Xalq artisti: “Rafael Dadaşov məni vurmamışdı”
Bizi izləyin

Tabloid.az

Xalq artisti: “Rafael Dadaşov məni vurmamışdı”

Akademik Milli Dram Teatrının aktyoru, tanınmış xalq artisti Rafiq Əzimovun Publika.az-a müsahibəsi

- Rafiq müəllim, səhhətiniz necədir?

- Şükür ki, özümü yaxşı hiss edirəm, sağlamlığım yerindədir.

- Yay tətiliniz necə keçdi?

- Hər il olduğu kimi, bu il də istirahətimdən qalmadım. Nabrana getdim və oradakı sanatoriyaların birində 15 gün istirahət elədim. İndi çox yüksək əhvali-ruhiyyədəyəm. Demək olar ki, hər il Nabrana gedirəm və çox əla qayıdıram. Fikirlərim, düşüncələrim təmizlənib. Həmin 15 gün mənimçün çox qeyri-adi oldu.

- Akademik Milli Dram Teatrında, ümumiyyətlə, ökə teatrında 2-3 ən yaşlı sənətkardan birisiniz. Sizcə, nə üçün aktyorlarımız, aktrisalarımız bir-biri ilə yola getmirlər?

-Yəqin ki, cavan olduqlarına görədir. Bir az təcrübə qazanandan sonra başa düşəcəklər ki, heç də hər şey düşündükləri kimi deyil.

- Yaşlı sənətkarlar tamaşaçı qıtlığından narazılıq edirlər. Deyirlər ki, ötən əsrdə teatr tamaşaçını daha çox cəlb edə bilirdi. Bunun səbəbini nədə görürsünüz?

- Müxtəlif təbiətli tamaşaçılarımız var. Bir qisim tamaşaçı auditoriyası var ki, yalnız və yalnız köhnə tamaşalara, o dövrün aktyorlarına vurğundurlar. Həmin tamaşaçılar teatrdan uzaqlaşıblar, çoxdandır gəlmirlər. Yadımdadır ki, bir dəfə onlardan biri məndən soruşdu ki, hanı əvvəlki tamaşalar? Bu adam demək istəyirdi ki, əvvəlki tamaşalar daha keyfiyyətli, daha maraqlı idi. Mən də soruşdum ki, özünüz axırıncı dəfə nə vaxt tamaşaya baxmışınız? Məlum oldu ki, sonuncu dəfə tamaşaya baxanda “Azdrama” indiki Dövlət Musiqili Teatrının binasında yerləşirmiş. Yəni 40-50 il əvvəldən söhbət gedir.

- Bəlkə, doğrudan da, tamaşalar diqqət çəkmir, yaxud lazımlı səviyyədə təbliğ olunmur? Siz bu barədə nə düşünürsünüz?

- Bax bunu düz dediniz. Təbliğat bizim yaralı yerimizdir. Bu gün Azərbaycan teatrlarının reklamı yox səviyyədədir. Bir neçə il əvvəl bəzi tamaşaların anonsu efirlərdə gedirdi. İndi onu da yığışdırıblar.

- Rafiq müəllim, bildiyimə görə “Azdrama”nın tarixində ikinci belə aktyor yoxdur ki, 52 il fasiləsiz orada işləsin.

- Bəli, 52 ildir ki, bu teatrda işləyirəm.

- Heç vaxt heç yerə getmək fikriniz olmayıb?

- Olsaydı, gedərdim. Amma 52 ildir burdayam.

- Azərbaycanda 52 il eyni teatrda işləmiş ikinci bir aktyor var?

- Zaman-zaman gedib-gələnlər olub. Amma 52 il fasiləsiz işləyən olmayıb. Mənim əmək kitabçamda yalnız bir iş yerinin adı var.

- Heç vaxt qalmaqallı aktyor olmamısınız. Amma...

- Ümumiyyətlə, qalmaqalı sevmirəm. Bir ara müğənnilər ortada idi, tez-tez efirdə dedi-qodular olurdu.

- İndi də olur...

- Hətta bir ara bizi də bu məsələyə qatmaq istəyirdilər. Amma mən belə şeylərə pis baxıram.

- Pis baxsanız da, bir dəfə “Qoca kloun tələb olunur” tamaşasının məşqində, deyəsən, Rafael Dadaşovla davanız olmuşdu. Hətta bəziləri dedilər ki, guya o sizi vurub.

- Məşq indi sizə müsahibə verdiyim məkanda gedirdi. Yalan söhbətdir. Davamız olmayıb, Rafael də məni vurmayıb. Dava eləmək bizə yaraşmaz. Sırf yaradıcılıq məsələsi olub. Rumın dramaturqu Mate Vişnekin “Qoca kloun tələb olunur” əsəri əsasında tamaşa hazırlanırdı. Rafael Dadaşovla Ramiz Məlikov rejissor Nicat Kazımovun dedikləriylə razılaşmırdılar. Amma rejissor məndən nə qədər gənc olsa da, həmişə dediklərinə əməl edirəm...

- Bəlkə, rejissor səhv edir?..

- Tamaşanın müəllifi rejissordur. Mən yalnız onun verdiyi mizanları yerinə yetirirəm. Bir aktyor kimi öz təklifimi verə bilərəm ki, bəlkə, bunu belə edək. Amma tərəf müqabillərim barışmırdılar deyə mübahisə yarandı.

- Yeni mövsümdə qoyulacaq tamaşalarda varsınız?

- Hələ ki, boşam. Bir neçə tamaşa hazırlanır. Rol versələr, oynayacağam.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm