Möhlət Müslümov: “Gözümüzü açıb yanımızdakı kişiləri görəndə”…
Bizi izləyin

Tabloid.az

Möhlət Müslümov: “Gözümüzü açıb yanımızdakı kişiləri görəndə”…

Xalq artisti Möhlət Müslümovun 1937.az-a müsahibəsi

– Möhlət müəllim, eşitdik yubileyə hazırlaşırsınız. Neçə yaşınız olur?

– Avqustun 9-da 60 yaşım tamam olur. 60 yaşım olacaq, amma elə bil 120 il yaşamışam.

Mən sırf xalq musiqisi, muğamla məşğul olan adamam. Bu da bir dəryadır. Ancaq adama elə sual verirlər ki, dəryadan heç əsər-əlamət olmur. Ona görə də mətbuatdan qaçıram. İstəyirəm, suallarla məni bir az dərinliyə aparsınlar.

– Yubileyinizlə bağlı hər hansı dövlətmiqyaslı tədbir planlaşdırılırmı?

–Heç vaxt ad günü qeyd etməyi sevməmişəm. Ad günlərim həmişə ailə içində keçirilib. Yubileyim də yaya düşdüyünə görə yəqin ki, bir az gec qeyd ediləcək.

– Xalq artisti kimi yüksək bir ada layiq görülmüsünüz. Bəs yubileyinizdə dövlətdən gözlədiyiniz hansısa titul varmı?

– Həm xalqımızdan, həm də dövlətimizdən razıyam. Mənə hər şeyi xalqımızın sevgisi verib. Prezidentin fərdi təqaüdünü alıram, Heydər Əliyev Fondunun təqaüdünə layiq görülmüşəm. Prezidentimiz məni mənzillə təmin edib. Təbii ki, sənətkar həmişə xalqından, dövlətindən umub. Xüsusi bir umacağım yoxdur, amma hər hansı bir titul yenə də mənim üçün şərəf olar.

Mənə əvvəllər sual verirdilər ki, tarla dünyanı gəzmisən, amma Əməkdar artist adın belə yoxdur. Mən də zarafatla deyirdim ki, doğum şəhadətnaməmə yazılmayıb ki, mən Əməkdar artist olmalıyam. İndikilərdən fərqli olaraq, mən sənətə sevgiylə gəlmişəm. Sənətə gələndə Xalq artisti olacağımı düşünməzdim. Gənc vaxtı nə kinoteatr tanıdım, nə də digər əyləncələr. Başımı aşağı salıb sənətlə məşğul oldum. 24 saatın 16 saatını çalışırdım.

– İrfan musiqisi ilə məşğul olmaq və Xalq artisti adını daşımaq. Ziddiyətli deyil ki?

– Ümumi götürəndə eyni məfhumdur: xalqın sənəti və Xalq artisti adı. Mən muğama müqəddəs bir pir kimi, kimliyim, köküm kimi baxıram. İkisi arasında bir ayrılıq hiss etmirəm. Təbii ki, hər bir sənətkar istəyər ki, onun əməyinə qiymət verilsin. Bunun nəyi pisdir?

– Möhlət müəllim, siz köklü bakılısınız. Bakılılığın özünəməxsus xüsusiyyətləri, mühafizəkarlığı sizin xarakterinizə nə kimi təsir göstərib?

– Mən köhnə kişiləri çox sevirəm. Əfsuslar olsun ki, o kişilər getdikcə azalır. Kişi, gərək, sözünün üstündə dursun, riyakar olmasın. Əgər kişi deyiriksə, istər bakılı olsun, istər şəkili, elə kişi xüsusiyyətlərinə malik olmalıdır. Azərbaycan kişisi deyəndə gözümüzün qabağına ulu babalarımız gəlir. Amma gözümüzü açıb yanımızdakı kişiləri görəndə düşünürsən ki, görəsən, mən bu xalqa məxsusam? O kişilər də belə olub? Tək kişilər yox, elə qadınlarımıza da aiddir bu.

Ümumiyyətlə, mən bir az millətçiyəm. Bir dəfə Hollandiyada danışdım, mənə dedilər ki, sən şovinistsən. Dedim, millətpərəst olmayan insan, insan deyil ki...

– Sizin özünüzü ailənin, nəsil-kökün köhnə kişisi hesab etmək olar?

– Mənim ətrafım, yaxınlarım məni elə sayır. Çox adam məni ciddi, sərt adam kimi tanıyır, amma əslində, ürəyim yumşaqdır. Elə bil ki, balaca uşaq ürəyidir. Heç nədən kövrələ, ağlaya bilərəm.

– Köhnə kişilərdən olsanız da, yəqin ki, sənət aləmində olmaq sizi bir qədər dəyişməyə vadar edir, müəyyən güzəştə getməli olursunuz.

– Hərdən həyat məcbur edir, bəzi şeylərə güzəşt edirsən, başını yelləyirsən, əl çalırsan. Lap belə gözəçarpan şeylərdə isə həmişə qürurumu saxlamışam. Həmişə ağa ağ, qaraya qara demişəm.

– Əsl Azərbaycan kişisindən, qadınından danışdınız. Mədəniyyət aləmində bu obrazdan uzaq insanlar çoxdur. Onlar sizi qıcıqlandırır, yoxsa artıq illər “yola verməyi” öyrədib?

– Onlar mənim gündəlik həyatımdadır və gördükcə daxilən əzab çəkirəm. İstedadları yox, səsləri yox, sənətdən başqa hər şeyləri var. Televiziyada da səhərdən-axşama onları göstərirlər. Hərdən deyirəm, İlahi, yəqin, bunların başqa millətlə qarışıqları var. Başqa izahı yoxdur. Efirə çıxıb ağızlarına gələni danışır, yadda qalmaq üçün bir-birlərinə şər atırlar. Adam nə qədər “mən” deyər? Özü də xalq onları çox gözəl tanıyır, kimin kim olduğunu bilir.

– Efirdəkilərdən şikayətlənirsiniz, amma arada rastımıza Toliklə şəkliniz çıxır...

(gülür) Vallah mənim təqsirim deyil, xətirlərinə dəyə bilmirəm. Bilirsiniz, bir məclisə gedirəm, 10-15 adam şəkil çəkdirməyə gəlir. İrana gedəndə 2 saat konsert vermək çəkirsə, 2 saat da şəkil çəkdirməyə gedir. Heç kimin qəlbini qıra bilmirəm. Bu, mənim günahım deyil, mənə görə, tara görə gəlirlər. Mənim hər adamla şəklim ola bilər. Bu, gərək, mənim ayağıma yazılmasın. Başqaları da deyir ki, gərək, sən filankəsin yanında görünməyəydin. Sağ olsunlar, mənə belə qiymət verirlər. Amma yenə deyirəm, vallah mənim təqsirim yoxdur.

– Ancaq muğam ifaçıları ilə dostluq edirsiniz, yoxsa digər sənət adamları ilə də münasibətləriniz var?

– Elə bilərsiniz ki, mən ancaq muğamı sevirəm, dinləyirəm. Mən estradaya da, klassik musiqiyi də, blyuza da qulaq asıram. Caz ifaçılarını çox sevirəm.

Tələbə vaxtı da ancaq muğamı öyrənməklə kifayətlənmirdim, saatlarla Baxa, Bethovenə qulaq asırdım. İndinin özündə də öyrənirəm. Hər sahədən də dostlarım var, amma sanballı sənətkarları seçirəm. Estradada da, muğamda da istedadlı adam barmaqla sayılacaq qədərdir.

–60 yaş az yaş deyil. Sənətdə özünüzü bişmiş hesab edirsiniz?

– Muğam sənətini yetkinləşmiş beyin qəbul edə bilir. Mən hələ indi başa düşürəm ki, musiqi nədir, muğam nədir. Muğam sənəti böyük dəryadır. Mən bu gün necə deyə bilərəm ki, bu dəryanın gözəl üzgüçüsüyəm? Mən özüm də bu gün öyrənirəm. Bir az babat üzə bilən üzməyi bilməyənə kömək etməlidir. Biz indi də bir-birimizdən soruşub öyrənirik. Amma cavanlar bunu şəninə sığışdırmır. İnsanın ömrü yetməz muğamı öyrənib qurtarmağa....

– Ona görə də qəzəlləri səhv oxuyurlar...

– Mən də həmişə bu iradı bildirirəm. Muğamı təzələyən qəzəldir. Əgər mənim müəllimim, müəllimimin müəllimi bu qəzəli oxuyubsa, deməli, mən də bu qəzəli oxumalıyam? Bu, səhv addımdır, artıq muğam onların gözündə adiləşir, cılızlaşır. Yeni qəzəllər götürüb işləmək lazımdır.

– Yəqin ki, bu, qəzəlləri mexaniki şəkildə əzbərləyib oxumaqdan irəli gəlir.

– Onları da qınamaq olmaz. Ərəb dilini bilən adam təbii olaraq əruz vəznini biləcək.

Bir dəfə İranda mənə dedilər ki, sizin xanəndələr əruzu bilmir, səhvləri çox olur. Özü də tanınmış xanəndələrin adını çəkdilər. Bu, bir az mənə toxundu. Dedim, bizim xanəndələr Sovet vaxtı rus dilini öyrəniblər, sizin xanəndələr ərəb dilini. İran xanəndələri ərəb dilini yaxşı bilirlər, amma bizimkilərin oxu tərzi, muğamı bilməsi onlarda yoxdur.

– Məşqlər zamanı xanəndələrin ifasına müdaxilə imkanınız olur, yoxsa tar çalmaqla işinizi bitmiş hesab edirsiniz?

– 40 ildən çoxdur ki, tar əlimdədir. Həm solist olmuşam, həm üçlükdə müşayiət eləmişəm. Artıq 20 ildir ki, Azərbaycan Dövlət Televiziya və Radiosunun Əhməd Bakıxanov adına ansamblının bədii rəhbəriyəm. Çox məsuliyyətli işdir. Bu yükün altından qaçmaq istəyirdim, amma qoymadılar. Gecələr də yatmırdım, keçmiş lent yazılarına qulaq asırdım, tarixini oxuyurdum. O ansambla ən böyük xanəndələr də gəldi, gənclər də. Onlar da muğamın ayaqlarında səhv edirdilər, xaricliklər olurdu. Mən də bədii rəhbər kimi o səhvləri göstərirdim. Muğam dəstgahı hazırlayırdıq, Xalq artistləri belə səhvlər edirdi. Ən qəliz muğamları da onlarla ifa etmişəm. Məni gecəyarısı da yuxudan oyatsan, o muğamları rahat çalaram. Artıq muğamlar canıma hopub.

– Möhlət müəllim, bəzən deyirlər ki, Bakı xanəndələri qəzəliyyatı yaxşı bilsələr də, ürəkdə qarabağlılara çatmırlar. Məsələn, deyirlər, Hacıbaba Hüseynov şeiri yaxşı bilib, amma Yaqub Məmmədov daha yanğılı oxuyub...

– Mən regionçuluğu sevmirəm. Bir məktəb var – Azərbaycan muğam məktəbi. Bu söhbətlər cəfəngiyyatdır. Elə adam olar, Amerikada doğulub-böyüyər, amma qanı elə təmiz olar ki, muğam ifa edər.

Hacıbaba müəllim, doğrudan da, qəzəliyyatı, əruzu gözəl bilirdi, özü də qəzəl yazırdı. Oxuduğu qəzəli açırdı. Yaqub müəllim də oxuyanda heç qəzələ fikir vermirdilər, onun səsinin şirinliyinə uyub-gedirdilər. Mən onların hamısı ilə işləmişəm. Mənə qiymət verib toya-düyünə aparıblar. Hərəsinin öz dəyəri var, bu gün onları əvəz edən sənətkar yoxdur.

– Bir də görürsən, hansısa gənc ifaçı xalq mahnılarında improvizələr edib oxuyanda etiraza səbəb olur. Gənc ifaçını mahnını gözdən salmaqda ittiham edirlər. Ortaya sual çıxır: bu, necə minilliklərin sınağından çıxmış mahnıdır ki, adi bir improvizə onu gözdən salır?

– Ümumiyyətlə, bir gənc xalq mahnısını götürüb, keçmişdəkinə xələl gətirmədən öz stilini gətirsə, bunu alqışlayıram. Yoxsa onu xarab edirsənsə, əl vurma. İmprovizəni professional bəstəkar edəcəksə, olar. Yoxsa qeyri-peşəkar biri xalq mahnısını götürüb əsasını bir kənara atır, girişi də öz bildiyi kimi çalır. Bircə mahnı başlayanda birtəhər bilirsən ki, bu, xalq mahnısıdır. Daha götür bunu özün yaz, bilək ki, sənin mahnındır. Niyə xalq mahnısını korlayırsan ki?

Türkiyədəki Aya Sofya məscidinin qapı-pəncərəsini, daşlarını dəyişsək, necə görünər? Bu da elə bir şeydir. Sənəti bilən adam etməlidir bunu. Niyazi “Qaragilə”yə elə gözəl əlavələr edib ki, insan dinləyəndə zövq alır. Yoxsa bu mahnını ona qatırlar, onu buna. Sonra cins şalvar geyinib, sırğa taxır, tullanıb-düşüb mahnı oxuyurlar. Sənətə toy biznesi kimi baxırlar. Olmaz belə. Bunlar elə bilir ki, peşəkarlar ölüb-gedib, daha bunların oxuduğundan heç kimin başı çıxmayacaq, əl çalacaqlar.

Fikir verin, əvvəllər televiziyada müğənnini təqdim edəndə deyirdilər ki, “gözəl səs diapazonuna malik”, “şaqrar zənguləsi olan”. İndi bir dənə səs haqqında söz demirlər. Demirlər ki, Əlinin yaxşı səsi var, Vəlinin yaxşı xırdalığı var. Nə aparıcının bundan başı çıxır, nə də o verilişə gələnin.

– Toylara gedirsiniz?

– Mən elə toylarda püxtələşmişəm. Daha indiki toylarda yox ey... Qarabağ toylarına gedirdik. Toy saat 12-də başlayırdı, gecə saat 2-də qurtarırdı. 14 saatın 10 saatını tar çalırdım, baxın, əlim də ondan qapqara qabar bağlayıb. Toyun qabarlarıdır hamısı. Bunun da həm maddi cəhətdən xeyri vardı, həm də məni formada saxlayırdı.

Həmişə belə söhbət olub ki, toya gedənə necə baxırsınız? Mən çox yaxşı baxıram. Amma indiki toylarda elə bil maqnitofon oxudurlar. Canlı oxumaqları da fonoqrama oxşayır.

Mənim sümüyüm toylarda bərkiyib. İndi də yuxuma girir Qarabağın o üçgünlük toyları. Allah, nə çətinliklər vardı, yadıma düşəndə kövrəlirəm... Amma əsl kişi sənəti idi. İndi cavanlar deyir, biz 10 saat çalıb-oxumağa dözə bilərik?

İndi də məni el toylarına çağıranda puluna-parasına, vaxta-imkana baxmadan gedirəm. Sənətkar heç vaxt xalqın boğazını üzməz. Bizim xalqımız sənətkarını dolandıran xalqdır.

– Rus yazıçısı Dostoyevski deyirdi ki, qiyamət günü Tanrının dərgahına Migel de Servantesin “Don Kixot” əsərini çıxara bilərik. Bu mənada bizim Allahın hüzuruna çıxara biləcəyimiz sənətkarımız, sənətimiz varmı?

– Türklərin bir yaxşı sözü var ki, türklüyümüzü dünyaya sübut etmək üçün qılınc əvəzinə sazımız bəsdir. Mən sazı tardan da çox istəyirəm. Niyə mənim bir əlimdə tarım, bir əlimdə sazım olmasın?! Fransada səhnədə tar çalanda görmüşəm ki, yerdə oturub ağlayırlar. Çıxandan sonra bilmişəm ki, onlar ermənilər imiş. Deməli, mənim xalqımın musiqisi düşmənimi də ağladır. Görün dövlətimiz muğamı haralara qaldırdı. UNESCO muğamı qəbul etdi, tarı da “Şah alət” elan etdi.

Şərq dünyasında çox ölkədə var: Azərbaycan, İran, Türkiyə, Hindistan, Çin. Amma onlar bizə gəlib çata bilməzlər. Birinci xanım Mehriban Əliyeva tarı UNESCO-ya qəbul etdirməklə sübuta yetirdi ki, tar da, muğam da bizimdir.

Özü də bu cür musiqisi olan xalq pis xalq ola bilməz. Həmçinin, xalq musiqisini, muğamı sevən adamın əlindən pislik gəlməz.

– İranlılar həmişə iddia edir ki, tar onlara aiddir. İrana gedən zaman onlarla bu barədə mübahisələriniz olurmu?

– Mən İranda çox olmuşam. Orda hətta sual verirdilər ki, Azərbaycan tarını çox sevirsən, yoxsa İran tarını? Axı mən niyə İran tarını Azərbaycan tarından çox sevməliyəm? Zarafata salıb dedim ki, mənim tarım ürəyin üstündə çalınır, sizin tarınız dizin üstündə. Onların da gözəl virtuoz ifaçıları var. Amma ermənilərin, ümumiyyətlə, danışmağa dilləri yoxdur. Onlar ancaq tarı təmir edirdilər. Necə ki, mənim ayaqqabımı yamayırdı, evimə suvaq çəkirdi, bərbərim erməniydi, kostyum tikirdilər. Yəni ermənilər ustadır. Tarı da eləcə təmir edirdilər, pərdəsini dəyişirdilər. Bu, o demək deyil ki, tar erməninindir. Tar Azərbaycanındır.

– Elə sənətkarlar olur ki, hansısa yaş həddinə çatandan sonra artıq öz sözünü dediyini, missiyasını başa vurduğunu düşünür. Bu mənada siz necə hiss edirsiniz? Hələ ifa etmək istədiyiniz musiqi qalıbmı, görəcəyiniz işlər çoxdurmu?

– Mən hələ nə ifa etdiyimi indi başa düşürəm. Allah nə qədər ömür payı yazıbsa, əlim nə qədər mizrab tutursa, tar əlimdə olacaq. Mənə elə gəlir ki, hələ bundan sonra yaxşı ifa edəcəm. Mənim beynim hələ indi yetkinləşir. Allah bir 60 il də ömür versə, başqa cür tar çalmağa başlayardım. Hələlik o gücü özümdə hiss edirəm.

– Deyirsiniz, musiqi sahəsində hələ indi yetkinləşirsiniz. Bəs daxilən özünüzü kamilliyə çatmış insan kimi hiss edirsiniz?

– Həm hiss edirəm, həm də fikirləşirəm ki, hələ öyrənəcəyim çox şey var. Müəyyən yaş dövrü var ki, çox gec gəlib-çatır. Sonra 40, 50, 60-a çatanda bilmirsən, necə gəlib-çatdı. Elə bilirəm, yuxudayam, hələ 30 yaşım var...

Fotolar: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm