinin nəticələrinin dəyərləndirilməsinə xüsusi diqqətin yetirilməsində və əgər belə demək mümkündürsə, 100 illik erməni təbliğatını alt-üst edən beş yaşlı “Xocalıya ədalət!” hərəkatının milli, regional və beynəlxalq səviyyələrdə gördüyü işlərin əhəmiyyətinin üzə çıxarılmasındadır.

Kitabın ortaya qoyduğu danılmaz faktlar bir daha sübut edir ki, əslində “böyük Ermənistan” və “fövqəlerməniçilik” – arxaik imperializmin bir fiksiyasıdır. Hamıdan çox elə ermənilərin özləri bu xəstə təxəyyüllərinin ilğım-obrazından ziyan çəkmişlər. Ermənilər tarix boyu dövlətlərarası münasibətlərin qaydalarını riyakarlıqla pozduqlarından və ən yaxın qonşularına belə xəyanət etdiklərindən, özlərinə etibarlı dost-xalq qazana bilməmiş, həmişə böyük dövlətlərin yedəyində getmiş, özlərini sürünməyə məhkum etmişlər. Onların öz qonşularının torpaqları hesabına “böyük dövlət” olmaq arzusu öz nüvəsində kin, nifrət, qəddarlıq, hiylə, yalan, rəzalət, düşmənçilik, siyasi əxlaqsızlıq alovunu kükrədərək həmişə ətrafına zəhər saçmışdır. Bu zəhərin region dövlətlərinin sağlam atmosferini bütün mənalarda (psixoloji, siyasi, diplomatik, hərbi-ekspansionist, bakterioloji...) necə korlandığını kitab əyani faktlarla sübut edir.

Leyla Əliyeva deyib ki, “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” əsəri, ilk növbədə, Azərbaycanın ayrılmaz parçası olan Qarabağın işğaldan azad edilməsi uğrunda ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən ideoloji-diplomatik mübarizənin hazırkı mərhələsində həmin prosesə təkrarolunmaz fakt və dəlillər arsenalı verməsinə görə böyük əhəmiyyət daşıyır.

Bu kitab tam mənası ilə sübut edir ki, Ermənistanın və onun havadarlarının qabaqcadan planlaşdırılmış ssenarisi əsasında Azərbaycanın Qarabağ ərazisini işğal etmələri əvvəldən axıradək qanlı cinayətlərlə baş tutan proses olub. Torpağı zəbt edilən bir ölkənin insanları, ən elementar beynəlxalq hüquq-normaları tapdalana-tapdalana, ən antihumanist üsulların amansız tətbiqi ilə qırılıb-çatılmışlar. Məqsəd isə insanları öldürmək və onların yaşadıqları torpaqları ələ keçirmək olmuşdur. Bu prosesin hər iki xəttində - həm müstəqil bir dövlətin – Azərbaycanın Qarabağ ərazisinin işğal edilməsində, həm də hərbi münaqişədə iştirak etməyən silahsız dinc əhalinin soyqırımında Ermənistan və onun havadarları beynəlxalq hüququn bütün prinsiplərini pozmaqla, azərbaycanlıların nümunəsində bütün insanlığa qarşı böyük cinayət işlətmişlər. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qanlı cinayətlərə yol vermiş qatillər cəzalandırılmalı və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır.

Yazıçı-publisist, Əməkdar Jurnalist Vasif Səmədov və tanınmış alim Rövşən Vəlizadə ermənilərin soyqırımı siyasətinin anatomiyasını açaraq, ədalətə söykənən insanlığın həmin siyasətin yeridilməsi prosesində baş verən hadisələr, işlədilən amansız texnologiyalara diqqət yetirməyə çağırırlar. Bu faktlar göstərir ki, ermənilər öz çirkin məqsədlərinə çatmaq üçün heç nədən çəkinməmişlər.

Müəlliflər Xocalıda qırğın törətmiş 366-cı alaydakı 02270 saylı hərbi hissənin əks-kəşfiyyat şöbəsinin rəisi Vladimir Savelyevin 8 il ərzində (1992-2000) BMT, Avropa Şurası, Baş Kəşfiyyat İdarəsi və digər instansiyalara təqdim etdiyi “Məxfi arayış”ı və onun ətrafında cərəyan edən hadisələri analitik təhlil etmişlər. Xocalı soyqırımından dəhşətə gəlmiş bir hərbçi-kəşfiyyatçının bu etiraf-sənədi həmin alayın necə və hansı şəraitdə yalnız azərbaycanlılardan ibarət bu yaşayış məntəqəsini və onun çoxsaylı əhalisinin məhv etməsini təsdiqləyir.

Kitabın müəllifləri o reallığa da aydınlıq gətirirlər ki, həqiqətən də erməni terrorizminin episentri – Azərbaycandır və bu dağıdıcı zəlzələnin dalğaları bütün dünyaya yayıldığından, o, mahiyyətcə beynəlxalq terrorizmdir. Beynəlxalq erməni terrorizmi dünyanın bir çox ölkələrində şəbəkələnmiş, başlıca olaraq, dünyanın türk dövlətlərinə (əsasən, Azərbaycan və Türkiyəyə) qarşı funksiyalaşdırılmış cinayətkar bir qurumun təhlükəli ideologiyasıdır. Beynəlxalq erməni terrorizmi sözün əsl mənasında təkcə ayrı-ayrı dövlətləri təhdid edən hadisə deyil, beynəlxalq təhlükəsizliyi sarsıdan, dinc yanaşı yaşamaq prinsiplərini pozan, dövlətlərarası münasibətləri dramatikləşdirən, dünya birliyinə doğru inkişafı ləngidən və xüsusilə milli dövlətlərin suverenliyinə qarşı yönəlmiş fəaliyyətləri təhrik edən antihumanist təmayüldür.

Kitabın əsas mövzusu Xocalı soyqırımı olsa da, əslində o, Qarabağ faciəsini bütün spektrləri və kəskinliyi ilə əks etdirir. Burada nə tarix, nə də psixologiya unudulur. Bəlli edilir ki, ermənilərin Azərbaycana qarşı torpaq iddiaları, azərbaycanlılara qarşı əsas qisasçılığı və absurd düşmənçiliyi etnopsixologiyanın dərin qatlarında cücərdilərək, zaman-zaman yeni nəsillərə ötürülür. Bu isə tarixdə bənzəri olmayan xəstə erməni mənəviyyatının hər dəfə yeni riyakarlıq qiyafəsində, lakin köhnə xislətində peyda olmasına gətirib çıxarır.

Müəlliflər hətta genetikanı zədələyən səbəbləri aşkara çıxararkən, alimlərin müvafiq elmi nəticələrinə, o cümlədən ingilis psixoloqu Maykl Fraydın Rusiya Federasiyasının erməni məktəblərində apardığı tədqiqatlara istinad etmişlər.

Kitabın müəllifləri ermənilərin qara rəngli beynəlxalq terrorunu insanlığa yağı kəsilmiş təhlükə mənbəyi kimi xarakterizə edərək, onların bütün əməllərinin “düyün nöqtəsi” olaraq Xocalı faciəsini önə çəkmişlər.

Ümumən Qarabağda, konkret olaraq Xocalıda törədilən müharibə cinayətlərinin, soyqırımı aktlarının tarixi köklərini və hazırkı reallıqlarını təhlil edən müəllif-analitiklər həmin cinayətlər prosesinə və 20 ildən artıq davam edən işğal faktına dünya ictimaiyyətinin diqqətini yönəldərək, beynəlxalq erməni terroruna qarşı müqavimət hərəkatını formalaşdırmış “Xocalıya ədalət!” kampaniyasının həm xalqımız, həm də bütövlükdə tərəqqipərvər bəşəriyyət üçün böyük önəm daşıyan fəaliyyətini qiymətləndirirlər.

Kitabda göstərilir ki, “Xocalıya ədalət!” strateji proqramı – bütün platformasına görə zülmə, ədalətsizliyə qarşı fəal mübarizə hərəkatının layihəsidir. Bu beynəlxalq aksiya bütün dünyada əzilən, günahsız, təqib olunan, qaçqın və köçkün halına düşən, evlərini, yurdlarını, doğmalarını itirən, işgəncələrə məruz qalan milyonlarla insanın faciəli həyat durumuna həssaslığı özündə əks etdirən humanist ideologiyanın həyata keçirilməsidir. “Xocalıya ədalət!” nidası – bir körpənin belə qana boyanmış telini görmək istəməyənlərin, əksinə, terroru, qanı, dağıntını, fəlakəti vasitə sayanları haqq divanına çəkmək qüdrəti çatanların getdikcə güclənən haqq səsidir. “Xocalıya ədalət!” – 2012-ci ilin 22 noyabrında Vatikan qəzetinin yazdığı kimi, bəşəriyyətin, bütün əsrlərin çağırışıdır. “Xocalıya ədalət!” – XXI əsrin dövlətləri və xalqlarının bir-birinə ehtiram ruhunda inkişaf edən münasibətlərinə sədaqətin ifadəsidir! Azərbaycan öz kökündən, tarixindən gələn məhz belə yenilməz mənəviyyata, mərd mübarizə əxlaqına malikdir!

Həmin mübariz əxlaqa sədaqətlə yazılmış kitabın III cildi hələ ictimaiyyətə bəlli olmayan bir çox faktların üzə çıxarılması baxımından olduqca əhəmiyyətlidir. Məsələn, kitabın “Millətçi erməniləri ifşa edən faktlar, etiraflar” bölümündə tanınmış erməni yazıçısı, öz milli tarixinə şovinist həmvətənlərindən fərqli mövqedə yanaşan Ovanes Tumanyanın 1910-cu ildə çap olunmuş “Bədnam xalq” məqaləsində deyilir: “Əgər bizdə müdriklik, mərdlik və sağlam intuisiya kimi keyfiyyətlər varsa, onda biz bütün bunlara göz yummamalı, elə düşünməməliyik ki, bizim insanlar mənəvi cəhətdən tamamilə korlanmışdır. Xəstəliyə qarşı mübarizənin birinci şərti, sağalmağın əsas şərti odur ki, biz öz bədbəxtliyimizi öz vicdanımız qarşısında və bütün dünya qarşısında etiraf edək.

Onda xilasedici mənlik şüuru oyanacaq, biz özümüzü təkmilləşdirməyə və nəcib əməllərə meyl edəcəyik.
Başqa yol yoxdur. Həqiqi qurtuluş içəridən gəlməlidir, çünki bizim iç dünyamız xəstədir”.

Bu tipli faktlar erməni riyakarlığının hətta onların öz ziyalılarını, yaradıcı adamlarını da bezdirdiyini, ümumiyyətlə, erməni ictimai-siyasi dünyagörüşünün dərin ziddiyyət və böhranlar burulğanında boğulduğunu bir daha təsdiqləyir.
Nəşrin “Erməni mənşəli dünya alimləri və elmi ictimaiyyət tarixi həqiqətləri saxtalaşdırmaqda erməni həmkarlarını ittiham edirlər” bölümündə isə mövzunun adından göründüyü kimi, erməni tarixi saxtakarlığına qarşı onların öz dilindən amansız faktlar ortaya çıxarılır, elmi meyarlara ehtiram bəsləyən dünya alimləri tərəfindən ermənilərin quraşdırdıqları “tarix” və “həqiqət” rədd edilir.

Kitabda Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevin “Soyqırımı insanlığa qarşı amansız cinayətdir” sərlövhəli yazısında ermənilərin Xocalıda törətdikləri soyqırımı dəhşətləri konkret rəqəmlər və faktlar əsasında tam dolğunluğu ilə öz əksini tapmış, qətliamın təşkilatçılarının və icraçılarının öz layiqli cəzalarına çatacaqlarına əminlik ifadə olunmuşdur.

Geniş ictimaiyyətə təqdim olunan bu üçcildlik kitabın müasir tariximiz və mədəniyyətimiz, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün böyük əhəmiyyəti vardır. Ondan orta və ali məktəb müəllimləri, şagird və tələbələr, əsgər və zabitlər, dövlət məmurları, diplomatlar yetərincə istifadə edə bilərlər. Buna görə də nəşrin Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin xətti ilə ölkəmizin bütün kitabxanalarında yerləşdirilməsi, xüsusilə müəllim və şagirdlərin, tələbələrin mütaliə etmələri və eyni zamanda, tədris vəsaiti kimi istifadə olunması, Xarici İşlər Nazirliyinin xətti ilə beynəlxalq təşkilatlara, elmi-siyasi tədqiqat mərkəzlərinə, diplomatik korpuslara çatdırılması, Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə dünya azərbaycanlıları arasında yayılması, beynəlxalq konfransların aktual mövzu və problemlər sferasına gətirilməsi və xüsusilə BMT-nin rəsmi dillərinə tərcümə edilməsi zəruridir.

Qan yaddaşı ilə yazılmış bu üçcildlik əsər həm ölkəmizdə, həm də xaricdə milli dünyagörüşünə malik, Vətən torpağının bütövlüyünü düşünən və onun uğrunda fədakar mübarizəsini əsirgəməyən hər bir azərbaycanlının stolüstü kitabı olmalıdır.

Vasif Səmədov və Rövşən Vəlizadənin bu sanballı tədqiqatı Qarabağ uğrunda vuruşan kitab-silah funksiyasında nəinki indi, nəinki torpaqlarımız işğaldan azad edilən prosesdə, eləcə də sonra gərəyimiz olacaqdır. Qarabağ uğrunda mübarizənin yeni mərhələsində beynəlxalq erməni terroruna qarşı mükəmməl strateji platformanı modelləşdirən bu əsər danılmaz maraqlar toplusu, hədəf müəyyənliyi ilə Azərbaycan dövlətinin müstəqilliyinə və ərazi bütövlüyünə qarşı hər hansı təxribat və təhdidləri önləməyə, ifşa etməyə açar verən bir ideoloji silahdır.

Kitabda diqqəti cəlb edən məqamlardan biri də öz doğma yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkün həyatını yaşayan soydaşlarımızın mədəni-maarif, sosial, ailə və məişət problemlərinin həllində Azərbaycan Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və bütövlükdə Azərbaycan hökumətinin çoxşaxəli qayğılarından bəhs edilməsi, maraqlı təhlillərin aparılmasıdır.

Müəlliflərin araşdırmalarına xüsusi rəyin və nəşrə “Ön söz”ün müəllifi, Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Rafael Hüseynovdur.
AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilmiş elmi monoqrafiyanın baş elmi məsləhətçisi, Milli Məclisin deputatı, bu elmi müəssisənin direktoru, hüquq üzrə fəlsəfə doktoru, professor Aytən Mustafayevadır.

Nəşrin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Kampaniya davam edir. Məqsədimiz Xocalı hadisələri barədə dünya ictimaiyyətini məlumatlandırmaq və beynəlxalq hüquqi müstəvidə tanınmasına nail olmaqdır” kimi müdrik kəlamları bizləri bir daha müvafiq istiqamətdə fədakar olmağa çağırır.

“Xocalıya ədalət!” kampaniyasının beş illik uğurlu fəaliyyətindən bəhs edən bu kitab bütövlükdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın - nəcib, humanist, müqəddəs və həm də çətin, lakin şərəfli bir missiyanı layiqincə yerinə yetirən bir Azərbaycan xanımının bəşəriyyətə ədalət çağırışı ilə yaşayan, işləyən bir insan ömrünün salnaməsidir.

Tədqiqatda Azərbaycan, ingilis, rus dillərində, həmçinin qəzet və jurnallardan, internet resursları olmaqla 103 mənbədən istifadə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm