Ema həyat yoldaşının hansı sirrini açdı? - FOTOLAR, VİDEO
Bizi izləyin

Tabloid.az

Ema həyat yoldaşının hansı sirrini açdı? - FOTOLAR, VİDEO

Müğənni Elmira Ələkbərzadənin Publika.az-a müsahibəsi

Yaradıcılığında o qədər də məhsuldar olmayan, amma keyfiyyətə önəm verən Ema ilə söhbətə elə yaradıcılığından başladıq. Söhbət əsnasında müğənni şəxsi həyatı ilə bağlı bilmədiklərimizdən də söz açdı...

- Bu gün bir çox həmkarlarınız var ki, istər Azərbaycanda, istərsə də xarici ölkələrdə kliplər çəkdirir. Amma nədənsə, sənin yeni klipini görə bilmirik. Ümumiyyətlə, necə düşünürsən, yaxşı mahnı üçün klip çəkdirmək vacibdirmi?

- Məncə, əsas olan musiqinin gözəl olmasıdır. Yadındadırsa, 2000-ci illərdə klip çəkdirmək dəbdə idi. Camaata bu kliplər çox maraqlı təsir bağışlayırdı. Amma indi insanlara keyfiyyətli musiqi lazımdır, klip yox. Şəxsən mən özüm klip çəkdirmək istəmirəm. Daha çox keyfiyyətli musiqilər oxumaq fikrindəyəm ki. həmin musiqilər insanların yadında qalsın. Fikir vermisinizsə, mən ildə bir, ya iki mahnı yazdırıram. Oxuduğum mahnılar da hitə çevrilir. İndi lap durub kliplər çəkdirdim, televiziyalarda nümayiş olundu, bəs sonra?..

- Mahnı seçimində daha çox nəyə diqqət yetirirsən – üsluba, ritmə, ya sözlərə?

- Hər şeyə. Məsələn, bu yaxınlarda Azər Nəsibovdan bir mahnı oxuyacağam. Sözün düzü, mən özüm ondan musiqi istədim, çünki o mənim üslubuma yaxın bəstələyir. Təbii ki, mahnının arenjemanı olacaq. Amma melodiya olduğu kimi saxlanacaq.

- Səncə, niyə bu gün yaddaqalan musiqilər azlıq təşkil edir? Bu məsələdə bəstəkarı daha çox qınayırsan, söz müəllifini, yoxsa müğənnini?

- Əslində, hər musiqinin öz publikası, dinləyicisi var. Durub kimisə məcbur eləmək olmaz ki, sən keyfiyyətsiz mahnılara qulaq asma. Bir qrup keyfiyyətli musiqiləri dinləyir, bir qrup da öz zövqünə cavab verən aşağı səviyyəli mahnıları. Yəni burda heç bəstəkarı da qınamalı deyil. Gənclərin zövqü də dəyişib. Əvvəllər deyirdilər ki, 20 yaşlı gəncin fikrini dəyişmək, yaxşı mənada zövqünü yönləndirmək olar, amma belə deyil. İndi belə deyil.

- Səncə, zövqləri bu dərəcədə korlayan nədir?

- Birinci növbədə sosial şəbəkələr gənclərin zövqünü tamamən korlayıb, onları zövqdən uzaq salıb. Baxırsan gənc qızlardır, az qala, kompüterin qabağında yatır. Saatlarla oturub sosial şəbəkədə vaxt itirirlər. Mənə də çox yazırlar. Deyirəm, ay qızlar, sizin işiniz-gücünüz yoxdur, barı bir kitab oxuyun, savadınızı artırın, normal bir işin qulpundan yapışın. Keçən dəfə bir qızla mübahisəm də oldu. Ona dedim ki, kitabxanaya getmirsənsə, heç olmasa, elektron kitabları tap oxu, zövqünü inkişaf etdir. Qız mənə cavab verə bilmədi. Ən böyük bədbəxtçiliyimiz bundadır e...

- Həyat yoldaşınla çəkdirdiyin fotoları tez-tez paylaşırsan. Aranızda fikir ayrılığı yaşanır heç?

- Emillə zövqümüz üst-üstə düşür. Mənim bəyəndiyim nə varsa, onun da xoşuna gəlir. Yaxud da əksinə, onun sevdiyi şeyləri mən də sevirəm. Amma qoy sənə bir sirr açım də. Ərimin mənə yalnız bir iradı var, deyir, çox tənbəlsən – yaradıcılığımı nəzərdə tutur. Amma ev-mətbəx işlərimi çox bəyənir. Bir də, hədsiz səliqəli olmağım onun xoşuna gəlir.

- Biş-düşlə aran necədir?

- Bacarıram, amma çox az hallarda yemək bişirirəm.

- Amma sevgi kişinin mədəsinə gedən yoldan başlanır axı…

- Yox e, yalan sözdür, hər şey sevgidən başlanır. Kişi qadını sevirsə, onun hər nazına dözəcək. Mədə-zad boş söhbətdir.

- Qısqanclıqlar olur ailədə?

- Hər bir kişinin və qadının içində qısqanclıq var, amma hərə bunu bir cür biruzə verir. Adam var ki, ölür qısqanclıqdan, amma üzə vurmur. Biz də bir-birimizi qısqanırıq, amma heç vaxt üzə vurmuruq.

- Qayınananla münasibətlərin necə, yaxşıdır?

- Həddən artıq. Qayınanam mənim səmimiyyətimi çox qiymətləndirir. Mənim bir prinsipim var, düzlüyü çox sevirəm. Qayınanam da bu xasiyyətimi bilir və bunun görə məni çox istəyir. Ümumiyyətlə, o çox mədəni qadındır.

- Yayı necə keçirdin, dincələ bildin?

- Yaydan zindeyi-zəhləm gedir. İstidə mən burnumun ucunu da çölə çıxarmıram. Mənimki qış və payız fəslidir. Heç buna görə yayda dincəlməyə də getmədik. Payıza saxlamışıq istirahəti...

- Çəkin, maşallah, heç artmır. Buna necə nail olursan?

- Mən uzun illərdir ki, pəhriz saxladım və mədəm kiçildi. İndi çox yemək istəsəm də, yeyə bilmirəm. Bir də, mən yeməkdə daha çox meyvə-tərəvəzə üstünlük verirəm. Xanımlara da bunu məsləhət görürəm. Amma çox şirin meyvələr yeməsinlər.

- Çörəkdən sən də imtina etmisən?

- Yox, qara çörək mütləq yeyilməlidir.

- Ema hər bir qadının fobiyası olur, maraqlıdır, sənin qorxuların varmı?

- Sübh tezdən olunan zənglərdən dəhşətli dərəcədə qorxuram. Bir də, mən küləkdən dəhşətli dərəcədə qorxuram. Qasırğa olanda ağaclar pəncərəni döyür ha, bax onda az qalır qorxudan ürəyim getsin.

- Uşaqlıqdan bu qorxu səndə var, yoxsa, sonradan belə olmusan?

- Yox, uşaqlıqda başqa fobiyam vardı şəkil çəkdirməkdən qorxurdum. Elə ağlayırdım, elə bil ətimi kəsirlər. Buna görə də uşaqlıq şəkillərim çox azdır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm