
Rejissor Şamil Əliyevin “Çölçü” filmi “International Movie Awards- 2014” beynəlxalq kinofestivalının müsabiqəsində iştirak etmək üçün dəvət alıb.
Bu barədə Publika.az-a rejissor məlumat verib.
Sözügedən festival sentyabrın 24-də İndoneziyanın Cakarta
şəhərində keçiriləcək. “Platinum awards” və “Gold awards”
bölümlərində keçiriləcək müsabiqədə bədii, qısametrajlı, sənədli
filmlər göstəriləcək.
Seçim turunun əsas mərhələsinə dünya kinosundan 44 film keçib.
“Çölçü” filmi “Platinum awards” bölümündə yarışacaq.
Müsabiqənin məqsədi möhtəşəm kinematoqraf ideyalarının yarışmasına,
mübadilə və inkişafına, yeni istedadların üzə çıxmasına imkan
yaratmaqdır.
“Çölçü” bədii filmi indiyədək 22 beynəlxalq kinofestival və
forumlarda iştirak edərək mükafat və diplomlara layiq görülüb.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi
ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Çölçü”
filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev,
rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və
başqaları çəkilib.
Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən
gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində
qurulub.
Cəvahir Səlimqızı