Ömrüm boyu mənə sahib çıxacaq kişi axtarmışam - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Ömrüm boyu mənə sahib çıxacaq kişi axtarmışam - FOTOLAR

Atası ilə, sadəcə, bir dəfə qarşılaşdı. 17 yaşındaydı. Ömrü boyu ona sahib çıxacaq kişini axtardı. Tapdı və evləndi. Yaxında da ana olacaq. "Kavak Yelleri"ndən sonra "Muhteşem Yüzyıl" serialı ilə daha da məşhurlaşan Pelin Karahan ərəb dünyasında ən çox bəyənilən aktrisalar sıyahısına da düşməyə müvəffəq oldu.

Publika.az məşhur aktrisanın Türkiyə mətbuatına verdiyi müsahibəni təqdim edir:

- Kənardan sizə baxanda "şirin qız" təsiri bağışlayırsınız. Bu bir imicdir?

- Fiziki quruluşumun təsirindən ola bilər. Üz cizgilərim və uşaq görünüşüm...

- Yəni elə deyilsiniz?

- Göründüyüm kimiyəm. Nə uşaqlıqda, nə də bu yaşımda çılğın hərəkətlərim olmayıb.

- 30 yaşınız oldu. 30 yaş bir çox qadın kimi sizi də dəyişdirdimi?

- Bəli. Düşüncələrim, həyata baxışım əvvəllər çox fərqli idi. Artıq nə istədiyimi daha yaxşı bilirəm. Xəyalpərəstliyim qətiyyətlə əvəzlənib. Daha sağlam, daha əmin və daha hüzurluyam.

- İki ay əvvəl ailə həyatı qurdunuz. Hamilə qaldınız, amma bu tələsik baş tutan toyun səbəblərini heç açıqlamadınız. Gəlin bir az aydınlaşdıraq. Həyat yoldaşınız Bədri bəylə necə tanış oldunuz?

- Eyni idman mərkəzinə gedirdik. Boyuma baxmayın siz, amma orada voleybol oynayırdıq. Çox sərt oynayırdım. Özümü yerə atmaqdan dizlərim göyərmişdi. Dostlarım həmişə “özünə bir dizlik al” deyirdilər. Bu danışıqları da Bədri bəy eşidib və mobil nömrəmi tapıb. Bir gün "Dizliklərin məndədir" deyə mesaj yazdı. O istəsə, məni yeməyə aparardı və ya bahalı bir hədiyyə də ala bilərdi. Amma həqiqətən, mənim canımın ağrımasını istəmirdi və buradan başlamağa qərar verdi. Ancaq bunun planlı və ya plansız olduğunu da bilmirəm.

Mənə çox sahib çıxdı

“Mətbəxdə işləməyi və xüsusilə şirniyyat bişirməyi çox sevirəm. 10 il sonra özümə tort mağazası açacağam. Bundan başqa, geyşa tabloları da hazırlayıram. Yaxında sərgi xəbərimi eşidə bilərsiniz”

- İlk görüşdə eşqə düşdünüz?

- Xeyr. Mən Bədrini tanıdıqca sevdim. Əgər yemək təklifini qəbul etməsəydim, bəlkə də, onu heç tanımayacaqdım. Düzdür, ilk öncə "işim var, çəkilişim var" deyə yola verdim, amma o da məndən vaz keçmədi.

- Bəs belə qəfil toy etməyinizə səbəb nə idi?

- Mənə çox sahib çıxdı. Anamla böyümüşəm. Hər zaman öz pulumu qazanıb ailəmə dəstək oldum. İndiyə qədər heç bir kişi əlimdən tutub "rahat yaşa" demədi. Ancaq Bədri onu etdi. Sadəcə, maddi baxımdan deyil, həm də mənəvi cəhətdən mənə dəstək oldu. İlk dəfə həyatımda hər şeyi mənim əvəzimdən düşünən biri var idi.

Övladımın adi Əli Dəmir olacaq

- Dizlik bəhanəsi ilə həyatınıza girən adamın evlilik təklifi də, yəqin, çox maraqlıdır...

- İlk dəfə şam yeməyinə getdiyimiz gün "Mən səninlə evlənəcəyəm" dedi. Sadəcə güldüm. Həyatımda heç kim yox idi, tək idim, amma çox xoşbəxt idim. Heç kimlə bir münasibət qurmaq istəmirdim. Ancaq 3 gün sonra sevgili olduq. Təxmini 40 gün sonra iş səfəri üçün xaricə getmişdi. O səfərdən təcili olaraq üzüklə geri qayıtdı. Niyə bilmirəm, amma "Yox" deyə bilmədim. Həm də ki onunla hər şeyi bölüşə bilirdim. Özümü çox xoşbəxt hiss edirdim. Bir az ani evlilik oldu, fərqindəyəm. Ancaq bu sevinci tapmışkən qaçırmaq istəmədim.

- Həyat yoldaşınız nə işlə məşğuldur?

- Təhlükəsizlik xidmətləri ilə bağlı şirkətləri var.

- Dördaylıq hamiləsiniz, amma cəmi iki aydır ki, ailə həyatı qurubsunuz. "Hamilə olduğuna görə evləndi" xəbərləri yayıldı. Bu toyun bir səbəbi də uşaqdır?

- Evlilik təklifini əvvəlcədən almışdım. Qarşımda aşiq olduğum və mənə aşiq olan bir insan var idi. Sadəcə, bir az gəzib özümüzə vaxt ayırmaq üçün bir il gözləməyə qərar vermişdik. Ancaq bir eşqin meyvəsi olan övladımızın varlığından xəbər tutduq. Ailə həyatı qurmaq üçün də heç bir əngəl yox idi. Niyə vaz keçməli idim? Ən təbii haqqım idi və evləndim.

- Övladınızın cinsiyyəti bəlli olub?

- Bəli, oğlandır. Adı Əli Dəmir olacaq. Əli adını çox sevirdim. Sonra Dəmir adını da seçdik və ikisini birdən işlədəcəyik.

Kursa təqaüdlə gedə bildim

- Bir az keçmişdən bəhs edək. Valideynləriniz siz 8 aylıq olarkən ayrılıb. Siz ananızla böyümüsünüz. İki qadının həyat mübarizəsi çətin oldu?

- Anam atasız böyüməyimə baxmayaraq, məni sərbəst buraxdı. Bir-birimizin dərd ortağı olduq. Daha sonra anam ikinci dəfə ailə həyatı qurdu. Bir bacım dünyaya gəldi. 10 il əvvəl boşanmış insanlara münasibət fərqli idi. Bir müddət İzmirdə qəsəbədə yaşayırdıq. Orada qadınlara, uşaqlara yazıq, bacarıqsız, sahibsiz kimi yanaşılan bir düşüncə hakim idi. Anam uzun müddət memar kimi işləməyə davam etdi. Ancaq çox maddi çətinliklər gördük. Orta məktəbdə kursa hazırlığa gedə bilmədim. Çox yaxşı oxuduğuma görə müəllimlərim mənə təqaüd verdi və o pulla kursa getdim.

- Atanızın yoxluğunu hiss etdinizmi?

- Tanımadığım və bilmədiyim bir hiss olduğuna görə uşaqkən belə şeylər düşünmürdüm. Heç vaxt onun yoxluğunu hiss etmədim. Ancaq yaşım artdıqca hiss etməyə başladım.

- Bəs bütün bunlar baş verərkən atanız harada idi?

- Həyatımda yalnız bir dəfə, 17 yaşımda atamı gördüm. Daha sonra heç görmədim. Anamın istəyi ilə sadəcə bir dəfə birlikdə yeməyə getdik.

Hər zaman ailə qurmaq istəyirdim

- O əskikliyi daxilən hiss edirsiniz?

- Bəli. Universitetə qəbul olduğum il idi. Biz hər şeyi anamla birlikdə etdik. Bir ağladıq, bir güldük. Hər şey tam yerində oturduqdan sonra bir adam gəlib "Mən də varam" deyir. Bağışlasın, amma onda "Biz yoxuq".

- Siz məşhur olduqdan sonra atanızın fotolarını qəzetlərdə görməyə başladıq. Hətta xəbərlədə ananızın sizi atanıza göstərməmək üçün bir şəhərdən başqa şəhərə qaçırdığı deyildi.

- Mənim harada yaşadığım, harada oxuduğum açıq şəkildə hər kəsə bəlli idi.

- Atanızın yoxluğu və başınıza gələnlər sizdə kişilərə qarşı inamsızlıq yaratdımı?

- Əksinə. Həyatım boyu mənə sahib çıxacaq kişini axtardım. Onu tapdığım anda da itirmək istəmədim. Uşaqlıqdan bu yana hər zaman ailə qurmaq istəmişəm.

Böyük göydələnlərin yanında dayanıb ağladım

- Əskişəhərdə turizm fakültəsində təhsil alırdınız. Sonra anidən "Kavak Yelleri" serialında baş rolu ifa etməyə başladınız. Daha sonra sorğularda ilin ən yaxşı qadın aktrisası seçildiniz. Birdən-birə bu nöqtəyə necə gəldiniz?

- Universiteti bitirdikdən sonra İstanbula gəldim. Nə qalmağa yerim, nə də pulum var idi. O gün Maslakdakı göydələnlərin yanında dayanıb ağladım. Bir tanışımızın yanında yaşamağa başladım. Qələm ətək, hündürdaban ayaqqabı və sənədlər... Ən sevdiyim şeylər idi.

- Sonra?

- Sonra reklam filmlərinin çəkilişinə getməyə qərar verdim. Elə orada da "Kavak Yelleri" serialının çəkilişi var idi. Mən bir qərar verməli idim. Pul yığmalı idim.

- Hər şey belə asan idi?

- Heç bir iş asan deyil. "Kavak Yelləri" beş il davam etdi. O müddətdə dayanmadan işlədim. Bəzən canlandırdığım obrazların təsirinə qapılmaqdan psixologiyam pozulurdu. Psixoloqa müraciət etdim. Hər kəs mənə "Əsli" deyə müraciət edirdi. Təəccüb içində idim. Əslində, mən kimdim? Daha sonra "Muhteşem Yüzyıl" serialına başladım.

- Siyasətlə aranız necədir?

- Çox uzaq.

- Gələcəyə ümidlisinizmi?

- Bu dünyaya bir övlad gətirəcəyəm. Ümidsiz olsam, vay halıma.

Çevirdi: Aysu Ağayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm