• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Adına beynəlxalq müsabiqə keçirilən azərbaycanlı pianoçu

Adına beynəlxalq müsabiqə keçirilən azərbaycanlı pianoçu

Adilə Əliyeva: Xaricdə musiqi ifaçılığı həm də diaspor işidir

Dünya şöhrətli pianoçu Adilə Əliyevanı yəqin ki, Azərbaycanda çoxları tanmır. Artıq dünya musiqi aləmində özünü təsdiqləyən Adilə xanım 25 ilə yaxındır ki, Fransada yaşayır. O, 50-dən çox ölkənin konsert salonlarında çıxış edib. Dünyanın məşhur səsyazma studiyalarında 30-dan artıq kompakt-diski yazılıb, eləcə də 200-dən çox müxtəlif radio və TV-lərdə haqqında mütəmadi xəbərlər, xüsusi verilişlər çəkilib. Diaspor Jurnalistləri Birliyi də Adilə xanımı öz həmyerlilərinə müsahibəsini təqdim edir.

- Adilə xanım, mümkünsə soydaşlarınıza özünüzü tanıdın...

- Hələ 6 yaşım olanda radioda ilk dəfə ifam yazılıb. Simfonik orkestrlə isə ilk çıxışım 7 yaşımda Leo Qinzburqun dirijorluğu altında keçib. Bir də həmin ərəfələrdə “Dostluq melodiyaları” adlı sənədli kinofilmdə mən Niyazinin idarəsi ilə D. Şostakoviçin İkinci konsertini ifa etmişəm. Bül-Bül adına orta ixtisas musiqi məktəbini bitirəndən sonra P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasına daxil oldum, oranı qırmızı diplomla bitirdim və aspiranturaya da qəbul oldum. Konservatoriyadan sonra sayını itirdiyim ölkələrdə unudulmaz konsertlər, müsabiqələr başlandı. Hətta 1980-86-cı illərdə Bakının o zaman kı Oktyabr, indiki Yasamal rayonunun deputatı da olmuşam.

- Nə vaxtdan Fransada yaşayırsız?

- Həyat yoldaşım Sergey Bespali ilə İsveçrəyə qastrola getmişdik. Yeri gəlmişkən, o da musiqiçidir- vokalçı və dirijordur. Səfərimiz elə vaxta təsadüf etmişdi ki, hər tərəfdə gərginlik hökm sürürdü. 90-cı il idi. Çıxışımız yüksək qarşılandığından bizə orda qalıb işləmək təklifi etdilər. Beləliklə, əvvəlcə İsveçrəyə, sonra isə Fransaya köçdük.

-Azərbaycanın məşhur bəstəkarlarından hansılarının əsərlərini ifa edirsiz?

- Qürbətdə yaşasaq da bir an olsa belə özümüzü Azərbaycandan kənarda hiss etmirik. Demək olar, hər konsertimdə Azərbaycan bəstəkarlarının əsərlərini ifa edirəm. Azərbaycanlı bəstəkarlardan Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Oqtay Rəcəbov, Vaqif Mustafazadə, Arif Məlikov və başqalarının əsərlərini ifa edirəm. Mənim Vaqif Mustafazadə ilə dost münasibətim var idi. Biz onunla qonşu idik. Bir çox bəstələrinin ilk dinləyicisi olmuşam...

- Siz eyni zamanda musiqi tədris edirsizmi?

- Əlbəttə. Mən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoruyam, eyni zamanda orada pianinodan dərs deyirəm. Burada 100-ə yaxın tələbə dərs alır.

Bizə Fransada, ümumiyyətlə, Avropada böyük hörmət var. 1996-cı ildən Fransada hər iki ildən bir mənim adıma beynəlxalq müsabiqə keçirilir. Müsabiqə belə adlanır: “Adilə Əliyeva adına pianoçuların beynəlxalq müsabiqəsi”. Hər dəfə 255 nəfərə yaxın musiqiçi bu müsabiqədə iştirak edir. Qaliblərin ümumi mükafat fondu 26 min avrodur. Bunun bütün xərcini Fransa dövləti ödəyir.

- Azərbaycan musiqisinin dünyada tanınması istiqamətində hansı işlər görürsüz?

- Bütün Avropa və Amerika ölkələrində konsertlərim olur. Hətta mən Vatikanda konsert vermişəm. Orada Luçano Pavarottinin də konsert olmuşdu. Çox böyük konsert idi. Azərbaycanın İtaliyadakı səfiri də konsertdə iştirak edirdi. Konsertdə kardinalla yanaşı, eyni zamanda 40 yepiskop var idi.

- Fransadakı diasporumuzla əlaqələriniz necədir?

- Mənim işim həm də diaspor fəaliyyətidir. Xaricdə musiqi ifaçılığı həm də diaspor işidir. Mən özümü diaspor nümayəndəsi hesab edirəm. BMT-nin Cenevrədəki ofisində mənim konsertim olub. Orada 300-dən çox diplomat var idi. Hamısı məni ayaq üstə alqışlayırdı.

Bu çox böyük bir uğur idi. Mənim diasporla çox gözəl əlaqələrim var. Hər bir tədbirlərinə dəvət alıram.

- Sizcə, məşhur musiqiçi olmaq üçün insandan əsas nə tələb olunur?

- Çox gözəl sualdır. Tanınmış musiqiçi olmaq üçün insandan istedad və bacarıq tələb olunur. Budan başqa isə çalışmaq lazımdır. Bir də güclü məktəb keçmək lazımdır. Amma şans, qismət də olmalıdır...

- Bəs, siz məşhur olmağınıza görə kimə borclusuz?

- Birinci Allaha. Daha sonra isə valideynlərimə.

- Olurmu ki, Azərbaycan üçün darıxasınız?

- Əlbəttə, olur.

- Belə vaxtlarda ürəyinizdən hansı musiqini ifa etmək keçir?

- Belə zamanlarda Fikrət Əmirovun “Gözəlim sənsən” musiqisini ifa edirəm. Bundan sonra da ağlayıb sakitləşirəm.

- Perspektivdə hansı layihələriniz var?

- Azərbaycan, Fransa və İsveçrə musiqiçilərindən ibarət bir müsabiqə keçirmək istəyirəm. Mənim haqqımda “Musiqidə yaşamaq” adlı bir sənədli film çəkilib. Bu film dünyanın 3 min telekanalında göstəriləcək. Çalışırıq ki, bunun üçün sponsor tapaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR