• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Yusif Mustafayev: “Səməd Səmədov da oxuya bilir” – FOTOLAR

Yusif Mustafayev: “Səməd Səmədov da oxuya bilir” – FOTOLAR

Yusif Mustafayevin Publika.az-a müsahibəsi

- Yusif müəllim, son vaxtlar sizi bir neçə xeyriyyə tədbirində görmüşəm. Deyəsən, belə tədbirlərdə tez-tez iştirak edirsiniz....

- Xeyriyyə aksiyalarında, tədbirlərdə iştirak etmək borcumuzdur. Əgər bu gün hansısa xeyriyyə tədbirində iştirak edəcəyimə söz vermişəmsə, həmin gün başqa yerdə milyon da versələr, imtina edərəm. Söz ağzından çıxdısa, onun qulu olmalısan. Əgər bu ölkənin vətəndaşıyıqsa, xalqa xidmət etməliyik.

- Yaradıcılıqda nə var, nə yox?

- İşləyirik.

- Amma belə görünür ki, elə də işləmirsiniz...

- Yox, mahnılar axtarırıq. Tapmayanda məcbursan ki, öz yerində addımlayasan.

- Bəstəkarlara müraciət edirsinizmi? Yoxsa sizdə bu, tənbəllikdir?

- Sözün düzü, bilmirəm nədəndir. Kimsə düşünə bilər ki, yaş keçib deyə, tənbəllik edirəm. Qətiyyən elə deyil. Elə həmin həvəsdir.

- Yaşdan söz düşmüşkən, kişi sənət adamları da yaşlarını gizlədirlər.

- İlhamə Quliyeva yaxşı deyib ki, yaşın nə fərqi var? Tutaq ki, sənə dedim, 23 yaşım var. Onun bir şeyə xeyri olacaq? Altmış yaşıma 2-3 il qalıb.

- Maraqlıdır ki, toya getməyə vaxt olur, amma mahnı tapmağa, mahnı yazdırmağa imkan tapmırsınız.

- Həyatda qorxduğum 2-3 şey var. Onlardan biri təyyarədir, biri də səsyazma studiyasıdır.

- Niyə?

- Gündə tədbirlərdə, konsertlərdə, toylarda nə qədər oxuyuram. Amma studiyaya girib, bir mahnını oxuyunca, elə bil, ömrümdən on il gedir.

- Yəni həyəcanlanırsınız, yoxsa necə?..

- Bəli, həyəcanlanıram. Məsələn, indi bilirəm ki, səsimi yazdıracağam, üç gün qalmış xəstələnirəm. Gedib oxuyuram, oxuduğum da keyfiyyətli alınmır. Ona görə də həmişə canlı oxuyuram.

- Son dəfə nə vaxt səsyazma studiyasında olmusunuz?

- İki ay əvvəl getmişəm. Müğənni dostumuz Əlikram Bayramovun yazdığı “Bu dünya bir oyuncaq” adlı mahnını yazdırırdım.

- Niyə cənub zonasından olan sənətçilərin əksəriyyəti İran ritmlərində oxuyurlar?

- Biz o taylı, bu taylı azərbaycanlılarıq, türklərik. İranda da 35 milyon soydaşımız yaşayır. Onlar da bizim qanımızdandırlar. Niyə Avropaya meyl etməliyəm ki?

- Nə vaxtsa estrada oxuyarsınız?

- Mənim qanıma uyğun olmadığına görə heç vaxt o janra müraciət etmərəm. Amma estrada janrında ifa edənlərə də hörmətlə yanaşıram.

- Estrada ifaçılarımızdan kimlərə qulaq asırsınız?

- İmkan daxilində hamısına qulaq asıram. Amma Allaha ağır getməsin, adam hərdən musiqidən bezir, sakit bir yerə çəkilmək istəyir.

- Deməli, istirahətinizə də fikir verən insansınız.

- İstirahət mənimçün önəmlidir. İldə iki dəfə istirahətə gedirəm. Getdiyim bir ünvan var: o da Bilgəhdə dəniz kənarıdır. Dünyanın çox yerində olmuşam. Son on ildə təyyarəyə minmirəm deyə, xaricə istirahətə də getmirəm. Xəzər sahilində aldığım ləzzəti heç yerdə almıram.

- Təyyarə qorxunuz da varmış. Bu nə vaxtdandır?

-2003-cü il gələndə təyyarədə qorxdum. Dedilər ki, hansısa şəhərdə təyyarə partlayıb. Evə gələndən sonra həyəcandan üstümə təcili yardım gəldi. Ondan sonra təyyarəyə də minmirəm.

- Həmişə də qalmaqaldan uzaqsınız...

-İstəyirsən dinc olasan, dinc otur. Mən sürücü balasıyam. Həmişə qıraqda dayanıram ki, qaçmaq da asan olsun. Dava-dalaşda işim var ki, mənə də söz atsınlar?

- Övladlarınızdan sənətinizə yaxın olanı varmı?

- İki övladım var. Hər ikisi ali təhsillidirlər və dövlət qulluğunda çalışırlar.

- Səhv etmirəmsə, qardaşınız Natiq Mustafayev də bir ara oxuyurdu...

-Beş qardaşıq, dördümüz oxuyuruq. Natiqin yaxşı mahnıları var, çalışıram ki, efirlərə çıxarım.

- Nə vaxtsa pul verib efirə çıxmısınız?

- Heç vaxt efirə pul verməmişəm. Bütün telekanallardan da razıyam. Çünki bütün verilişlərə çağırıblar. Adamın üstündə Allah var.

- Eşitdiyimə görə, toy sahiblərinə də “qiymət oxuyan” deyilsiniz...

- Dəftərimə baxa bilərsiniz. Elə ay olur ki, beş toya havayı gedirəm. Sonra başqa biri gəlir ki, sən filankəsin toyuna havayı getmişdin, bizə də gəl. Deyirəm ki, hara təmənnasız getdiyimi bilirəm. Məmur dostlarım olub ki, vaxtında mənə yaxşı xeyir veriblər, məclislərinə dəvət ediblər. İndi imkanları yoxdur, gedib təmənnasız oxuyuram.

- Bir çox sənətçilərin toy qiymətləri 10-12 min manat arasında dəyişir. Hətta daha baha qiymətə gedənlər də var. Sizcə, belə qiymət qoymaq doğrudurmu?

- Təbii ki, düz deyil. Gərək xalqla ayaqlaşasan. Hətta eşitdiyimə görə, 20 min manata da toya gedənlər var. O qiymətə toya getmək insafdan deyil. Amma bir məsələ də var da. Onları həmin qiymətə toya aparmasalar, 10 min manat istəməzlər. Bir müğənni qız var idi. Vaxtında bizimlə toya yüz manata gedirdi. Bu yaxınlarda məclisə aparmaq istədim. Min manat istədi. Dedim ki, heç mənim özümə oradan min manat qalmır, rəhmətliyin nəvəsi. Yəni onun hamısını xalq edir. Xalq istəsə, sənətkarı ucaldır, istəsə, yerə vurur.

- Hələ də fəxri adınız yoxdur.

- İnşallah, olacaq. Yalandan narazılıq edə bilmərəm. Mən yaşda ad almayanlar da çoxdur. İndi müğənni çoxdur, növbə mənə də gəlib çatacaq. Verməsələr də, Allah canlarını sağ eləsin. Məndən əvvəl kim fəxri ad alıbsa, deməli, məndən vacibdir onun almağı, belə məsləhət olub.

- Səməd Səmədov “Xalq artisti” fəxri adı alanda bir çox sənət adamları kəskin reaksiya vermişdilər. Sizin reaksiyanız necə olmuşdu?

- Səməd də ağsaqqal adamdır. O da bu sənətdə saç-saqqal ağardıb.

- Həmkarlarınız deyirlər ki, o oxuya bilmir.

- Yalan deyirlər. Hər gülün öz ətri var. Tikanlı gülün də ətri bambaşqadır. Bizim qanımızdadır da, hamını pisləyirik. Yalan deyirlər ki, oxuya bilmir, Səməd Səmədov da oxuya bilir.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR