• USD 1,7020 0,00% EUR 1,9062 0,00%
    • GBP 2,1922 0,00% RUB 0,0300 0,00%

İlkin Həsənini döydülər – FOTOLAR, VİDEO

İlkin Həsənini döydülər – FOTOLAR, VİDEO

Məşhur aparıcı, hər kəsin sevimlisi İlkin Həsəni Publika.az-a uşaqlıq xatirələrindən danışır…

- Adını kim qoyub?

- Ailəmiz dörd nəfərdən ibarətdir. İlk övlad olduğumdan atam adımı İlkin qoyub. Məndən iki yaş balaca bacım var, ad günümüz eyni vaxta təsadüf edir. Bir bacım qızı var, onunla nəfəs alıram, dünyalar qədər sevirəm onu. Bacımla ad günümüzün eyni vaxta təsadüf etməsi çox maraqlı idi. Eyni vaxtda ikimizə də ad günü keçirilirdi. Qohumlar yığışırdı, hədiyyələr gətirirdilər. Onların gözündən oğurlanıb o biri otağa keçirdik ki, görək bizə hansı hədiyyələri gətiriblər.

- Xasiyyətcə necə uşaq idin?

- Orta məktəbə gedənə qədər çox nadinc uşaq olmuşam. Amma orta məktəbdə artıq bir balaca dəyişdim. Rus bölməsində təhsil alırdım və bu da mənə böyük təsir göstərdi. Demək olar ki, həmin o əvvəlki şıltaqlığım bir az sakitləşdi. Oldum sakit, dərs oxuyan, amma bəzən gündəliyində qiymətlərini düzəldən, bəzən də səhifələrini cıran bir şagird – Qasani İlkin. Hətta müəlliməm Vera İliçna məni o qədər çox istəyirdi ki, hər ad günümdə mənə xüsusi hədiyyələr alırdı. Bax belə bir şagird idim...

1990-cı ildə orta məktəbə getdim. Atam məni seçim qarşısında qoydu: rus, yoxsa Azərbaycan məktəbini istəyirsən? Mən bağçaya rus bölməsinə getdiyim üçün orta məktəbin də rus bölməsində oxumağa qərar verdim. Çünki bu, mənə daha rahat gəlirdi. Orta məktəbin son üç ilini Azərbaycan dilində oxumağa başladım. Məktəbi dəyişmişdim. Bu da mənə çox böyük çətinliklər yaratdı. Bununla belə, bu gün də həmin təhsilin xeyirli tərəflərini görürəm.

- Bəs xarici görünüşcə necə idin?

- Arada köhnə şəkillərimi paylaşıram. Lap uşaq yaşlarımda kök uşaq olmuşam, amma bağçaya gedəndə, orta məktəbdə oxuduğum vaxtlarda arıq olmuşam. Amma yenə də 7-8-ci sinifdən sonra təzədən başladım kökəlməyə, toppuş oldum. Sonradan normalarım vardı, başladım o normalara əməl etməyə. Yenə əvvəlki halıma qayıtdım. Ay kimsə gəlsin, toppuş-moppuş uşaq deyib məni oynatsın – bunlar bağçaya getmədiyim vaxtlara təsadüf edib. Anamın dediyinə görə, xalalarım, rəfiqələri, qohumları bizə gələndə həmişə “nə toppuş uşaqdır” deyib məni oynadırlarmış.

- Valideynlərin səni hansı peşədə görmək istəyirdi?

- Anam məni həmişə formada – hüquqşünas görmək istəyirdi. Elə mən də hüquqşünas olmaq fikrindəydim. Amma bir ilin içində fikrim dəyişdi. Atamın isə arzusu məni yaxşı bir iş sahibi kimi görmək idi. O bilmirdi ki, mən tez bir zamanda pul qazanacağam. Radioya gedəndə mənim 17 yaşım vardı, hələ 18 yaşım tamam olmamışdı.

- İlk maaşına nə almışdın?

- İlk maaşımı 18 yaşımda aldım – 100 dollar idi. Ayın ortasından işə başladığım üçün 50 dollar aldım, onda tələbəydim, ikinci kursda oxuyurdum. Fikirləşdim ki, 50 dollar mənə bəs edəcək. Onda “şirvan” deyirdik, dedim, pulun 10 “şirvan”ını cibimə xərclik qoyaram, yarısını anama verərəm. Bir hissəsinə də bazarlıq edərəm.

- Orta məktəbdə əlaçı idin?

- Yox, ən çox tarix fənnini sevirdim. Kimya, fizika, cəbr, həndəsədən zəhləm gedirdi. Cəbr-həndəsə müəlliməm aktyor Rafael İsgəndərovun anası idi. Yalvarırdım ki, istəyirəm attestat qiymətlərim yaxşı olsun, mənə “üç” verməyin.

- Yəqin, dərsdən qaçdığın vaxtlar da olub?

- Dərsdən qaçdığım vaxtlar da olub. Dərsdən qaçıb elə məktəb paltarında futbol oynamağa gedirdik, yaxud kompüter salonlarına. Orta məktəbdə oxuyanda müəyyən xüsusiyyətlərimlə diqqət çəkirdim. O vaxtlar şagirdlər arasında xüsusi titullar vardı, məsələn, sinfin şefi, məktəbin şefi. Bir neçə il ard-arda mən sinfin şefi sayıldım. Bununla da xüsusi diqqət çəkirdim özümə. Başqa sinfin qızları mənə maraq göstərirdilər. Müəlliməmizin qızı vardı, bir-birimizdən xoşumuz gəlirdi, məktəbdə kənardan-kənara bir-birimizə baxırdıq, qızların vasitəsilə məktublar göndərirdik. Söhbət altıncı-yeddinci sinifdə oxuduğum vaxtlardan gedir.

- İlk məhəbbət demək olar buna?

- Yox, ilk məhəbbətim müəlliməmin qızı deyildi. Elə həmin vaxtlarda bizimlə paralel sinifdə oxuyan bir qıza vurulmuşdum. İlk məhəbbətim o qız olub. Orta məktəbi qurtaranadək o qız, bir dəfə də olsun, mənə tərəf baxmadı. Elə uzaqdan-uzağa o qızdan xoşum gəlirdi. Ona mesajlar yazırdım. Bir gün dedi ki, axırıncı dəfə sənə xəbərdarlıq edirəm, mənə mesaj yazma. Mən də öz işimdəydim, mesaj yazmaqda davam edirdim. Bir gün gördüm, bir dəstə oğlan əllərində taxta-şalban məni döyməyə gəlib. Tək idim, məni döydülər, üst-başımı cırıq-cırıq etdilər. Səhəri gün həmin oğlanları bir-bir evlərindən çıxarıb cavablarını verdik. O qızı da elə unutdum getdi.

- Hobbin vardı?

- Hobbilərim də olub uşaqlıqda. Orta məktəbdə oxuyanda marka yığırdım. Böyük bir albomum vardı, marka doluydu. Atam da bu işdə mənə kömək edirdi. Getdiyi yerlərdə rastlaşdığı markaları yığıb mənə gətirirdi və kolleksiyam böyüyürdü. Onların içərisində xarici dövlətlərə məxsus markalar da çox idi. Bu kolleksiya ilə çox öyünürdüm. Hətta evimizə gələn qonaqlara o marka albomumu göstərib qürrələnirdim. Deyirdim, baxın görün nə qədər markalarım var. Və bir-bir o markaların hansı ölkəyə məxsus olduğunu, mahiyyətini izah edirdim. Həmin vaxt marka satılırdı və mən onların bəzilərini pulla alırdım. Jurnal kimi qalın bir kitab idi, içini markalarla doldurmuşdum. Heyif ki, o kolleksiyanı saxlamadım, kiməsə verdim, deyəsən.

- Bəzi uşaqlar ev heyvanları saxlamağı xoşlayır. Belə əyləncən vardı?

- Orta məktəbdə oxuyanda tutuquşu, balıq saxlayırdım. Şərq bazarında əvvəllər heyvanlar üçün bir mağaza vardı, orda cürbəcür heyvanlar, heyvanlar üçün yem satırdılar. Hər bazar ora gedib heyvanlarım üçün yem alırdım. Bax belə maraqlı hobbilərim olub.

- Geyimin, saç düzümün fərqlənirdi yaşıdlarından?

- Geyimlərim də fərqlənirdi yaşıdlarımın arasında. O vaxtlar bizim film qəhrəmanlarımız vardı, məsələn, Silvestr Stalonne, Jan Klod Van Dam, tez-tez şəhərdə gedib onların rol aldığı filmlərə baxırdıq. Və həmin filmlərdə gördüyümüz sevimli aktyorlarımızın saç düzümünə baxıb elə görünmək istəyirdik. Saç bərbərimizin yanına gedəndə deyirdim ki, bax Van Damın axırıncı filmində saç düzümü var ha, mənim də saçımı elə düzəlt. Məsələn, “polboks” deyirdilər, başın yanları qırxılırdı, ortası qalırdı. Geyimlərimizi də sevdiyimiz qəhrəmanların geyiminə bənzədirdik.

- Yəqin, qız üstə də davalarınız olub?

- Cox olub. İstər orta məktəb, istərsə də tələbəlik illərində. Qrupumuzun qızlarından birinə kimsə söz atıb, dava salmışıq. Elə vaxt olub, onlar çox olub məni döyüblər. Səhəri gün biz onları əzişdirmişik. Dəliqanlı dövrümüzdə olub belə şeylər. Amma özüm qız üstə yox, haqsızlıq üstündə kimisə döymüşəm.

- Ən acı uşaqlıq xatirəsini, bəlkə, bizimlə bölüşəsən?

- Atamın bir taksisi vardı, çörək pulumuz o taksidən çıxırdı. İndi danışıram, gözlərim dolur. Bir dəfə atam evə gələndə gördük ki, üst-başı qan içindədir. Başladım bacımla ağlamağa. Məktəbin birinci sinfində oxuyardım onda. O danışır, biz ağlayırıq. Sonra öyrəndik ki, maşınını əlindən alıblar, davada onu bıçaqlamışdılar. O hadisə mənim uşaqlıq hafizəmdə çox acı iz buraxıb.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR