• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Aygün Bayramova: “Yaş heç yadıma da düşmür” – MÜSAHİBƏ - FOTOLAR-VİDEO

Aygün Bayramova: “Yaş heç yadıma da düşmür” – MÜSAHİBƏ -  FOTOLAR-VİDEO

Bu gün xalq artisti, operamızın ən gözəl Leylisi, sevilən xanəndə Aygün Bayramovanın doğum günüdür. Biz də Aygün xanımı təbrik etdik, doğum günü təəssüratlarını paylaşdıq. Müsahibə verməyi heç sevməyən sənətçi bizi qırmadı…

“Təmtəraqdan uzaq insanam”

- Təbrik edirik, doğum günündə hansı əhval-ruhiyyədəsiniz?

- Həmişəki kimi. Səhər 9-un yarısında yuxudan oyanmışam. Telefonum susmur, durmadan təbriklər alıram. Sosial şəbəkədə təbriklərin ardı-arası kəsilmir. Hər kəs mənə xoş sözlər yazır, təbrik edirlər.

- Qeyd edəcəksiniz ad gününüzü? Ümumiyyətlə, təmtəraqlı ad günləri keçirməyi xoşlayırsınız?

- Qətiyyən. Heç vaxt təmtəraqlı ad günü keçirməmişəm. Təmtəraqdan uzaq insanam. Xoşlamıram insanları əziyyətə salım, gəlsinlər, ətrafıma yığışsınlar, mənə görə əziyyətə düşsünlər. Elə ad günümdə zəng edib iki kəlmə xoş söz söyləsinlər, bu mənə yetər.

“Mənim üçün bundan dəyərli hədiyyə yoxdur”

- Yəni hədiyyə xoşlamırsınız?

- Hədiyyəni kim xoşlamır ki. Hədiyyə gözəl şeydir. Demirəm ki, hədiyyə versələr almaram, yox. Əslində, hədiyyə verməyi də çox xoşlayıram, almağı da. Amma tam səmimi deyirəm ki, mənə ürəkdən deyilən iki kəlmə xoş söz daha önəmlidir. Ürəkdən gələn xoş sözə çox böyük dəyər verirəm. Dünyada mənim üçün ürəkdən gələn sözdən dəyərli hədiyyə yoxdur.

- Sənət dostlarından kimlər təbrik etdi bəs?

- Səhərdən mesaj yazırlar, zəng edirlər, yəqin ki, gecə saat 12-yədək bu davam edəcək.

“Yalnız onda özümə ad günü keçirəcəyəm”

- İndiyədək ən yaddaqalan ad günün neçə yaşına təsadüf edir?

- Ömrümdə iki dəfə ad günü keçirmişəm, onu da dostlarımın, rəfiqələrimin təkidindən sonra. Ən yaddaqalan ad günüm isə orta məktəbdə oxuduğum illərə təsadüf edir. Evdə mənim üçün təmtəraqlı bir ad günü keçirmişdilər. Qohum-əqrəba daxil olmaqla azı 50 nəfər toplanmışdı. Çoxlu hədiyyələr gətirmişdilər. Ağdamda keçirdiyimiz həmin ad günü mənim üçün çox yaddaqalan və əziz oldu. Söz verirəm, inşallah, işğal olunmuş torpaqlarımız azad olunsun, mən doğma Ağdam torpağında özümə ad günü keçirəcəyəm.

“Hər yaşın öz gözəlliyi var”

- Soruşmayacağam, neçə yaşınız tamam oldu, amma mənə çox maraqlıdır, rəqəmlərin sizin üçün əhəmiyyəti varmı?

- Qətiyyən. Rəqəmlər heç bir önəm daşımır. Əsas odur ki, bu ömrü necə yaşayırsan. Bir rəfiqəm bu yaxınlarda mənə dedi ki, yaş üstünə yaş gəlir… Amma mən ona dedim ki, yaxşı yadıma saldın, yaş heç mənim yadıma da düşmür. Doğrudan e, hətta bəzi vaxtlar olub, ad günümü təbrik ediblər, onda bilmişəm ki, həmin gün ad günümdür. Hər yaşın öz gözəlliyi var.

“Xasiyyətimi dəyişən deyiləm”

- Şir bürcündə dünyaya gəlmisən? Bürcün əlamətlərini özündə hiss edirsən?

- Əlbəttə, qürurlu, şəxsiyyətini qoruyan, özünə dəyər verən, hər zaman insanlardan hörmət görən biriyəm. Necə varamsa, elə də qalacağam, xasiyyətimi də dəyişən deyiləm.

- Amma hər insanın xoşuna gələn və gəlməyən xüsusiyyətləri olur və bəyənmədiyi cəhətləri silib atmaq istəyir…

- Razıyam səninlə. Hər kəsin xoşuna gələn və xoşuna gəlməyən xasiyyətləri var. Əvvəllər bir insandan hansısa sözü eşidib əsəbiləşə bilərdim. Amma zaman keçdi, artıq dəyişdim. Artıq həmin sözə məhəl qoymuram. Mənim üçün dəyərli olan başqa şeylərdir.

“Ağ atlı oğlan-zad yoxdur, yalan söhbətdir”

- Bayaqdan istəyirəm bir şəxsi sual verim, amma sizi belə bir şad gündə əsəbiləşdirmək istəmirəm…

- Bilirsən axı, şəxsi sualları cavablandırmıram. Şəxsi həyat mənim özümə məxsusdur.

- Yaxşı onda heç olmasa, deyin görək, özəl təbrik oldumu, yaxud, olacaqmı?

- Dostlarımın, rəfiqələrimin təbriki elə mənim üçün özəl təbrikdir də. Mən onların hamısını yüksək dəyərləndirirəm.

- Mən başqa şey nəzərdə tuturam e… Belə gözəl xanımın yaraşıqlı bir bəy tərəfindən təbrikini nəzərdə tuturam…

- Bəlkə də, olacaq, niyə də olmasın…

- Ağ atlı oğlan tərəfindən?

- Ay qız, ağ atlı oğlan-zad yoxdur, yalan söhbətdir.

- Arzularını bilmək maraqlı olardı…

- Arzum Qarabağ torpağının işğaldan azad olunması və torpağımıza qayıtmaqdır.

- Bu hamımızın arzusudur. Bəs şəxsi arzularınız?

- Arzular o qədərdir ki… Hansı birini deyim.

Publika.az operamızın Leylisini ürəkdən təbrik edir və ona şəxsi həyatında və sənətində yaradıcılıq uğurları arzulayırıq.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR