• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Xalq artisti: “Özümə uyğun görmədiyim rolu oynamaqdan imtina edirəm” - FOTOLAR

Xalq artisti: “Özümə uyğun görmədiyim rolu oynamaqdan imtina edirəm” - FOTOLAR

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik doğum gününü qeyd edib.

Publika.az olaraq biz də sevilən aktyorumuzu həm təbrik etdik, həm də doğum gününün təəssüratlarını paylaşdıq. Öyrəndik ki, şəhidlərimizin itkisindən kədərlənən aktyor heç özünə düz-əməlli ad günü də keçirə bilməyib. Ürəyi qan ağlayan sənətkarımız günü bu gün də Qarabağa gedib əlinə silah almağa hazır olduğunu dedi.

Qeyd edək ki, Ramiz Məlik, Barat ("Almaz", Cəfər Cabbarlı), Leytenant ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Mikayılov ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Mayis ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev), Teymur ("Yastı təpə", Əkrəm Əylisli), Valter ("Yad adam", L. Frank), Arif ("İblis", Hüseyn Cavid), Jan ("Dəfn edilməmiş ölülər", J.P. Sartr), Toğrul ("Atabəylər", Nəriman Həsənzadə), Antoni ("Kölgələrin oyunu", Y. Edlis) və s. rollarda çıxış edib. Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin şəhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil), Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb. Eyni zamanda, milli kinomuzda, 100-ə yaxın filmdə bənzərsiz rollar yaradıb.

- Necə keçirdiniz ad gününüzü?

- Heç də yaxşı ovqatda deyiləm. Qarabağdan, cəbhə bölgəsindən gələn xəbərlər, əsgərlərimizin itkisi məni çox sarsıtdı. Bunları həzm eləmək çox çətindir. Buna görə də ad günümü, demək olar, keçirmədim. Elə ailə daxilində yığışdıq. Qızım xaricdən zəng elədi, Finlandiyada yaşayan qardaşım gəlib təbrik etdi.

- Ümumiyyətlə, təmtəraqlı ad günləri keçirməyi xoşlayırsınız?

- Yox, həmişə təmtəraqdan qaçmışam.

- Hədiyyələr aldınız?

- Hədiyyə-zad istəmirəm. Sevdiyim insanların təbriki, xoş sözləri, onlarla bir yerdə olmağım mənim üçün elə ən böyük hədiyyədir.

- İndiyədək ən yaddaqalan doğum günü hədiyyəniz nə olub bəs?

- Keçən il qız nəvəm dünyaya gəldi, mənə bundan böyük nə hədiyyə ola bilərdi? Sonra 70 illik yubileyimdə professor İlham Rəhimli mənim haqqımda “Sənətdə məliklik eşqi” adlı kitab yazdı, sentyabrda təqdimat mərasimi olacaq. Məlik bir neçə mənada səslənir - soyadım, sənətdə yüksəklik. Onu da deyim ki, ilk sənət müəllimim nəhəng sənətkarımız Məlik Dadaşov olub.

- 71 yaşınız tamam oldu, inanın ki, heç bu yaşı sizə vermək olmur… Ümumiyyətlə, 71 yaş sizə nə deyir, nəyi diktə edir? Sizin üçün “71”in anlamını bilmək maraqlı olardı…

- 70-i çıxaq, qalır bir yaş. Mən yaşımı birdən hesablayıram və indən belə nə qədər ömrüm qalıbsa, onları hesablayacağam. Hesab edirəm ki, bir yaşım tamam olub.

- Belə anladım ki, rəqəmlərin sizin üçün önəmi yoxdur. Yəni əsas keyfiyyətdir, kəmiyyət yox?

- Bəli, mənim üçün yaşın 60, 70, yaxud da 71 olmağının heç bir önəmi yoxdur. Rəqəmlər mənə maraqlı deyil.

- Yaxşı, onda sualı belə qoyaq - ən maraqlı yaşamınız həyatınızın hansı yaşına təsadüf edib?

- 1970-ci illər mənim həyatımın ən maraqlı və ən gözəl dövrünü əhatə edir. Həmin dövr həm sənətdə, həm cəmiyyətdə, həm də teatrın inkişafında rezonans dövrü idi. Akademik Milli Dram Teatrında qoyulan ən gözəl tamaşalar həmin dövrün məhsuludur.

- Bəs indi teatrda olan durum sizi qane edirmi? Ümumiyyətlə, sənətdə istədiyinizə nail ola bildinizmi?

- Həm mürəkkəb, həm də mücərrəd sualdır. Sənət aləmində çatışmazlıqlar var. Rejissuraya, dramaturgiyaya, yaxşı tərəf müqabillərinə ehtiyac var. Rejissura çox zəifdir. Buna görə də hansı tamaşa götürülürsə və mənə uyğun rol verilirsə, onu da oynayıram. Özümə uyğun görmədiyim rolu oynamaqdan imtina edirəm.

- Ürəyinizdə qalan, indiyədək oynamadığınız hansısa rol varmı ki, indi təəssüflə deyirsiniz: “Heyf, zaman keçdi, o rolu oynaya bilmədim”...

- Bəli, vaxt keçdi. Əgər vaxt keçməsəydi, 30 il bundan əvvəl olsaydı, Şekspirin “III Riçard” əsərində Riçardı oynayardım. Bu əsər indiyə qədər Azərbaycanda qoyulmayıb. Eşitdiyimə görə, rejissor Cənnət Səlimova o əsəri səhnələşdirmək istəyir. Riçard rolunda Şövqü Hüseynov çıxış edəcək. Çox istedadlı oğlandır, bilirəm ki, bu rolun öhdəsindən layiqincə gələcək.

- Bu gün yanınızda görmək istədiyiniz, amma görə bilmədiyiniz dostlar çoxdurmu?

- Hədsiz. Təəssüf ki, itkilərim çox olub. Hamlet Qurbanov, Hamlet Xanızadə, Vəfa Fətullayeva, Səməndər Rzayev, Mikayıl Mirzə, Telman Adıgözəlov… Yanıma baxıb o dostları görməyəndə çox pis oluram. O boşluğu indi dolduran yoxdur. Gedən gedir və heç vaxt geri qayıtmır. Ürəyimdə o insanların yeri həmişə doludur.

- Sizi nə darıxdırır, nədən sıxılırsınız? Ümumiyyətlə, kövrək insansınız?

- Torpaqlarımın işğal altında olması məni çox darıxdırır. Amma kövrək, pessimist insan deyiləm. Xaraktercə mübariz, güclü adamam. Heç vaxt da pessimist olmamışam. Düşmənə nifrət eləmişəm həmişə. Erməniyə nifrətim sonsuzdur.

- Ad gününüzdə özünüzə Tanrıdan nə arzulayırsınız?

- Can sağlığı. Doğmalarımın, əzizlərimin sağlığıdır. Bir də, torpaqlarımızın işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirəm.

Cəvahir Səlimqızı


P.S. Publika.az adından sevilən sənətkarımıza can sağlığı və sənətdə yaradıcılıq uğurları arzulayırıq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR