Mənsum İbrahimovu İtaliyada qarabaqara izlədilər – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Mənsum İbrahimovu İtaliyada qarabaqara izlədilər – FOTOLAR

Xalq artisti, ustad xanəndə Mənsum İbrahimov İtaliyadan səfərdən qayıdıb.

Operamızın sevilən Məcnunu həmkarı xalq artisti Aygün Bayramova və Azər Rzayevlə birgə həmin ölkədə geniş konsert proqramı ilə çıxış ediblər. Səfərlə bağlı ilk dəfə olaraq Publika.az-la danışan sənətkar hələ də xoş təəssüratlarından uzaqlaşa bilmədiyini bildirir.

- Əhvali-ruhiyyənizdən anlayıram ki, İtaliya səfərinin xoş təsirindən hələ də ayrıla bilməmisiniz...

- Doğrudan da, indiyə qədər bir çox xarici ölkələrdə olmuşuq, amma İtaliyanın Verona şəhərində verdiyimiz konsert proqramı bir başqa təəssürat oyatdı. Bu səfər Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya səfirliyinin birgə təşkilatçılığı ilə baş tutdu. Ən maraqlısı bu idi ki, bu konsert iki ölkə musiqiçilərinin birgə iştirakı ilə baş tutdu. Muğam ifaçılığı üçün bu, fərqli və yeni bir hadisədir. İtaliyada çox məşhur olan Roma Simfonik Orkestri ilə bizim ifaçılarımız tarzən Elçin Həşımov və kaman ifaçısı Elnur Əhmədov bir araya gəldi. 80 nəfərlik bir heyətin müşayiəti ilə oxuduq. Azərbaycanın tanınmış dirijoru Yalçın Adıgözəlzadənin dirijorluğu ilə baş tutan konsertdə fərqli repertuarla çıxış etdik. Muğamlarımızla yanaşı, ölməz bəstəkarlarımız Fikrət Əmirov, Vasif Adıgözəlov və digər sənətkarlarımızın əsərlərini ifa etdik.

- Konsert hansı məkanda baş tutdu?

- 12 min nəfərlik tamaşaçı tutumu olan Arena salonda baş tutan konsert açıq hava altında keçirildi. Bizə bildirdilər ki, 8 min nəfər tamaşaçı həmin konsertə qeydiyyatdan keçib. Konsertdən öncə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov çıxış etdi, səhnəyə Azərbaycan bayraqları gətirildi və himnimiz oxundu.

- İtaliya tamaşaçısı Azərbaycan musiqisinə marağını necə ifadə edirdi?

- Alqışlarla. Biz orda Aygün Bayramova ilə Vasif Adıgözəlovun “Qarabağ” oratoriyasını ifa etdik. İfamız başa çatana qədər bizi ayaq üstə dinləyib, alqışladılar. İnanın, fəxarət hissindən duyğulandıq. İtalyanlarla biz azərbaycanlıların oxşar cəhətləri çoxdur, musiqiyə maraq onlarda da dərindir. Çox istiqanlı xalqdır. İtaliyalılar muğamımıza o qədər vurğun idilər ki, hətta məşq prosesində də gəlib bizi izləyirdilər. Xırda detallara belə əhəmiyyət verir və bizdən bu incəlikləri soruşurdular. Elə konsertdə də oxuduğum hər mahnıya reaksiya verirdilər, emosiyalarını gizlədə bilmirdilər. Onu da deyim ki, biz konsertdə milli geyimlərdə idik və bu da italyan tamaşaçısında böyük maraq oyatmışdı.

- Bəs İtaliya mətbuatı və televiziyası bu konsertə necə reaksiya verdi?

- Yüksək səviyyədə. İtaliyanın aparıcı mətbu orqanlarının nümayəndələri konsertin böyük əks-səda doğurduğunu yazırdılar. Hətta konsert proqramı əvvəldən axıra qədər lentə alındı və yaxın günlərdə İtaliya televiziyalarının birində nümayiş olunacaq. Elə biz musiqiçilərdən də geniş müsahibələr aldılar, Azərbaycan musiqisi barədə sualları cavablandırdıq. Onu da qeyd edim ki, Azərbaycan musiqiçiləri ilk dəfə idi ki, İtaliyanın Arena salonunda konsert proqramı ilə çıxış edirdi. Təəssüratlar çoxdur və yəqin ki, hələ bir müddət bu təsirdən qurtara bilməyəcəyik. Azərbaycanı ölkə xaricində təmsil və təbliğ etmək, bayrağımızı dalğalandırmaq biz musiqiçilər üçün böyük şərəfdir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm