Tünzalə yağışda hamını başına yığdı - FOTO,VİDEO
Bizi izləyin

Tabloid.az

Tünzalə yağışda hamını başına yığdı - FOTO,VİDEO

Əməkdar artist Tünzalə Ağayeva yeni mahnı və klipini təqdim edib.

Publika.az-ın məlumatına görə, “Qovuş ona” adlı mahnıya çəkilmiş klip Türkiyədə istehsal olunub. İstanbulda lentə alınan klipin rejissoru Taylan Gülər, operatoru Murat Bayrağoğludur.

Müğənni belə bir qərar verməsinin səbəbini bu cür izah edib: “Klipdə İstanbulun görüntüləri yer alır. İstanbul sevdiyimiz şəhərdir. Amma əsas məsələ budur ki, çəkiliş adamların çox olduğu yerdə aparılmalı idi. Bu, mənim üçün Bakıda çətinlik yaratdığından, məkan olaraq qardaş Türkiyəni seçdik. Amma inanın ki, kamera arxasında bizim şəkillərimizi çəkən nə qədər adam var idi. Onların bəziləri azərbaycanlılar, bəziləri “TRT Müzik”dəki verilişimdən sonra məni tanıyan türklər idi”.

Mahnını isə əməkdar artist, Sura adında gənc müğənni ilə birgə ifa edib. “Qovuş ona” mahnısının qismən “Gülbahar”a bənzədiyini inkar etməyən əməkdar artist Sura ilə bağlı yeni layihələrindən söz açıb: “Suranın qeyri-adi oxuma tərzi var, hətta mən deyərdim ki, Azərbaycanda belə bir səs yoxdur. Xüsusi aranjemanlı mahnıları olmayacaq, amma tezliklə solo mahnısı hazırlanacaq. Mənim qapım da, ürəyim də gənclərə açıqdır. Amma insanda naxış olmalıdır. Yaradıcılıqda belədir ki, naxış yüzdə bir insanda olur. Məni Suraya cəlb edən məhz o naxış oldu. Amma mən bununla demək istəmirəm ki, digər gənclərimiz istedadsızdır. Şərt o deyil ki, Tünzalə hamı ilə oxudu, hamı ilə klip çəkdirdi. İnsanlara müxtəlif formada dəstək göstərirəm. Hətta konsert təşkil etmək planım var: daha çox gənclərin oxuyacağı, üzə çıxacağı bir konsert. Gənclərlə çox işləyirəm və onları sevirəm. Belə uşaqları görüncə həmin dəqiqə onlardan yapışıram”.

Müğənni xanım çəkiliş zamanı qarşılaşdığı çətinliklərdən də söz açıb: “Bilirsiniz ki, çəkilişin aparıldığı əsas məkan – İstiqlal caddəsi daha çox günün axşam vaxtı adamlarla dolu olur. Çəkilişimiz o vaxtla üst-üstə düşməmişdi. Hava yağışlı və tutqun idi. Fikir verdinizsə, klipdə İstanbulun axşam görüntüləri yoxdur. Amma bu görüntülərin olması planlaşdırılmışdı. İnanın, elə şıdırğı yağış yağdı ki, Ortaköydə suyun altında qalmışdıq. “Motor” deyəndə qara buludlar gəldi, dolu yağmağa başladı və çəkilişi dayandırmalı olduq”.

Sonda Tünzalə xanım mahnı və klipin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib: “Bütün bu əziyyətin arxasında başda mənim üçün bir adam durur. Həyatımın, fəaliyyətim içində olan və mənə ömür boyu sadiq bir insan var – o da Yalçın Cabbarovdur. Ona çox təşəkkür edirəm. Və inanın, o, bəlkə də, adını ən az çəkdiyim adamdır”.

Cəvahir Səlimqızı

Foto Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm