• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Əli Mirəliyev: “Telekanallar mənə pul verir ki...” – FOTOLAR

Əli Mirəliyev: “Telekanallar mənə pul verir ki...” – FOTOLAR

Emosionaldır, sözünü deməkdən çəkinmir, özünün dediyi kimi, müğənnilərin qənimidir.

Amma sadaladıqlarımla yanaşı, yumşaq adamdır. Son vaxtlar isə Əli Mirəliyev, belə demək mümkünsə, “qılıncı yerə qoymuş” kimi görünür.

Publika.az müğənninin müsahibəsini təqdim edir.

Əli müəllim, son vaxtlar sakit görünürsünüz. Sizi təklədilər deyə geri çəkildiniz, yoxsa özünüz dediniz ki, daha bəsdir?

Adam eyni şeyi nə qədər deyər? Düzdür, bir balaca düzəliblər, dəyişiklik var. Amma yenə də ana xətdən qaçırlar. Bizim ana xəttimiz ara mahnıları deyil, Üzeyir Hacıbəyovun qoyduğu yoldur. Hansı ki həmin yolu Fikrət Əmirov, Niyazi, Qara Qarayev, Cahangir Cahangirov, Hacı Xanməmmədov kimi sənətkarlar davam etdirdilər.

Sizin mübarizəniz ara mahnıları ilə idi?

Ancaq və ancaq.

Məsələn, tənqidlərinizdən sonra kimlər düzəldi?

Bu işin başında telekanallar dayanırlar. Təbliğatdan çox şey asılıdır. Zəif bir mahnını beş dəfə efirə verəndə, camaat da onu qəbul edəcək. Birinci dəfə qəbul eləmirlər. Amma iki-üç dəfədən sonra qəbul edirlər.

Konkret kimlərdən gedir söhbət?

Üzeyir Mehdizadə itib, daha yoxdur. Bunun sənətinin bir adı olmalıdır da. Bu ya meyxana deməlidir, ya estrada janrında oxumalıdır. Bunlar itiriblər başlarını, bilmirlər nə oxuyurlar.

Çox adam deyir ki, Əli Mirəliyev hamıya irad tutur, amma özü oxuya bilmir.

Gördüyün kimi, bu gün əsgərlər qarşısında canlı oxudum. Nə desinlər? Desinlər ki, Əli Mirəliyev əla oxuyur?

Son bir ildə hansı mahnını yazdırmısınız?

Vaqif Süleymanovun “Hardasan gəncliyim” mahnısını oxumuşam...

Sizcə, oxuduğunuz “Dağlı məhəlləsi” ara mahnısı deyildi?

“Dağlı məhəlləsi”nin sözlərində güclü məntiq var. Sözlərini Gündüz Şəhla, musiqisini Xanım İsmayılqızı yazıb. Gördüm bizim məhəllələri sökürlər, çox pis oldum. Biz orda əyri dalanlarda yaşasaq da, düz yaşamışıq, azərbaycanlılığımızı qorumuşuq, böyük-kiçik yeri bilmişik. Heç vaxt böyüklərin yanında başımdan böyük danışmamışam.

Deyəsən, o məhəllə söküləndə siz hətta ağlamışınız da...

Bəli, elə bu gün də ağlayıram.

Amma Bakı şəhəri gözəlləşir...

Şübhəsiz, hər şeyin iki başı var. Təbii ki, yenilik çox gözəldir. Amma bizim məhəllədə memarlıq abidəsi sayılacaq evlər var. Onlara toxunmasınlar gərək. Xaricdə də belə evləri saxlayırlar...

Rəqsanə ilə məhkəməniz nə yerdədir?

O qadın, mən kişi, bizim nə söhbətimiz ola bilər? Məhkəmə mənim danışığımı linqvistik ekspertizaya göndərib.

Peşmansınızmı həmin sözlərə görə?

Gərək onu elə montaj eləməzdilər. O, məni yox, “Space” telekanalını, süjeti montaj edəni məhkəməyə verməliydi. Bəlkə də, gözləməyiblər ki, Rəqsanə mənim sözlərimdən inciyə bilər.

Sərt çıxışlarınızdan sonra ailədə narazılıq olurmu ki, gərək belə deməzdiniz?

Bəli, olur. Hətta dostlarım da mənə deyir ki, belə etməməliydin. Hər insanın səhvi var...

Hafiz Hacıyevi tanıyırsınız?

Bəli.

Sizi onunla müqayisə edirlər. Özünüz oxşarlığı hiss edirsiniz?

Bəli, hiss edirəm. Çox vaxt müğənnilər məni Jirinovskiyə oxşadırlar. Ona da bənzədirlər. Xalqım mənə düşmən deyil.

Sizə deyiblər ki, Hafiz Hacıyevə oxşayrsınız?

Bəli, Jirinovskiyə və Hafiz Hacıyevə oxşadırlar.

Şəxsi tanışlığınız var?

Şəxsi tanışlığımız yoxdur. Amma onun danışıqlarından xoşum gəlir. Əgər sözünü açıq və sərt deyirsə, bu da bir qeyrətdir. Gərək özün düz yaşayasan ki, düzgünlükdən danışasan. Əyri yaşayıb düz danışsan, alınmayacaq.

Sizcə, Hafiz Hacıyev düz yaşayır, düz də danışır?

İnanmıram ki, elə danışan adamın əyri işi olsun. Hafiz Hacıyev musiqi əhli olsaydı, dəqiq nəsə deyə bilərdim.

Ola bilərmi, birdəfəlik çəkiləsəniz kənara və qalmaqallardan uzaqlaşasınız?

Artıq mən o qərarı vermişəm, bütün telekanallardan imtina etmişəm. Onlar məni qalmaqala çağırırlar. Veriliş maraqlı olsun deyə qadınlarla məni üz-göz elədilər.

Deyirlər ki, Əli Mirəliyevə telekanallar pul verib qalmaqal yaradırlar...

Maşınımı oğluma vermişəm deyə, efirlərə taksiylə gedirəm. Telekanallar mənim taksi pulumu veriblər.

Toylara gedirsiniz?

Tək-tük toylara gedirəm.160 manat pensiya alıram. 63 yaşımda yoldaşım bankomat kartını əlimdən alıb.

Niyə?

(gülür) Komandirdi də, mən kiməm ki, onu “otkaz” edim.

Amma deyilənlərə görə, cavanlıqda əzazil olmuşunuz...

Əksinə, bundan yumşaq idim. Haqsızlıqları görəndən sonra belə oldum. Təsəvvür edin ki, mənim qabağımda aparatura daşıyan gəlib xalq artisti olub. Düz gəlmir axı...

Söhbət Səməd Səmədovdan gedir yəqin ki...

Mən dövlətə göstəriş verə bilmərəm.

Səməd Səmədov oxuya bilmir?

Oxuya bilmir yox e, oxuyan deyil və olmayacaq da. Tək Səməd deyil. Bir var, zəif oxuyur, bir də var, oxuya bilmir. Məsələn, Ədalət Şükürovun da oxumaq üçün səsi yoxdur. O səs oxumağa yararlı deyil.

Kimlərə qulaq asırsınız?

Röya, Azər Zeynalov, Teymur Əmrah, Nurlan Növrəsli, Abbas Bağırov, Elton Hüseynəliyev, Firuzə İbadova, Baloğlan Əşrəfov, Aybəniz Haşımova, Nadir Qafarzadə...

Bir ara Nadiri bəyənmirdiniz amma.

Nadiri oxumağını bəyənirəm. Sadəcə efirdə eynək taxır, ayağının ayağını üstünə qoyur.

Deyirlər, cavan müğənnilərin cibləri pul görən kimi pis-pis işlərlə məşğul olurlar, narkotikə qurşanırlar. Böyük kimi onlara nə məsləhət verərdiniz? Ümumiyyətlə özünüz nə vaxtsa belə şeylərdən istifadə etmişiniz?

İçki içmişəm, indi də hərdən içirəm. Mən elə bir yerdə böyümüşəm ki, içki də olub, nəşə də. Nəşənin də dadını bilmişəm. Görmüşəm ki, boş şeydir, beyni qurudur. Ondansa yüz qram araq içərəm, ürəyim açılar, deyib-gülərəm. Müğənni toyda da, konsertdə də, cəmiyyətdə də ayıq olmalıdır. Bizdə içən, çəkən müğənnilər var da. 65 yaşım var. Mən bunu onların xeyrinə deyirəm ki, çəkinin pis işlərdən. Amma hayıf ki, 50 faizi narkotik çəkir.

Son sualımı vermək istəyirəm. Müğənniləri tənqid edirsiniz, düz oxumadıqlarını deyirsiniz. Nə əcəb, pedaqoq kimi hardasa işləmirsiniz? Bəlkə, sizdən öyrənərlər...

Evdə işləyirəm. Amma gedib 30 adama dərs deyə bilmərəm. İkinci dəfə insult vursa, məhv olaram.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR