“Ona xəyanətini də bağışlayaram”- VİDEO
Bizi izləyin

Tabloid.az

“Ona xəyanətini də bağışlayaram”- VİDEO

“Ulduzlu axşam”da həmsöhbətim əməkdar artist, həmişə təravətli və yaraşıqlı xanım, ən əsası, səmimiyyəti ilə heyran edən Ruhəngiz Allahverdiyevadır.

“Qadın həmişə gözəl qalmaq istəyir”

- Həmişə təravətli, cazibədarsınız, maşallah, bunun sirri nədədir?

- Elə bu sirri saxlamaq lazımdır ki, belə olsun. Gözəllik yalnız zahiri görünüşdə deyil, yəni Avropada ölçüldüyü kimi 90-60-90 göstəricilərdə deyil. Qətiyyən, gözəllik daxili aləmlə bağlıdır. Bir qadının daxili çirkabla doludursa, onun zahiri qətiyyən gözəl ola bilməz. Qadın var, daxilən o qədər gözəldir ki, üzündən sanki nur yağır. Xüsusən də, yaşa dolduqca bu, özünü daha çox biruzə verir.

- Amma qadınlar qocalmaqdan çox qorxurlar…

- Təbii. Qadın həmişə gözəl qalmaq istəyir. Niyə də olmasın? Amma bizim Azərbaycan xanımları digər ölkələrin qadınları ilə müqayisədə nurludur. Yaşa dolduqca üzlərinə nur gəlir.

- Güzgüyə baxıb kədərləndiyiniz vaxtlar olur?

- Olur, amma Allah yaratdığı bəndənin rəsmini özü çəkir. Ona görə də naşükürlük edəndə Allaha acıq gedir.

“Buna görə çox qorxuram”

- Kompleksləriniz varmı?

- Olur. Amma bu komplekslərim barədə danışmaq istəmirəm.

- Sizi bir qadın kimi ən çox qorxudan nədir?

- İlk növbədə, Tanrı qarşısında verəcəyim cavabdır. Tanrı nurdur, insanları belə gözəl yaradıbsa, görün onun özü necə gözəldir.

- Yəni belə başa düşdüm ki, günahlarınıza görə Allah qarşısında qorxularınızı nəzərdə tutursunuz?

- Əlbəttə. Hələ mən bilə bilmərəm nəyi düz, nəyi səhv etmişəm. Ola bilər, mənim səhv bildiyim Allahımın yanında başqa cür yozulur. Yaxud da əksinə.

- Bir dəfə efirdə həmkarınız Zöhrə Abdullayeva da etiraf etdi ki, mən mələk deyiləm…

- Heç bir insandan mələk ola bilməz, hər bir insanın cüzi də olsa səhvi var. Həyatda tamah deyilən bir şey var. Hər bir insan nə vaxtsa çaşa bilər. Çalışıram ki, 99 faiz hallarda nəfsimə qalib gəlim.

“Elə bir güclü hiss ola bilər ki, məni çaşdırsın”

- Həmişə buna nail ola bilirsiniz?

- Yox, elə bir güclü hiss ola bilər ki, məni çaşdırsın.

- Məsələn?

- Sevgi. Bu hiss qadını da, kişini də qula çevirə bilər. Sevgi elə bir hissdir ki, gizli gəlir, aşkar gedir.

- Çox şairanə səsləndi. Bildiyimə görə, özünüz də şeir yazırsınız.

- Düzdür, yazıram. Amma bunu daha çox statuslar şəklində yazıb insanlara ötürürəm. İnsan sevmədən nəyisə qəbul edə bilməz. Adi bir paltarı sevmədən geyinə bilmirsən. Sevgi insanı yaşadır. Sevgisiz insan solur, qocalır, çökür – yaşamır. Sanki bir gölün içinə kağızdan gəmi düzəldib atırsan, o, suyun üzündə gəzir. Sevgi də belədir, batmır, səni qoruyur.

- Amma bəzən batanlar da olur…

- Razıyam, bəzən sevgi insanı çökdürür. Həm kişini, həm də qadını. Amma sevginin əzabı olsa da, gözəldir. Onu da deyim ki, mən sevgidə çox sədaqətliyəm.

“Sevgimi itirmərəm, təki qarşımdakı məni itrməsin”

Sevgimi itirmərəm heç vaxt, təki qarşımdakı məni itirməsin. Çox etibarlı insanam, bunu tərif kimi qəbul etməyin. Amma sədaqətli insanlara qarşı nankorluq da çox olur. İstər kişi, istərsə də qadın olsun.

- O statuslarınızdan birini, bəlkə, bizə də söyləyəsiniz…

- Telefonumda var, qoy oxuyum: “Göz yaşından okean yaranıb, damla qədər əzizlə ki, okean qədər sevinc olsun”. Statusları özüm yazıram. Çoxları elə bilir, bu, kiməsə ünvanlanıb. Sadəcə, insanlar üçün yazıram ki, özləri üçün nəticə çıxarsınlar.

- Sevgi mesajlarınız da olar, yəqin?

- Ailəli xanımam, amma ola bilər, məni sevsinlər, burada günahım yoxdur.

“Sevgidə yaş heç də önəm daşımır”

- Həyat yoldaşınız, bildiyimə görə, sizdən yaşca çox kiçikdir, hətta 15 yaş… Ümumiyyətlə, sevgidə yaş senzi varmı?

- Ailəm haqqında danışmağı sevmirəm. Çünki böyük-kiçik var, yaxşı deyil. Yaş söhbətinə gəlincə, o qədər də deyil, amma Məhəmməd Peyğəmbərimizin (s) də həyat yoldaşı Xədicə xanım ondan 15-17 yaş kiçik idi. Xədicə xanım imkanlı bir xanım olub və onun pulu ilə islam qurulub.

- Anlamadım, müqayisədən belə çıxır ki, ortada maddiyyat söhbəti var. Bu evliliyin əsasını maddiyyat təşkil edir?

- Xeyr, istək, hörmət olan yerdə maddiyyatın önəmi yoxdur. Yəni demək istəyirəm ki, Peyğəmbərimiz (s) xanım Xədicəni hədsiz dərəcədə çox sevib. Pul-para boş şeydir. Əsas insanların bir-birinə olan sevgisidir. Sevgidə yaş heç də önəm daşımır. Əsas odur ki, sədaqətli insana qarşı nankor olmasınlar. Mən həmişə belə insanlara demək istəyirəm ki, çaşırsansa, heç olmasa, bir gecə tək vicdanınla üz-üzə otur və onun səsini dinlə.

- Sizə nankorluq edən olub?

- Təbii…

“Sevdiyim kişiyə hər şeyi bağışlayaram, hətta xəyanəti də”

- Kinli qadınsınız?

- Olduqca bağışlayan qadınam.

- Görünür, bu xüsusiyyətinizdən sui-istifadə ediblər…

- Allah bağışlayandır, mən niyə bağışlamayım ki?..

- Bəs nəyi bağışlamazdınız qarşı tərəfə?

- Sevdiyim insana hər şeyi bağışlayaram, xəyanəti də. Nə böyük inciklik olsa da, bağışlayıram. Əsas da içdən bağışlayıb incikliyi içdən atmaq lazımdır.

- Hər dəfə güzəşt yeni bir səhvə yol açır axı?

- Çəkişməsən, bərkişməzsən. Bağışlayıram və səhvlərimizi müzakirə edirik. Sonra da deyirik, gəl bir-birimizi bağışlayaq. Bir statusumu da gəl sənə oxuyum: "Bəxtimin aynası sınandan orda heç nəyi görə bilmirəm".

- Adətən, kədərli olanda yazırsınız bu statusları, yoxsa?..

- Bir hadisə olanda.

“Daha çox gecələr ağlayıram”

- Mənə çox maraqlıdır, göz yaşınızı göstərməyi xoşlayırsınız?

- Daha çox içimdə ağlayıram və göz yaşımı içimə axıdıram. Ən çox gecələr ağlayıram. Ağlamaq yaxşı şeydir, içindəki kədəri yuyub aparır. İnsan içində boğulub qalanda keçinə bilər. Kişilər ağlaya bilmir və bunu özlərinə sığışdırmırlar, buna görə də onlar ürək infarktını çox keçirirlər. Kişilərə demək istəyirəm ki, üzdə də olmasa, heç olmasa, kənara çəkilib ürəklərini boşaltsınlar, çünki xanımlarına lazımdırlar.

- Çoxmu ağladıblar sizi?

- Olub. Mən, ümumiyyətlə, duyğusal qadınam. Adi bir kədərli insanı görəndə, hətta onu tanımasam da, içimdə dərd çəkirəm. İnsan tanıyıram ki, dərdli insanla ünsiyyət qurmur. Deyir ki, niyə onun dərdini özümə yükləməliyəm? Bəs, dost hansı gündə lazımdır? Necə olur həmin dostla yeyib-içib kef edirsən, amma kədərli günündə yanında olmursan? Dostlar kədərli və xoş gündə bir yerdə olmalıdırlar.

“Qadın var ki, əlindən iş gəlmir, amma kişi yanında bəxti güclüdür”

- Qadını sevimli edən nədir, sizcə?

- Həyatda bilmək olmur, kişi qadından nə istəyir. Bir də görürsən, qadın gözəldir, əl qabiliyyəti var, əri üçün gecə-gündüz əlləşir, amma kişi onunla yola getmir, qədrini bilmir. Bəzən görürsən, qadın var ki, əlindən iş gəlmir, kişi yanında bəxti güclüdür. Kişilər deyingən qadını sevmirlər. Amma bir məsələ də var axı. Qadının yaralı yeri olmasa, deyinərmi? Yox. Bir insanın yaralı yerini tapdalamasan, o dönüb sənə heç nə deməz. Kişi evdə tapılmır ki, yazıq qadın problemlərini onunla paylaşsın. Bir dəfə əlinə düşür, sözünü, dərdini deyirsən, onda da sürüşüb balıq kimi əlindən çıxır.

“Azərbaycan kişilərinin 80 faizini göndərəsən Avropaya, qayıdanda şükür eləsin”

- Bu sarıdan bəxtəvər əcnəbi xanımların başına…

- Azərbaycan kişilərinin 80 faizini göndərəsən Avropaya, qayıdıb gələndə şükür eləsinlər ki, Allah o cəhənnəmdən cənnətə düşdük ki… Pisi görməsən, yaxşının qədrini bilməzsən. Bir də, çəkişməsən, bərkişməzsən, bu da var. Adicə uşağının qabağına yemək qoyursan, deyir, bu yeməyi xoşlamıram. Amma gedib bir səhralığa düşsə, yeməyə heç nə tapmayıb qurd-quşla qidalansa, sənin bişirdiklərinin dadı üçün ürəyi gedəcək. İnsan da belədir, nəyinsə qədrini itirəndə bilir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm