• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ayandan sevgi etirafı: “O, hər zaman yanımdadır” – FOTOLAR, VİDEO

Ayandan sevgi etirafı: “O, hər zaman yanımdadır” – FOTOLAR, VİDEO

“Ulduzlu axşam”da həmsöhbətim şou-biznes aləminə gəldiyi gündən uğurları ilə həmkarlarına meydan oxuyan Ayandır.

Bəziləri onu təkəbbürlü, eqoist qız kimi tanıyır, əslində isə, belə deyil. Özü demişkən, “sayanın quludur, saymayanın ağası”...

Onu daha yaxından tanımağa çalışacaq.

“Üçüncü avtomobili ona görə almaq istəyirəm ki…”

- Ayan, eşitdim təzə avtomobil alırsan?


- Hə, iki avtomobilim var: biri idman, biri də “Jeep” markalı. İstəyirəm birini də alım. Ümumiyyətlə, avtomobillərə, telefonlara, geyimə marağım çox güclüdür. Tanıyanlar bilir ki, pulumun çoxunu belə şeylərə xərcləyirəm. Böyük salonlu avtomobil almaq istəyirəm ki, qızımın bütün aksessuarlarını maşina yığa bilim. İndiki maşınlarım buna imkan vermir.

- Adam var, yeni ev, yaxud maşın alanda düşər-düşməzdən qorxur. Sən necə, əlamətlərə inanırsan?

- Mən belə şeylərə heç inanmıram. Maşınımı da dəyişəndə, otururam içərisində və insan kimi onunla xudahafizləşirəm. Deyirəm ki, bax mən yeni avtomobil alıram, xeyir-duanı ver. Yaxın dostum, əziz adamım kimi avtomobilimlə söhbətləşirəm. Elə yaxınlarda evimi də dəyişmək fikrindəyəm. Bəyəndiym, zövqümə cavab verən evi tapan kimi alacağam. O evi də istədiyim kimi bəzəyəcəyəm. Əlamətlərə ona görə inanmıram ki, hər şey Allahın əlindədir. Əgər nəsə pis bir şey baş verirsə, deməli,xeyirliyədir. BunuAllahdan bir işarə kimi qəbul edirəm və hər şeyi yaxşılığa yozuram.

Anam da gəlsə, o qərarı dəyişmərəm

- Maşınları, evi dəyişməyi xoşlayırsan, bunu bildik. Bəs özün necə, qərarsız adamsan?

- Hər zaman qərarsız insanlara nifrət eləmişəm. Qərar verdimsə, mütləq onu yerinə yetirməliyəm. Hətta dünyalar qədər sevdiyim anam da gəlsə, o qərarı dəyişmərəm. Özüm də sonradan görürəm ki, verdiyim qərarlardan xeyir tapıram. Qərarsız adamlardan zəhləm gedir və ətrafımda belə insanların olmasına imkan vermirəm. Bunun üçün də barmaqla sayılacaq qədər dostlarım var. Son zamanlar dostlarımın sayını azaltdım, sanki, düşmənlərimin də sayı azaldı. Özüm də heç vaxt təsir altına düşən adam deyiləm.

Elə səhvlər var ki, sonradan peşmançılıq hissi yaradır, amma...

- Həyatda səhvsiz insan olmur, səhvlərin olanda neynirsən?

- Elə səhvlər var ki, sonradan peşmançılıq hissi yaradır. Özüm bilirəm ki, bunu eləmək düzgün deyildi, amma artıq baş verdi. “Olmuşla, ölmüşə çarə yoxdur”, -deyiblər. Sadəcə, düşünmək lazımdır ki, bir də həmin səhvi təkrarlamayasan.Yaşım azdır, buna görə də səhvlərimin üzərində öyrənə bilərəm. Amma dünyagörmüş insan səhv edirsə, bunu ciddi qəbul etmirəm. Yaşım azdır, mən səhv edə bilərəm.

- Yaşın az olsa da, müdrik qız olduğunu deyirlər…

- Bunu mənim dostlarım deyə bilər. Doğrudan, da çalışıram müdrik olum.

“Məni sayan adama on addım da ataram”

- Şou-biznesdə dostların varmı?

- Bir məqam oldu həyatımda, hiss elədim ki, şou-biznes aləmində də insana dost ola bilər. Əvvəl başqa cür fikirləşirdim. Amma bəzi xanım müğənnilər var ki, sözün əsl mənasında qadın həmrəyliyini bacarır. Belə adamla dostluq etmək olar.

- Bəzən deyirlər ki,Ayan çox təkəbbürlüdür, özündənrazıdır… Bu belə görünür, yoxsa?

- Ola bilər belə görünürəm və buna görə də haqqımda belə düşünürlər.

- Bəs həqiqətdə Ayan necədir?

- Sayanın quluyam, saymayanın ağası. Məni kimsə saymırsa, onun qulu ola bilmərəm. Məni sayan adama on addım da ataram ki, mənə hörmət elədi. Hər şey qarşılıqlıdır həyatda. İnsan ona qarşı necə davranırlarsa, onun da qarşılığını verir.

Dəniz qırağında qışqırıb ağlayıram

- Göz yaşını göstərməyi xoşlayırsan?

- Heç vaxt kiminsə yanında ağlamağı və özümü yazıq göstərməyi xoşlamıram. Əgər hansısa bir problemim varsa, o artıq mənə aiddir və özüm də həll etməliyəm. Ağlamağım gəlsə, çəkilərəm bir kənara təkbaşına ağlayaram. Mənim bir xasiyyətim də var. Görəndə ki, çox sıxılıram, boğulmaq dərəcəsindəyəm, avtomobilimi sürürəm dəniz kənarına. Orda balıqçı dostlarım da var. Onların yanında otururam, çay içirəm, mənə balıq bişirirlər. Həddən artıq sadə olan o məkanda mənə çox xoş olur. Bəzən də həmin yerdə düşürəm maşından, bərkdən qışqırıram da, ağlayıram da.

İnsandan qırılıram və həmin insanı özümdən kənarlaşdırıram

- Adam var bir sözlə onu sındırmaq, yıxmaq olar. Ayanı necə?

- Məni Allahdan başqa heç kim sındıra bilməz, sındıra bilməyəcək də. Allahım bugünə qədər sındırmayıbsa, deməli, məni çox istəyir.

- Kinlisən?

- Heç kinli deyiləm. Kin saxlamağı xoşlamıram da. Kin saxlayan insanların içi çirkabla dolu olur. Onlar heç vaxt pozitiv düşünə bilməzlər. Sadəcə, bir insandan qırılıram və həmin insanı özümdən kənarlaşdırıram. Həyatımdan uzaqlaşdırıram. Amma o insana pislik etmək xarakterimə yaddır. İnsanı özündən uzaqlaşdırıb ona pislik etmək – bu,insanın zəifliyidir.

- Hansı halda dözmürsən, içində üsyan qopur?

- Bilirsən haçan, bir insanı tanıyırsan, amma elə bir məqam olur ki, həmin insan dönür, dəyişir, sanki, onu heç tanımamısan. Tanıdığın insan elə bir hərəkət edir, elə bir kəlmə işlədir ki, sanki, o adamı birinci dəfədir ki, görürsən. Ən zəhləm gedən şey yalan, yalan, yenə də yalandır. İstər dostlarımda, istərsə də tanışlarımda söz verib vədinə əməl etmirsə, bunu qəbul edə bilmirəm. Mən xoş yalanı yox, acı həqiqəti sevən insanam.

Deyirəm ki, eybəcərəm, qızımdan gözəl varlıq yoxdur

- Hər bir xanımın vücudunda xoşladığı bir əzası var, məsələn, gözləri, saçları… Bəs səndə?

- Müəyyən bir dövrə qədər deyirdim ki, həddən artıq gözələm. Hər şeyimdən çox razıydım. Ta ki, Selenam doğulana qədər. İndi deyirəm ki, mən eybəcərəm, qızımdan gözəl varlıq yoxdur.

- Selenaya yetərincə vaxt ayırırsan?

- Demək olar ki, bacardığım qədər bütün vaxtımı Selenaya ayırıram. Çünki səfərlərə, məclislərə, proqramlara gedirəm. Bu yaxınlarda da səfərdən qayıtdım. Evdə olanda Selenadan başqa heç bir işlə məşğul oluram.

Selenayla bərabər yenidən doğuldum

- Selena Ayanda nəyi dəyişdi?

- Selena bütün həyatımı yaxşı mənada dəyişdi. Qızım gəlişi ilə mənə cənnət gətirdi. Bütün çirkabları, yalanları, kobud da çıxsa, zibilləri yuyub apardı. O mənim cənnətimdir. O yanımda bir mələkdir. Cənnət qoxusu gələn bir mələk. Mən Selenayla bərabər yenidən doğuldum.

- Üzünü həmişə hamıdan gizlədirsən, yəqinbədnəzərdən qorxursan?

- Gah bədnəzərdən qorxuram, gah da fikirləşirəm ki, hələ körpədir, üzünü çox adam görməsə yaxşıdır. Lazım gələndə böyük bir tədbir edib, hamıya göstərəcəyəm. Selenanın üzə çıxmasını bayram edəcəyəm.

İçimdəki mənə deyirəm ki, “hələ sənin nə yaşın var” demə

- Bəzən insan içindəki məni ilə mübarizə aparır, birinin sözü o birinin boğazından keçmir, səndə də belə hallar olur?

- Bu yaxınlarda belə bir status oxudum ki, hələ sənin nə yaşın var demək həyatın ən böyük səhvidir. Onu demə, çalış bugünkü günlə yaşa və hər şeyi reallığa çevir. Buna görə də içimdəki mənə deyirəm: hələ sənin nə yaşın var demə, istədiyini əldə et, istədiyinə nail ol, bunu da bacaracaqsan. İçimdən gələn səsdən güc alıram və hər zaman da onu dinləyirəm.

- Özündə hansı xasiyyəti silib atardın?

- Buna kiməsə yazığı gəlmək deməzdim, sadəcə, uman insana az qalıram ürəyimi çıxarıb verim. Ürəyim tez yanır adama. Amma görürəm ki, həmin adam mənim ona yanmağımdan, ürəyimin yumşaqlığından istifadə edir. Bacardığım edirəm, kömək edirəm, amma qarşı tərəf bundan sui-istifadə edir.

Həyatda hər şey bumeranqdır, atırsan,üstünəqayıdır

- Əsas odur ki, Allah hər şeyi görür, məncə, buna görə narahat olmağa dəyməz.

- Düz deyirsən, həyatda hər şey bumeranqdır, atırsan qayıdır özünə. Pis də atsan, yaxşı da. Allahımdan çox razıyam, O hər zaman yanımdadır. Həyatımı istədiyim kimi davam edirəm. Allahımdan güc alıram, o güc heç vaxt tükənməsin.

Cəvahir Səlimqızı

Fotolar: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR