Ayan: “Mənə yazılan məktublardan bezmişəm” - Fotolar
Bizi izləyin

Tabloid.az

Ayan: “Mənə yazılan məktublardan bezmişəm” - Fotolar

“Bizneslə məşğul olmaq istəyərdim. Allah qismət eləsin, bu arzumu reallaşdırım. Fikirləşmişəm ki, adımı daşıyan ya butik, ya da modalar evi açım. Orada satılan mallar da məhz Ayan adı altında alıcılara təqdim olunsun”.

Bu sözləri Tabloid.az-a müsahibəsində müğənni Ayan Babakişiyeva deyib. Hazırda başı yaradıcılığı ilə yanaşı, qızı Selenaya qarışan müğənni bizimlə söhbətində bu və digər suallarımızı da cavablandırdı. Beləliklə, buyurub, oxuya bilərsiniz:

- Hazırda bir sıra yaradıcılıq işləri ilə məşğulam. Yeni mahnılar və klip çəkilişim olacaq. Məni sevənləri təəccübləndirəcəyəm. Lap az qalıb, səbirli olun (Gülür).

- Ayan, yerli sənət aləmində kimləri özünüzə kumir sayırsınız?

- Birinci özümüzünkülərdən başlamaq istərdim. Sevimli aktyorlarım xalq artistləri Rasim Balayev, Fəxrəddin Manafovdur. Onlar heç də Hollivud ulduzlarından geri qalmırlar. Heç kimə sirr deyil ki, Hollivud aktyorlarına külli miqdarda sərmayə qoyulur. Buna görə də onlar yaradıcılıqda öndə gedirlər. Həmin sərmayələr bizim kino çəkilişlərimizə, layihələrimizə qoyulsa, uğur əldə etmək olar. Bizim əksər müğənnilərin güclü potensialı var, bunu danmaq olmaz. Bu arada, Hollivud aktyorından Riçard Giri çox bəyənirəm. Hətta onun cizgilərini əməkdar artistimiz Ədalət Şükürova bənzədirəm. Bəlkə elə ona görə də Ədalətin xətrini bu qədər çox istəyirəm.

- Yeri gəlmişkən, dünya şou-biznes və kino aləmində ulduzlar öz peşələrindən kənara çıxmağa cürət edirlər. Onlar maraqlı layihələrə imza atır, sosial xarakterli aksiyalarda fəal iştirak edirlər. Siz necə, bu haqda düşünmüsünüz?

- Mən hər zaman istər yerli, istərsə də dünya şou-biznesində baş verən yenilikləri diqqət mərkəzində saxlayıram. Onlarda layihələrə qoyulan sərmayə, biznesə baxış tamam fərqlidir. Bizdə sadaladıqlarım ümumiyyətlə, yox dərəcəsindədir. Mənim çox gəlirim olsaydı, Rusiya şou-biznesində qoyardım. Bilərdim ki, layihəm istənilən effekti verəcək. Bilirsiniz ki, mən toylara çox getmirəm. Özüm istəmirəm ki, toy müğənnisinə çevrilim, toyların üstündə müğənnilərlə bir-birimizi qıraq, elə işlərdən xoşum gəlmir.

Sosial xarakterli layihələrə gəlincə, heç vaxt özümü reklam etməyi xoşlamamışam. Bacardığım qədər xeyirxah işlərlə insanlara yardım etmişəm. Hətta bir neçə ailə var ki, onlara əl tuturam.

- Aylıq gəliriniz nə qədərdir?

- Aylıq gəlirim stabil deyil. Ona görə də konkret qiymət açıqlamaq istəmirəm.

- Qadınlar özlərinə qarşı çox əliaçıqdırlar. Bahalı geyimlər, kosmetik vasitələr, akssesuarlar... Müğənni Ayan pulu daha çox nələrə xərcləyir?

- Hansı ölkədə oluramsa geyim dükanlarını ələk-vələk edirəm. Elə Bakının özündə də. Geyimimə çox pul xərcləyirəm. Amma o qədər də bədxərc deyiləm. Gəlirimi-çıxarımı çox yaxşı bilirəm.

- Məsələn, ən bahalı dodaq boyanızı neçəyə almısınız?

- Baxır, hansı brend, hansı markadır. Dodaq boyasını “Dior”dan və “Mac”dan alıram. Ümumiyyətlə, kosmetik vasitələrdən aldığım ən bahalısı ətir olub. Həmin ətrin adını çəkəndə, xanımların çoxu bahalı olduğundan tanımır. Həmin ətrin qiyməti 450 avro olub. Onu da xarici ölkələrdən birindən almışdım. Xatirimdədir, bir dəfə 150 avro qiyməti olan dodaq boyası almışdım.

- Pul xərcləyəndə əlləriniz əsmir?

- Yox, özümə qıyıram. Amma qazandığım pulun qədrini də bilirəm.

- Sosial şəbəkələrdə aktivsiniz. İnternet asılılığından əziyyət çəkmirsiniz?

-“Facebook”-da və “İnstagram”da varam. Onu da deyim, ora gələn bəzi məktublardan elə yorulmuşam. Bəzən aralarında sərhədi aşan məktublar da olur. Amma deyim ki, hansısa məlumatı “Facebook”-da daha tez bilmək olur. İnternet asılılığından əziyyət çəkmirəm. Düşünürəm ki, internetdən səmərəli istifadə etmək lazımdır. Məsələn, maraqlı əsərlərin oxunması və ya ölkədə və dünyada baş verən yenilikləri xəbər portallarından oxumaq kimi...

- Ayan, xoşladığınız avtomobil modeli hansıdır?

- Özümə yarım milyon və ya bir milyonluq maşın arzulamıram... İdarə etdiyim avtomobilin çox komfortlu olması mənim üçün önəmlidir. Özüm xırda və çox incə xanım olsam da, sevirəm ki, avtomobilim böyük olsun. “Bentley”, “Rols rois”, “Bugatti” və “Ferrari” avtomobillərini çox sevirəm. Təbii ki, bu maşınlar çox baha olduğuna görə heç vaxt məndə olmayacaq.

- Yemək bişirməyi bacarırsınız?

- Dadlı dolma, aş bişirirəm. Əl qabiliyyətim çox yaxşıdır. Mətbəxlə də aram əladır, amma günümün çox az hissəsini orada keçirirəm. Yeri gəlmişkən, qurmanam, dadlı yeməkləri çox sevirəm. Sizə deyim ki, köklüyə meyilli xanımam. Məhz buna görə də özümü formada saxlamağa çalışıram. Xanımlara məsləhət görürəm ki, axşam saat altıdan sonra qəti şəkildə qidadan imtina etsinlər. Daha çox meyvə-tərəvəzə üstünlük versinlər. Səhər yeməyini mütləq yemək lazımdır. Səhər yeməyindən heç kim kökəlmir. Çünki səhərlər qəbul olunan qida enerjiyə çevrilir. Yemək yeməyi də, hazırlamağı da çox yaxşı bacarıram. Yeri gəlmişkən, xörək hazırlamağı anamdan öyrənmişəm. Hətta sənətçilərdən də bir neçə adam var ki, anamın gözəl əl qabiliyyətinin olmasına şahiddirlər. Anam gəncəli olduğuna görə dadlı yeməklər bişirir.

- Gəncə dovğası bişirə bilirsiniz?

- Əlbəttə, bişirə bilirəm. Bilirsiniz, mən həmişə doymağı bacara bilən insanam. Bunu tək qida ilə əlaqələndirmək olmaz. Bir çox arzularım var ki, onların həyata keçməsində də səbir nümayiş etdirirəm. Məsələn, bahalı avtomobil arzusundayam, amma mənə ucuzu qismət olur. Bununla mütləq kifayətlənirəm. Heç vaxt düşünməmişəm ki, kimdənsə artıq olum.

- Selenanı böyütməkdə çətinlik çəkmirisiniz ki?

- Qızım nəfəsimdir, yaşamaq həvəsimdir. Analıq çox qeyri-adi, müqəddəs hissdir. O hissi dadmaq lazımdır. Yalnız ondan sonra həmin hisslərin gözəlliyini başa düşmək olar. Maşallah, Selenam böyür. Onun sağlam böyüməsi üçün əlimdən gələni əsirgəmirəm. Anam, qardaşım hər zaman mənə dəstək olurlar.

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm