“Yazarlar arasında ən çox sevgi məktubu alan mən olmuşam” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Yazarlar arasında ən çox sevgi məktubu alan mən olmuşam” – FOTOLAR

Yazıçı-publisist Əkbər Qoşalı Publika.az-a müsahibə verərək uşaqlıq xatirələrini paylaşıb.

- Xaraktercə necə uşaq olmuşunuz?

- Xarakterdəki uşaqlıqdansa, uşaqlığın xarakterindən danışmaq daha yaxşıdır... Böyüməyə maraqlı bir uşaq olmuşam. Biz tərəflərin sözü ilə desəm, bir az da “quruçanaqlığ”ım olub - camaatın uşaqları işə-gücə yarayanda, mən kitab-dəftərlə əlləşmişəm, nə bilim, zamanımı futbola-filana ayırmışam. Əgər bu və bənzər olayları xarakterikləşdirmək mümkünsə, o zaman müsbətyönümlü bir özəlliyə sahib, səmimi, bəlkə, bir qədər də, sadəlöhv uşaq olmuşam.

- Adınızı kim qoyub?

- Anam adımı Səməd qoymaq istəyirmiş. Rəhmətlik nənəm Zeynəb namaz qılarkən işlətdiyi mübarək sözlərdən biri olaraq anamın xoşuna gəlib, könlünə yatıbmış. Mən anadan olan günün səhəri, tovuzlular demişkən, o başdan, atamın əmisioğlu - rəhmətlik Usuf baba bizə gəlir, həyat yoldaşı Banu mamamın gördüyü yuxudan söz açır. Atama üz tutaraq deyir: “A Mehdi, gejə arvadın yuxusuna bir ağsaçlı, işıqlı mələk gəlib, deyib, gedin onlara - yəni bizim ailəyə - deyin, uşağın adı Əkbərdir”. Bax, bununla da, Səməd söhbəti qavqarılıb, mənə Əkbər deməyə başlayıblar. Baxmayaraq ki, məndən öncə kəndimizdə Ələkbər adlı adam olub, Banu mamamın yuxusu dartışma yaratmayıb. Rəhmətlik Banu mamam biz tərəflərin ünlü kişilərindən Molla İsmayılın qızı idi. O da atamın əmisi övladı idi. İkitərəfli əmiövladı evi olduğundan Usuf babamın ailə-uşağı bizim ailəyə həmişə doğma, əziz olub. Rəhmətliklərin özlərinin ayrı bir doğmalıqları, əzizilikləri vardı. Üstəlik də, söhbətin içinə yuxu, mistik qüvvələr girincə, ad olayı qətiləşmiş olub.

- Görünüşcə necə idiniz: qızların diqqətini çəkirdinizmi?

- Nə cazibəli olmuşam, nə də nöydərəmət. "Nöydərəmət" mənim uşaqlığım keçən yerlərdə yöndəmsiz adama deyirlər... Hesab edirəm, diqqətdən, xüsusən də qızların diqqətindən yoxsul olmamışam. Yəqin, şeir yazmağım, dilli-dilavər olmağım, ən əsası, yaxşı oxumağım da bu işdə bəlli bir rol oynayıb... Hələ orta məktəbin 5-6-cı siniflərində oxuyarkən respublika miqyaslı mətbu orqanlara məktublar yazır, məqalə, şeir göndərirdim, radionun uşaq proqramının, habelə uşaq-gənclər qəzetlərinin viktorinalarında iştirak edirdim. Uşaqların ünlü Savalan babası radioda adımı çəkirdi, “Azərbaycan pioneri”ndə adım çıxırdı və s.. Elə başa düşürəm, bu yöndə çalışmalarım da, təbii bir diqqət haləsi yaradırdı.

- Necə qızları bəyənirdiniz?

- Səliqə-sahmanlı və yaxşı oxuyan qızlara biganə deyildim. İndi düşünürəm ki, pis oxuyan qızlar, demək olar, diqqət mərkəzimdə olmurdu. İlk məhəbbət, “Feysbuk üslubu” ilə desək, “qarmaşıq” olub... İlk həyəcan?! - bir Allah bilir, nə vaxt, harada həyəcana yoluxmuşam. Olsun ki, bu ən azından, ilk sevgi məktubu aldığım ana təsadüf edir - deyəsən, 8-ci sinifdə oxuyurdum.

- Sevgi məktubları alırdınız?

- Baxmayaraq ki, sevgi məktublarım geniş olurdu, bu barədə geniş danışa bilməyəcəm... Daha doğrusu, geniş danışmağı doğru bulmuram. Heç şübhəsiz, kiminlə yazışdığını demək bir qüsur sayılardı. Rəhmətlik Hamlet Kazımoğlunun bir şeiri var, deyir:

Həyat gözəl olur, sirli olanda,

Ağac sirri, torpaq sirri, su sirri.

Bir də bizim aramızda bir sirr var,

Mən açmaram, sən açmazsan bu sirri...

Bizim dövrümüzdə sosial şəbəkə də, tel-mesaj da qara qələmlə ağ kağızın qardaşlığından keçirdi... Oxuyurdun, qayıdıb bir də oxuyurdun, sonra ən etibarlı yerdə gizlədirdin... Yazdığın məktubu isə, sanki birnəfəsə yazır və göndərməmişdən öncə oxumağa cəsarət eləmirdin. Yazılanı bir də, bir də oxumaq, yazdığını bir dəfə də oxumamaq ayrı bir gözəllikdi...

Sizdən nə gizlədim, Azərbaycan yazarları arasında ən çox sevgi məktubu almışların reytinq cədvəli tutulsa... illah da liderlərdən biri ollam...

- Kompleksləriniz vardımı?

- Əlbəttə, uşaqlıq illərinin özünəməxsus yan-yönü, kompleksi olmamış deyildi... Xatırladığım qədəri ilə, xətrimə dəyən olanda, bunun təsiririndən “operativ çıxış yolu” tapa bilmirdim və ağır keçirirdim - illah da əvəz çıxmaq ehtiyacı duyurdum və ancaq əvəzçıxma əməliyyatından sonra özümə gəlirdim. Bu da, üzücü bir şeydir - yəqin, elə buna görə də adı üstündə kompleksmiş... Bir də, uzun küsülülüklərimiz olurdu - indi yadıma düşür - necə də hövsələmiz çatırmış..!

- Uşaqlıqda ən yaddaqalan əhvalatı, bəlkə, bizə danışasınız...

- Ən yaddaqalan əhvalat, ən çox özümü qınadığım əhvalatdır bəlkə... Ən yaddaqalan əhvalatlardan biri, yeni dərs ilində təzə kostyumum olmadığı üçün atama verdiyim saysız-hesabsız suallarla bağlıdır. İllərdən 1985, günlərdən avqustun son günü..! Gözləmişəm, gözləmişəm, təzə paltar alınmayıb - di, gəl, bu “dərd”ə döz, görüm, necə dözürsən..? Tay-tuşların təptəzə paltarda, sən isə onlardan yaxşı oxuduğun halda onlardan pis - yəni köhnə paltarda getməlisən yeni dərs ilinə..! Ağıl alarmı?!. Atamla ikimiz idik - hansısa iş üçün, deyəsən, ağac materialı gətirməkçün meşəyə getmişdik. Mısmırığımı sallamyıb durmuşdum. Nəhayət, özümü toparladım, söhbətin üstünə gəldim, öz ağlımla, söhbəti hazırladım, hazırladım və qəfil “hücuma” keçdim: “Mənə niyə təzə paltar almamısan?!”. Atam ha əsaslandırmağa çalışdı, “a bala, bu gün olmasın, sabah olsun, dünya ha dağılmayıb, vaxt olmayıb, rayona getməyə”-filan. “Kostyum vəd etməyən” belə sözlər məni razı sala bilərdimi? Döndüm bir də, suallara başladım, bir də, bir də... Bir xeyli “müdafiə cavabları”ndan sonra atam daha cavab vermədi. Allah məni öldürməsin - bəlkə də, cavab verəmmədi... Bir də, bir selləmə yağış başladı, çevrədə ancaq su görünürdü, ancaq su... Birtəhər yekə fıstıq ağacının altına sığınıb, yağışın kəsməyini gözlədik. Yağış kəsdi bir müddət sonra, amma mənim göz yaşlarım, hıçqırıqlarım kəsməmişdi... Birtəhər gəlib evə çıxdıq. Bir müddət daha küsülü-fason hərləndim. Atama elədiyim o uşaqlıq cahilliyi üçün bu gün də utanıram... Ondan sonra neçə kostuyumlar geyildi-cırıldı ancaq o uşaqlıq cahilliyin verdiyi hirsin utancaqlığından bu gün də sıxıntı keçirirəm... Sizə deyim ki, o uzaq illərin yaddaş yaxınlığını özüm ata olanda, övladımın istəklərini vaxtında qarşılaya bilməyəndə çox, amma çox dərindən təzələdim, min üzüldüm... Keçmiş olsun!

- Uşaqlıqda oğurluq etmisinizmı?

- Oğurluq olmamış sayıla bilər... Yəni olubsa da, ufaq-təfək bir şeylər olub ki, yaddaşım hayıma gəlmir...

- Maraqlıdır, necə şagird olmusunuz?

- Mən bütün fənləri bacardığım qədər yaxşı oxuyan şagird olmuşam. İndiki kimi qrup fənlərlə deyil, bütün fənlərlə ciddi məşğul olmuşam. Təsəvvür edin, orta məktəbdən rayon olimpiadasına riyaziyyat, fizika, ədəbiyyat, tarix kimi bir xeyli fənlər üzrə məhz mənim namizədliyim ön plana çıxırdı. Müəllimlərim, sağ olsunlar, mənə güvənirdilər. Yenə orta məktəbdə öyrəndiyimiz səviyyədəki deyilişlə, dialektikanın “imkan və gerçəklik” qanunundan çıxış edərək yalnız bir fənn üzrə gedəsi olurdum, o da riyaziyyat olurdu. Riyaziyyat üzrə mənim yaşımda nəinki bizim dağ zonasında, bütövlükdə rayon üzrə ilk üç isimdən biri məndim. O biri “rəqiblər”lə də olimpiadalarda tez-tez rastlaşdığımdan adları bu gün də xatirimdədir: Asif Nağıyev və Xatirə - soyadını xatırlamıram.

- Nəçi olmaq istəyirdiniz?

- Uzun sözün qısası, ali məktəbə dəqiq elmlər üzrə hazırlaşdığımdan, riyaziyyat müəllimi, mühəndis kimi ixtisasları düşünmüşəm, deyəsən. İş elə gətirdi, mühəndis ixtisasına yiyələndim, sonralar öz oxuduğum ali məktəbdə dərs deməyə dəvət aldım. Ancaq artıq gec idi - mən yaxamı ədəbi-ictimai və siyasi mühitə tanıtmışdım və “qırmızı diplom”lu mühəndislik yalnız bir xatirə idi. Baxmayaraq ki, uşaqlıq arzularım, hansısa mənada, yerinə gəlmiş olardı: həm mühəndis, həm müəllim. Nə isə... Sonra keçmiş adı ilə desək, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna ikinci ali təhsilə qəbul oldum. Bu institut rəsmi qərarla Dövlət İdarəçilik Akademiyasına çevrildi və bizim kurs Akademiya məzunu oldu. Necə ki, 1990-cı ildə qəbul olduğum Politexnik İnstitutu dönüb Texniki Universitet olmuşdu... Ayağım düşərli olub yəqin...

- Kumiriniz, hobbiniz vardımı?

- Elə başa düşürəm, kumirpərəst olmamışam... Hobbiyə gəldikdə isə, kitabxanaya getmək, kitab mübadiləsində bulunmaq, bir sözlə, kitab olayı deyim... Bu gün yaşadığım ərazidə, bəlkə, ümumən respublikada ən zəngin şəxsi kitabxanaya malik olanlardan biri mən olaram. Üstəlik, özüm neçə kitab tərtib etmiş, neçə kitab yazmışam, neçəsinin redaktoru, ideya müəllifi olmuşam... Hobbi zaman keçdikcə həyat tərzinə çevrilirmiş. Futbol izləmək, yeri gələndə oynamaq da hobbi silsiləsində qeyd edilə bilər. Övladlarımın üçü də futbol azarkeşidir, ortancıl övladım Tural isə əla futbol oynayır. İstər məhəllədə, istər məktəbdə, istərsə də, hər il qatıldığı şagird düşərgələrində hər kəs onu öz komandasında görmək istəyir. Hətta bu ilki düşərgədə ona ad da yaraşdırıblar.

Cəvahir Səlimqızı

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm