“Kişinin qadınlarla yatması xəyanət deyil” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Kişinin qadınlarla yatması xəyanət deyil” – FOTOLAR

“Ulduzlu axşam”da müğənni Rəqsanədir. Ürəyini bir boşaltdı ki, gəl görəsən. Danışdıqca onu daha yaxından tanımağa çalışdıq.

“Boşqabda borş deyil ki, yeyəsən, qurtara”

- Səmimiyyətinin başına bəla olduğu vaxtlar olur. Daha doğrusu, sui-istifadə edirlər səmimiyyətindən?

- Mənə neyləyirlər, nə edirlər, özlərinə edirlər. İnsan doğulandan necədirsə, axıracan da elə olmalıdır. Bu, boşqabda borş deyil ki, yeyəsən qurtara, mən bu xarakterdə doğulmuşam. Axıracan da belə gedəcəm, heç kim gözləməsin ki, Rəqsanə dəyişəcək, başqalaşacaq.

- Heç nədənsə bezib, qəzəblənib, içində üsyan etdiyin vaxtlar olur?

- Çox olur. Nə gizlədim, həyatımda elə zamanlar var idi ki, üsyanlar edirdim içimdə, amma indi yox.

- Bəs içindəki mənfi enerjini necə dəf edirsən?

- Qızım Yağmurun bir təbəssümü bəs edir buna. Hər dəfə qəzəblənəndə, kimsə məni son həddə çatdıranda qızımın üzünə baxıram.

“Bütün nəslim-köküm mənim üstümdədir”

- Özünü güclü qadın sayırsan?

- Həddən artıq güclü qadınam. Yüz faiz əminliklə deyirəm ki, mənim yaşadıqlarımı, mənim çəkdiyim əziyyətləri heç kim çəkə bilməz. Hətta kişilər də belə. Mən ailədə seçilmiş insanam, bütün nəslim-köküm mənim üstümdədir. Bir nəfərə yox, azı 30-40 nəfərə baxıram.

- Bezmirsən bundan?

- Yox, onların ruzisini də Allah mənə verib. Heç vaxt da sadəliyimdən çıxmaram. Həmişə Rəqsanə olaraq qalıram.

- Axırıncı dəfə nə vaxt hönkürüb ağlamısan?

- Anam bu yaxınlarda bərk ağrıdı, çox qorxdum buna görə, ağladım. Anama çox bağlıyam. Onu da deyim ki, yaman çox ağlayıram mən. Ağlağanam.

“Kişilərin qarşısında ağlamağı xoşlamıram”

- Deyirlər, ağlamaq gözəl şeydir, amma göz yaşını silən olsa...

- Mən kişilərin qarşısında ağlamağı xoşlamıram ki, gəlib gözümün də yaşını silsinlər. Özümü sındırmağı xoşlamıram. Amma ən çox övladlarımın yanında ağlayıram. Özümə qısılıb ağlayanda bir də görürsən Yağmur gəlib deyir ki, Rəqsanə xala, ağlama da noolar. O, mənə şirin-şirin “Rəqsanə xala” deyir.

- Həyatında nə çatmır?

- Çatmayan şeylər var həyatımda, amma bu barədə danışmaq istəmirəm. Bəzən deyirəm ki, kaş sənətdə olmayaydım, tanınmayaydım. Çünki tanınmış insanın həyatı çox çətindir. Haqqımda bir də görürsən, nalayiq sözlər yazırlar. Kimsə yeni sayt açır və onu populyar etmək üçün nəsə yazır və şəxsiyyətimə toxunur.

“Xalq artistləri var ki, siqaret damağından düşmür”

- Siqaret çəkirsən?

- Heç vaxt, nə içki, nə də siqaret dilimə dəyib. Siqaret çəkən xanımlardan da uzaq qaçıram. Heç kimdən də qorxmuram, çəksəm deyərəm ki, çəkirəm, burda nə var ki... Amma özlərini xanım adlandıran elə xalq artistləri var ki, siqaret damağından düşmür. Hələ içki də içirlər, ağızlarına gələn söyüşü də söyürlər. Biabırçılıqdır. Gedib onların həyatını araşdırıb yazsınlar, yoxsa nə düşüblər üstümə. Arada qəlyan çəkirdim, həkimlər bunu qadağan etdilər. Dedilər ki, qəlyan səsində xırıltı əmələ gətirir.

- Ən zəif cəhətin nədir?

- Tez qızışıb özümdən çıxıram.

“Adam var ki, gecə gedib evində öldürmək istəmişəm”

- Bəs ən zəif yerin?

- Uşaqlarım. Qızlarıma toxunan insanı öldürə bilərəm. Hətta buna görə türməyə də düşərəm, fərq qoymaram ki, mən Rəqsanəyəm, ya başqa qadın. Adam var ki, gecə gedib evində öldürmək istəmişəm. Hətta bunu planlaşdırmışdım da. Çünki bezmişdim. Nə qədər yalan olardı, axır ki, boğaza yığıldım. Dedim ki, ya o insanı öldürməliyəm, ya da özümü. Amma qızlarım, anam durdu gözümün qabağında.

- Özünü heç qınayırsan nəyəsə görə?

- Özümü qınayıram ki, niyə axı insanları tanıya bilmirəm. Çünki hamıya dost, bacı, qardaş deyirəm.

- Kinlisən?

- Yox, tez bağışlayıram insanları.

- Çoxmu aldadıblar səni?

- O qədər…

- Bax düşünmürsən ki, birdən hazırda bərabər olduğun həyat yoldaşın da səni aldadar?

- Yox, aldatmaz, o, başqa bir dünyanın adamıdır.

“Kişiyə qarşı soyuğam”

- Qısqancsan?

- Kişiyə qarşı soyuğam, ay özümü öldürüm, qısqanım, məndə belə xüsusiyyətlər yoxdur. Ay telefonuna baxım, mesajlar oxuyum - məndə belə şeylər yoxdur. Özüm də xoşlamıram mənə qarşı belə davransın. Həm də ortada etibar var. Uzun müddət bir-birimizi tanımışıq.

- Hansı xüsusiyyətinə görə həyat yoldaşın səni seçib?

- Dəcəlliyim, şıltaqlığım onun xoşuna gəlir. Mən əlimi yerə vurub deyirəm ki, bax bunu edəcəyəm. O, mənim bu cür iddialı olmağımı çox xoşlayır.

- Hərdən deyirmi ki, Rəqsanə, bunu düz eləmədin, bu səhvdir?

- Yox, amma mən ona iradlarımı deyirəm. Deyirəm ki, bəzi hərəkətlərin var ki, xoşuma gəlmir, sənə yaraşdırmıram. Amma o, məni həmişə yüksək qiymətləndirir, deyir ki, Rəqsanə, sən fərqli qadınsan.

“Ola bilər, mən ona yalanı bağışlayım, amma...”

- Ona nəyi bağışlamazsan?

- Yalanı. Bunu o özü də bilir. Mən dürüstlüyü sevirəm. Ola bilər e, ona yalanı bağışlayım. Amma sonradan mən ondan aralanıb yalnız dost kimi qalaram. Mənim anlamımda kişinin gedib hansısa bir qadınla yatması xəyanət deyil. Bu, elə-belə şeydir. Kişidir də. On nəfər kişi dostu yığışıb gediblər harasa, beş nəfər də qız var, neyləməlidirlər ki? Harasa getsə, yenə evinə qayıdacaq. Mənim üçün xəyanət odur ki, oturub bir yerdə çörək yeyirsən, sonra onun ayağının altını qazıyırsan.

- Maraqlıdır, Rəqsanənin sirri varmı?

- Həyatda heç vaxt sirrim olmayıb. Mən kişi kimi bir qadınam e. Anam həmişə deyir ki, gərək sən kişi doğulaydın. Mənim bütün hərəkətlərim kişiyanadır. Kişilər kimi dəlisov insanam. Nə istəyirəmsə, nəiyn bahasına olursa olsun, onu əldə edirəm.

“Həyat yoldaşım özü pulu masanın üstünə qoyur”

- Bəs sirr saxlayansan?

- Yanımda o qədər sirrlərini danışıblar ki. Elə dostlarım olub ki, arvadlarına demədikləri sirri mənə deyiblər. Gecə saat dörddə mənə zəng edib, sirrini danışan dostlarım olub. Hansı ki, onu həmin vaxt ailəsinə də deyə bilərdi. Mən yaxşı dostam. Mən heç vaxt dostlarımla münasibətdə pul güdməmişəm. Özü də hər kəsə dost da demirəm. Dostum gecə saat 4-də zəng edib mənə deyə bilər ki, Rəqsanə, filan məclisdə olarsan. Getmişəm, inan ki, arada pul-maddiyyat söhbəti olmayıb. Heç vaxt da dostlarımdan istifadə etməmişəm.

- Həyat yoldaşından xərcləmək üçün pul istəyirsən?

- Heç vaxt. Mən özümü sındırmaram. Həyat yoldaşım elə bir insandır ki, pulu özü masanın üstünə qoyur. O bir az rustəbiətli insandır, məndən fərqlidir.

“Ölürəm bişirib-düşürməkdən, ev işləri görməkdən ötrü”

- Mətbəxdə sonuncu dəfə nə vaxt yemək bişirmisən?

- Ölürəm bişirib-düşürməkdən, ev işləri görməkdən ötrü. Yuyum, yığışdırım – çox sevirəm evdə işləməyi. Axırıncı dəfə may ayında toyuq bozartması bişirmişəm. Özü də Türkiyədə. Elə xəngəl bişirirəm ki, barmaqlarının beşini də yalayarsan. Düzdür burda da, Moskvada da evdə çalışanım var, amma mən onlara çox şeyi başa salıram.

“İçimdəki qaranı boğa bilmirəm”

- Həyatını rənglərə bölsək, hansı rənglər üstünlük təşkil edib?

- Qara.

- İçindəki qaranı heç əlvan geyimlərlə ört-basdır edirsən?

- Nə qədər etsəm də, yenə də içimdəki qaranı boğa bilmirəm.

- Bəs için hansı rəngdədir?

- Yavaş-yavaş əlvan rənglər görünür orda. Ömür çox qısadır e, amma təəssüf ki, bunu çoxu görmür. Hamı elə bilir ki, dünyanı tutub gedəcəklər. Buna görə də qırğın, qalmaqallar hər yeri başına götürüb. Amma dünya malı elə bu dünyada qalır, yaxışılıq eləmək lazımdır.

Cəvahir Səlimqızı

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm