Tanınmış aktyorumuz adam döydü, polis bölməsinə aparıldı – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Tanınmış aktyorumuz adam döydü, polis bölməsinə aparıldı – FOTOLAR

Onu aktyorluq sənətimizin itirilmiş aktyoru, yaxud da parlamayan ulduzu hesab edirəm. Çünki həm fakturası, həm də intellekti ilə əksər aktyorlardan fərqlənir.

Amma parlaya biləcəyindən daha az və gec üzə çıxıb. Heç indi də teatrda aktyor kimi çalışmır Hacıbaba Məmmədov. Akademik Milli Dram Teatrının baş inzibatçısıdır…

Niyə? Nə üçün? Özünüz oxuyun.

- Hacıbaba müəllim, hazırda Akademik Milli Dram Teatrının baş inzibatçısınız. Amma son vaxtlar ard-arda bir neçə seriala, o cümlədən “Son hədd”ə, “Sindrom”a, “Oğurlanmış” arzular”a çəkildiniz. Niyə bu qədər gec üzə çıxdınız?

- Kinoda əvvəl də işlərim olub. Amma düz deyirsiniz ki, tamaşaçı məni axır vaxtlar çəkildiyim seriallardan tanıyıb. Bir neçə televiziya tamaşalarına da çəkilmişəm. 2002-ci ilədək teatrda işlədim və bu sahədən uzaqlaşdım.

- İxtisaslı aktyorsunuz?

- Bəli. 1964-cü ildə Culfada doğulmuşam. 1982-ci ildə sənədlərimi hazırkı Mədəniyyət və İncəsənət Universitetinə verdim. Onda cılız oğlan idim, cəmisi 53 kiloydum. İmtahanı Mehdi Məmmədov götürürdü. Mehdi müəllim baxdı-baxdı, pauzayla dedi ki, oğlum, get əsgərliyə, sonra gələrsən. Gəldim evə vəziyyəti danışdım. Atama dedilər ki, 800 manat versən, əsgərlikdən saxlayarıq. Atam pulu vermək istəyirdi, qoymadım. Şərt kəsdik ki, əsgərliyə gedib qayıdandan sonra həmin pulu özümə verəcək. 1983-85-ci illərdə Çexoslovakiyada mərkəzi ordu birləşməsində hərbi xidmət keçdim, idmanla məşğul oldum. Hərbi beşnövçülük və hərbi əlbəyaxa döyüş üzrə idman ustalığını ödədim.

-Yenə də idmanla məşğulsunuz?

-Bəli, indi də formada qalmaq üçün həm idmanla, həm də rəqslə məşğulam. Həmçinin rəqs dərsləri aparıram, şərq əlbəyaxa döyüş növlərini bilirəm. Bir müddət uşu idman növüylə məşğul olmuşam.

- Maraqlıdır - rəqs, aktyorluq, idman...

- Biz tələbə olanda Roza Cəlilovanın rəqs qrupları var idi. O rəqs qruplarında məşğul olmuşam. 1989-cu ildə ali məktəbi bitirmişəm və Vaqif İbrahimoğlunun yaratdığı “Yuğ” teatrının ilk aktyorlarından olmuşam. On il həmin teatrda çalışmışam.

- Niyə sizi həmişə mənfi rollara çəkirlər. Səbəbini bilirsiniz? Bəlkə, fakturanıza görədir?

- Ola bilsin, fakturamın da rolu var. Amma uşaq vaxtından evdə deyirdilər ki, sənin üzündə şeytan tükü var. Ən ağlağan uşaq da məni görəndə qucağıma gəlir. Tələbə vaxtı avtobusda bir uşaq gəldi qucağıma, sonra anasına getmək istəmirdi. Amma hər halda, rejissorların fikrinə hörmətlə yanaşıram. Yəqin ki, onlar məni mənfi rollarda görürlər.

- Sizdə komediya alınar?

- Yaxşı yumor hissim var.

- İxtisasca aktyorsunuz, özünüz də teatrda inzibati işdə çalışırsınız. Təsəvvür edin ki, həmkarlarınız ikinci mərtəbədə məşq edirlər, siz də burada texniki məsələlərlə məşğulsunuz. Darıxdırıcı deyil?

- Hər halda, nə işə gəldiyimi bilirdim. Bundan əvvəl Bakı Uşaq Teatrında direktor müavini idim, teatr festivallarında rejissor kimi üç monotamaşam oynanılmışdı. Özüm də aktyor kimi fəaliyyət göstərirdim, həmçinin İrəvan Teatrında quruluş verdiyim tamaşa qoyulmuşdu. Məni bura dəvət etdilər və məsləhət bildilər ki, gəlim.

- Bəlkə, “Azdrama”nın adına görə gəldiniz. Yəni düşündünüz ki, inzibatçı, yaxud aktyor nə fərqi var ki?

-Yox, fərq çox böyükdür.

- Əgər burda çalışan aktyorlara həsədlə baxmırsınızsa, deməli, canınız-qanınızla aktyor deyilsiniz.

- Həsəd aparmıram. Çünki onlar mənim nəyə qadir olduğumu bilirlər.

- Bəs niyə aktyor kimi işləmirsiniz burada?

- Yəqin ki, məqamı var.

- Axı sizin 25 yox, 50 yaşınız var.

- Qeyri-adi nəsə olsa, işləyərəm.

- Deyəsən, kaskadyorluğu da bacarırsınız.

- Leninqradda kaskadyorluq məktəbinə daxil olmaq imkanım var idi. Sonradan 80-ci illərin sonunda məlum səbəblərə görə ara qarışdı, alınmadı.

- Aktyorlar arasında tez-tez mübahisələr olur. Nə vaxtsa fiziki gücünüzdən istifadə etmisiniz?

- (gülür) Məni özümdən çıxarmaq çox çətindir. Amma cavanlıqda çox davalarım olub. İndi heç kimə güc göstərmək fikrim yoxdur. Hətta bir dəfə polisi döydüyümə görə məni tutub bölməyə aparmışdılar.

- Səhv etmirəmsə, xanımınız da aktrisadır…

- Yoldaşım da aktrisadır, 10 il “Yuğ”da işləyib. 12 yaşlı qızımız var.

- Birdən qızınız da aktrisa olmaq istəsə, seçiminə qarışacaqsınız?

- Qarışmaram. Əsas sənətə, peşəyə olan istəkdir. Beynəlxalq festivalda ən güclü kişi rolu üçün ilk qran-prini Azərbaycana mən gətirmişəm. “Yuğ”da Azərbaycanın ilk pantomim tamaşası olan “Ümid” tamaşaya qoyuldu. Bəxtiyar Xanızadənin quruluş verdiyi bu monotamaşa ilə Azərbaycanda iki festivalda qalib gəldim. Ufadakı beynəlxalq festivaldan isə qran-pri ilə qayıtmışam. Azərbaycandan ikinci belə bir aktyor yoxdur.

- “Yuğ”dan niyə getdiniz bəs?

- 2000-ci ildə “Yuğ”dan getdim və 3 il Pantomima Teatrında çalışdım. Azərbaycanın ilk pantomim aktyoru da mənəm.

- Dolanışıq necədir?

- Serialdan da qazanırıq, rəqs dərsləri deyirəm. Onsuz da teatrdan aldığımız pul dolandırmır.

- Hazırda çəkildiyiniz nəsə var?

- Şahin Zəkizadənin “Sevimli düşmən”, Asif Abramovun “Qisas” seriallarında rol almışam. Yaxın vaxtlarda efirdə olacaq…

- Xaraktercə necə insansınız?

- Maksimalistəm. Rəhmətlik ustadım Vaqif İbrahimoğlu da bunu mənə deyirdi. Səhər süpürgəçi də işləsəm, ən yaxşı süpürgəçi olmalıyam. Bu, mənim qanımdadır.

- Bildirdiniz ki, maksimalistsiniz. Bəs nə əcəb peşəkar, titullu idmançı olmadınız?

- Ali məktəbin sonuncu kursunu meydanlarda keçirmişik. Sonrakı hadisələri də, yəqin ki, bilirsiniz. Azərbaycan teatrındakı hazırkı boşluq da məhz həmin dövrlə əlaqədardır.

- Belə danışaq da. Həmin hadisələr sizin yaşıdınız olan teatr adamları üçün də var idi. Məsələn, Bəhram Osmanov da sizinlə yaşıddır. Amma bu gün daha çox tanınır, bir çox teatrlarda tamaşalara quruluş verir…Başqa bir yaşıdınız fəxri ad alıb. Təbii, istedadınıza şübhə etmirəm. Amma niyə sizdə vaxtında parlamaq alınmadı?

- Mən ali məktəbi hərbi xidmətdən sonra oxuduğuma görə institutu yaşıdlarından gec bitirmişəm. Amma ali məktəbdə də fəal olmuşam, tələbə komitəsinin sədriydim, tələbə inşaat dəstəsinin ustasıydım. Komsomol məktəbini bitirdim, partiya məktəbinə qəbul olundum. Ali məktəbi də qırmızı diplomla bitirmişəm…

- Hər şey gəlir, gəlir, həlledici məqamda sanki nəsə çatmır…

- Biz 2000-ci illərin əvvəlində Türkiyədə bir festivala getmişdik, günümüzə 600 manat pul xəclənirdi. Amma biz festivaldan qayıdanda mənə 15 gün üçün 68 manat pul yazılmışdı. Orada olduğum müddətdə isə təkcə uşağa veriləcək “mannı”nın pulu 90 manat eləmişdi. Sənətkar ac qalmamalıdır. Kifayət qədər yumor hissim var, məclis apara bilirəm, amma tamada getmirəm. Kimsə “artist” deyib cibimə pul qoya bilməz. Kim bacarırsa, halal xoşu olsun. Mən onda fikirləşdim və gəlib ərizəmi yazıb uzaqlaşdım. Beş il teatrdan kənar qaldım.

- Bəs həmin beş ildə nə işlə məşğul olurdunuz?

- Mebel sexində, “Qanun” nəşriyyatında işlədim, əvvəlcə qəzet sayırdım. Dörd ildən sonra nəşriyyatın çap evi mətbəəsinin müdiri idim.

- Mebel sexində usta işləyirdiniz?

- Tələbə olanda bir nəfər bu işi mənə öyrətmişdi. İl yarım mebel işində işlədim və 2010-cu ildən yenidən sənətə qayıtdım. İntiqam Soltan məni Bakı Uşaq Teatrına dəvət elədi.

- Olub ki, əvvəllər evində mebel yığdığınız insanlarla sonradan rastlaşasınız?

- Mənim sifətim elədir ki, kimin sifətinə diqqətlə baxıramsa, dərhal həmin adam mənə salam verir. Neçə dəfə belə hadisə olub.

- Qürurlu adamsınız…

- Heç vaxt özümdən ötrü ağız açmıram. Vidadi Həsənov həmişə deyir ki, Hacıbaba yeganə naxçıvanlıdır ki, vəzifəyə can atmır. Areal orada yaşayan topluma xarakter və məşğuliyyət verir. Bu da bizim mental düşüncədir. Məsələn, dənizkənarı zonalar balığı daha yaxşı tanıyır. Biz balıq tanımırıq, biz tərəfdən muğam deyən çıxmayıb. Amma Qarabağda uşaq ana bətnindən oxuya-oxuya çıxır. Bizim iqlim isə sərtdir.

- Bir daha sənətdən ayrılmağı düşnmürsünüz ki?

- Ruzini Allah verir. Adam cavan olanda bir az başqa cür düşünür. Türkiyədə festivalda olanda Yaponiyanın “No” teatrının aktyorları ilə səhnəni paylaşmışam. Orada aktyorun rütbəsi belədir – Yaponiyanın milli sərvəti. Dövlətin ona verdiyi “qızıl kart”la gəzir və dövlətdən limitli pul xərcləyə bilir. Bizdə milli sərvət neftdir, orada isə insandır. Bu gün bizdə fəxri adlar eyni analogiya ilə verilsə, hərə bir dost-tanış tapacaq və nəticədə , ən layiqsiz adamlar olacaq ölkənin milli sərvəti. Amma layiq olan sənəkarlarımız da var. Məsələn, o vaxt Rusiyadan qran-pri ilə qayıdanda kirayədə qalırdım. Ev sahibəsi mənə deyəndə ki, “bu ayın da pulunu verməsən, əşyalarını yığışdır, rədd ol həyətdən”, bütün günü fikirləşdim ki, görəsən, bu mənə lazımdırmı? Halbuki, oradan bura Polad Bülbüloğluyla eyni təyyarədə uçurdum, üstəlik, Beynəlxalq Misir Festivalına dəvət olunmuşdum. Getsəydim, adım dünya teatr kataloquna düşürdü. O vaxt 3000 dollar tapılmadı ki, gedim. Yəni dövr belə idi. 1990-2005-ci illər arası mənimçün itirilmiş dövrdür. Hansı ki, mənim ən qaynar, dinamik vaxtlarım idi.

- Deyəsən, Mədəniyyət və İncəsənət Universitetinin də fəaliyyətindən narazısınız…

-2000-ci ildən sonra ora Texniki Universitet kimi baxıram. Yaxşı uşaqlar var. Aktyor ilk növbədə özünü dərk etməlidir. İncəsənət institutuna seçim başqa cür olmaldır. Hətta psixi testdən də keçməlidirlər. İstedadlılar testdən keçə bilmirlər, istedadsız başqa yerdən kəsilir, bura düşür. Mən orada 5 il öyrənməli olduğumu iki ilə, özü də bunun 15 qatını Vaqif İbrahimoğludan öyrəndim… Yaxşı müəllim heyəti olmalıdır. Gedin oranın müəllimlərinə baxın. Yaxşı müəllim olmaq alim olmaq deyil, pedaqoq olmaq lazımdır.

- Turnikdə neçə dəfə çəkinirsiniz?

- 20-25 dəfə çəkinirəm. Əsgərlikdə mərkəzi ordu birləşməsində yeganə adam idim ki, F1 qumbarasını 64 metrlik məsafəyə atırdım. “Jiquli” 60 sürətlə gələndə üstündən tullanırdım. Bir dəfə “İnturist”in qabağında tullandım, bütün şəhər mənə baxırdı. Yaxşı at minirəm.

Aktyor əvvəlcə bədənini tanımalıdır. İkincisi, aktyorun intellekti olmalıdır. İntellekti olan aktyor çoxqatlı ampluaya malik olur. Üçüncüsü, aktyorun gözəl danışığı və düşündüklərini göstərmək qabiliyyəti olmalıdır. Yəni düşündüyünü göstərə bilməlisən. Bunu Ədil İsgəndərov da belə deyirdi.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm