Türk ölkələri musiqiçiləri Şəkidədir - Foto
Bizi izləyin

Tabloid.az

Türk ölkələri musiqiçiləri Şəkidədir - Foto

İyulun 1-də Şəki şəhərindəki XIX əsrə aid tarixi-memarlıq abidəsi - Aşağı Karvansaray kompleksində “İpək Yolu” V Beynəlxalq musiqi festivalının təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış ediblər.

Bəxtəkarlar İttifaqından Axar.az-a verilən məlumata görə, festivalın builki iştirakçıları arasında Böyük İpək Yolu ölkələrinin, həmçinin türkdilli xalqların folklor, rəqs və musiqi kollektivləri iştirak edir. Festivalda Hindistan, Çin, Türkiyə və Rusiyanın, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivləri maraqlı konsert proqramları ilə çıxış edəcək.

“Eurovision” mahnı müsabiqəsi qaliblərinin və iştirakçılarının konserti festivalın yeniliyi olacaq. Festivalın proqramı çərçivəsində TÜRKSOY-un hazırladığı “Delife” - 11 türkdilli ölkənin milli kostyumlarının müxtəlifliyini, həmçinin musiqi nömrələrini əks etdirən böyük konsert təqdim ediləcək. Bundan əlavə, 7 ölkədən gəlmiş rəssamlar festivalla bağlı təəssüratlarını öz tablolarında canlandıracaqlar.

Bugünkü rəsmi açılışdan sonra tamaşaçılar Azərbaycan Opera və Balet Teatrının balet truppasının ifasında Niyazinin “Rast” simfonik muğamı əsasında səhnələşdirilmiş balet-tamaşanı izləyiblər. Tamaşanın quruluşçu baletmeysteri Xalq artisti Tamilla Şirəliyeva, quruluşçu rəssam isə Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafis İsmayılovdur.

Sonda şəhər icra hakimiyyəti adından kollektivə xatirə hədiyyəsi – festivalın simvolu təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm