• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bir damla göz yaşı...

Bir damla göz yaşı...

Özündən öncə səsini tanımış, nəğmələrini sevə-sevə dinləmiş, böyümüşdüm. Bir zamanlar bizm dağlara qonaq gəlmiş şaqraq, məlahətli səsi düzü-dünyanı sehirləmiş, ovsunlamışdı.

Nə zamansa onu lap yaxından görüb, tanıyacağım isə heç ağlıma da gəlmirdi. Mənimçün çox əlçatmaz idi. Könlümüzə yaxın olduğu qədər də, əlçatmaz idi, uzaq idi bizdən, o. Haray çəkib oxuyurdu:

“Ay mənim məhəbbətim, ay mənim ülviyyətim

Təbim, təravətim gəl, gülüm, mehri-məhəbbətim, gəl!”

İllər ötdü... Arzuladığım kimi mən də Tanrının mənə bəxş etdiyi səsin axarıyla sirli-sehrli musiqi dünyasına, musiqi dəryasına qovuşdum. Bir gün çox möhtəşəm bir toy şənliyində rastladıq onunla. Bu toya ayrı-ayrı tanınmış müğənnilər dəvət olunmuşdu. İndikinə nisbətdə, on altı il öncə çox az tanınsam da bu məclisdə mənimçün də, bir müğənni olaraq yer ayırmış, dəvət etmişdilər. Toyu idarə edən şəxs oxumam üçün mikrofonu mənə təqdim edəndə çox həyəcanlı idim.

Bunca populyar, adlı-sanlı müğənnilər qarşısında mən nə və necə oxumalıydım ki, xoşa gələ, alqışlar qazanaydı ifam. Ayaqlarım, əllərim əsirdi. Ara-sıra ehtiyatla dönüb Məşhurlara baxır, ifamı necə qarşıladıqlarını bilmək istəyirdim. Bu zaman Onun üzündə xoş bir təbəssüm, razılıq əlaməti gördüm. Həyəcanım xeyli azaldı. Səsim də, elə bil tam öz axarına düşdü və get-gedə ürəyimin ən gözəl duyğularına bələnib cilvələndi. İfamı yekunlaşdırıb, yenə də həyəcanla öz yerimdə əyləşəndə, o, mənə ifam üçün təşəkkür etdi və ağızdolusu təriflədi. Sonra dedi: “Bir gözəl toy var, mənimlə gedərsənmi o toya?.. Səsin, ifan, repertuarın çox xoşuma gəldi. İstəyirəm o toyda sən də oxuyasan!..” Bu təklif gözlənilməz olduğu qədər də sevindirici idi. Bu adamın nə təmiz, gözəl ürəyi vardı, ilahi! Adətən, bir çox sənət adamlarında qısqanclıq hissləri olduğundan özündən öndə başqasını görmək istəmirlər. Hətta özündən zəif ifaçını da özləriylə birgə hər hansı bir tədbirdə, şənlikdə görərkən məyus olanları ara-sıra görmüşdüm də. Bu üzdən onun təklifi məni bir az da təəccübləndirdi. Amma hələ tərəddüd edir, həyəcanımı boğmağa çalışırdım. O, soruşdu: “Hə, nə deyirsən, gedəkmi?.. Narahat olma, haqqını da (qonorarı) lazımınca alacaqsan!”

Gülə-gülə dedim:

-Yoox, nə danışırsız, nə haqq, nə pul? Sizinlə birgə toyda oxumaq mənimçün böyük şərəfdir!

-Çox sağ ol, bayaqdan hiss etmişdim ki, tərbiyəli oğlansan!.. Danışdıq, vədələşdik və bir neçə gün sonra yenidən toyda görüşdük...

Həmin gün heç vaxt unutmayacağım gözəl günlərdən oldu. Elə o gündən sonra da bizim ünsiyyətimiz davam etdi. Sonuncu dəfə isə əziz laçınlıların bir toyunda görüşdük. Toyun müğənnisi kimi mənə etimad göstərmişdilər.

Az sonra həmin saf ürəkli, billur səsli, bir dağ qartalına bənzəyən o adam-Məhəbbət Kazımov da məclisə təşrif buyurdu, bir əziz qonaq qismində. Onun çətinliklə yeridiyini, xəstəhal olduğunu görüncə, cox sarsıldım. Bu görüş zamanı məni çox istiqanlılıqla, səmimiyyətlə qucaqladı. Növbəti ifamı onun “Ay ilk məhəbbətim, son məhəbbətim” mahnısıyla başladım.

Oxuya-oxuya ani olaraq, ilk tanışlığımız zamanı olduğu kimi yenə də ona sarı baxanda gözlərinin dolduğunu, bir gilə göz yaşının gözündən qopup düşməkdə olduğunu gördüm. Bir anlıq elə bildim, o damla, adi göz yaşı deyil də, bir damla neftdir. O bir damla neft, bayaqdan “Ay ilk məhəbbətim, son məhəbbətim!” deyib haray çəkən ürəyimin, sanki gözünə düşdü və bütün varlığımı, ruhumu od-alov bürüdü...

Zəka Vilayətoğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR