Akif İslamzadə: “Azərbaycan televiziyaları qeybət edir” - Müsahibə
Bizi izləyin

Tabloid.az

Akif İslamzadə: “Azərbaycan televiziyaları qeybət edir” - Müsahibə

Elə sənətkarlar var ki, onun bircə ifası tarixdə qalmaq üçün bəs edir. Məsələn, Akif İslamzadə “Alagözlüm”dən sonra heç nə oxumasaydı belə, yenə də əfsanə olacaqdı. Amma nədənsə son vaxtlar sənətkar, demək olar ki, müsahibə vermir, efirlərə isə ümumiyyətlə çıxmır. Akif İslamzadə Publika.az-a müsahibəsində özü hər şeyə aydınlıq gətirib.

- Akif müəllim, necəsiniz?

- Şükür Allaha, yaxşıyam, təşəkkür edirəm.

- Yəqin ki, xəbəriniz var, Ağadadaş Ağayev sizin ilk ifaçısı olduğunuz “Alagözlüm” mahnısını ifa edib. İlk ifaçı kimi sizin fikirləriniz maraqlıdır.

- Bilirsiniz necədir, mahnı müğənninin şəxsi mülkiyyəti deyil. Mən özüm də istəmişəm ki, bu mahnını daha çox ifaçı oxusun. Bəstəkarın varisləri nəsə deyə bilərlər. Amma müğənni kimdir ki, durub desin “mənim mahnımı oxuma”. Belə deyənləri də başa düşmürəm. Mən Azərbaycan televiziyasına baxmadığıma görə heç bilmirəm nə vaxt oxuyub. Siz birinci dəfədir eşidirsiniz?

- Mən onun ifasında ilk dəfə eşitdim...

- Mən eşitməmişəm...

- İstirahət edə bildinizmi?

- Belə də. Deyəsən, mahnı bərk tutub sizi, xoşunuza gəlib.

- Aranjiman fərqli idi. Amma bu mahnının sizinlə sevildiyi faktdır.

- Sizə bir şey deyim. Hər mahnının ruhu var. Çünki onun arxasında bəstəkar durur. Xalq mahnısını da kollektiv yazmayıb ki, kimsə bir nəfər yazıb. Hər mahnının arxasında insan durduğuna görə mahnıya da hisslərini, ruhunu verib. Əgər o ruhu tuta bildinsə, mahnı sənindir. Tuta bilmədinsə, kim gəlir-gəlsin, kim olur-olsun, xeyri yoxdur. Özü də o “Neyləyim” mahnısı 3-4 notun üstündədir. Özüm də təəccüblənirəm ki, bu mahnı necə sevilir.

- “Alagözlüm”ü deyirsiniz?

- Hə, o mahnının əsl adı “Neyləyim”dir. “Alagözlüm” xalq arasındakı adıdır.

- Gənc ifaçılardan kimləri dinləyirsiniz?

- Bilirsiniz, necə qulaq asıram? Zövqünə inandığım adamlar zəng edirlər ki, bir cavan oxuyur, qulaq as ona. Azərbaycan televiziyasına baxmıram, qulaq asmıram. Mən belə düşünürəm ki, qeybətə qulaq asmaq qeybət eləmək kimi bir şeydir.

- Yəni şəriət baxımından deyirsiniz?

- Tək şəriət baxımından yox, mənəviyyat, insanlıq baxımından da düz deyil. Qanımın qaralmasındansa, baxmaram da.

- Yəqin, buna görə efirlərə getmirsiniz.

- İki ildən artıqdır ki, efirə getmirəm.

- Təbii ki, dəvətlər olur.

- Dəvətlər olur, getmirəm.

- Bu yaxınlarda ad gününüz oldu, yenə efirlərdə olmadınız. Ola bilməz ki, bu qədər kanalda bir normal veriliş olmasın. Məncə, sizdə bir küskünlük var...

- Heç bir küskünlük yoxdur. Küskünlük o barədədir ki, yalnız canlı yayına çıxa bilərəm. Sual verirlər, cavab verirsən, götürüb ora-burasını elə kəsirlər ki, verilişə baxanda özün başa düşmürsən ki, nə demisən.

İntiqam Valehoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm