• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Yeddiqat dünya çempionu: “Buna görə o filmə çəkilmədim” - FOTOLAR

Yeddiqat dünya çempionu: “Buna görə o filmə çəkilmədim” - FOTOLAR

“Ulduzlu axşam”da qonağım Peşəkar Sanda Klubunun prezidenti, yeddiqat dünya çempionu, tanınmış məşqçi, “Qara bəbir” Babək Hüseynovdur.

Digər idmançılardan fərqli olaraq, Babək sadəliyi və hədsiz səmimiyyəti ilə diqqətimi çəkdi.

“Şou əhlini daha çox tanıyırlar, nəinki idmançıları”

- Kinq-fu sənin həyat tərzindir, yoxsa, xobbin?

- Həyat tərzim. Hətta üzrlü səbəbdən bir neçə gün uzaq səfərə çıxıb məşqlərə ara verəndə özümü çox narahat hiss edirəm. Sanki üzərimdə ağır bir yük olur. Amma məşq etdiyim zaman gün ərzində bu yükdən azad oluram və rahatlıq tapıram.

- Məşhur olmağın müsbət və mənfi cəhətləri hansılardır?

- Müsbət cəhət budur ki, hər hansı bir uğura imza atanda millətimin, vətənimin bayrağını yüksəkliklərə qaldırdığıma görə fəxr edirəm. Amma hansısa bir yarışda zədə almaq, yaxud məğlub olmaq idmançının əhval-ruhiyyəsinə çox pis təsir göstərir. Hətta bir neçə ay özünə gələ bilmirsən.

- Şöhrətdən başının gicəlləndiyi vaxtlar olur?

- Şöhrətdən heç xoşum gəlmir. İnsanların mənə xoş münasibətini görəndə sevinirəm. Təbii ki, bizi tanıyanlar da var, tanımayanlar da. Bu gün şou əhlini taha çox tanıyırlar, nəinki idmançıları. Yaxşı olardı ki, idmançılarımızı da tanıyıb, dəyər versinlər. Məsələn, xarici ölkələrdə olanda başımıza yığışıb, avtoqraf alırlar, bizimlə şəkillər çəkdirirlər. Bəzən dostlarımla hansısa bir məkanda oluruq, dostlarımdan biri yanındakından soruşur ki, bu adamı tanıyırsan? Cavab verir ki, yox. Deyir, yeddiqat dünya çempionu Babək Hüseynovu tanımırsan?.. Hətta insanlara elə gəlir ki, dostum zarafat edir. Onlar düşünürlər ki, məşhur idmançı sadə adamların arasında ola bilməz, guya biz çox təkəbbürlüyük, əzələli olduğumuz üçün hamıdan güclüyük və s. Əslində, idmançı çox sadə olmalıdır.

“Ringə girəndə mütləq ürəyimdə bu sözü deyirəm, yoxsa…”

- Çox gənckən qibtə ediləcək qədər uğurlara nail olmusan. Uğur düsturunu necə ifadə edərdin?

- Mən bunu Allahın yazdığı qədər sayıram. Hələ yeniyetmə vaxtlarımdan oxumaqla bərabər idmanla məşğul olurdum, çox zəhmətə qatlaşırdım. Allahıma minnətdaram ki, mənə izn verdi, dünya çempionu oldum, xalqımın adını yüksəklərə qaldırdım. Dövlətimizin, prezidentimizin idmana göstərdiyi qayğı bu gün dünyanın heç bir yerində yoxdur. Bu, biz idmançıları da ruhlandırır. Onu da deyim ki, dünya çempionu olmaq hər idmançıya nəsib olmur.

- Bilirəm ki, namaz qılırsan, yəqin, hər dəfə yarışa gedəndə Allahdan kömək istəyirsən…

- İnanın, elə məqam olub ki, utanmışam Allahıma deyim ki, mənə güc ver, yarışda qalib gəlim. Yəni Allaha olan sevgim istəməmişəm təmənnalı olsun. Bəzən rinqdə uduzub, qaldığım otelə qayıdanda Allaha demişəm ki, belə məsləhət bildiyin üçün də belə oldu. Yəni Ona asi çıxmamışam.

- Elə bir talismanın varmı ki, rinqə daxil olanda onu üzərində gəzdirəsən?

- Talismanım yoxdur, amma mütləq hər yarışa girəndə “Bismillah” deyib Allahı köməyimə çağırıram və deyirəm: “Əgər bu yarışda qalib olmağım xeyirlidirsə, mənə nəsib et, xeyirli deyilsə, nəsib etmə”. Bir də rinqə çıxanda psixoloji olaraq rəqibimin güclü olduğunu, məndən qorxmadığını düşünürəm və deyirəm ki, bircə, hakim əmr etsin, onu Babək Hüseynovun necə güclü olduğunu başa salım. Bu da mənə böyük bir stimul verir.

- Maraqlıdır, qarşındakı rəqibi güclü görəndə idmançıların dili ilə desəm, mandraja düşmürsən ki?

- Əksinə. Bəzi idmançılar var ki, təkəbbüründən qarşısındakı idmançını zəif görür, ehtiyatsızlıqdan da dərhal nokauta düşür. Gərək qarşındakı rəqibi güclü görəsən və onunla sona qədər ehtiyatla davranasan.

- Mənə çox maraqlıdır, daxilən zəif olan bir insan fiziki güclə qələbə çala bilər?

- Qətiyyən. Əsas olan psixoloji hazırlıqdır. Əgər idmançının şəxsi həyatında hansısa problemi varsa, psixoloji durumu yerində deyilsə, o, fiziki cəhətdən qələbə əldə edə bilməz. Hər ikisi vəhdət təşkil etməlidir.

“Əsəbi, çılğınam, haqsızlıq görərəmsə…”

- Səndə psixoloji hazırlıq necə gedir? Məsələn, yarışdan öncə telefonunu söndürürsən, dostlarla əlaqəni kəsirsən, bir otaqda tək qalırsan, ya necə?..

- Əvvəlcə bunu deyim ki, idmançı yarış ərəfəsində əsəbi olur, çəki itirir, stressə düşür, çünki məşqlər artır. Ona istirahət lazımdır, gecələr komik filmlərə baxır, beynini işlətmək üçün kitab oxuyur. Dostlara az vaxt ayırır ki, yorulmasın. Bəzən xarici ölkələrə yarışa gedəndə cavan idmançılar oteldə əynini dəyişən kimi gedirlər gəzməyə. Mənə deyirlər ki, sən niyə çıxmırsan bayıra, mandrajdasan? Deyirəm ki, mənim gəzintim yarışdan sonra başlanacaq. Yəni qabaqcadan özümü yormuram.

- Özünü fiziki cəhətdən güclü sayırsan, yoxsa mənəvi?

- Daha çox mənəvi cəhətdən güclüyəm.

- Səni nə gücsüzləşdirə bilər?

- Mən gücü Allahdan alıram. Əgər hansısa yaxınım tərəfindən haqsızlıq görərəmsə və o adam bunu görməzlikdən, bilməzlikdən gələrsə, mənə böyük zərbə olar.

- Haqsızlıqla qarşılaşanda fiziki gücünü işə salırsan?

- Olur. Düşə də bilər, düşməyə də.

- Xaraktercə necə birisən?

- Əsəbi, çılğınam. Dostlar belə deyir. Dağıtmaq-sındırmaq - belə şeylər yoxdur. Çalışıram özümü ələ alım.

“Akvariuma baxmağı televizora baxmaqdan üstün tuturam”

- Pula münasibətin necədir, çox olsa yaxşıdır?

- Çox olsa, problem də çox olur, ətraf da böyüyür. Çox olanda problem də artır.

- Ən çox nəyə pul xərcləyirsən?

- İdman geyimləri və idman ləvazimatına. Evdə belə ləvazimat və geyimlərin hərəsindən, azı, dörd-beş cür varımdı. Eləsi var ki, hələ onları geyinməmişəm. Amma xoşlayıram evdə olsun.

- Bəs gündəlik geyimlərə necə, pul xərcləməyi xoşlayırsan? Adam var, son qəpiyini də geyimə verir..

- Məndə də olub elə vaxtlar. Yeniyetmə vaxtlarımda, indi yox...

Bahalı geyimləri cibə uyğun olaraq seçirəm.

- Ən çox hansı üslubda geyinməyi xoşlayırsan?

- Klassik. İdman üslubuna məşq zamanı üstünlük verirəm.

- Hobbin, ya bir əyləncən varmı?

- Balıq saxlayıram. Evdə də varımdır, iş yerində də.

- Amma balıq saxlamağın düşər-düşməzi olduğunu deyənlər də var… Ümumiyyətlə, inanclara inanırsan?

- Allahın yazdığı qədərdən başqa heç bir inanca, əlamətə inanmıram.

- Niyə məhz balıq?

- Uşaqlıqdan balıqları sevmişəm. İnsanıq, bəzən əsəbiləşirik, işimiz düz gəlmir, balıqlara baxanda əsəblərim sakit olur. Akvariuma baxmağı televizora baxmaqdan üstün tuturam.

“Şouya qatılmaq istəməzdim”

- Bəs musiqi necə, hansı müğənniləri dinləyib zövq alırsan?

- Ədalət Şükürov, Emil Bədəlov, Elton, gənc müğənni dostum var - Vasif.

- Bəs xanımlardan?

- Sevda Yəhyayeva.

- Bir ara dəb düşmüşdü, müğənnilər kliplərində çəkilmək üçün idmançı oğlanları dəvət edirdi. Elə Sevda dedin, yadıma düşdü. Onun klipində futbolçu Ruslan çəkilmişdi. Sənə belə təkliflər olunub?

- Klipə yox, amma serial və filmə dəvətlər olub. İmtina etmişəm. Həmin filmə çəkilərdim, amma sonluq xoşuma gəlmədiyi üçün imtina etdim.

- Necə bir sonluq idi ki?

- Filmin qəhrəmanı olan idmançı rinqdə məğlub olmalıydı, mən də bunu özümə rəva bilmədiyimə görə filmə çəkilmədim.

- Klipə çəkilmək istərdin?

- Yox, mən idmançıyam, rinqə çıxan adamam, şouya qatılmaq istəməzdim. Özümü o aləmdə görmək istəmirəm.

“Əvvəllər oğlanlar qızların arxasınca sürünürdü, indi…”

- Gənc oğlansan, subaysan, xanım heyranların çox olar yəqin. Xanımların idmançılara xüsusi rəğbəti olur…

- Sevənlər də var, sevməyənlər də. Bəzi qızlar sevmirlər, deyirlər ki, idmançılar guya əsəbi, başdanxarab olur…(gülür)

- Sevdiyin qız varmı?

- Olub, müəyyən səbəblər üzündən ayrılmışıq.

- “Sevgini sevgi unutdurur” deyirlər...

- Hələ ki, elə biri yoxdur.

- Ailə qurarkən sevgi mütləqdirmi?

- Əlbəttə. Bəzən adamlar olub ki, təmənnalı şəkildə evləniblər, amma xoşbəxt sonluq olmayıb. Qarşılıqlı sevgi əsasında ailə qurulanda tərəflər bir-birini anlayır və güzəştə gedir. Sevməyəndə güzəştə də getmək olmur. Məsələn, mən idmançıyam və müəyyən məqamlarda xanımım məni başa düşməlidir.

- Mühafizəkarsan deyəsən?

- Bəli.

- Sosial şəbəkələrlə aran necədir?

- Aludəçisi deyiləm, amma istifadə edirəm.

- Qızlardan sevgi mesajları alırsan yəqin?

- Çox olur. Hətta görüşmək, yaxından tanış olmaq istəyənlər də olur, amma mən imtina edirəm. Heç onların sevgisindən sui-istifadə də etmirəm.

- Bəlkə, tanış oldun, xoşuna gəldi?

- Yox, əvvəllər oğlanlar qızların arxasınca sürünürdü, indi əksinə olub. Bu mənim xoşuma gəlmir. Oğlan qızın sevgisini əzab-əziyyətlə qazanmalıdır, onda maraqlı olur. Yadımdadır, biz uşaq olanda böyüklər sevdikləri qızla görüşəndə bizi aparıb çəpərin başında qarovulçu qoyardılar ki, birdən qızın qardaşı, ya atası gəlib çıxar. O vaxtın ləzzəti indi qalmayıb. Sosial şəbəkədə bu gün tanış olan qızla-oğlan elə danışır, sanki on ildir bir-birlərini tanıyırlar. Qızı çətinliklə əldə edəndə maraqlı olur.

“Hədsiz dərəcədə qısqancam”

- İdmançılar haqqında bəzən xoşagəlməyən şayiələr də yayılır. Guya pis vərdişləri olur…

- Mən on yaşımdan ibadətlə məşğulam və içki, siqaret nədir bilmirəm. Əslində, bunlar iradə ilə bağlı olan şeylərdir. İnsanın iradəsi zəif olanda pis vərdişlər də onu haqlayır. Əgər hansısa dostun səni pis vərdişə cəlb edirsə, artıq o, sənin düşməninə çevrilir. Gərək ondan uzaqlaşasan.

- Hansı xasiyyətini uf demədən silib atardın?

- Hədsiz dərəcədə qısqancam, bir az bunu azaltmaq istərdim. Tam yox, çünki kişi bir az qısqanc olmalıdır.

- Bəs qadın?

- Qadın qısqanc olanda evin yıxılır. Ailədə inam vacib amildir. İnam olmayan ailədə xoşbəxtlikdən söhbət gedə bilməz.

- Başımız şəxsi məqamlara qarışdı, tələbələrindən danışmadıq…

- İndiyə qədər çox tələbəm olub, hazırda 60-dan artıq tələbəm var. Onların arasında yüksək nəticələr əldə edən, dördqat dünya çempionu olanlar da var. Qeyd edim ki, Azərbaycan ordenli qəhrəmanımız İbad Hüseynov da klubumuzun fəxri prezidentidir. Klubun təlim-məşq bazası İbad Hüseynovun adını daşıyır. Yaxın günlərdə klubumuz da onun adını daşıyacaq.

“Ən böyük arzum idi ki, kəşfiyyatçı olum”

- İşğal altında olan Füzuli bölgəsindənsən, bilirəm ki, hərbi xidmətdə də olmusan…

- Bəli, mənim ən böyük arzum idi ki, kəşfiyyatçı olum. İdmançı olduğuma görə məni başqa hissələrə salmaq istədilər, amma israr etdim və kəşfiyyat bölməsində qulluq etdim. Hərbidən ayrılsam da, komandirlərlə, əsgər dostlarımla əlaqə saxlayıram.

- Bu qədər uğurdan sonra arzularını eşitmək maraqlı olardı…

- İnanın ki, Qarabağ gözümün önündən getmir, ən böyük arzum torpaq uğrunda şəhid olmaqdır. Çox istərdim idmanımızı Qarabağda inkişaf etdirək. Azərbaycanda 2017-ci ildə keçiriləcək İslam olimpiadasında qalib olmaq və idman karyeramı dayandırıb, məşqçi kimi fəaliyyət göstərmək istərdim.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR