Murad Arif: “Natəvan məni öldürmək üçün killer tutub”
Bizi izləyin

Tabloid.az

Murad Arif: “Natəvan məni öldürmək üçün killer tutub”

Bəstəkar-müğənni Murad Arifin Publika.az-a müsahibəsi

- Murad bəy, yaradıcılıqda nə var, nə yox?

- Fərhad Əlinin rejissorluğu ilə klip çəkilişlərimi tamamladım. Üç aydır mahnım radiolarda yayımlanır. Fərhad Əli bu gün ən perspektivli və bahalı rejissorlardan biridir.

- Mahnı janrında özünüzü, demək olar ki, təsdiqlədiniz. Daha ciddi nəsə yazmaq barədə düşünürsünüzmü?

- Fikirləşirəm ki, film, yaxud cizgi filminin musiqisini yaza bilərəm. Hər şey təklifə bağlıdır. Mən heç vaxt mahnı yazıb müğənniyə təklif etməmişəm.

- Teatrdan hansısa tamaşaya musiqi yazmaq təklifi gəlsə, qəbul edərsiniz?

- Yazaram.

- Hansı məbləğ müqabilində?

- Onu deyə bilmərəm.

- Mahnılarınızı satmırsınız?

-Yox, hədiyyə edirəm.

- Amma mən bilirəm ki, Murad Arif mahnılarını hədiyyə verməyib.

- Heç vaxt qiymət açıqlamıram.

- Maraqlıdır ki, dünyanın hər yerində hər şeyin qiyməti bəllidir. Bizdə isə “kommenrsiya sirri” adıyla ört-basdır edilir.

- Mənim sizə deyəcəyim məbləğ mütləq olmayacaq.

- Mahnılarınızın hit olacağına zəmanət verirsiniz?

- Xeyr.

- Gənc bir müğənni gəlir və sizdən mahnı istəyir. Neçə manat deyəcəksiniz?

-Aranjiman və sözlər daxil olmaqla 5-7 min manat olacaq.

- Əgər Eldar Mansurov 4 min manata bəstə yazır. Murad Arif ondan üstündürmü ki, 7 min manat istəyir?

- Mənə görə qiymət keyfiyyət göstəricisi deyil. Kimsə sadəlövhlüyündən, kimsə bazarı bilmədiyindən, kimsə qudurğanlıqdan qiyməti çox deyə bilər. Mənim qiyməti çox deməyimin səbəbi tələbatla bağlıdır. Yazdıqlarım nə Aygün Səmədzadənin, nə Eldar Mansurovun, nə də Faiq Sücəddinovun yazdıqlarından artıqdır.

- Bunu deməklə, sanki, özünüzü onlarla eyni cərgədə tutdunuz...

-Hər şey ola bilər. İnsanın ağlına elə bir ideya gələ bilər ki, təkrarolunmaz olar. Elə xalq mahnılarımız var ki, heç bir bəstəkar onu yaza bilməz. Özümü onlarla bir cərgəyə qoymağımı mənə çox gördüyünüz insanların hansı biri “Sarı gəlin”dən, “Laçın”dan daha gözəl mahnı yazıb? Amma araşdırsanız, görəcəksiniz ki, həmin mahnıları hansısa çoban yazıb. Mahnı kollektiv əmək olmadığından, mümkün deyil ki, bir mahnını on nəfər yazsın.

- Mahnı yazanda inanırsanmı ki, müğənni yazdığınızın mənəvi anlamda haqqını verəcək?

- Bu məsələyə iki tərəfdən yanaşmaq olar. Məsələn, Tünzalə Ağayevanın və Sevda Ələkbərzadənin səs çalarlarına və texnikasına çox güvənirəm. Eləsi də var ki, səsiylə qane etmir, amma verdiyi qonorar qane edir. Üçüncü bir kateqoriya var ki, nə səsi, nə də qonorarıyla qane edir, amma yaxşı təbliğat işi qurur. Bilirəm ki, yaxşı klip çəkdirəcək və hər yerdə mahnımı eşidəcəyəm.

- Xalq artisti Faiq Ağayev “Riyaziyyat” və “Bal kimi” mahnılarınızı oxuyub. Onun oxuduqlarını dediklərinizdən hansı kateqoriyaya aid edirsiniz?

- Hər üçü qane edir. “Riyaziyyat” mahnım hədiyyədir və bu hədiyyəni çox ürəkdən etdim. Çünki o, mənim ailə dostumdur, xətrini dünyalar qədər istəyirəm.

- Həm də yəqin ki, sizi bəstəkar kimi tanıdacağına inandınız.

- (düşünür) Yox. Əgər Faiq Ağayevlə başlasaydım, siz dediyiniz kimi olardı. Ona kimi “Almalarınla” mahnım yetərincə tanınmışdı. Faiq Ağayev mənə zəng elədi ki, Murad, bu necə dostluqdur, sən belə mahnı yazırsan və mənim xəbərim yoxdur. Mən də məmnuniyyətlə ona mahnı yazdım. Faiq Ağayev, Aygün Kazımova yaradıcılığımın ilk mərhələlərində mənə maddi baxımdan kömək etdilər.

-Yəni?

- “Şou nömrə bir” mahnım efirə çıxandan sonra ağlıma gəlməyən sayda müğənnilər müraciət elədilər və belə bir mahnı istədilər. Deyirdilər, Aygünə, Faiqə yazdığın mahnıdan olsun. Demək həyatda hər şey iqtisadi maraqlardan doğur.

- İqtisadiyyat-iqtisadiyyat deyirsiniz. Pulgir insan təəssüratı yaradırsınız...

- Pul vacib məsələdir, amma pulgir deyiləm.

- Hələ də çoxları düşünür ki, siz türk və digər musiqilərindən bəhrələnirsiniz. Hətta oğurladığınızı deyənlər də var...

- Bu, oğurluq deyil. Mən, sadəcə, bəhrələnirəm. Yeddi not ardıcıl təkrarlanırsa, bu, plagiatdır. Qeyri-ixtiyari olaraq müxtəlif mahnılardan bəhrələnmişəm. Klassik bəstəkarlar da eyni ənənələrlə gediblər. Bütün dünya musiqiçiləri tərəfindən qəbul edilən Braziliyanın böyük bəstəkarı Antonio Karlos Jobin ən məşhur mahnılarından birini Şopenin prelüdiyasından yaradıb. Nəticədə iki müxtəlif gözəl əsər yaranıb.

- Musiqi tariximizdə bəyəndiyiniz bəstəkarlar kimlərdir?

- Cahangir Cahangirov xəstəsiyəm və bunun başqa təyinatını tapa bilmirəm. Məhz xəstəsiyəm. Anlayıram ki, heç vaxt onun qədər fundamental yaza bilməyəcəyəm. Bu, çarəsizlikdir. Üzeyir Hacıbəyov mənim və ailəm üçün köklü, təməlli bir avtoritetdir. Üzeyir bəy “Qarabağ Azərbaycanın konservatoriyasıdır” ifadəsini təsdiqləyən adamdır. Şübhəsiz ki, Emin Sabitoğlu, Tofiq Quliyev, Hacı Xanməmmədov kimi böyük bəstəkarları da unutmaq olmaz.

- Bəs müasirlərdən?

- Aygün Səmədzadəni çox sevirəm. Xətrini çox istədiyim bəstəkarlar bu sevgimə görə bəzən qısqanırlar da.

- Eşitmisiniz, kimsə desin ki, mən də Murad Arifi dinləyirəm, onun xəstəsiyəm?

- “Damlalar”, “Ona nə var ki” mahnılarımın altından yazılan şərhləri oxusaydınız... Bu mahnıların hər birində insanlar öz həyatlarını tapırlar.

- Neçə mahnınız var?

-14-15. İldə təxminən üç mahnı yazıram. Bu il iki mahnım çıxdı. Birini Nura Suri, birini də Röya oxudu.

- Nura Suri peşəkar müğənni deyil. Mahnını “oda atmağın” məhz qonorarla bağlıdır?

- Mahnımı oda atmadım. Ona “Sevgili canan” tərzində bir şey yazmadım ki. Ona öz tərzində, istiqamətində və dinləyicisinin Nuradan gözlədiyi sadə pop mahnısı yazdım. Düşünürəm ki, o, öz yaradıcılığı, gözəlliyi və göz oxşayan klipiylə mahnını yaşadacaq.

- Amma mahnını yaraşıq oxumur...

- Pop dünyasında bunlar hamısı göstəricilərdir. Britni Spirs son üç il ərzində şeir deyir, rep söyləyir. Heç Britni Spirsin səsi də o deyil. Yəni söhbət diapazondan getmir.

- Olurmu ki, efirdə hansısa gənc ifaçını bəyənib, ona mahnı verəsiniz?

- Çox olur. Amma mahnı sayı baxımında məhsuldar deyiləm. İkincisi, müştərilər hədsiz dərəcədə çoxdur. Röya “Ona nə var ki”dən sonra məndən ikinci mahnını istəyir. Natəvan Həbibi killer tutub və deyir ki, ayın sonuna qədər mahnı verməsən, həyatını bitmiş bil (gülür). Əlimdə olan sifarişləri çatdıra bilmirəm deyə, beynimə yeni sevdalar gətirmək istəmirəm. Amma efirdə qulaq asıram və görürəm ki, çox maraqlı səslər var.

- Özünüzün oxumaq zərurəti haradan yarandı?

- Ayının min oyunu var, bir armudun başında. Mən uşaqlıqdan hər yerdə oxuyuram. Müğənniləri və müğənniliyi sevib, teleaparıcı, radioaparıcı oldum.

- Özünüzü uğurlu müğənni hesab edirsiniz?

- Hesab edirəm ki, bəzi lazımlı emosiyaları lazımlı ürəklərə çatdıracağam. Uğurlu müğənni modeli isə... Ümumiyyətlə, ağlıma sığmır ki, bu nə deməkdir. Kiməsə görə, Müslüm Maqomayev uğurlu müğənnidir, kiməsə görə Britni Spirs. Çünki Spirsin milyarda yaxın diskləri satılıb. Mənimçün uğurlu müğənni odur ki, çıxıb mahnısını oxuyur və ürəklərə yol tapır. Bu, əsas göstəricidir.

- Toylara müğənni kimi yarım saatlıq gedirsiniz?

- Amma idarə etdiyim toylarda “Həyat yoldaşımsan” mahnısını oxuyuram və bütün zal mənimlə birlikdə oxuyur. İndi təsvir edə bilmədiyim mənzərəni dəfələrlə görmüşəm. Səhnə mənimçün yeni deyil. Bəy-gəlin də o mahnını oxuyur.

- Mahnılarının sözlərini kim yazır?

- Həmişə özüm yazmışam və heç vaxt şairlərlə əməkdaşlıq etməmişəm.

- Səbəb?

- Məhəbbət kimi bir şeydir, kimya məsələsidir. Çox hörmətli insanlar, məmurlar da öz şeirlərini göndəriblər. Hansı ki gənc bəstəkarlar onlarla işləməyə can atırlar. Baş sındırmışam, can atmışam, amma, heç bir melodiya yarana bilməyib.

- Eyni vaxtda şou biznesin əks cəbhələri hesab edilən Natəvan Həbibi, Aygün Kazımova, Röya Ayxan, Brilliant Dadaşova kimi sənətçilərlə işləmək insandan həm də güclü diplomat olmağı tələb edir. Olurmu ki, hansısa incisin və digəriylə işləməməyinizi istəsin?

- Kimsə məndən buna görə öz aləmində inciyirsə, heç bir problem yaratmır. Əlimdə olan hər bir fürsətdə izah edirəm ki, heç biriylə intriqa yaratmıram və heç kəsdən asılı deyiləm. Belə daha rahatdır. Tədbirlərdə həm Aygünü, həm Natəvanı, həm Röyanı eyni həvəslə təqdim edirəm.

- Olub ki şərt qoysunlar?

- Elə bir şey yadıma düşmür. Özləri də bilirlər ki, belə şeylərə qarışmıram. Aparıcıyam və hərəsi bir gün qonağım ola bilər. Hər kəslə öz dilində və tərzində danışmağı bacarıram.

- Aparıcısı olduğunuz “Solo” verilişinin “planka”sı əvvəl sanki daha yüksək idi. Sonradan isə ara müğənniləri hesab olunanlar da bu proqrama yol tapdılar. Bu nə ilə bağlıdır?

- Həftədə bir dəfə veriliş aparsaydım, qonaq seçmək anlamında daha sərt olardım. Gündəlik musiqili veriliş aparmaq məcbur edir ki, tamaşaçılara rəngarənglik təqdim edəsən. Verilişə eyni janrda ifa edən sənətçiləri dəvət etsəm, tamaşaçı üçün də yeknəsəqlik sayılacaq. Hər qonağımın öz dinləyicisi var. Biz mediayıq, güzgüyük. Müəllim deyilik.

- Bəs onda dediyiniz güzgü niyə əvvəldən ara müğənnilərini də göstərmirdi və məhz indi göstərməyə başladı?

- İndiyədək verilişimin qonağı olmuş Sevda Ələkbərzadənin, Tünzalə Ağayevanın, rəhmətlik Məhəbbət Kazımovun, Səyyad Əlizadənin, Alim Qasımovun, Telli Borçalının, Əzizə Mustafazadənin, Aleksandr Rıbakın öz tamaşaçısı var. Məsələlərə eqoizmlə yanaşmıram və verilişi öz dinləyicisinə təqdim edirəm.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm