“Özünə hörmət edən oğlan erotik film çəkməz” məsələsi rejissorları üz-üzə qoydu
Bizi izləyin

Tabloid.az

“Özünə hörmət edən oğlan erotik film çəkməz” məsələsi rejissorları üz-üzə qoydu

Həmkarları rejissor Samir Qulamovun Publika.az-a müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildiriblər. Qeyd edək ki, Qulamov müsahibəsində açıq-saçıq səhnələrin əleyhinə olduğunu bildirmişdi:

“Özünə hörmət edən oğlan erotik film çəkməz. Həyatımızda olan bütün təbii ehtiyacları filmə gətirsək, onda gərək ayaqyoluna olan ehtiyacı da utanmadan lentə alaq. Axı o da təbii ehtiyacdır”.

Tanınmış aktyor və rejissor Qurban Məsimov bildirib ki, erotik film çəkmək, kadrda yarıçılpaq qadın və ya kişi göstərmək deyil. Məsimov hesab edir ki, təsvir yüksək estetika və bədiilik təcəssümü olmalıdır. Həmçinin bunu oynamağı bacaran artist və çəkməyi bacaran operator, işıq mühəndisi, rejissor yüksək estetik zövqə malik olmalıdır:

“Filmdə və ya tamaşada erotik səhnələrin çəkilməsini özünə hörmətsizlik kimi qəbul edən yaradıcı insanlar daha çox mental düşüncəyə sığınır. Bunu da qəbul etmək olar. Hər bir yaradıcı şəxsin erotikaya və ya erotikliyə öz münasibəti ola bilər. İran kinosunda belə səhnələr yoxdur. Amma rejissorlar bunu digər rəmzlərlə uğurla əvəz edirlər. Digər ölkələrdə isə ehtiyac olduqda, buna əl atırlar”.

Aktyor-rejissorun qənaətinə görə, filmlərdə, tamaşalarda erotik səhnələrin verilməyi kommersiya faktoru ilə də bağlıdır:

“Bir aktyor və ya aktrisanın gözəl bədəni varsa, prodüserlər bazar üçün onun filmdə soyunmağını, öpüşməyini istəyirlər. Bu, tamaşaçının təxəyyülünə yönələn psixoloji aktdır. Mən dünyəviliyi qəbul etdiyim kimi, mentalitetin də tərəfindəyəm. Hər halda, yaradıcı şəxs istədiyini və asılı olduqlarının tələbini yerinə yetirmək kimi qızıl orta xətdə fəaliyyət göstərir. Rejissorun rəssam duyğusu yoxdursa, çəkdiyi erotika porno olacaq”.

Əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov isə hesab edir ki, erotika 30 il əvvəl daha geniş yayılıb və bir çox azərbaycanlı rejissorlar da bu variantı sınaqdan keçiriblər:

“Mən onun tərəfindəyəm ki, şəhvət teatrda və ekranda başqa cür göstərilsin. İstər tamaşada, istər filmdə elə etmək lazımdır ki, bu başa düşülsün, amma çılpaqlıq olmasın.Tamaşaçıya göstərmək yox, başa salmaq lazımdır”.

B.Osmanov son vaxtların ən çox müzakirə olunan tamaşalarından hesab edilən”Qatil” barədə də fikrini bildirib:

”Qatil”in ilk quruluşu daha çox xoşuma gəlmişdi. İndiki variantından xəbərsizəm. Hər kəsin həyatı anlamaq bacarığı var. Hər kəs də öz aləmində haqlıdır. Əsas obyekti göstərməkdir, özünü yox”.

B.Osmanovun sözlərinə görə, onun quruluş verdiyi “Müharibə” tamaşası bu baxımdan daha uğurludur:

“Hər bir şeyin ekvivalentini tapmaq lazımdır. “Müharibə”dən qəddar və əxlaqsız tamaşa yoxdur. Amma o tamaşaya baxan bir adam da narazı getmir. Çünki burda hər şeyin estetik ekvivalenti tapılıb. Ona görə də əvvəlcə tamaşaçının qəlbinə, sonra beyninə təsir edir və göstərilir ki, belə yaşamaq olmaz”.

Əməkdar artist, aktyor-rejissor Nicat Kazımov isə bildirib ki, onun heç vaxt erotik film çəkmək fikri olmayıb. Amma əməkdar artist bu qənaətdədir ki, tamaşanın içində lazım olan yerdə etik normaları gözləmək şərtilə buna yol vermək mümkündür:

”Pəri Cadu”, “Kabuslar”, “Kölgə” tamaşalarında belə nüanslar var. Lakin hər tamaşada bir forma verməyə çalışmışam erotikliyə. Məsələn, birində rəqslə, digərində ayrı cür nələrsə etmişəm ki, zövq oxşasın. Lazımlı və yerində olan hər şey maraqlıdır. Lazım deyilsə, “belə bir səhnə olmalıdır” deyib erotikaya yol vermək olmaz. Bəlkə, kimsə piar üçün lazım oldu-olmadı belə səhnələrə yol verir. Şəxsən mən tərəfdarı deyiləm. Səhnə səhnədir, real həyat deyil. Səhnədəki istənilən epizodda bədiilik olanda gözəldir, olmayanda iyrəncdir”.

İntiqam Valehoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm