• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Yəhudi qəzeti Vaqif Səmədoğludan yazdı

Yəhudi qəzeti Vaqif Səmədoğludan yazdı

Bu günlərdə ABŞ-ın ən iri rusdilli yəhudi qəzeti olan “Daily Forum”da beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun Azərbaycanın Xalq şairi Vaqif Səmədoğluya həsr edilmiş məqaləsi dərc olunub.

Arye Qut öz məqaləsində ona Azərbaycan xalqının parlaq nümayəndələrindən biri və ziyalılıq nümunəsi olan bu nəcib və nurlu insanla tanış olmağı nəsib etmiş Tanrıdan razılığını bildirir.

Məqalə müəllifi böyük Azərbaycan şairi Səməd Vurğunun oğlu V. Səmədoğlunun yüksək musiqi istedadına malik olduğunu vurğulayıb:

“Vaqif Moskvaya getmiş, orada əfsanəvi Yakov Fliyer onun ifasını dinləmiş, bəyənmiş və onu öz sinfinə götürməyə hazır olduğunu bildirmişdi. Lakin gənc Vaqif musiqiçi olmağa hazırlaşmadığını, şair olmaq istədiyini söyləmişdi. Musiqi isə Vaqifin bütün həyatı boyu onunla qaldı. Şeirləri də həmişəlik qaldı. O, ilk baxışda, bəlkə də, əhəmiyyətsiz hesab edilən, bəzən dözülməz dərəcədə ağır, çətin bir peşə olan söz sənətini seçdi. Vaqif Səmədoğlunun yaradıcılığında dünyanın, insanın və cəmiyyətin fəlsəfi baxımdan dərki məsələləri xüsusi yer tutur. Vaqif Səmədoğlunun yaradıcılığı mövzu rəngarəngliyi, poetik təfəkkürün genişliyi və əhatəliliyi ilə seçilir”.

Müəllif vurğulayıb ki, totalitar sovet sisteminin dağılmasından sonra Vaqif Səmədoğlunun poetik istedadı onun üç kitabında – müasir Azərbaycan ədəbiyyatında əlamətdar hadisə olmuş “Günün baxtı”, “Mən burdayam, İlahi” və “Uzaq, yaşıl ada” kitablarında tam dolğunluğu ilə üzə çıxıb:

“Vaqif Səmədoğlu üçün bu gözəl və işıqlı gündə doğma Azərbaycanda, doğma Bakıda, yanında doğulub boya-başa çatdığı, uşaqlıq və gənclik illərinin keçdiyi Azərbaycan dram teatrında olmaq istərdim. Ona demək istərdim: Vaqif müəllim!!! Bu həyatda gözəllik və müdriklik varsa, onlar xalq şairinin şəxsiyyətində və yaradıcılığında özünü göstərir. Vaqif müəllim! Biz Sizi çox sevirik. Bu gün təkcə Azərbaycanda deyil, eyni zamanda İsraildə Sizin çoxlu oxucularınız və pərəstişkarlarınız, Sizi ürəkdən sevən əsl dostlarınız var. Bu insanlar Sizə dua edirlər, sevinirlər ki, Sizin kimi müdrik və sadə, incə qəlbli, sevimli, doğma Vaqif müəllimimiz var. Biz Sizə möhkəm cansağlığı diləyirik, İsraildə deyildiyi kimi, Sizin həyatda marafon qaçışınızın 120 yaşadək davam etməsini arzulayırıq”.

Müəllif məqaləsini S.Vurğunun “Azərbaycan” şeirindən gətirdiyi sitatla tamamlayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR