Maraqlı insan olmasam, xanımım məni qəbul etməz – SÖHBƏT
Bizi izləyin

Tabloid.az

Maraqlı insan olmasam, xanımım məni qəbul etməz – SÖHBƏT

O hər zaman pozitivdir. İstər sosial şəbəkədəki profilində, istər həyatda, istərsə də səhnədə...

İstirahətdən yeni qayıdıb, bol enerji ilə yeni teatr mövsümünə, universitetdəki işinə geri dönür.

Teleqraf.com xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamalla söhbəti təqdim edir.

Qısa arayış

İlham Namiq Kamal 9 yanvar 1949-cu ildə Bakıda doğulub. 1966-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1989-cu ildə gənc rejissor Hüseynağa Atakişiyevin təşkil etdiyi Gənclər Teatrında aktyorluğa başlayıb. Dövlət Gənclər Teatrında işləməklə yanaşı, eyni zamanda 1989-1991-ci illərdə paralel olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyorluq edib. 2005–ci ildən etibarən teatrda aktyor–rejissor vəzifəsində işləyir. 1998-ci ildən həmçinin Akademik Milli Dram Teatrının yüksək dərəcəli aktyorudur. Müəyyən fasilədən sonra truppaya qayıdan aktyorun bu kollektivdə ilk rolu Mirzə Fətəli Axundovun “Sərgüzəşti vəziri xani Lənkəran” tamaşasında Xan rolu olub. O eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Estrada və musiqili teatr aktyoru” kafedrasının müdiri, professordur.

Yeni mövsüm

“Teatrda yeni mövsüm başlayır. Sentyabr ayının 21-də Emin Sabitoğlu, Cahangir Məmmədovun qələmə aldığı “www.fərzəlikef.com” musiqi komediyasının nümayiş olunacaq. Mən tamaşada baş rolda- Fərzəli obrazında çıxış edirəm. Bütün tamaşaçıları böyük məmnuniyyətlə bu tamaşaya baxmağa dəvət edirəm. Bundan əlavə teatrda yer aldığım digər tamaşalarım da hazırda repertuarda oynanılır. Məsələn, Üzeyir Hacıbəyovun “Ər və arvad”, “Qısqanc ürəklər”, “Mən dəyərəm min cavana”, Ramiz Mirişli, Marat Haqverdiyevin “Amerikalı kürəkən”, yeri gəlmişkən sonuncu tamaşanın quruluşçu rejissoru da özüməm. Aparıcı rol oynamağın özünün çox çətin məziyyətləri və məsuliyyəti var. Oynadığım bütün tamaşalarda obrazlarımı layiqincə ifa etməyə səy göstərmişəm. Gələcək planlara gəlincə, Sabit Rəhmanın “Əliqulu evlənir” əsərinin musiqili komediya variantı üzərində iş gedir”.

Tələbələr

“Mədəniyyət və İncəsənət Universitetində “Estrada və musiqili teatr kafedrası”nın professoruyam. Bu il dördüncü kurs tələbələri ilə Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərini diplom tamaşası kimi hazırlayacağıq. Tələbələr mənim öz balalarımdır. Arzu edirəm ki, universiteti bitirəndən sonra onlar teatrlarda işə düzəlsinlər. Teatr zəhmət sevir. Hansı gənc ki, həmin zəhmətə qatlaşırsa, o da uğur qazanır. Musiqili Komediya Teatrında Səməd Xasıyev, Ruslan Həsənov, Gültac Əlili, Gülnarə Əzizova kimi gənclər var. Bunlar hamısı vaxtilə tələbələrim olublar, amma indi tamaşalarda mənimlə bərabər iştirak edirlər. O vaxt mən müəllim, onlar tələbə, indi isə mən də aktyor ştatındayam, onlar da. Bilirsiniz, müəllim deyəndə yalnız o başa düşülməsin ki, o ancaq öyrədir. Müəllimin özünün də tələbədən öyrəniləsi çox detallar var. İndiki zaman tamam başqadır. Gənclərdə elə proqressiv fikirlər ola bilər ki, müəllim bunu hiss etməlidir. Yəni, məktəb iki tərəflidir. Bilirsiniz ki, 1993-cü ildə “İlham” Miniatür Teatrını yaratdım. Gənclərin inkişafı, özlərini sınamaq adına qurulan teatr idi. Biz sanki universitetlə teatr arasında körpü yaratmaq istəyirdik. Məncə, bu körpünün də yaranmasına nail olduq. Teatr uzun illər işlədi, yaddaşlarda da qaldı. “Youtube.com” –da həmin tamaşalara rast gələ bilərsiniz. Həmçinin oynadığımız tamaşaların əksəriyyəti Qızıl Fondda saxlanılır. Hazırda həmin teatrdan çıxan onlarla aktyor və aktrisalar böyük teatrlarda çalışırlar. Hüsniyyə Mürvətova, Mətanət Əhmədova , Ağaxan Şərifov, Gülnarə Əzizova, Gülçöhrə Abdullayev və digərləri...Niyə bağlandı? Çünki ona ayıracaq zaman olmadı”.

Zaman və o

“İnsan yaşından asılı olmayaraq öz zəmanəsinin ayrılmaz fərdi olmağı bacarmalıdır. Gərək zamanla ayaqlaşasan, yoxsa heç kim səni səhnəyə buraxmaz. Mən də zamanla ayaqlaşıram, artıq neçə illərdir ki, rəsmi internet səhifəm fəaliyyət göstərir, sosial şəbəkədə profilim var. Orda tamaşalardan fotolarım, videolarım, özüm, kitablarım barədə məlumatlar var. Mütaliə edirəm, əcnəbi teatrlarla maraqlanıram, aktyor kimi öz üzərimdə çalışıram. Nə kimi yeniliklər edə bilərəm? –bu haqda çox düşünürəm. Aktyor adi bir insandır, zəmanəsinin insanıdır. Aktyor daima öz üzərində işləməlidir. Aktyor saçından tutmuş ayağına qədər özü alətdir. Hər kəs yaşından asılı olmayaraq o aləti həmişə saf saxlamalıdır. Aktyorda bu keyfiyyətlər varsa, ona qarşı da hər zaman hörmət, diqqət olar”.

Şikayət olmaz

“Biri deyir ki, mən 10 il bundan əvvəl bir rol oynamışam və başlayır həmin rol haqqında danışmağa. 10 il bundan əvvəl əgər o rolu sənə hörmətdənmi, diqqətdənmi veriblərsə, bəs deyən lazım bu gün neynirsən? Söhbət bundadır. İndi bu günlə ayaqlaşan və çalışan sənətçilərdən söhbət getməlidir. Onlar da işləməlidirlər də. Biz necə işləyiriksə, onlar da işləsinlər. Verilən rolu elə təqdim eləsinlər ki, rejissor gələn dəfə də ona rol versin. Aktyorun çalışqanlığı olmasa, heç nə edə bilməz. Zəhmət, zəhmət, zəhmət”.

Film və serial

“İstirahətdən yeni qayıtmışam. Ona görə bu haqda bir söz deyə bilmərəm. Hələ ki, film, serial təklifləri yoxdur, amma gələcəkdə nə olacaq bunu bilmirəm. Seriallarda mənə uyğun rol olarsa, yəqin rejissorlar müraciət edəcəklər. Çünki rejissorlar heç vaxt məndən rol əsirgəməyiblər. Bəxtim onda gətirib ki, istər teatrda, istərsə də televiziyada rejissorlar məni həmişə rolla təmin ediblər. Mənim hansı rolu ifa etmək istədiyimi fikirləşməyə belə vaxtım qalmayıb. Başqa aktyorlar deyirlər ki, mən filan rolun həsrətindəyəm, amma mən həmişə deyirəm ki, rol mənim həsrətimdə qalsın. Oynadığım rollarımı böyük şövqlə ifa etmişəm. Hər zaman deyirəm ki, bizim sənətimiz cilddən-cildə girmək sənətidir. İfa etdiyim istənilən obraz mənim içimdə qalır. Serialları bəzən çox tənqid edirlər, mənə görə isə bir az səbirli olmalıyıq. Yavaş-yavaş serial sahəsində də hər şey yoluna düşəcək. Optimist insanam və inanıram ki, Azərbaycanda da yüksək səviyyəli seriallar çəkiləcək”.

Əvəzolunmazlar

“İnsanların dünyasını dəyişməsi haqdır. Amma düşünəndə ki, bəzi sənətkarlar sıralarımızı çox tez tərk etdilər....üzülürəm. Yaşar Nuri, Telman Adıgözəlov, Əliabbas Qədirov və digərləri...Onlar hələ Azərbaycan teatrına, kinosuna çox xidmət edə bilərdilər. Onlar əvəzolunmaz insanlardırlar. Və tamaşaçıların fikrində ömürlük yaşayacaqlar. Həyatdır, sabah başımıza nə gələcəyini heç kim bilmir. Bu gün sizinlə söhbət edirəm, amma sabah mən də olmaya bilərəm. Səmimi deyirəm. Əsas odur ki, zamanının layiqli sənətçisi olasan. Və ən əsası hər zaman maraqlı insan olmağı bacarmaq lazımdır. Maraqlı insan olsanız, insanlar sizinlə danışmağa, həmsöhbət olmağa can atacaqlar. Maraqlı insan olmasanız, xanımınız sizi qəbul etməz, yaxud xanımınız maraqlı insan olmasa, siz onu qəbul etməzsiniz. Yəni, hər şey qarşılıqlıdır”.

Ailə və istirahət

“İki qızım, iki oğlum var. Hər yay qızlarımın yanına - İstanbula gedirəm. Qızlarımın, nəvələrimin yanında dincəldim. Bu il də elə etmişəm. Sonra Şamaxının Mədrəsə qəsəbəsində balaca bağımda ailəliklə istirahət etdik. İstirahət bitib, teatrda və universitetdə işlərim başlayır”.

Nərmin Muradova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm