"Şöhrət sadəcə telefon nömrəmi dəyişdi"
Bizi izləyin

Tabloid.az

"Şöhrət sadəcə telefon nömrəmi dəyişdi"

18 musiqi albomu, saysız şeirlər, kitablar, konsertlər və televiziya proqramları... Bütün uğurlarına rəğmən təvəzökarlığından, tolerantlığından, sevgi dolu ürəyindən heç bir şey itirməyən Türkiyənin musiqi sənətini layiqli şəkildə təmsil edən Fatih Kısaparmak maraqlı müsahibə verib.

Publika.Az həmin müsahibəni təqdim edir:

- Musiqidən tutmuş ədəbiyyata qədər sənətin bir çox növündə məhsuldar və uğurlusunuz. Əvvəllər isə daha çox musiqi ilə gündəmdə idiniz. Bəs indi özünüzü sənətin hansı tərəfində daha yaxşı ifadə etdiyinizi düşünürsünüz?

- Əslində bütün bu sənətləri ayırmaq olmaz. Musiqi də mədəniyyətin ən vacib hissələrindən biridir. Məncə ədəbiyyat və fəlsəfə sənətin ayrılmaz tamamlayıcısıdır. Özümü ən yaxşı şeir və musiqidə ifadə edə bildiyim qənaətindəyəm. Həqiqi sənət ideaların təsviridir. Həyatı, insanı, cəmiyyəti və təbiəti gah realist, gah da metafizik ölçülərlə əks etdirir. Reytinq və ya tiraj qayğısı güdmədən gerçək kültürü nümayiş edənlər bu sənətdə qalıcı olur. Seçici olmayanlar hər zaman müvəqqəti xarakter daşıyır. İdeal sənətçi sənətinə idealizm pəncərəsindən baxanlardır. Dövrünün şahidi, cəmiyyətin sözcüsü olandır. Çünki ən yaxşı mesaj örnək olmaqdır.

- Sözlərinizdən və görüşünüzdən halınızdan razı olduğunuz aşkar olur. İndiki zamanımızda hər şeyə sahib olub, amma xoşbəxt olmayan insanlar çoxluq təşkil edərkən sizi belə şükür içində olmağa nə vadar edir?

- Yaşayırıqsa, deməli vəzifəmiz var. Şan-şöhrət, pul-para, vəzifə-rütbə əslində halisionasiyadır. Bütün bunlar zəhərli baldır. Riyakarlıq və röyadır. Mənim işim dəstələr deyil, bəstələrdir. Bəlkə də belə düşündüyümə görə sevgi, səbr və şükür bir çox problemi həll etməyə kömək edib. Səmimiyyət, dürüstlük və əzm də həmçinin belədir. Çox öyünən çox döyülər. İnsanın insandan nə fərqi var ki? Hər kəs işini ən yüksək səviyyədə yerinə yetirməlidir və həddini bilməlidir. Mən sadəcə buna əməl edirəm. Şöhrətlə tanış olduqdan sonra həyatımda dəyişən yeganə şey telefon nömrəm oldu. Hər zaman öz yerimi bilmişəm. Həyatımda hər zaman nankör olmamağa çalışmışam. "Mən yaratdım" deyəcəyim heç bir şey yoxdur. Əslində heç birimiz "Mən" kəliməsi ilə başlayan cümlə qurmaq haqqına sahib deyilik. Hər səhər yuxudan oyandıqda və hər axşam yatarkən "Kiməm? Nəyəm? Hardayam?" suallarını özümə verirəm. Mən olduğum kimi davranmağa çalışmışam. Öldükdən sonra yaşaya bilməyin yolu yaşayarkən ölməkdir.

- Cəmiyyətin hər kəsimi tərəfindən sevilərək qəbul edilməyi necə bacardınız?

- Arının vəzifəsi bal verməkdir. Kobra ilanın isə zəhər. Kobraya bal da versəniz onu zəhərə çevirəcək. Təəssüf ki, insanlar getdikcə bir-birini az sevirlər. Bir-birilərinə şübhə və qorxu ilə yaxınşırlar. Bu isə qarşılıqlı düşmənçiliklərə və inamsızlıqlara səbəb olur. Ancaq anamın dediyi kimi "Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşlıq nər kişinin işidir". Mən həqiqətən ölkəmin hər insanını çox sevirəm. Onlara sevgimi bəlli etdikdə də səmimiyəm. Mənə elə gəlir ki, Türkiyə ilk öncə Fatih Kısaparmağı bu xüsusiyyətlərinə, daha sonra isə bəstələrinə görə sevdi.

- Şöhrətdən bezdiyiniz zamanlar olub?

- Biz məşhur insan olduğumuzu küçəyə çıxdığımızda bilirik. Yaşantımız sizin həyatınızdan fərqli deyil. Uşaqlarım sadəcə adlarını deyirlər. Yalnız məcbur qaldıqda soyadlarını deyirlər. Biz özümüzü əvəzedilməz kimi qəbul etməmişik. Axırda bir neçə metrlik yerə gedəcəyimizi dərk etmişik.

- Yarına "karadutum, çingenem, karam" deyə xitab edən Fatih Kısaparmak üçün eşq nədir?

- Eşq varlığımızla açıqlana biləcək və varlığımızı izah edən enerjidir. Əzəldən tanışlığın bu günə əksidir. Və gələcəkdən gələn bir duyğu körpüsüdür. Çox fərqli növləri olsa da, eşqin təməli sevməyi sevməkdir.

- Atanız sizin üçün çox önəmlidir və siz də atasınız. Bir az atalar və oğullardan bəhs edə bilərsiniz?

- Atam şəxsiyyətimin memarıdır. Mənim idolum və rol-modelimdir. O insanüstünü axtarmış üst insanlardandı. Müəllimim, rəhbərim, ustam və dostum. Hər kəslə və özü ilə barışıq insandı. Eyni zamanda çox bilgili insandı. Bu gün də hər hansı bir problemlə qarşılaşsam, atam necə davranardı deyə düşünüb o istiqamətdə hərəkət edirəm.

Çevirdi: DƏNİZ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm