“Əlincəqala” abidəsi bərpa edilir (FOTO)
Bizi izləyin

Tabloid.az

“Əlincəqala” abidəsi bərpa edilir (FOTO)

Naxçıvan Muxtar Respublikasının Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpası sürətlə davam etdirilir.

ANS PRESS-in məlumatına görə, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və AMEA Naxçıvan Bölməsi abidənin elmi-bərpa layihəsini hazırlayıb.

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bildirib ki, əvvəllər qalanın iki əsas girişi olub. Bu girişlərdən biri Culfa-Qazançı yolunun sağ tərəfindədir. Bərpa işlərinə bu hissədən başlanması məqsədəuyğun hesab edilib və Əlincə dağının müəyyən hissəsinədək, daha doğrusu, qala istehkamlarına qədər torpaq yol çəkilib. Dağın müəyyən hissəsinə yol çəkilsə də, bərpa üçün zəruri olan tikinti materialları qalaya əllə və digər yardımçı vasitələrlə qaldırılır. Qalanın üstü nəhəng tikinti meydançasını xatırladır. Az müddət keçməsinə baxmayaraq, burada xeyli bərpa işləri görülüb, qalanın şərq və qərb darvazaları bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. İri qaya parçalarından inşa edilən qala divarlarının bərkidilməsi üçün əsasən əhəng məhlulundan istifadə edilib.

Vəli Baxşəliyev vurğulayıb ki, təmir və bərpa işlərinə rəhbərlik edənlər nəinki divarların əslinə uyğun şəkildə bərpasına səy göstərib, həmçinin bu əvəzedilməz abidənin neçə min il bundan əvvəlki əzəmətli görkəmini də göstərməyə nail olublar. Qalanın üzərində yerləşən binaların təmizlənməsi nəticəsində onların ilkin forması müəyyənləşdirilib. Bərpa və təmizləmə işlərindən sonra məlum olub ki, qalanın yuxarı səki hissəsindəki binaların bir qismi yaşayış sahəsi kimi, bir qismi isə ictimai bina kimi istifadə olunub. Burada süvarilərin atlarını saxladığı tövlələr, ərzaq anbarları və çörək bişirmək üçün təndirlər aşkar edilib. Evlərin qızdırılmasında kiçik təndirlərdən və buxarılardan istifadə olunub. Bir-birinin yaxınlığında yerləşən mənzillər əsasən birotaqlıdır. Bəzi otaqların arxa divarlarında dördkünc formalı taxçalar, evlərin içərisində isə kiçik təndirlər, həvənglər, əl dəyirmanları aşkar olunub. Bir sözlə, təmir-bərpa işləri zamanı qalada yaşayan insanların həyat tərzini özündə əks etdirən xeyli faktlar üzə çıxarılıb.

“Əlincəqala” tarixdə Azərbaycan xalqının əyilməzlik və mübarizlik rəmzi kimi böyük şöhrət qazanıb. Bu qala 1387-1401-ci illərdə, yəni 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərib. Bəzi mənbələrdə qeyd edilir ki, Hindistana yürüşdən geri qayıdarkən Əmir Teymur artıq tərk edilmiş qalaya daxil olur və onun möhtəşəmliyinə heyran qalır. “Əlincəqala” yazılı qaynaqlarda VI əsrdən etibarən xatırlanır. Qalanın xatırlandığı ən qədim mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. “Əlincəqala” haqqında tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat veriblər.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm