• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Hündürboylu və qaraşın kişiləri xoşlayıram” – FOTOLAR

“Hündürboylu və qaraşın kişiləri xoşlayıram” – FOTOLAR

“Ulduzlu axşam”da həmsöhbətim aktrisa və aparıcı Kəmalə Quliyevadır. Son vaxtlar açıq-saçıq geyimləri ilə gündəmə gələn və adı atası – xalq artisti Nurəddin Mehdixanlı ilə bağlı qalmaqallarda hallanan aktrisa Kəmalə…

“Siqaret çəkməyə pis baxmıram”

- Özünü qlamur xanım sayırsan?

- Bəli, mən qlamur xanımam, özümə baxmağı çox sevirəm. Modanı izləyirəm, amma bu o demək deyil ki, nə dəbdədirsə, onu geyinirəm. Yox, iki-üç il əvvəlin də dəbində olan libası geyinə bilərəm, əsas yaraşmaqdı. Yaraşsın, geyinirəm.

- Gecə həyatına münasibətiniz necədir? Ümumiyyətlə, içki və siqaretdən istifadə edirsinizmi?

- Düzdür, indi çoxları hesab edir ki, qlamur həyatı yaşayan qadının həm də gecə həyatı olmalıdır. Xeyr, zövqlü, baxımlı xanımlara qlamur xanımlar deyilir. Qaldı ki gecə həyatına, normal baxıram. Dostlarımla, rəfiqələrimlə gecələr əylənmişəm. Müəyyən hədləri gözləyirsənsə, gecə həyatında pis heç nə yoxdur. Siqaret çəkməyə pis baxmıram. Sadəcə, sağlamlıq baxımından ziyanlıdır.

“Heç kimin zövqü ilə hesablaşmıram”

- Kimin zövqü ilə hesablaşırsan?

- Özümün. Geyinib baxıram, yaraşırsa geyinirəm. Heç kimin zövqü ilə hesablaşmıram.

- Birdən rəifqələrindən kimsə geyiminə baxıb deyir ki, bu nə paltardır, sənə yaraşmır… O saat çıxarırsan əynindən?

- Bəzən rəfiqələrimdən kiminləsə məsləhətləşə bilərəm. Tutalım, mağazaya gedəndə. Amma öz zövqümə əminəm.

- Geyimə çox pul xərcləyirsən?

- Həddən artıq.

- Məsələn, ayda nə qədər?

- Konkret rəqəm deməyəcəyəm. Çünki bu gün gedib iki paltar ala bilərəm, sabah beş paltar, üç çanta, ya iki ayaqqabı ala bilərəm.

“Çantam 3 min manatlıq da ola bilər, 50-100 manatlıq da”

- Şoppinqləri hardan edirsən?

- Bakıdan da, xarici ölkələrdən də. Xarici ölkələrə gedəndə mütləq geyim alıram. Özümə də, qızıma da.

- Ola bilər, hansısa ucuz bir geyim xoşuna gəlir, amma ucuz olduğu üçün onu almağı özünə sığışdırmamısan?

- Qətiyyən, qiymətə fikir vermirəm. Çantam 3 min manatlıq da ola bilər, 50-100 manatlıq da.

- Geyimdə ən çox hansı elementi xoşlayırsan?

- Ayaqqabı və çanta dəlisiyəm.

- Qarderobda artıq qalan paltarların aqibəti necə olur?

- Yer olmadığı üçün paylayıram. Mövsümdən-mövsümə qarderobumu yeniləyirəm. Keçən il aldıqlarımı paylayıram və yenisini alıram.

“Deyirdi, üstündə pul saxla, bəlkə, yolda kiminsə qatıq bankasını sındırdın”


- Pul bu həyatda çox vacib amildir. Həmişə deyirik ki, Allah sənə can sağlığı versin. Amma pulumuz olmasa, dərman alıb müalicə oluna bilmərik. Pulla sağalan xəstəliklər var axı. Düzdür, pulun çarə qılmadığı xəstəliklər də var. Pul hər şey deyil, amma çox şeydir.

- İsrafçısan?

- Pulum olanda israfçılıq edirəm, pulum qurtara yaxın başlayıram qənaət etməyə.

- Üstündə çox pul gəzdirməyi xoşlayırsan?

- Bəli, anam həmişə deyirdi ki, bala, üstündə pul saxla, bəlkə, yolda kiminsə qatıq bankasını sındırdın...

- Bax indi nə qədər pulun var üstündə?

- Pulqabımda 100-200 manat olur, amma, adətən, kartlardan istifadə edirəm.

“Gözlərimi çox sevirəm, sevmədiym isə dodaqlarımdır”

- İstənilən qadının kompleksi olur. Məsələn, vücudunda hansısa əzasından xoşu gəlmir, yaxud da, əksinə

- Mən gözlərimi çox sevirəm. Sevmədiym isə dodaqlarımdır. Həyatımda bir səhv etdim. Dodaqlarıma gel vurdurdum, yaxınlarda əməliyyat etdirib onu çıxartdıracağam. Bu, məndə son vaxtlar kompleks yaradıb. Elə bilirəm, mənə yaraşmır. Əvvəllər belə düşünmürdüm. İndi efirdə, fotolarda ikiqat böyük görünür dodaqlarım. Bu da məndə kompleks yaradır.

“Öz bildiyimi edirəm”

- Mənə çox maraqlıdır, başqalarının fikri sənin üçün nə dərəcədə önəmlidir?

- Təbii ki, fikirləri dinləyirəm, özlüyümdə analiz edirəm. Çox həssas olduğuma görə tənqidlər və təhqirlər məni sarsıdır. Hətta o dərəcədə pis oluram ki, təzyiqim yüksəlir. Sağlamlığımda problem yaranır. Amma yenə də öz bildiyimi edirəm.

“Tanış olmaq istəyən, şeirlər yazan insanlar olub”

- Bilirəm ki, sosial şəbəkələrdə fəalsan. Gözəl xanım kimi, yəqin, sevgi ismarışları alırsan…

- Oyy, o qədər…

- Bununla bərabər, xoşagəlməyən təkliflər də olur?

- Olur, amma çox az. Sadəcə, tanış olmaq istəyən, şeirlər yazan insanlar olub və var.

- Hamısına cavab verirsən?

- Yox, buna görə məndən inciyənlər də çox olur. Amma başa düşmürlər ki, mən onların hamısına cavab verə bilmərəm. Buna vaxtım yoxdur. Həm də yaxşı da deyil axı, hamısına cavab verim.

“Mesajlarınızı saxlamayın, oxuyub, dərhal silin”

- Telefonuna gələn mesajları saxlayırsan?

- Məndə çox pis bir xüsusiyyət vardı ki, neçə ayların mesajını saxlayırdım, amma başa düşdüm ki, bu, ziyan gətirir.

- Yəni…

- Ola bilər, telefonun açıq qalar, kimsə açıb oxuyar. Buna görə xanımlara məsləhət görürəm ki, mesajlarınızı saxlamayın, oxuyub dərhal silin.

“Yazmışdım ki, kişi olanı yox, adam olanı sevin”

- Yəni saxladığın bir mesaj yoxdur ki, birini bizə oxuyasan?

- Yox, mesaj oxumayacağam... Amma son olaraq internetdə yazdığım şərhə cavab verən şəxslər var ki, onların ikisi də qızdır.

- Nə yazmışdın ki?

- Yazmışdım ki, kişi olanı yox, adam olanı sevin… Kişi bu gün səni atıb gedə bilər, amma adam olan səni heç vaxt atıb getməz. Buna görə xeyli cavablar oldu. Bir dostum yazdı ki, mənə də bu barədə məsləhət ver. Mən də yazdım ki, kişi yox, adam olun. Bu söhbət uzandı belə. Kişi olan çoxdur, amma adam olanlar azdır.

“Çox romantik, həm də həssasam”

- Romantiksən, belə başa düşdüm…

- Həddən artıq. Balıq bürcündənəm və çox romantik, həm də həssasam.

- Kişi olmasa da olar, yəni adam olsun deyirsən… Bir az təzadlı fikirdir. Mənə çox maraqlıdır, kişi olmayan o adamda hansı xüsusiyyəti dəyərləndirirsən?

- Diqqətcil olmalıdır mütləq.

- Anlaşılan budur ki, hədiyyə də sevənsən.

- Çox.

- Ən bahalı hədiyyən nə olub indiyə qədər?

- Çox bahalı bir brilliant zinyət əşyası. Saxlayıram evdə. Gündəlik çox ağır şeyləri taxmıram.

- Bədnəzərdən qorxursan?

- Qorxuram və hər zaman üzərrik yandırıram. Nəzər məni tez kəsir.

“Falçı dedi ki, yaxınlarda ərə gedəcəksən”

- Fala baxdırmısan heç?

- Yalan nə deyim, baxdırmışam. Sözün düzü, çoxu yalan deyir. Bu yaxınlarda kofeylə baxdırdım, nə əcəbsə, yaxşı şeylər dedilər.

- Bizə də de, biz də bilək, həm də sevinək…

- Falçı dedi ki, yaxınlarda ərə gedəcəksən, dəhşətli dərəcədə xoşbəxt qadın olacaqsan.

- Yəqin, artıq namizəd də var?

- Hələ yoxdur, çünki heç hazırda ailə qurmaq barədə düşünmürəm. Fikirləşirəm ki, heç vaxt ailə qurmayacağam.

- Onda falçı deyən düz çıxmadı ki…

- Nə bilim, azadlığı sevirəm, bəlkə, ona görə…

“Sarışınları və qadın kimi gözəl olan kişiləri heç sevmirəm”

- Bəlkə, qarşına istədiyin birisi çıxmayıb, ona görə… Çoxusu deyir, sevgilim Bred Pitə oxşasın, yaxud da, Antonio Banderasa…

- Yox, mən demirəm sevgilim, ya ərim hansısa aktyora bənzəsin. Amma hündürboylu və qaraşın kişiləri xoşlayıram. Sarışınları və qadın kimi gözəl olan kişiləri heç sevmirəm. Düzdür, istəmirəm, çirkin də olsun.

- Ailə qurmaq istəmirsən, amma, Kəmalə, falçı olmasam da, yüz faiz əminəm ki, həyatında kişi var…

- Əlbəttə, sevgiyim insan var, amma ərə getməyi fikirləşmirəm.

“Sevdiyim insanı özümdən çirkinlərə qısqanmışam”

- Qorxmursan, əlindən alarlar, şou-biznesdə dəbdir axı, kiminsə sevgilisini əlindən almaq? Ümumiyyətlə, qısqancsan?

- Dəhşət qısqancam.

- Gözəl qızsan, qadınlar səni sevgililərinə qısqanır, sən də öz sevgilini qısqanırsan?

- Bəlkə də, məndən gözəllərə yox, özümdən çirkinlərə qısqanmışam sevdiyim insanı.

- Özünə güvənlisən?

- Çox güvənirəm.

- Ən zəif nöqtən nədir bəs?

- Çox həssasam. Biri oturub ağlasın, ondan betər göz yaşı tökəcəyəm.

“Əvvəllər qarderobumun doxsan faizi qara rəngdə idi”

- Əlvan geyinmisən. Adam var, əlvan geyimi ilə içindəki qara rəngi kompensasiya etmək istəyir. Bəs sənin daxilin hansı rəngdədir?

- Əvvəllər qarderobumun doxsan faizi qara rəngdə idi. Nadir halda bir əlvan paltarım olardı. Son vaxtlar yalnız əlvan rəngdə geyinirəm. Daxilim ağ və qara rəngdədir. Göründüyüm kimi deyiləm. Daxilimin ağ olan tərəfi də olub, qapqara olan tərəfi də. İçim pianino notu kimi tez-tez dəyişir: ağ-qara, ağ-qara…

Cəvahir Səlimqızı

Fotolar: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR