• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Möhtəşəm yüz il”ə görə lənətlənib ölən qadın

“Möhtəşəm yüz il”ə görə lənətlənib ölən qadın

“Taraf” qəzetinə müsahibəsində Meral Okay “həyatın mənası nədir?” sualına “Həyat çox xəfif və qısa bir şeydir…”, – deyə cavab vermişdi. O, həyatın xəfif üzünü görməsə də, qısa olduğunu yaxşı bilirdi. Bəlkə, özü də bu həyatdan erkən gedəcəyini hiss edirdi…

Hiss etməsəydi, ölüm və axirət haqda belə rahatlıqla danışmazdı: “Bilirəm, o dünyada Allah məni qapıda görəndə “Meral, gecikmisən” deyəcək. Axı sevən sevdiyini həmişə yanında istəyir…”

Can Dündar da Okayın ölümündən sonra yazdığı yazıda bu sözləri xatırlamışdı: “Sevən sevdiyini həmişə yanında istəyir. Ona görə də Meralın ölümü Tanrı üçün gec, onu sevənlər üçün çox tez oldu. Çox tez və gözlənilməz…”

Çərkəz qızı

Qızlıq soyadı Meral Katı olan Meral Okay 1959-cu il sentyabrın 20-də Ankarada dünyaya göz açıb. Əslən Kayseridən olan iki qonşu uşağı Türkan və Ata Katı cütlüyünün ikinci övladı olub.

Çərkəz əsilli ailənin başçısı Ata bəy hərbçi olduğu üçün ailənin həyatı yollarda keçib. Meralın uşaqlığı da kifayət qədər rəngarəng və keşməkeşli olub.

O, bir yaşında olanda ailəsi Balıkesirə köçüb. Balaca qız məktəbə də elə burda gedib. Daha sonra məktəb illəri Ankara, Ağrı, Çorlu və İskenderunda davam edib. Məktəbi bitirəndən sonra Ankara Universitetində təhsil alıb.

Sənət dünyası ilə tanış olmazdan əvvəl beş il dövlət məmuru kimi çalışıb. Hər zaman aktiv fəaliyyəti ilə fərqlənən Meral uzun illər Həmkarlar İttifaqının aparıcı qüvvələrindən olub.

1983-cü ildə 25 yaşlı gənc, perspektivli məmur “Günaydın” qəzetinin təklifini qəbul edərək əlində bir balaca çamadanla İstanbula gəlib. “Günaydın”dan sonra İletişim yayınlarında və müxtəlif jurnallarda çalışıb.

12 sentyabr çevrilişi dövründə Türkiyə İşçi Partiyasının üzvü və təmsilçisi olan xanım Okay bu dövrdə yaşadığı hadisələri daha sonra çəkildiyi və prodüseri olduğu “Beynəlmiləl” filmində tamaşaçılarla paylaşıb.

Ölünü sevmək…

1984-cü ildə Meral hələ Ankarada işləyərkən tanış olduğu aktyor, dövrünün istedadlı gənclərindən biri Yaman Okayla ailə həyatı qurub. Beləliklə, kino və teatr onun həyatının ayrılmaz hissəsinə çevrilib.

Yamanla hələ Ankara Sənət Teatrında çıxış edərkən ortaq dostları sayəsində tanış olan Meral ona İstanbulda aşiq olub. “Biz başımıza sevgi daşının düşdüyünü gec başa düşdük” deyən Okay xatırlayır ki, bir gün evi səliqəyə salanda özündən çox Yamanın əşyaları olduğunu görüb: “Evdəki xırda torbalara sızmışdı Yaman. Sevgi, əslində, elə gizlicə sızmaqdır”.

Okay yazır: “O, çox rəngli və həyəcanlı adam idi. Həmişə təəccüblənirdim ki, “İlahi, bu adam nə vaxt yorulacaq?” Sən demə, tələsirmiş, ölümə tələsirmiş…”

1993-cü il fevralın 19-da Yaman Okay xərçəng xəstəliyindən vəfat edib. Bu, doqquz illik ailə həyatından, Yamandan doymayan Meral üçün ağır zərbə olub.

“Ən pisi bir ölünü sevməkdir” deyən Okay hekayələr, ssenarilər yazanda həmişə həyatından bəhrələnib.

“Asmalı konak” serialında Baharla Seymenin uşağının adı – Həyat təsadüfi olaraq seçilməyib. Həyat Yamanla Meralın çox arzuladığı, amma olmayan övladlarının adıdır.

Yamanın yoxluğunda, böyük boşluqda itib-batan Meralı Sezen Aksu xilas edib. “Deli kızın türküsü” albomunda bir yerdə çalışan cütlük bir-birindən gözəl mahnılar ərsəyə gətirib.

O dövrlərdə Meral yatmağa belə vaxt tapmırmış: “Yuxumun şirin yerində Sezen gəlib məni oyadır, üç saat yatmısan, bəsdir. Dur, işləyək deyirdi”.

“Sezen başıma vura-vura mənə söz yazdırırdı” deyən Okay həyat yoldaşının ölümündən iki ay sonra “Masum değiliz”in sözlərini yazıb. Kədərini sözlərə çevirib.

Bir neçə il sonra Sezen Aksu da sevdiyi kişini – Onno Tunçu təyyarə qəzasında itirəndə bu iki qadın elə mahnılarda təsəlli tapıb. “Şimal ulduzum hardasan?” deyə haray çəkiblər:

Sen kalbimin zarif efendisi
Hayatımın kıymetlisi.
Hey, uzun yol arkadaşım
Şimal yıldızım, nerdesin?

Reytinqlər kraliçası

Ankaradan İstanbula köçməsi Meralın sənət və televiziya dünyasına gəlişinə təkan verib. 1992-ci ildə “Səni sevirəm Rosa” filmindəki xırda rolu ilə kinoda debüt edib. Meralın kinokaryerası kifayət qədər uğurlu alınıb.

2002 və 2007-ci illərdə ən yaxşı ikinci plan aktrisası kimi müxtəlif mükafatlara layiq görülən Meralın “Beynəlmiləl” filmində yaratdığı obraz tənqidçilər tərəfindən yüksək qiymətləndirilib.

Türkiyədə bu gün yaşanan serial bumunun yaradıcılarından biri məhz Meral Okaydır. 2002-ci ildə ssenarisini yazdığı və Çağan Irmakın çəkdiyi “Asmalı konak” serialı inanılmaz uğur qazanıb. Bu serialın yayımlandığı günlər küçədə adam tapmaq olmurmuş. Özcan Denizi kamera qarşısına gətirən, kino üçün kəşf edən, Nurgül Yeşilçaya ilk böyük rolunu həvalə edən də Meral Okay olub.

Ən reytinqli serialların ssenari müəəlifi olan Okay “Yeditepe İstanbul”, “İkinci bahar” və “Bir bulut olsam”da aktrisa kimi çıxış edib, sevilib.

Möhtəşəm hazırlıq

Məktəb vaxtı tarix fənnini heç sevməyən Meral tədricən tarixi hadisələri hekayələşdirməyə, qeyri-adi faktlarla “bəzəməyə” başlayıb.

2008-ci ilin sonlarında Okay pərəstiş etdiyi Osmanlı sultanı, sənətə və ədəbiyyata yaxınlığı ilə tanınan I Süleyman və dövrü haqda araşdırmalara start verib.

Bir il universitet tələbəsi kimi tək başına gecə-gündüz axtarışlar aparan, çalışan Okay 13 ay da tarixçilərlə işləyib. Ssenari gənc tarixçi, dosent Erhan Afyoncu və Osmanlı hərəmi haqda ən səhih məlumatlara malik Deniz Esemenlinin tövsiyələri əsasında hazırlanıb.

Okayın sözlərinə görə, hələ ssenari hazır olmamışdan Süleyman rolunun ifaçısı tapılıb. Halit Ergenç düz bir il heç bir layihədə iştirak etməyib, Okayın dəvətini gözləyib.

Hürrəmin axtarışları isə uzun çəkib. Okay onlarla tanınan sima arasından seçim etmək istəmədiyi üçün kastinqlər keçirib və Almaniyadan yenicə qayıdan Üzərliyə üstünlük verib.

5-6 ay yaradıcı heyətlə sıx çalışan Meral xatırlayır ki, həftədə ən az üç dəfə yığışıb, aktyorları arxiv materialları, rəsmi sənədlərlə tanış edib, əsl tarix dərsi keçiblər.

Tənqidlər və hədələr

2011-ci il yanvarın 5-də “Möhtəşəm yüz il” ekranlara çıxdığı gündən tənqidlər və təhqirlərin ardı-arası kəsilməyib. Okayı tarixi təhrif etməkdə ittiham edənlər də olub, ölümlə hədələyənlər də.

Qanuni Sultan Süleymanla Hürrəmin sevgisindən bəhs edən serial hələ ekranlara çıxmamış Teleradio Şurasına minlərlə şikayət daxil olub. Meral Okayın Sultan Süleymanı qadın düşkünü və hərəmdən çıxmayan sultan kimi göstərdiyini deyən bir qrup gənc ssenaristi ölümlə hədələyib. Müsahibələrinin birində qorxduğunu deyən Okayın tələbi cavabsız qalmayıb. İstanbul valisi Hüseyn Avni Mutlunun göstərişi ilə ssenaristin təhlükəsizliyini təmin etmək üçün iki polis ayrılıb.

“Padşahları “qadın düşkünü” kimi göstərirlər deyənlər bir az kitab oxusunlar. Qanuni haqda bu sözü demək qeyri-mümkündür, çünki o, elə Hürrəm düşkünüdür. Muhibbi təxəllüsü ilə 3500 şeir yazıb, ölüm yatağında belə Hürrəmə sevgi sözləri deyib. Hürrəm də yalnız gözəlliyi ilə deyil, rəqsləri, gülməli hekayələri ilə onun könlünü açıb. Buna görə də Süleyman onun adını Hürrəm, yəni, “üzümü güldürən” qoyub”, – deyə Okay ittihamlara cavabında bildirib.

İki vəsiyyət

Hələ ssenarini yazmağa başladığı vaxtlar Okay səhhətindəki problemlərdən əziyyət çəkib. Uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparan ssenarist 2012-ci il aprelin 9-da vəfat edib.

Onun ölümü sənət dünyası və xüsusən də “Möhtəşəm yüz il” aktyorları üçün əsl şok olub. “Dənizdə ölmək istəyirəm, dənizdə…” deyən Meral Okayın evinin qapısına qoyulan bir cüt qara ayaqqabı sevənləri tərəfindən o dünyadan göndərdiyi mesaj kimi qarşılanıb.

Meral Zincirlikuyu mərazlığında – Yaman Okayın yanında dəfn olunub. Dostları xanım yazarın vəsiyyətini yerinə yetirməyib.

Belə ki, Okay bir neçə il əvvəl verdiyi müsahibəsində yandırılmasını və küllərinin suya atılmasını istəyib: “Öləndən sonra da torpağa yox, suya qarışmaq istəyirəm”.

Ölümündən sonra Meral bütün mirasını imkansız ailədən olan istedadlı uşaqların oxuduğu “Riyaziyyat kəndi”nə vəsiyyət edib. Amma atası Ata Katı qızının iki milyon dollarlıq mirasını Birləşmiş Qafqaz Konqresinin hesabına köçürüb.

Okayın vəfatından bir il sonra başda can dostu Sezen Aksu olmaqla sənət yoldaşlarının keçirdiyi xüsusi gecədə toplanan vəsait “Riyaziyyat kəndi”nə hədiyyə olunub.

Lənətlənmiş serial

Şübhəsiz ki, “Möhtəşəm yüz il” ssenarisi ilə son illərin ən çox müzakirə olunan və tənqid edilən seriallarından biri olub. Serial tənqid edildiyi qədər də izlənilib və sevilib.

Serial ətrafında söz-söhbətlər və mistika dumanı da kifayət qədər çox olub. Türkiyə mətbuatı “Möhtəşəm yüz il”in hələ ilk sezonunda xərçəngə yoluxan Okayın lənətləndiyini yazıb.

Türkiyənin məşhur İsmayıl ağa camaatının “Facebook” səhifəsində yazılan “Əcdadın lənətinə gəldilər” başlığı çoxlarını şoka salıb. Okayın ölümü ilə bağlı buna bənzər iddialara inananlar da olub, bunu axmaqlıq adlandıranlar da.

Amma Meral Okay “Möhtəşəm yüz il”in “lənətinə tuş gələn” ilk sənətçi deyil. Serialda baqqal obrazını canlandıran aktyor Hasan Küsmüş 2012-ci ilin yanvarında faciəvi şəkildə həlak olub. Şişlidə səkiylə gəzərkən pəncərədən qopan mərmər parçası aktyorun başına düşüb.

Qanuni obrazını böyük ustalıqla canlandıran Halit Ergenç qılınc dərsləri alarkən ayağını zədələyib. Xəstəxanaya çatdırılan aktyorun ayağı sınıb.

Pargalı İbrahimi canlandıran aktyor Okan Yalabık da savaş səhnələrinin çəkilişi zamanı atdan düşüb və yüngül zədə alıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR