Firəngiz Mütəllimova: “O, mənim yarım idi”- FOTOLAR
Bizi izləyin

Tabloid.az

Firəngiz Mütəllimova: “O, mənim yarım idi”- FOTOLAR

“Firəngiz Mütəllimova Yaşar Nurinin Azərbaycan teatrındakı yadigarıdır” desək, yəqin, səhv etmiş olmarıq. Elə aktrisayla görüşümüz də İlham Rəhimlinin Yaşar Nuriyə həsr etdiyi “Yaşadan əbədi Yaşar” kitabın təqdimatına təsadüf elədi. Səhhətindən də danışdıq, yaradıcılığından da, teatr aləmində baş verən intriqalardan da...

- Firəngiz xanım, bir müddət əvvəl səhhətinizdə problem var idi. İndi özünüzü necə hiss edirsiniz?

- Əməliyyatdan sonra bir müddət maskada gəzməli oldum. Alt dişlərimi implant elətdirdim. Buna görə maskada gəzməyə məcbur idim. Çünki qabaq dişlər idi.

- Yəqin ki, buna görə teatrdakı fəaliyyətinizə bir müddət fasilə vermisiniz...

- Oktyabrdan sonra teatrdakı fəaliyyətimi tam bərpa edəcəyəm. Sentyabrın 18-də “Qarabağnamə” tamaşası ilə teatr mövsümünün açılışı olacaq. Oktyabrda isə yeni əsər götürməliyik. Hələlik hansı əsər olduğunu dəqiq bilmirəm. İnşallah, Mədəniyyət və İncəsənət Universitetində yeni kurs götürürəm. Həmçinin “Bacanaqlar” serialında çəkilişlərim davam edir.

- Başqa seriallardan təkliflər olurmu?

- Başqa seriallardan da təkliflər olur, sağ olsunlar. Amma özümü yormaq istəmirəm.

- İmtina etdiyinizə görə narazılıq, inciklik olmur ki?

- Serial sahəsinə “Bacanaqlar”la başlamışam. Təbii ki, hər bir təklif mənim üçün dəyərlidir və digər rejissorların fikrinə də hörmətlə yanaşıram. Xoşum gəlmir üç serialda eyni vaxtda çəkilməkdən. Qoy bir serialda oynayım ki, məni gözləsinlər. Son vaxtlar seriallara baxanda adam çaş-baş qalır. Neçə dəfə özüm səhv salmışam ki, bu hansı serialdır.. Hər dəfə eyni aktyorları görəndə xoşuma gəlmir.

- Bir müddən öncə gözünüzü də əməliyyat etdirmişdiniz...

- Hə, şükür ki, indi yaxşıyam. Son müayinəyə də getdim. Hər şey qaydasındadır. Amma həkimlər deyiblər ki, həyəcanlanmaq olmaz. İndi Yaşar Nuriyə həsr olunmuş kitabın təqdimatı idi. Amma Yaşar haqda həyəcanlanmadan danışmaq olmur. O, mənim yarım idi. Ailəmin bir üzvü kimi çox istəyirdim onu...

- Bacınız Nərgiz Mütəllimova haqda bir sual vermək istəyirəm. O, bir müddət oxudu, sonra birdən efirlərdən yoxa çıxdı. Fəaliyyətini birdəfəlik dayandırıb, yoxsa yenidən başlamağa tənbəllik edir?

- Nərgiz artıq fəaliyyətə başlayıb. “ Bacanaqlar” serialında yeni rol oynayıb. Sentyabrın 15-dən efirdə olacaq. Sadəcə o, tənbəldir, bir az silkələmək lazımdır ki, işləsin.

- Firəngiz xanım, Azərbaycanda elə bir teatr yoxdur ki, orda aktyorlarla rəhbərlik arasında, yaxud aktrisaların öz aralarında çəkişmə, dedi-qodu olmasın. Amma indiyədək, bir dəfə də olsun, belə məsələlərdə adınız hallanmayıb. Neytrallıq sizin xarakterinizdir, yoxsa həm də yaxşı diplomatsınız?

- Bu, siyasətdir. Necə siyasətdir? Hər bir məsələnin həlli üçün müəyyən yerlər, idarələr, o qurumları idarə edən insanlar var. Mən belə işlərə qarışmıram, sənətlə məşğul oluram. Səhnədən söz elə deyərsən ki, yanan odu söndürərsən. Elə də deyərsən ki, odu alovlandırarsan. Mənim siyasətim budur. Səhnədə böyük aktyorlarla çiyin-çiyinə işləmişəm, həmişə onların davranışlarının müsbət tərəflərindən nəyisə öyrənməyə çalışmışam. Ən yaxşısı odur ki, başını aşağı salıb işini görəsən.

- Olurmu ki, sizi təxribata çəksinlər, qalmaqallara qoşmaq istəsinlər?

- Təbii ki, olur. Amma uzaq durmağa çalışıram. Məsələn, teatr daxilində baş verənlərlə bağlı sual verdiniz. Mən öz direktorumun qapısını yaxşı tanıyıram. Sözüm olanda gedib deyirəm də.

- Axı bəzi aktyorlar mətbuata açıqlamalarında deyirlər ki, direktora sözümüzü deyə bilmirik...

- Baxır necə sözdü. Mən elə yaxşı gedirəm də, sözümü deyirəm də. Adam gərək Allahla danışsın...

- Mətbuatı, yeni yazarlarımızı oxuyursunuzmu?

- Yalan deyə bilmərəm, oxumuram.

- Vaxt olmur, yoxsa maraqlı deyillər?

- Vaxtım olmur. Bəlkə də, əlimə düşsə, oxuyaram. Amma imkan olanda çoxlu pyeslər oxuyuram. Həmçinin Drayzeri, Dostoyevskini, öz yazıçılarımızdan Anarı, İlyas Əfəndiyevi çox oxumuşam. Gəncliyimdə çox sentimental olmuşam. Bəlkə də, buna görə Dostoyevskini daha çox oxuyurdum. İndi bütün dünyada kitab oxumaq aksiyası keçirilir. Bacımgilə getmişdim. Gördüm bacımın qızı xeyli ktablar alıb. Soruşuram, deyir ki, belə bir aksiya keçirilir. Deməli, getdikcə kitab oxumaq dəbə qayıdır, buna sevindim.

- Sosial şəbəkələrdə adınıza profillər var. Özünüzsünüz?

- Hamısında özüməm. “Instagram” və “Facebook”da varam.

- Nə vaxtdan sosial şəbəkədəsiniz?

- Çoxdan. İndi gücü “Instagram”a vermişəm. “Facebook”da rəylər çox yazılır deyə cavab yazmağa vaxt çatdırmıram.

- Və son sualım: adətən təcrübəli aktyorlar tamaşalar hazırlayır, özlərini rejissor kimi sınayırlar. Sizi nə vaxtsa rejissor ampluasında görməyimiz mümkündür?

- Mən o həvəsimi tələbə olanda kurs işində öldürmüşəm. O, ağır işdir, mən ancaq rol oynaya bilərəm.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm