Ad günün mübarək, Yaşar Nuri! - FOTOLAR,VİDEO
Bizi izləyin

Tabloid.az

Ad günün mübarək, Yaşar Nuri! - FOTOLAR,VİDEO

“Sən yaxşı qızsan, Gülnar”…

Artıq şərhə ehtiyac yoxdur, yəqin, özünüz xatırladınız, bu gün onun doğum günüdür...

“Vay o adamın halına ki, sevir, sevilə bilmir”…

Müsahibələrindən birində səsləndirdiyi maraqlı bir fikri xatırladım: “Adam onda yaradıcılıqla məşğul olur ki, hər mənada sevilirsən. Bu yaşda cavan qız sənə baxıb “ay Allah!” deyirsə, sən də fikirləşirsən ki, nə olsun, 60 yaşım var? Yaşamaq istəyirsən. Vay o adamın halına ki, sevir, sevilə bilmir, bax, bədbəxtçilik ondadır. Sevilə bilmir də bədbəxt. Neyçün sevilə bilmir, bilmirəm”.

Amma o, sevilə bilməyən bədbəxtlərdən deyildi, yox. Əksinə, sevgi bolluğunda az qala boğulan xoşbəxtlərdən idi. İndi deyəndə... elə indi də bizlər üçün yaşayır, nolsun ki, cismən aramızda yoxdur. Var olub, yoxluqdan sayılanlardan deyildi ki. Yaşar Nuridən danışıram e, adını çəkəndə simalara təbəssüm qonduran bir sənətkardan. Elə indi bu sözləri də təbəssüm içində yazıram...

İkinci ömrünü yaşayan aktyor

Madam ki, yazıma Yaşar Nurinin fikirləri ilə başladım, qoy birini də deyim. Aktyor vaxtilə mənə verdiyi müsahibəsində belə bir gözəl ifadə işlətmişdi: “Aktyorlar iki ömür yaşayır. Bir öz ömrünü, bir də ölümündən sonra davam edən ömrünü”. Mən deyərdim ki, bu ikinci ömür yaşadıqca yaşanır, heç zaman bitmir.Yaşar Nuri də belə sənətkarlardandır ki, onun yoxluğundan danışmağa heç dəyməz. Məsələn, mən onu bu yaxınlarda gördüm, telekanalların birində, “Bəyin oğurlanması” filmində. Deməyin ki, siz onu son mənzilə yola saldığımızdan bəri heç görməmisiniz. Bu, ağ yalan olardı. Görmüsünüz axı, özü də lap yaxından. Çəkildiyi yüzlərlə filmlərdə, oynadığı yüzlərcə tamaşalarda. Yaşar Nuri o sənətkarlardandır ki, hər kəsə müsbət enerji ötürür, onların çöhrəsinə təbəssüm qondurur, yorğunluğunu canından çıxarır. Yaşar Nuri haqqında xoş sözləri sadalamaqla bitmir.

Dedi, çalın mənim havamı…

Heç yadımdan çıxmaz, 2007-ci ildə əməkdar artist Baloğlan Əşrəfov Türkiyədə ağır əməliyyatdan, daha doğrusu, ölümün pəncəsindən qurtulandan sonra Yaşıl Teatrda “İkinci nəfəs” adlı solo-konsert proqramı ilə çıxış edirdi. Həmin vaxt Yaşar Nuri səhnəyə çıxdı və Baloğlan Əşrəfovu qucaqlayıb bağrına basdı. Zarafatından da qalmadı: “Baloğlan, sən bal oğlansan, səsin də baldır, özün də”. Onun bu sözləri konsert proqramına əməlli-başlı duz qatdı. Duzlu çıxışından sonra sevilən sənətkar musiqiçilərə bir göstəriş verdi: “Çalın, mənim havamı, “Qoçəli”ni, əhd eləmişdim, Baloğlan Türkiyədən sağ-salamat qayıtsın, hava limanında onu “Qoçəli” havasına oynaya-oynaya qarşılayacağam. Qismət buraymış”.

Bu sözlərdən sonra Yaşar Nuri qol qaldırıb özünəməxsus şirinliklə “Qoçəli” havasına oynamışdı – Baloğlan Əşrəfovla bərabər. Bu gün həmin xatirəni kədərlə xatırlayıram. Amma eyni zamanda, aktyorun gözəl rəqsini gözümün önümə gətirib gülümsəyirəm. Dedim axı, Yaşar Nurinin adı çəkilən yerdə dodaqlara ancaq təbəssüm qona bilər.

Rza Təhmasibin sevimli tələbəsi…

Yaşar Nuri dövrünün müqtədir sənətkarı, Vicud ləqəbi ilə tanınan aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Bu da onda elə uşaqlıqdan sənətə maraq formalaşdırıb. Səhnəyə ilk dəfə on bir yaşında, "Toy kimindir?" tamaşasında Tapdıq rolunda çıxıb. Hələ uşaqlıqdan sənətə böyük həvəsi vardı. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub. Eyni zamanda, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib.

Müxtəlif dram dərnəklərinə gedən, 26-lar adına mədəniyyət sarayında xalq teatrının tamaşalarında çıxış edən Yaşar Nuri fitri istedadı ilə tay-tuşları arasında seçilirdi. Deyilənə görə, cəld idi, çevik idi, səhnədə çox sərbəst idi və özünəməxsus şirin improvizələri ilə diqqət çəkirdi. 10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib. Yaşar Nuri – Rza Təhmasibin sevimli tələbəsi olub.

Onu tanıyanların dediyinə görə, institutda, fakültədə, kursda Yaşar Nuri qeyri-formal lider idi. Tələbəlik çağlarında hamı ondan çox şey gözləyirdi, hamı onu "hazır aktyor" sayırdı. Yaşarın istedadı yaşından yaşlı idi

Doğum günün mübarək, Yaşar Nuri!

Onu bizdən ikillik zaman kəsiyi ayırır. Əlbəttə ki, cismən. Mənsə, onun doğum günündə heç kədərlənmək istəməzdim. Çünki dediyim kimi, Yaşar Nurinin adı gələn yerdə kədərdən, qüssədən danışmağa dəyməz. Əksinə, onu təbrik etmək istəyirəm və deyirəm, doğum günün mübarək olsun, Yaşar Nuri!

Televiziyaların rəhbərlərindənsə bir təvəqqem var, bizi gözəl sənətkarımızla tez-tez görüşdürün, ona tamarzı qoymayın. Milli kinomuzun gözəl inciləri sayılan o filmləri, televiziya tamaşalarını tez-tez nümayiş etdirin ki, biz də onun rollarına baxıb həm feyziyab olaq, həm də Yaşar Nuri ilə hal-əhval tutaq.

Mən inanıram ki, o da tamaşaçısının heyranıydı və onları intizarda qoymağı heç sevməzdi.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm