Rəqqas “Bəbiş”: “Toylardakı “qrajdanski” rəqslərin əsasını mən qoymuşam”- FOTOLAR
Bizi izləyin

Tabloid.az

Rəqqas “Bəbiş”: “Toylardakı “qrajdanski” rəqslərin əsasını mən qoymuşam”- FOTOLAR

Onu rəqqas Dəyanət Hacıağayev kimi təqdim eləsəm, yəqin ki, çoxları tanımayacaq.

Çünki istər rəqs aləmində, istərsə də xalq arasında onu hər kəs “Bəbiş” kimi tanıyır. Son vaxtlar toylarda dəb halını almış “qrajdanski” rəqqasların müəllimi hesab olunur. Artıq dörd ildir ki, rəhbərlik etdiyi “Kolorit” rəqs qrupunu yaradıb və... Ardını özü danışır.

- Başlayaq ondan ki, niyə səni hər kəs “Bəbiş” kimi tanıyır, öz adını bilən yoxdur?

- Bu, uşaq vaxtından qoyulmuş ləqəbdir. Amma düz deyirsən ki, öz adımı ancaq yaxınlarım bilir. Əksəriyyət isə məni “Bəbiş” kimi tanıyır.

- Müsahibədən əvvəl bildirdin ki, Azərbaycanda toyda ilk dəfə, necə deyərlər, mülki geyimdə rəqqaslığı sən etmisən. Bu, necə, nə vaxt, harada baş verib?

- Azərbaycanda ilk dəfə 2007-ci ilin iyulun 7-də toyda mülki formada rəqs edən rəqqas mən olmuşam. Bu, Maştağada tanınmış klarnet ustadı Kərbəlayi Şəmsinin oğlunun toyunda baş verib. İlk dəfə mən tək oynamışam. Həmin toydan sonra Mirmövsümov Mircəlal və Nəsimi Məmmədovla bir yerdə toylara getmişik. Sonradan həmin dostlarımın hər ikisi dünyasını dəyişdi. Allah hər ikisinə rəhmət eləsin. Mirmövsümov Mircəlal - Mir Mövsüm Ağanın qardaşı Kazım Ağanın kötücəsidir. Nəsimi Məmmədovla isə uşaqlıqda bir yerdə böyümüşük. Demişdi ki, əsgərlikdən qayıdandan sonra oynamayacağam. Mən ona təklif elədim və qəbul etdi.

- O vaxta qədər rəqs təhsilin olubmu?

- Bakı Xoreoqrafiya məktəbinin məzunu olmuşam, uşaqlığım “Cücələrim” Dövlət Mahnı və Rəqs Ansamblında keçib.

- Bəs “Kolorit” rəqs qrupu nə vaxt yaranıb?

- 2010-cu ilin dekabrında. Bu gün Azərbaycanda “Talant”, “Virtuoz”, “Azəri igidləri” kimi məktəbi olan digər rəqs qrupları da var. Yerdə qalan qruplar isə həvəskarlardan formalaşdırılıb.

- Sizin qrupda hər kəsin rəqs təhsili var?

- On nəfərik,hamımızın rəqs təhsili var.Mən isə Bakı Xoreoqrafiya məktəbini bitirmişəm.

- Düşünmürsənmi ki, bu uşaqlar toy bazarına girməklə peşəkarlıqdan uzaqlaşırlar?

- Qətiyyən uzaqlaşmırlar. Bunlar toyda da elə bir rəqs ifa edirlər ki, həm onların rəqqaslığı bilinsin, həm də baxımlı alınsın.

- Niyə səhnə yox, məhz toy?

- Dövlət konsertlərində, xeyriyyə tədbirlərində də tez-tez iştirakımız olur. Amma məsələyə maddi tərəfdən yanaşanda, toy yaşayışa kömək edir. Yəni buna məcburuq. Çünki başqa yerdən qazancımız yoxdur.

- Toya neçəyə gedirsiniz?

-“Kolorit” rəqs qrupu Bakı şəhərində toya 5 nəfərlik heyətlə beş yüz manata gedir.

- Bəs bölgələrə?

- Bölgədən bölgəyə qiymət dəyişir.

- Məsələn, Gəncəyə?

- Gəncəyə 5 nəfər 2000 manata gedirik.

- Niyə birdən-birə dördqat qiymət artımı olur?

- Çünki mən Gəncəyə gedəndə səhər Bakıdan çıxıram, günorta çatıram ora. Toyu oynadıq, qaldıq Gəncədə. Deməli, həmin gün başqa toya gedə bilmirik. Halbuki eyni vaxtda Bakıda 3 məclisdə iştirak edib hərəmiz 300 manatımızı qazanırıq.

- Amma bilirəm ki, toya 15-20 manata da gedən rəqqaslar da var.

- Son vaxtlar bir qrup “rəqqaslar” yaranıb ki, rəqqaslığa hobbi kimi baxırlar. Ona görə də 15-20 manata toylara gedirlər. Bu da bizim sənəti gözdən salır. Rəqqas sözü el arasında yaddan çıxmışdı və bunu mən qaytarmışam. Mən qarışıq bütün rəqqaslar restoranlarda dövlət konsertlərində çıxış etmişik.

- Restoranlarda neçəyə işləmisən?

- Vaxtilə 50 dollara oynamışam. Həmişə baha oynamışam. Bu gün fərdi dərsi 300 manata deyirəm.

- Bəy-gəlin rəqsləri də qurursan?

- Bəli.

- Yalnız milli mahnılara, rəqslərə?..

- Yox, dünya rəqsləri də qururam.

- O neçəyədir?

- İki rəqs istəyəndə 400 manata başa gəlir.

- Bir rəqsi qurmaq nə qədər vaxta başa gəlir?

- 1-2 aya, 8-10 dərsə başa gəlir.

- Əgər bir rəqs 8-10 dərsə başa gəlirsə, deməli, rəqqaslıq o qədər çətin peşə deyil də.

- Çətindir. Bəy-gəlin toyda 3 dəqiqə oynayır axı.

- Deyəsən, şou-biznes aləmində bir neçə nəfərin rəqs müəllimi olmusan...

- Şou-biznesdə yaxın dostlarım var. Meyxana ustadı Vüqar Əbdülov, Aşıq Samirə, Emil Bədəlova lazım olan hərəkətləri öyrətmişəm. Samir Piriyev, Azəri qızı Günel, qardaşı Tunar da yaxşı oynayırlar.

- Qrupun geyimləri, məşqi, təbii ki, müəyyən xərc tələb edir. Onlar necə həll olunur?

- Öz cibimizdən veririk. Qazancımızdan ümumi fond ayırmışıq və hər şey həmin pulla alınır.

- Rəqqaslıqda dolanışıq necədir?

- Bu sahədə dolanışıq çox gözəl idi. İndi bizim insanlar rəqsə o qədər də fikir vermirlər. Fikirləşirlər ki, kim olur-olsun, rəqs eləsin. Amma rəqsə qiymət verənlər də var.

- İndi “Kolorit”dən güclüsü yoxdur?

- Azərbaycanda Kolorit”ə rəqib görmürəm. Söhbət sırf toydan gedir, səhnədən deyil. Səhnədə hər rəqqasın öz gözəlliyi var.

- Toyda qrup olaraq üstünlüyünüz nədədir ki, hər kəsdən güclüsünüz?

- Üstünlüyümüz ondadır ki, hərəkətlərimiz rəngarəngdir, “baqaj”ımız genişdir.

- 30 yaşın var. Neçə yaşına kimi rəqs etməyi düşünürsən?

- Gələn il 30 yaşım olacaq. Özümə 30 illik yubiley keçirəcəyəm və ondan sonra toylarda rəqqas kimi çıxışlarımı dayandıracağam. Sırf qrupumun təşkilatı işləri və müəllimliklə məşğul olacağam.

- Yəqin ki, yaş öz sözünü deyir...

- Yox, gücüm çatır. Sadəcə, bayrağı zirvəyə asmısansa, səviyyəni də qorumalısan. Oğlumun hazırda 8 yaşı var. 3-4 ildən sonra oğlumdan 4-5 yaş böyük uşaqlarla üz-üzə rəqs etməyim doğru deyil. Çünki mən onunla müəllim-şagird kimi rəqs edəcəyəm, amma o elə biləcək ki, biz “atışırıq”. Və sonra da deyəcəklər ki, Dəyanətlə oynadıq, bizimlə bacarmadı.

-Yəni ad-sanını itirməkdən qorxursan...

-Bəli. Mən toyda Azərbaycanda özümə rəqib görmürəm.

- Şəhriyar Cəfərov, Tahir Süleymanov kimi peşəkar rəqqaslarımız var.

- Şəhriyar səhnədə güclü sənətkardır.

- Bəs toyda?

- Toyda onlar bacarmırlar.

- Bəs Fatimə?

- Fatimə hind rəqsləriylə başlayıb. Amma məktəbi milli rəqslərİdir. Vaxtında bizi adi geyimdə toy rəqsi oynayanda qəbul etməyənlər beş ildir ki, bizim yolumuzu gedirlər, pul qazanırlar. Halal xoşları olsun. Amma gərək hər işin bünövrəsini qoyanı unutmayasan. Bu işin də bünövrəsini biz qoymuşuq.

- Kimlərdir vaxtında səni qəbul etməyib, indi sənin gətirdiyin yeniliklə pul qazananlar?

- Rəqqasların 90 faizi. Sadəcə müsahibədə adlarını çəkmək istəmirəm. Belə özlərinə demişəm dəfələrlə.

- Bayaqdan fikir verirəm, qrupunuzdakı oğlanların hamısı, elə sən özün də siqaret çəkirsən. Bu, rəqsə mane olmur?

- Üç-dörd toy dalbadal oynayanda, baxırsan ki, bir balaca çətinlik çəkirik. Amma 23 ildir oynayıram. Atam “Cücələrim”in nağaraçılarının müəllimi olub. Yəni bu sənətdə təsadüfi adam deyiləm. Gözümü açıb evdə ritm, nağara görmüşəm. Ona görə də rəqsin texnikasını da çox gözəl bilirəm.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm