Halal turizm nə deməkdir?
Bizi izləyin

Tabloid.az

Halal turizm nə deməkdir?

Son illərdə halal otellərin sayı sürətlə artır.

Publika.az-ın türk mediasına istinadən məlumatına görə, Ərdoğan ilk dəfə hakimiyyətə gələndə Türkiyədə cəmi 5 belə otel var imiş.

Türkiyə Turizm Nazirliyində belə otellərin sayına dair rəqəmlər yoxdur, lakin müstəsna olaraq yalnız halal mehmanxanalara xidmət göstərən bir şirkətin baş direktoru Ömer Solmaz deyir ki, indi təxminən 50 halal otel fəaliyyət göstərir. Orda hər il əksəriyyəti yerli olan 5 milyon turist istirahət edir.

Adenya otelinin sahibi İlknur Tataroğlu da deyir ki, qonaqlarının əksəriyyəti yerlidir, lakin Ərəb ölkələrindən, Avropadan, Asiya və Karib körfəzindən gələnlər də az deyil.

Müsəlmanların qlobal sayının 1, 6 milyard olduğu nəzərə alınarsa, halal otel bazarı demək olar işlənməyib. Türkiyə, Malayziya, İndoneziya və Mərakeş hazırda bu bazarın ən böyük müştəriləridir.

Crescent Rating agentliyinin məlumatına görə bu bazarlın hazırkı dəyəri 140 milyard dollardır və 2020-ci ilədək 193 milyard dollara çatacaq.

Lakin Türkiyə müxalifəti bildirir ki, seqreqasiya olunmuş çimərliklərin və halal otellərin artım meyli təkcə biznes məsələsi deyil və bu, qismən də ölkənin islamlaşdırılması cəhdini nümayiş etdirir.

Bu kimi debatlar Antalya şəhərinin meri burada yalnız qadınlar üçün çimərliyi açarkən də qalxıb.

Açılış mərasimində şəhər meri Menderes Turel bildirib ki, əgər əhəmiyyətli tələbat olarsa, seqreqasiyalı çimərliklərin sayı artırılacaq. “Biz demokratik dəyərləri və azadlıqları qoruyuruq və odur ki, hər kəslə eyni şəkildə rəftar etməliyik”, – deyə mer bildirib.

Hakim Ədalət və İnkişaf Partiyasından millət vəkili Goksen Özdoğan Enc deyir ki, məxsusi çimərliklər mühafizəkar qadınların azadlığına dəstək olacaq və üstəlik, heç kim qarışıq çimərliklərin ləğvinə çalışmır. Lakin müxalif millət vəkili Aylin Nazlıaka bildirib ki, seqreqasiya “qadınları ictimai məkandan ayırıb kiçik həbsxanalara salacaq”.

Dörd uşaqları ilə birlikdə Londonun şimalında yaşayan İqbal və həyat yoldaşı Aişə bir həftə Türkiyənin cənubundakı Antalya şəhərinin Adenya otelində istirahət ediblər.
“Biz İslam mədəniyyəti olan islami bir yerə getmək istəiyirdik. Mərakeşdə, Dubayda, Misir və bu kimi başqa yerlərdə olmuşduq. Məncə, Antalya İslam dünyasında ən yaxşı yerdir. Burada xüsusilə də müsəlman qadınların sahildə istirahət etməsi və üzməsi üçün şərait var”- deyə İqbal bildirir.

Yoldaşı Aişə də onunla razılaşır: “Narahat olmursan ki, kimsə sənin fotonu çəkər və sonra da bu şəkil Facebook-da və ya hardasa başqa bir yerdə görünər. Burada özünü tam sərbəst hiss edə bilərsən”.

Antalya ilk baxışdan minlərlə meyxanaları və klubları, yüz kilometrlərlə uzanan və çimərlik paltarları geyinmiş kişi və qadınlara qucaq açan sahilləri ilə islami bir istirahət yeri kimi ağla gəlmir.

Lakin “islami turizm” konsepsiyası təkcə burada deyil, Türkiyə boyunca bir çox başqa şəhərlərdə də inkişafdadır. “Halal tətil” – yəni islami dəyərlərə uyğun olan çimərliklərdə istirahət təklif edən otellərin sayı getdikcə artır.

Adenya da belə “halal otel”lərdən biridir və ona bu barədə rəsmi şəhadətnaməni Malayziyada mənzillənmiş Dünya Halal İttifaqı verib.

Binanın girişindəki mavi lövhədə otelin 5 ulduzu ilə yanaşı 7 aypara da əks olunub.

İçəri daxil olan kimi dəbdəbəli mərmər döşəmələr, naxışlı hovuzlar və fəvvarələr adamı heyran edir.
Daha bir lövhənin üzərində isə “Qadın bölümü” sözləri yazılıb. Bura daxil olmaq üçün təhlükəsizlikdən keçmək lazımdır.

Burada bir-birindən aralı və hamısı yalnız qadınlar üçün nəzərdə tutulmuş beş üzgüçülük hovuz var.
Bura kamera və telefonla buraxmırlar. Bunun niyəsini içəridə olanda başa düşürsən. Qadınlar saçlarını asıblar və musiqi ritmləri altında göbək rəqsi edirlər.

Qadınların demək olar ki, hamısı çimərlik paltarındadırlar. Burada burkinilərə yox, bikinilərə üstünlük verirlər, çünki burda qadınların örtünməyinə ehtiyac yoxdur. Onlar əmindirlər ki, burada onlara heç bir kişi gözü baxmır.

Qadınlar üçün sahil çimərliyi də mövcuddur və o da kişilərin gözündən tamamilə pərdələnib.

Amma bütün otel bölümlərə ayrılmayıb. Ailə ilə birlikdə restoranda bir masa arxasında şam edə bilərsən. Burada verilən yeməklər də halal olmalıdır və alkoqollu içkilər qadağandır. /anspress.com/







Oxumağa davam et
Reklam
Reklam

Gündəm