• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mikayıl: “Bilirəm ki, verilişimə “palatka toyu” deyirlər”

Mikayıl: “Bilirəm ki, verilişimə “palatka toyu” deyirlər”

Bir neçə gün öncə saytımıza müsahibə verən tanınmış müğənni Elşad Qarayev teleaparıcı Mikayıl Güləddinoğlu barədə sərt ifadələr səsləndirmişdi. Publika.az olaraq qarşı tərəfin də rəyini öyrənmək üçün teleaparıcı ilə əlaqə saxladıq.

- Mikayıl bəy, müğənni Elşad Qarayev saytımıza müsahibəsində sizə qarşı bir neçə ittiham səsləndirib və siz də buna efirdə üstüörtülü münasibət bildirmisiniz. Ümumiyyətlə, indiyədək aranızda hansısa gərginlik olubmu?

- Xeyr, heç bir gərginliyimiz olmayıb. Sadəcə, kimsə ona mənim adımdan yanlış sözlər deyib. Guya mən kiməsə demişəm ki, Elşad Qarayevin reytinqi olmadığına görə verilişimə çağırmıram. Cavad Rəcəbovun ad günündə efirdə görüşdük və özünə dedim ki, belə bir şey yoxdur. Ondan sonra münasibətlərimiz normallaşdı. Hətta zarafatlaşdıq, dedik-güldük də. Elşad Qarayev yaşlı adamdır, oğlu Rəvan mənimlə yaşıddır. Bizim aramızda nə ola bilər ki?

- Elşad Qarayev deyir ki, sizdən yaxşı idman aparıcısı olar...

- Məni bəyənməsəydilər, Azərbaycanın hər bir bölgəsində toylarda olmazdım. Ayın 30 gününün 20 gününü toydayam. Əgər sevmirsə, bu camaat məni niyə balasının toyuna çağırır? Özünüz də proseslərin içindəsiniz. Bu dəqiqə telekanallar arasında gedən verilişlər arasında ən öndə olanı “Sevimli şou”dur. Son üç-dörd həftəni götürəndə ümumilikdə 2-3-cü yerlərdəyəm. Əgər bu qədər telekanallar arasında üçlükdəyəmsə, necə sevilmirəm? Bu, Elşad Qarayevin fikri ola bilər. Amma onun haqqı yoxdur desin ki, Mikayıl idman verilişi aparsın. Əgər belə kinayəli sözləri mənim yaşıdım desəydi, cavabını başqa cür verərdim. Hayıf ki, atam yaşındadır.

- Verilişinizdə, adətən, eyni sənətçilər qonaq olur. Azərbaycanda onlardan başqa müğənni yoxdurmu, başqaları reytinq vermirmi, yoxsa hansısa şəxsi amillərin də rolu var burada? Ümumiyyətlə, sənətçiləri hansı meyarlarla dəvət edirsiniz?

- Mən televiziya işçisiyəm. Baxıram, camaat kimi xoşlayırsa, onu da çağırıram. Ad çəkmək istəmirəm. Amma 2-3 dəfə ən mötəbər, adlı-sanlı bir sənətçini çağırdım, cəmi bir reytinq verdi. Ümumiyyətlə, o tip sənətçilər reytinq vermir. Bu, təkcə mənim verilişimdə deyil ha, qonşu kanallarda da elədir. Bunu Zaur Kamaldan da, Zaur Baxşəliyevdən, Elgiz Əkbərdən də soruşsanız, dediyimlə razılaşacaqlar. Ha özündən danış ki, məndən yoxdur. Xalqın gözü tərəzidir. İndiyə kimi bir nəfər zəng edib, yaxud hardasa qabağımı kəsib deməyib ki, verilişin pisdir, sən pissən. Səni inandırıram ki, o, verilişə əl çatmır deyə bəzi sənətçilər mız qoyur. Təkcə Elşad Qarayevi nəzərdə tutmuram.

- Dəvətinizdən imtina edən sənətçilər olur?

- Olmayıb.

- Amma əvvəllər bəzi sənət adamlarının canlı ifaya görə “Sevimli şou”ya gəlməkdən boyun qaçırdıqlarını deyirdiniz.

- Konkret demirlər ki, gəlmirik. Biri-iki nəfər bəhanə edib ki, tədbirdəyəm. Araşdırmışam, məlum olub ki, tədbirdə deyilmiş.

- Bəs niyə bəhanə edirlər?

- Məsələn, verilişə Tacir Şahmalıoğlunu çağırmışam. Çağırdığım digər qonaq biləndə ki, Tacir də qonağımızdır və o, Tacirdən zəifdir, gəlmək istəmir, boyun qaçırır.

- Verilişinizdə həmişə xeyli tamaşaçı olur. Deyilənlərə görə, onların əksəriyyəti dost-tanış, qohum-əqrəbalardır.

- Həftənin birinci günü, saat 10-un yarısından, gecəyarısına qədər kimi məcbur edə bilərəm gəlib orada otursun? Desələr ki, əmimdir, əmim yoxdur. Desələr ki, bibimdir, bibim də yoxdur. Dostum olduğunu da deyə bilməzlər. Çünki mənim 300 dostum yoxdur. Bir telekanal göstərin ki, verilişi canlı izləməyə 300 tamaşaçı gəlir və hələ 100 nəfər də geri qayıdır yer olmadığına görə.

- Bayaq 3 teleaparıcının və özünüzün adını çəkdiniz. Deyəsən, özünüzü ilk beşlikdə görürsünüz.

- O bir az təkəbbürlülük olar. Mənim içimdə elə şey yoxdur və tanıyanlar da bilir. Hər şey müvəqqətidir.

- Verilişinizə dəvət etdiklərinizdən kimlər daha çox reytinq verirlər?

- Könül Xasıyeva, Ağadadaş Ağayev, Cabir Abdullayev, Tacir Şahmalıoğlu, Manaf Ağayev və Baloğlan Əşrəfovu çağıranda reytinqlər alt-üst olur.

- Bəs kimlər reytinqi aşağı salır?

- Konkret ad çəkmək istəmirəm və xalqın tələbini nəzərə alıram. Bəzən jurnalistlər də belə məsələlərdə diqqətli olmalıdırlar. O gün çox tanınmış bir jurnalist yazısında “qupka” sözünü işlədib. Özündən soruşuram ki, o sözün Azərbaycan dilində qarşılığını bilirsən? Təbii ki, bilmir. O sözün mənası süngərdir. Bu yaxınlarda başqa bir jurnalist də “Füzuli” sözünü “Fizuli” yazmışdı. Zəng vurdum ki, ayıbdır, o söz “ü” ilə yazılır, “i” ilə yox. Bəziləri elə bilir ki, biz kitab oxumuruq. Mən Azərbaycan və dünya ədəbiyyatı ilə maraqlanan adamam.

- Kimləri oxuyursunuz?

- Balzakı, Markezi, Viktor Hüqonu oxuyanda mənəm-mənəm deyənlər kitab oxumurdular. Mənə “idman verilişi aparsın” deyən adam gəlsin, ədəbiyyatdan, tarixdən, coğrafiyadan, ümumi poeziyadan polemika edək. Axı onlarda o savad yoxdur. Daş atmağa nə var ki...

- Verilişinizdə tez-tez belə bir şeir oxuyursunuz-“”Mən anamı sevgilimə dəyişmərəm”. Özünüz yazmısınız o şeiri?

- Özüm yazmamışam. Amma qızlarıma aid şeirim var:

Sabah sənin toyundur, saatlar yaxınlaşır,

Körpəliyin gözümdə, xəyalımda dolaşır.

Hamı böyük həvəslə toyuna hazırlaşır,

Mənsə tənha otaqda o ki var ağlamışam.

Qızm gəlin köçəcək, mən hələ yatmamışam.

Bu dörd bəndlik şeirdir.

Yəni “bəyənmirəm” demək çox asandır. Kimsə deyə bilməz ki, Mikayıl qonaqları ilə pis rəftar edib. Sənin yanında mənim verilişimi bəyənməyən müğənniyə zəng edim. O sevindiyindən gedib Bakını altı dövrə vurub gəlməsə, mənə nə deyirsən, de.

- Bu açıqlamalarından sonra Elşad Qarayevi “Sevimli şou”ya çağıracaqsınız?

- Əlbəttə, çağıraram. Niyə çağırmıram ki?!

- Sosial şəbəkələrdə verilişinizi “palatka toyu” adlandırırlar. Xəbəriniz var?

- Bəli, bilirəm ki, verilişimə bəziləri “palatka toyu” deyirlər”.

- Reaksiyanız necə olur?

- Sadəcə, gülümsəyib keçirəm. Verilişimi bilirsiniz kim bəyənməyə bilər? Qırmızı şalvar, qotazlı ayaqqabıyla, sırğa qulağında “Tarqovı”da gəzən oğlan mənim verilişimi bəyənməz. Onun əqidəsindən uzaqdır axı.

- Efirə çıxan gündən eyni imicdəsiniz. Nə əcəb dəyişiklik etmirsiniz?..

- Mən səhər verilişi aparanda idman üslubuna da üstünlük vermişəm. Amma kostyumla daha səliqəli görünür.

- Yeri gəlmişkən, nə vaxtsa verilişinizə qırmızı şalvarlı müğənni çağırmısınız?

- Yox.

- Ola da bilməz?

- Ola bilməz deməyək, insanı tanımaq olmaz. Dırnaqarası müasirləşmək istəyən ola bilər. Sənin başqa cür baxdığın adam sabah efirə qırmızı şalvarda gələr. Qırmızı şalvar geymək ayıb da deyil. Yəni məni bəyənmirsənsə, başqa verilişə bax. Fəxr edirəm ki Azərbaycanın istənilən rayonuna alnıaçıq gedirəm. Bu ay 20 gün toyda olmuşam. Şəmkirə getdim, analar gəldi boynumu qucaqladı.

- Söhbətimzin əvvəlində də tez-tez toylarda olduğunuzu bildirdiniz. Vergi ödəyirsiniz?

- Bəli, vergiləri vaxtında ödəyirəm, heç bir problemim yoxdur, VÖEN-im də var.

- Ayda nə qədər vergi ödəyirsiniz?

- Dəqiq bilmirəm, hər ay məbləğ dəyişir. Hər halda, borclu qalmıram.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR