“Özünə hörmət edən oğlan erotik film çəkməz”- MÜSAHİBƏ
Bizi izləyin

Tabloid.az

“Özünə hörmət edən oğlan erotik film çəkməz”- MÜSAHİBƏ

“Sonun başlanğıcı”, “Küləklər” şəhəri kimi serialların rejissoru Samir Qulamovun Publika.az-a müsahibəsi

Samir bəy, adətən, kriminal xarakterli seriallar çəkirsiniz. Məsələn, erotik film çəksəniz, tərəf müqabili kimi hansı aktyor və aktrisalarımızı dəvət edərsiniz?

– Mənim bir müəllimim var idi – Oruc Qurbanov. O, həmişə deyirdi ki, kim nə çəkirsə, ilk tamaşaçısı öz ailəsi olur. Məncə də, düz fikirdir. Normal, özünə hörmət edən heç bir oğlan etik normalardan kənar film çəkməz. Kim ki ailəsi ilə oturub erotik filmə baxır, təbii ki, o, porno da çəkər. Hər kəsin psixoloji durumu filmlərindən aydın görünür.

Düşünürsünüz ki, erotik film çəkmək qəbahətdir? Məsələn, bizdə də Rasim Ocaqovun və bir sıra başqa rejissorların filmlərində açıq-saçıq səhnələr var.

– Qardaş, mən əleyhinəyəm. Həyatımızda olan bütün təbii ehtiyacları filmə gətirsək, onda gərək ayaqyoluna olan ehtiyacı da utanmadan lentə alaq. Axı o da təbii ehtiyacdır (gülür).

Səhv etmirəmsə, "Şərəf" adlı yeni serial çəkirsiniz. Bu serialda kimlər rol alacaq? Əvvəlki serialdakı aktyorlardan kimlər iştirak edəcəklər?

– Əvvəlki seriallardan az adam rol alacaq. Yeni serialımda bir çox tanınmış yeni aktyorlar olacaq. Bu dəfə baş rollarda Elçin Məmmədli, Rüfət Umudov və Günel Əliyevadır. İnşallah, sürpriz aktyorumuz da var.

Bu sürpriz öz aktyorlarımızdandır?

–Yox, xaricidir. Amma kimliyini açıqlamaq istəmirəm.

Bəzən deyirlər ki, Samir Qulamov özünü aktyor kimi təsdiqləməmiş rejissorluğa başladı. Bəs rejissor kimi özünüzü təsdiq edə bildinizmi?

– Akademik Milli Dram Teatrında 17 tamaşada oynamışam. Dövlət sifarişi ilə 9 tamaşaya quruluş vermişəm. Mədəniyyət və Turizm Nazirliyinin iki diplomuna layiq görülmüşəm, Mədəniyyət və İncəsənət Universitetini, həmçinin Beynəlxalq Kino Məktəbini bitirmişəm. İctimai Televiziyada “Əvəzolunmazlar”, “İdeal” və “Həmsöhbət” verilişlərinin və sənədli filmlərin rejissoru olmuşam. Yaxşı atın arxasınca toz qalxar, qardaşım. (gülür)

Bəs niyə teatrda qalıb, rejissor kimi fəaliyyətinizi davam etdirmədiniz?

– Teatrı sevirəm və 12 il Akademik Milli Dram Teatrında işləmişəm. Amma orada ilişib qalmaq da olmur. Dolanmaq da lazımdır axı.

"Ulduzların döyüşü" realiti şousundan sonra iştirakçılardan bəzilərinin şəxsi münasibətləri gərginləşdi. Hətta əlbəyaxa davaya qədər gedib çıxanlar da oldu. Deyilənlərə görə, sizin də teleaparıcı Ramin İbrahimov və onun qardaşı Turan İbrahimovla münasibətlərinizdə soyuqluq yaranıb…

– Mən onlarla dostam, hörmət elədiyim adamlardı. Ümumiyyətlə, düşmən yox, dost qazanmağın tərəfdarıyam. Pis, kinli insan olmaqdan qaçmışam. Amma ayağımı tapdamasınlar. Vay o adamın halına ki, ayağımı tapdaya. Allaha and olsun, it kimi peşman eləyərəm o adamı (gülür).

İndiyədək belə hallar çox olub?

– Əslində, olmayıb. Məni tanımayanlar özündənrazı olduğumu düşünürlər. Tanıyırlar və sonra dost olurlar. Onunçün da hər sahədən yaxşı dostlarım çoxdur.

Çoxları milli seriallarımızı tənqid edirlər. Bəziləri aktyorları, bəziləri ssenaristləri, bəziləri isə rejissoru qınayırlar. Bəs əslində real səbəb nədir?

– Real səbəb naşı adamların öz işləri ilə məşğul olmamasıdır. Aktyoru küçədən də tapa bilərsən. Dünya kino təcrübəsində belə hallar çox olub. Amma rejissor mütləq peşəkar olmalıdır.

Bizdə serialların mövzuları da bir-birinə oxşardır. Dini mövzuda isə serialımız çəkilməyib. Ola bilərmi ki, belə bir serial çəkəsiniz? Həm də səhv etmirəmsə, ibadət əhlisiniz.

– Allahımı, peyğəmbərimi, imamlarımı sevirəm. Lakin qatı dindar, yəni xürafatçı deyiləm. Vaxtilə “Zaman” adlı teatrda beş dini tamaşaya quruluş vermişəm.

Deməli, təcrübəniz də var. Yəni belə mövzuda serial, yaxud film çəkməyiniz mümkündürmü?

– Əlbəttə ki, ola bilər. İnşallah, qismət olsa.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm