• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Əfsanəvi qrupun sonu – BEATLES

Əfsanəvi qrupun sonu – BEATLES

Yesterday love was such an easy game to play

Now I need a place to hide away

Oh, I believe in YESTERDAY...

Yəqin ki, bu misralar yeddidən yetmiş yeddiyə hər kəsə məlumdur. Bəzilərinin uşaqlıq, bəzilərinin isə gənclik illərinin ən sevimlisi... Ən əsas da bugünkü yaşlı təbəqənin bir vaxtlar heyranlıq duyduğu dövrün əfsanəvi qrupu...

"Beatlemania" fenomeni yarandı

1957-ci ilin mart ayı... Con Lennon “Quarry Bank” məktəbindəki dostları ilə birlikdə musiqi qrupu yaratmağı qərara alır. Bir neçə ay sonra Lennonla tanış olan Pol Makkartni yeni yaradılmış qrupa ritm gitaraçısı olaraq qoşulur. Bir il sonra qrupun ifasını dinləmək üçün gələn Polun dostu Corc Harrison da bu qrupun üzvü olur. İlk vaxtlar adi formada səhnə alan qrup bir neçə il sonra “Beatles” adı ilə fəaliyyət göstərməyə başlayır.

Beləcə, 1962-ci ildə “Beatles”ın hekayəsi başlayır. Brayan Epstaynın menecerliyi ilə qrup may ayında EMI-yə aid “Parlophone” şirkətiylə razılaşır. İlk səs yazısı Corc Martinin prodüserliyi ilə 1962-ci ilin 6 iyun tarixində Londonda şirkətin Abbey Road studiyasında yazılır. Pete Best qrupun ilk barabançı olmasına baxmayaraq, tezliklə onu Rinqo Star əvəz edir. “Love Me Do” adı verilən ilk musiqi diskləri 5 sentyabrda bazara çıxarılır.

İlk albom olan “Please, Please Me” dinləyicilərə bir il sonra təqdim edilir. Bu mahnı İngiltərənin ən önəmli dörd musiqi siyahısında bir nömrə olur. İngiltərəyə ilk səfərləri 1963-cü ilin fevral ayında baş tutan qrup fenomenə çevrilir. Bununla da, "Beatlemania" fenomeni başlayır.

İsadan daha məşhur olduq

Fevral ayında ilk dəfə ABŞ-a yollanan “Beatles” qrupu iki gün sonra televiziyada “The Ed Sullivan” şousuna çıxır. Bunun ardınca qrupun üzvləri özlərini canlandırdıqları “A Hard Day's Night” komediya filmində rol alırlar.

1965-ci ilin iyununda Kraliça II Elizabet qrupun bütün üzvlərinə Britaniya İmperatorluğu nişanını təqdim edir. “Beatles”ın ikinci filmi olan “Help!” iyulda efirə verilir. Filmin eyni adı daşıyan albomunda yer alan “Yesterday” mahnısı bu gün hələ də məşhurdur.

Həmin günlərdə “Datebook” (Amerikan jurnalı) Lennonun bu sözlərini paylaşır: “Biz artıq İsadan daha məşhur olduq. Bilmirəm hansı daha əvvəl yox olur, “rock 'n'roll”, ya xristianlıq? İsa yaxşı idi, amma həvariləri sərsəri və sıradan idi”. Bu sözlərdən sonra ABŞ-da başlayan, digər ölkələrə də yayılan etirazlar baş verir. Buna görə “Beatles”a qarşı nümayişlər hazırlanır, radio musiqilərini qadağan edir, albomları yandırılır.

Son studiya albomları “Let It Be” isə 1970-ci ildə yayımlanır. Elə həmin vaxt bazara çıxan “Let It Be” sənədli filmi eyni il “Ən yaxşı orijinal film musiqisi” altında Oskar mükafatına layiq görülür.

Mətbuata açıqlama

“Beatles” qrupunun dağılması musiqiləri qədər də əfsanə olur. Belə ki, səkkiz illik fəaliyyətdən sonra qrupun solisti Con Lennon 45 il öncə – 20 sentyabr 1969-cu ildə “Beatles”dan ayrılacağını qrupa söyləyir. Bununla bağlı qrupun gitaraçısı Pol Makkartni 10 aprel 1970-ci ildə mətbuata açıqlama verir.

Lennon ayrılma qərarını 12 sentyabr tarixində versə də, qrupun meneceri Alen Kleyn onu səssiz qalması barədə razı salır.

Kleyn qrup üçün “EMİ Capitol” disk şirkəti ilə yeni müqavilə bağlamağa çalışırdı. Elə buna görə də o, Lennonu yola gətirir ki, qrupu tərk etdiyini inkar etsin.

Yeni müqaviləni Lennonun ayrılma qərarını elan etməsindən əvvəl – 20 sentyabr günü imzalayırlar.

Yeni razılaşma “Beatles”a ilk dəfə musiqilərinin necə yayımlanacağı və necə gəlir götürəcəkləri barədə qərar vermə imkanı yaradır. “Beatles”­ın fərdi gəliri böyük nisbətdə artır. Qrupa yaranandan bəri ona maddi dəstək olan “Apple” 1976-cı ilə qədər mütəmadi olaraq gəlir əldə edir.

“Beatles” görüşü

Son müqaviləni Pol Makkartni, Con Lennon, və Rinqo Star 20 sentyabr günü, o tarixdə anasını ziyarət edən Corc Harrison isə bir neçə gün sonra imzalayır. “Apple” şirkətinin Londondakı əsas binasında reallaşan görüşdə Con Lennon, Makkartni və Stara qrupdan ayrılacağını belə açıqlayır: “Torontodan geri qayıdanda bir neçə görüşüm oldu və Alen mənə “Səbirli ol” dedi, çünki “Beatles” üçün ediləcək çox şey vardı. Sonra ofisdə Polla bir az mübahisə etdik. Pol “bir şeylər etməliyik” – deyirdi, mən də söylədiyi hər şeyə etiraz edirdim. Elə bir nöqtəyə gəldik ki, nəsə deməli idim, mən də “Qrup bitdi, mən ayrılıram” – dedim”.

Alen də orada idi və öncədən “söyləmə” – demişdi. O, hətta bunu Pola belə söyləməyimi istəmirdi. Ancaq özümü saxlaya bilmədim, dedim. Pol və Alen qərarımı heç kəsə deməyəcəyim üçün məmnun olduqlarını bildirdilər. Polun “Heç kəsə söyləmə” deyib-demədiyini bilmirəm, ancaq söyləmədiyim üçün çox xoşbəxt idi. Pol “Əgər bir şey söyləməyəcəksənsə, əslində, bu, heç bir şey olmadı, qrupda hər şey qaydasındadır deməkdir” – dedi. Və bu oldu.

“Beatles”ın Antologiya kitabında Pol Makkartni Lennonun qərarı haqqında reaksiyasını belə açıqlayır: “Məncə, kiçik konsertlərə geri dönməliyik. Həqiqətən, kiçik bir qrup olduğumuzu düşünürəm. Əsas köklərimizi tapmalıyıq, daha sonra nə olacağını kim bilir?! Bəlkə, ondan sonra dağıla bilərik və ya bizdə hələ də bir şeylər olduğunu düşünə bilərik”.

Con gözlərimin içinə baxdı və “Mən də sənin dəli olduğunu düşünürəm. Kapitol müqaviləsi imzalanana qədər sənə söyləməyəcəkdim, amma mən qrupu tərk edirəm” – dedi. Bununla da, Alen və mənim rəngimiz soldu, çənəmiz bir az boşaldı.

Onun Yoko ilə münasibətinin qrupun taleyi ilə oynayacağını düşünməli idik. Cütlüyün rahatlığa ehtiyacı var idi. Con kimi biri “Beatles” dövrünü bitirmək və Yoko dövrünü başlatmaq istəyirdi.

Nə deyəcəyimi bilmədim. Ona mane olmalı idik

Conun “sənə qrupdan ayrılacağımı deyirəm, ancaq bir tərəfdən də çox həyəcanlıyam”– dediyini xatırlayıram. Onu deyəndə də çox şən idi. Ona görə bir şey edə bilmədik. “Ayrılmaqdan bəhs edirsənmi? Qrup bu qədərmiş o zaman...” – dedik. Daha sonra bunun həqiqət olduğunu anladıqda, vəziyyət, pisləşdi”.

Antologiya kitabında Rinqo Star Lennonun qərarını belə ifadə edir: “Torontoda “Plastic Ono Band”ın konsertindən sonra “Savile Row”da toplaşdıq və Con başına gələnləri danışdı. “Buraya qədər, dostlar, bitirək” – dedi və hamımız da “Bəli” – dedik. Bitdiyi üçün “bəli” deməyimə rəğmən (əgər rəftar bu formadadırsa, onsuz da, qrupu birlikdə tuta bilməzsən), “qurtaraq” deyə bilərdimmi, bilmirəm. Deyəsən, bir neçə il daha qalardım.

Ancaq hamımız ofisdə toplaşdığımız zaman bunun yaxşı olacağını bilirdik. Pessimist deyildik və həqiqətən, mübahisə etmirdik. Hər kəs demək istədiyini demişdi.

Vəziyyət “mən ayrılıram, sən ayrılırsan” kimi deyil, “Buraya qədər! Bu qədər yetər, mən bunu etmək istəyirəm!” kimi idi.

Əgər bu vəziyyət 1965-ci ildə, ya da 1967-ci ildə olsaydı, böyük bir şok olardı. Çünki o zaman “Bu boşanma məsələsini bitirək” vəziyyəti idi. Və Con ani qərarvermə mövzusunda ən cürətli olan insan idi.

“Beatles” qrupu ekranlaşdırılır

Tarixin ən böyük qrupu “Beatles”ın sənədli filminin olmaması oyununu tezliklə Ron Hovardın pozacağı gözlənilir. Oskar mükafatçısı rejissor Ron Hovard tarixin ən böyük musiqi qruplarından olan “Beatles” üçün sənədli film çəkməyə hazırlaşır.

Ron Hovard “Apollo13”, “A Beautiful Mind”, “The Da Vinci Code”, “Rush” kimi filmlərin rejissorudur. Çəkiləcək filmdə “Beatles” qrupunun 1960-1966-cı illər ərzindəki qastrol səfərləri əksini tapacaq.

“Beatles”ın yüksəlişi istehlak cəmiyyətinin ehtişamını rədd edən gəncliyin ortaya çıxması ilə üst-üstə düşür. Öz dövrünün, eyni zamanda, bu gün dünyanın ən böyük musiqi qrupunun hazırda iki üzvü sağ qalıb – Pol Makkartni və Rinqo Star.

Pol Makkartni, Rinqo Star, Yoko Ono və Olivia Harrisonun dəstəklədiyi “Beatles” haqqında çəkiləcək filmin yaxın zamanda təqdim edilməsi gözlənilmir.

Ron Hovard, “Apple” ilə birlikdə 1964-cü ildə dünyanın hər tərəfində fırtına kimi əsmiş olan bu dörd adamın hekayəsini təqdim edəcəyi üçün çox həyəcanlı olduğunu və “Beatles”ın mədəniyyət üzərindəki böyük təsirini bununla ifadə etməyin mümkünsüzlüyünü bildirib.

kult.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR