Tabloid.az
Xoşqədəm Hidayətqızı: “Atam qarşımda diz çökdü” - MÜSAHİBƏ
Xoşqədəm Hidayətqızı Azərbaycanda sosial jurnalistikanı canlandıran, necə deyərlər, xırda insanların böyük problemini cəmiyyətin içindən efirə daşıyaraq teleməkana yeni ab-hava gətirən isimdir. Əməkdaşımız Nərmin Muradova ilə söhbətində Xoşqədəm Hidayətqızı həm şəxsi həyatı, həm də telejurnalist kimi peşəkar fəaliyyəti ilə bağlı ilginc məqamlar açıqlayıb. Müsahibənin ikinci hissəsini təqdim edirik:
(Əvvəli bu linkdə: http://publika.az/p/43068)
- Yeni mövsümdə “Səni axtarıram”da
nələr olacaq?
-Yeni mövsümdə uzun illər apardığımız axtarışların nəticələri
açıqlanacaq. Məsələn, “Sən tək deyilsən”ə məktub yazan bir bacının
1966-cı ildən üzünü görmədiyi qardaşının, 1970-ci ildə evini tərk
edən, Rusiyanın meşələrində həyatını keçirən bir şəxsin axtarışını
yekunlaşdırdıq. İndi çox anons verməyim. Sadəcə, onu deyirəm ki,
inanılmaz, maraqlı, tükürpədici çox axtarışlarımız yekunlaşıb.
Bütün yayı işlədik, çox az istirahət etdik. Bu qədər ağırlıq,
yorğunluqdan sonra nələr olacaq, bilmirəm, hər halda əziyyətimizə
dəyəcək, insanlar sevinəcək.
- Bir də
ağlayacaqlar...
- Bəzən mənə deyirlər ki, verilişdə çox ağlayırlar. Mən sizə və o
insanlara sual verirəm, 30 il qardaşını görməyən biri onunla
görüşəndə qol götürüb oynamalıdır? Mən oğlumu bir ay görməyəndə
dəhşətə gəlirəm. Xaricdə yaşayır, “skayp”la danışanda göz yaşlarımı
saxlaya bilmirəm.
- İndi sizə bir sual verəcəm, bunu
az qala redaksiyamızın bütün jurnalistləri soruşurdu.
- (Gülür) Şəxsi sualdır, bilirəm. Soruşacaqsınız, nə vaxt ərə
gedəcəm? Mənə elə gəlir ki, insanların şəxsi həyatları yalnız və
yalnız özləri üçün maraqlı olmalıdır. Mənim tamaşaçımın Xoşqədəmin
nə geyinməyi, necə həyat keçirməsi, kiminlə ailə qurması, kiminlə
yol getməsi maraqlı olmamalıdır.
- Amma siz də yaxşı bilirsiniz ki,
tanınmışların həyatı hər zaman maraqlıdır.
- Şəxsən mən həyatımın mətbuatda olmasının əleyhinəyəm. Görmüsünüz,
ailəmlə şəkil paylaşam?
- Paparazzilərin hədəfində olsanız,
fotonuz çəkilsə və saytlarda yerləşdirilsə, necə reaksiya
verərsiniz?
- Bu, çətin sualdır.
- Məsələn, zəng edib tənqid, təhqir
edərsiniz?
- İnsan bəzən xoşbəxt anlarını paylaşmaq istəyir. Evdə idman
edirdim, bacımın oğlu fotomu çəkdi. Baxdım, foto çox xoşuma gəldi
və paylaşdım, status da yazdım: “xoşbəxtliyimin açarı -sport”. Bir
neçə saatdan sonra fotonu saytda gördüm, çox pis oldum. Deməli, o
şəkildən sonra İnstaqramda 1970-ci ildə evi tərk edən bir şəxsin
axtarışları ilə bağlı xəbər və fotolar paylaşmışam, amma sayt buna
əhəmiyyət verməyib idman etdiyim yerdə çəkilən fotonu xəbər edib.
Halbuki, ikinci paylaşdığım fakt daha dəyərlidir. Ondan sonra qərar
verdim ki, bir də belə fotolar paylaşmayacam. Əslində, jurnalist öz
işini görmüşdü, tanınmış adamam və mənim bir hərəkətim, sözüm onlar
üçün xəbərdir. Onları qınamıram. Amma hər zaman deyirəm, axı mən
sizin həmkarınızam, mənə bir az başqa cür yanaşın. Buna görə
küsürəm.
- Tanınmaq insanı həm də
çərçivələrə salır.
- Bəzən istəyirəm ki, fərqli müsahibə verim, yaxud efirdən fərqli
fikir səsləndirim, amma etmirəm. Demədiklərimi yazıram. İnanın,
əgər bilsəydim ki, televiziya mənim azadlığımı bu qədər çərçivəyə
salacaq, bunu uşaqlıqda arzu etməzdim.
- Gələk Suriya məsələsinə. Orada
başınıza gələnlərin burdakı əks-sədası sizə necə təsir etdi? Hər
zaman kimlərisə axtaran Xoşqədəm Hidayətqızını bu dəfə bütün
Azərbaycan axtarırdı. Sizin təbirinizcə desək, bu axtarış sizi qane
etdimi?
- Suriyadakı məsələlərə keçmədən öncə icazə verin, sizin saytın
rəhbərliyinə öz dərin təşəkkürümü bildirim. Xüsusilə mənim dəyərli
dostum, Faina Hənifəyevaya təşəkkür edim. Onun yazdığı yazı məni
çox gücləndirdi. Çox adam çox söz deyə bilər, amma mən haqqımda söz
deyən adamın keçmişinə, qələminə, peşəsinə, uğuruna, yazılarına
diqqət edirəm. Sizə təşəkkür edirəm ki, mənim yanımda oldunuz,
yanlış məlumat verməyib, mənim cavabımı gözlədiniz.
Bəli, Azərbaycan məni axtarırdı. Telefonuma
zəng gəlirdi, götürürdüm, səs-səda yox idi. Zənglərin ardı-arası
kəsilmirdi. Deyirdim, aman Allah, nə baş verir? Mən o günü
xatırlamaq istəmirəm. Burda xoşagəlməz xəbərlərin yayılması mənim
oradakı işimə çox ciddi mane oldu, Suriyaya bir həftəlik səfərimi
iki günə bitirməyə məcbur oldum. Müəyyən səbəblərdən bunları
açıqlamaq istəmirəm. Bəzən o xəbərin altından şərh yazanlar vaxtilə
mənimlə bərabər işləyən, yardım etdiyim insanlar idi. Axı nə baş
verir , mən neyləmişəm?
Ailəm çox gərgin anlar yaşadı. Suriyadan gələndə Məqsəd Nur mənə
dedi ki, birbaşa ekrana çıxmalısan. Mən də hava limanından birbaşa
studiyaya gəldim. Gəldiyimi heç kimə - nə valideynlərimə, nə də
işçilərimə demişdim. Efirə çıxdım, danışdım, sonra mənə dedilər ki,
valideynlərim yoldadır, ATV-yə çatırlar. İstəmirdim gəlsinlər, tez
onları geri qaytarmağa çalışdım. Bilirsiniz, ailə məsələsində çox
həssasam. Efirdən çıxıb qardaşımgilə getdim, bilirdim ki, bütün
ailə ordadır. Evdən yüz metr irəlidə atam yolda məni qarşıladı. Şok
oldum, atamın göz yaşlarını bir oğlunun, qızının tabutunu
qaldıranda görmüşdüm, bir də onda gördüm. Atam qarşımda diz çökdü.
Çox təsirli anlar idi və mən uzun müddət özümə gələ bilmədim. Üç
gündə mənim ailəmin yaşadıqlarına, keçirdiyi yuxusuz gecələrə görə
çox pis oldum. Nə istəyirsiniz edin, lap Xoşqədəmi tənqid edin,
amma valideynlərə təsir edəcək, “Xoşqədəm ölüb, güllələnib”
başlıqlı xəbərlər yaymayın.
Doğrudur, öz peşəmi çox sevirəm, qaynar nöqtələrdə olmaq, oradan
birinci və ən gözəl xəbər gətirmək ən böyük arzumdur və şükürlər
olsun ki, Allah bunu mənə nəsib etdi. Bundan sonrakı arzum qaynar
nöqtələrin birində təmsilçi olmaq, xəbər kanalında çalışmaqdır:
canlı bağlantılar, qaynar nöqtələr, bombaların altında xəbər
çatdırmaq... Amma Suriyada baş verənlərdən və o gərginlikdən sonra
deyirdim ki, kaş ora getməyəydim.
- İşə bu cür bağlılığı, ən qaynar
nöqtələrə gedən bir qadını yalnız bir qüvvə geri çevirə bilər -
kişi.
- Universitetin ikinci kursunda oxuyurdum, gələcək ailəm barədə
düşünürdüm: dörd övladım, böyük evim olacaq. 30 yaşına çatanda bir
anlıq bu xəyallarıma geri qayıtdım, baxdım ki, mən təkəm, o
arzuladığım ailə, dörd uşaq yoxdur. İstədiyim o böyük ev var, amma
orda bir oğlumdur, yaxınlarımdır və mənəm. Bunları düşünəndə çox
pis oldum. Əlbəttə, hər bir qadın xoşbəxt olmağı istəyir. Qız
övladımın olmasını, onu istədiyim kimi böyütmək istəmişəm. Mənim
qız övladım yoxdur. Qısacası, deyim ki, qadın xoşbəxtliyə, qadın
ailəyə layiqdir. Karyera da, iş də, bu gərgin həyat da bir gün
bitəcək. Bu dünyada əbədi heç nə yoxdur. Amma sağlam, sevgi
üzərində qurulan ailə bir ömür boyu səninlə qala bilər.
- Demək, ailədə sevginin gücünə
inanırsız?
- Doğrudur, indi sevgi çox adiləşib. Bu gün karyera, reytinq,
müxtəlif məqsədlər üçün evlənənlər var. Amma gəlin etiraf edək ki,
o cür insanların arasında həqiqi sevən, sevgi hissini ürəyində
yaşadan insanlar da var. Mən şəxsən sevmədiyim insanla ailə
qurmaram. Çünki sevgi çox önəmlidir. Mən işimi sevməsəm, bu qədər
gərginliyə dözə bilmərəm. Ailə də belədir. Əgər sevgi üzərində ailə
qurulmursa, o, yarımçıq bitir. Ona görə, məncə, qızlarımız,
qadınlarımız, elə kişilərimiz də sevmədən ailə
qurmamalıdırlar.
- İnsan hər yaşda sevgiyə fərqli
yanaşır.
- Mən elə bütün yaşlarda sevgiyə eyni cür yanaşmışam. Mən sevginin
nə olduğunu biləndən, onu anlayandan indiyə kimi eyni
fikirdəyəm.
- Və həyatda hər şey baş verə
bilər...
- Dost sənə üz çevirə bilər, düşmən səninlə dost olar, inandığın
insan sənə xəyanət edə bilər, sevdiyin insan sənə nifrət edə bilər.
Ona görə həyatda hər şeyə hazırlıqlı olmalıyıq.
- Niyə ancaq qəmgin notlara
yükləndiniz? Əslində, yaxşı fikirlərlə davam
edəcəkdim...
- Bizim gözəl bir sözümüz var, şər deməsən, xeyir
gəlməz.
- Onda hər şey ola bilər - isti
yuvanız, qız övladınız...
- Mən heç vaxt “heç vaxt demə” deyənlərdənəm. İnsanın həyatında baş
verənlər insandan deyil, ulu yaradandan asılıdır. Allah bizə hansı
taleni yazıbsa, bizim istəyib-istəməməyimizdən asılı olmayaraq baş
verəcək.
Nərmin Muradova
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.
- See more at: http://teleqraf.com/news/23106#sthash.lF3yrITY.dpuf-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO